Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey
5 oktyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Hərəmizin bir "Ağ gəmi"si var" adlı yazısını təqdim edir.

Açığı, təəssüf edirəm ki, Çingiz Aytmatovun yaradıcılığı ilə çox da tanış deyildim. Yazı-pozunun içində olmaq məni roman oxumaqdan bir xeyli uzaqlaşdırmışdı. Vaxt tapıb, səbrimi basıb onun "Ağ gəmi"sini oxudum. Və doğrusu, bu yazı da mənim hansısa roman haqqında yazdığım ilk yazı olacaq.

İnsanları zəif və ya dözümlü olduqları üçün əzməyə çalışmamaq, xırda maraqlar naminə təbiətə zərər verməmək - Çingiz Aytmatovun "Ağ gəmi" romanı bu ideyaya söykənir. San-Taş vadisində beş-altı nəfərlə yaşamaq məcburiyyətində qalan, babasından başqa sevə biləcək kimsəsi olmayan, real həyatında bədbəxt olan, lakin xəyallarında xoşbəxt yaşamağa çalışan bir uşağın psixologiyasından bəhs edən romanda hadisələr müəyyən ardıcıllıqla verilməsə də, əlaqələr qurmaq çətin deyil. Aytmatov daha çox uşağın psixologiyasına diqqət yetirir.

İran rejissorlarının filmlərinə bir-bir baxdıqca, onların arasında Məcid Məcidi filmlərində əsas diqqəti uşaq obrazlarına verdiyinə görə mənim üçün necə doğmalaşmışdısa, Çingiz Aytmatovun bu əsəri də bu baxımdan elə doğmalaşdı.

Romana dəyərlərin toqquşması kontekstində yanaşsaq, əsas qarşıdurmanın təbiətlə insanlar arasında olduğunu görmək mümkündür. Müəllif bu konflikt vasitəsilə təbiətə sevginin dəyərini vurğulayır. Əsərin baş qəhrəmanı olan uşaq, saf düşüncələri və nağıl prizmasından baxışı ilə təbiət sevgisinin canlı təcəssümüdür. O, böyüklərin intriqalarına və şəxsi maraqlarına qurban getmiş, lakin bu çirkin dünyada məsumluğunu qoruyub saxlayan simvol kimi çıxış edir. Əsərdə uşağın satıcı ilə olan dialoqu buna bir misaldır:

Oğlan yenə ciddi və səmimi cavab verdi:

- Mənim pulum yoxdur, dayı.

Bunu deyərək, içəridən deşik cibini göstərdi (O biri cibinin ağzı tikilmişdi).

Bu səmimi cavabı ilə uşaq, pulunun olmadığını dürüst şəkildə bəyan edir və satıcının ona şirniyyat verməsi də bu səmimiyyətdən irəli gəlir. Uşaqdan başqa, əsərdəki digər personajların davranışlarında bu cür səmimilikdən iz yoxdur.

Heyvanlar, meşələr və digər təbiət elementləri əsərdə bu sevginin simvollarıdır. Uşağın marallara olan sevgisi babasının nağıllarının təsiri ilə güclənir və onun bu saf sevgisi, təbiətə olan bağlılığı əsərin mərkəzində dayanır.

Əsərdə Mömin baba ilə nəvəsinin həmişə təbiət sevgisinin olduğu görünür. Yalnız əsərin sonunda Mömin baba müdafiə etdiyi dəyərlərə kəskin şəkildə xəyanət etməli olur. Bu vəziyyət onun peşmanlığına səbəb olsa da, əsərin sonundakı davranışı onun özü ilə ziddiyyət təşkil etməsinə səbəb olur.

Orozqul obrazı, şəxsi maraqları naminə amansız vəhşilik göstərməkdən çəkinmir. Uşaq sahibi olmadığı üçün həyat yoldaşına qarşı sərt zorakılıq tətbiq etməsi, bu qəddarlığın yalnız heyvanlar üçün deyil, eyni zamanda insanlar üçün də keçərli olduğunu açıq şəkildə nümayiş etdirir. Əsərin son fəsillərində, Ana Maralın Mömin baba tərəfindən ovlanması ilə Orozqulun evində keçirilən ziyafət, onun qəddar təbiətini daha da aydınlaşdırır. Orozqulun davranışları, onun içindəki qaranlıq və qəddarlığı ifşa edərək, onu bir canavara bənzədir.

Orozqul vəhşi nifrət və qəzəblə mızıldandı:

- Bundan böyük başları qıracağam!

- Bundan böyük buynuzları qoparacağam!

Seydəhməd təbiətdə nadir olan bu marallara ovçu kimi baxır: "Ah, kaş tüfəng olsaydı! - ən azı iki yüz kilo ət çıxardı", - deyərək içindən keçənləri ifadə edir.

Mömin baba bütün bu mənfi xarakterlərlə təkbaşına mübarizə aparmağa çalışır. Nəvəsinin marala, yəni təbiətə sevgisində onun nağıllarının təsiri danılmazdır. Bundan əlavə, son ana qədər borc bildiyi təbiət sevgisini öz daxilində saxlamağa çalışır. Mömin baba qonşusu Seydəhmədin yuxarıda verdiyi sözlərə belə cavab verir:

"Sən dəlisən? Onları güllələmək qadağandır!"

Lakin Orozqul ətrafdakılara mədəniyyətindən, keçmişindən qopmağa çalışılan bir xalqın əcdadlarını xatırladan tarixi nağılları tez-tez danışdığı üçün Mömin babadan məmurlara şikayət edəcəyi ilə hədələyir. Mömin baba həm şikayət qorxusundan, həm də qızı Bekeyin ərinin, yəni Orozqulun evinə dönməsi üçün fədakarlıq etmək zərurəti müdafiə etdiyi dəyərlərə zidd gəlir və o, ana Maralı güllələyir. Orozqula müraciəti onun vəziyyətini ümumiləşdirir:

"Gəl, dünən olanları unut. Məni bağışla. Sən də mənim qəribim deyilsən. Sən elə bilirsən ki, mən sənin və qızımın xoşbəxtliyini istəmirəm? Təki sizin övladınız olsun, Allah mənim canımı alsa da olar. Amma xahiş edirəm, qızımdan ayrılma, məni də bağışla. Bütün işləri mən görərəm. Nə qədər istəyirsən, əmr elə!"

Əsərin son hissəsində isə bütün personajlar kimi Mömin dədə də sərxoşdur. O qədər sərxoşdur ki, "uşaq onu tanıya bilmir". Çünki onun sərxoş halı heç vaxt görülməyib.

"Həmçinin gözü yandı, qızardı" ifadəsindən də göründüyü kimi, müəllif babanı realist təsvirlərlə oxucuya təqdim edir.

Müəllif bu ifadələrlə onu aciz, pafoslu bir insan kimi göstərməyə çalışır. Yaşadığı biabırçılıq babanı bu çarəsiz vəziyyətə salır. Nəvəsi ilə üz-üzə gəlməkdə tərəddüd etməsi onun öz vicdanında nə qədər yanıldığının göstəricisidir. Əsərin sonunda müəllif Orozqulun evində keçirilən ov məclisi ilə insanların mal-mülk əldə etmək həvəsini ortaya qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, personajlar realist prizmadan oxucuya təqdim olunur. Müəllifin personajlarla bağlı aşağıdakı ifadələrinə diqqət yetirdikdə onların mənfi prizmadan təsvir olunduğunu görürük.

"Seydəhməd bunu deyən kimi yerə tüpürüb evinə tərəf getdi"

Eyni vəziyyət Bekey xalada da olur. Müəllif ərini razı salmaq üçün onun çarəsiz vəziyyətini tənqidi prizmadan oxucuya təqdim edir. Çünki Bekeyin üzündə Orozqulun yumruqlarının göyərtisi var və o, geyindiyi bəzəkli paltardan çox xoşbəxt olduğu təəssüratı onun aciz halını üzə çıxarmaq üçün kifayətdir.

Onun bu "yersiz sevinci" uşağın diqqətini çəkir və ona kədərlə baxır.

Əsər boyu mənfi xüsusiyyətləri ilə təsvir edilən Orozqul da son fəsildə də eyni mənfi prizmadan təsvir edilir:

"O, tər içində idi. - Üzü inək əmcəyi kimi şişmiş, qızarmışdı".

Yuxarıda sadalanan ifadələrdən də göründüyü kimi, müəllif uşaqdan başqa bütün personajları mənfi prizmadan təsvir edir. Əslində əsərdə yaxşılıq nümunəsi kimi göstərilən Mömin baba bu mənfi obrazlar sırasında öz yerini tutur. Müəllifin dediyi kimi, "Buynuzlu maralın ətini hamı çox bəyənib. "Nənə, Bekey xala, Gülcamal və hətta Mömin baba belə" ifadəsi onun Mömin babaya baxışını ortaya qoyur.

Çünki müəllif onun bütün mübarizəsinə, xoş qəlbinə baxmayaraq, yaşadığı mühitin təzyiqlərinə boyun əydiyini göstərir. Bu, fərdlərin davranışının formalaşmasında cəmiyyətin rolunu ortaya qoyur. Cəmiyyət insanların davranışlarına birbaşa təsir göstərə bilər. Əsərdə Mömin baba yaşadığı mühitdən təsirlənərək maral ovlamaqdan çəkinmir.

"Ağ gəmi"də yeganə günahsız insan kimi təqdim olunan uşaq təbiətə, tarixə, Ana Marala edilənləri öz təxəyyülündə hesaba almağa çalışır. Çünki reallıqda uşaq buynuzlu Ana Maralı öldürən bu adamlara heç nə etməməsinin peşmanlığını yaşayır və nə qədər aciz olduğunu anlayır.

Əsərin sonunda müəllif oxucuya yeganə günahsız insan kimi təqdim etdiyi uşağı zalımlarla dolu dünyadan dramatik şəkildə xilas edir. Uşağın çayda boğulmasına qədər olan prosesdə müəllif nağıl və mədəni elementlərdən birlikdə istifadə etməyə üstünlük verir. Müəllif oxucuya bildirir ki, oğlan özünü dərəyə atıb, balıq kimi üzəcəyini, İssık-Kul gölündəki "Ağ gəmi"yə çata biləcəyini düşünüb və boğulub:

"Heç vaxt balıq ola bilməyəcəyini bilirdinmi? İssık-Kula tərəf üzə bilməyəcəyini, Ağ Gəmini görə bilməyəcəyini, ona baxıb "Salam, Ağ Gəmi, mən buradayam!" deyə bilməyəcəyini bilirdinmi?"

Bütün saf niyyətlərinə rəğmən, əsərin sonunda Mömin baba yaşadığı cəmiyyətin ağır təzyiqi qarşısında əzilir və uzun müddət müdafiə etdiyi dəyərlərə xəyanət edir, ya da bu xəyanətə məcbur olur. Bu hadisə onu vicdanı ilə apardığı mübarizənin zirvəsinə çatdırır. Lakin bəzi mənfi hadisələrə və kəskin ifadələrə baxmayaraq, tərbiyəvi baxımdan mükəmməl bir əsərdir. Təbiətə olan dərin sevgi, xeyirxahlığın əhəmiyyəti, ədalət və mərhəmət anlayışları elə incəliklə işlənib ki, bu mənim üçün əsərin ən təsirli cəhətlərindən biri oldu.

Yaşadığımız dövrdə ətrafımızda baş verən pisliklərin fövqündə bizim də yaratdığımız bir xəyali dünya var. O xəyali dünyanın rəngləri çəhrayıdır. Və bu çəhrayı rəng reallıqdakı qaranlıqla daim mübarizə aparır. Hərəmizin bir "Ağ gəmi"si var, kimisi o ağ gəmiyə minə bilir və o ağ gəmini xəyali dəryasından həqiqi dünyasının sahillərinə çıxarır, kimisi də bu əsərdəki uşaq kimi boğulub ölür.

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

Filarmoniyada Zəfər Gününə həsr edilmiş konsert olub

14:01 9 noyabr 2024
"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

"Başıma gələn ağrılar məni çox qəddarlaşdırdı"

11:16 9 noyabr 2024
İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

İstanbul boğazında Bakı rüzgarı - Rəvan CAVİD

11:00 9 noyabr 2024
Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
# # #