"Həmin işıqlı günlər" - Mətanət Vahid

"Həmin işıqlı günlər" - Mətanət Vahid
10 fevral 2025
# 14:45

Kulis.az Mətanət Vahidin Cavid Zeynallının "Həmin işıqlı günlər" kitabı haqqında yazısını təqdim edir.

Çağdaş hekayə qəhrəmanı statik deyil, pisi və yaxşısı ilə canlı və çoxqatlı obrazdır. Mövzusu nə olursa olsun, istər keçmişdən bəhs etsin, istər gələcəkdən, çağın hekayəsi həmişə müasir olmalı, aktual səslənməlidir. Müsbət keyfiyyətləri ilə yanaşı, bütün çatışmazlıqları və ziddiyyətləri ilə Cavid Zeynallının qəhrəmanları real, dinamik və çağdaşdır. Dərdləri\hekayələri də günün içindəndir. Amma bütün bunlara münasibətin özü heç də həmişə yenilənən deyil. Cavidin hekayələrinin ən uğurlu cəhəti, mənə görə, dildən, bədii təsvir texnikalarından ustalıqla istifadə, müşahidəçilik qabiliyyətini vurğulayan detalların uğurla tətbiqidir. Di gəl mətnin atmosferini formalaşdıran bu detallar oxucuya nədənsə daha çox “keçmişdəki reallıq” hissini ötürür.

Çağdaş hekayələrdəki ən yayğın qüsurlardan biri də əhvalatı gərəksiz uzatmaq, mətni ehtiyacı olduğundan artıq detallaşdırmaqdır. Sürətli həyat tərzi və informasiya bolluğuna öyrəşmiş bugünün oxucusunu daha dilin “şəhdi-şirəsini” sonuncu damlayadək sıxmaqla mətndə saxlamaq olmur. Mətn zamanın tempindən geri qalanda dissonans yaranır – iki min iyirminci illərdə yazılan hekayənin dili, ahəngi ötən əsrin 60-70-ci illərini dilləndirməməlidir. Gənclərin mütaliənin təsirində qalmasını müəyyən qədər anlayışla qarşılamaq mümkün olsa da, püxtələşmiş yazıçının axtarışları artıq maraqlı gəlmir. Cavid Zeynallı uzun sürən axtarışlar dövrünü arxada qoymaq üzrə olan müəllifdir və deyək ki, “Tarix müəlliminin kədəri”, “Coğrafiya müəlliminin pencəyi”, “Həsən maşın alacaq”, “Qolsuz qırmızı don” hekayələrindəki zamandan geri qalan dil və ahəngin “Sara odu qoruyur”, “Həmin işıqlı günlər”, “Zəmanəmizn qəhrəmanı”, “Gülümsəyir, tüpürür” kimi hekayələrdə nisbətən dinamikləşdiyini müşahidə etmək olur.

Məramı nişan verən element olaraq sərlövhə çox vacibdir və məncə, Cavid Zeynallının zaman amilinin aparıcı olduğu hekayələr kitabı üçün “Həmin işıqlı günlər” (2023) adı ən doğru seçimdir. Bu topludakı hekayə qəhrəmanları əsasən keçmişlə gələcək arasında sıxışıb qalan, indiyə bütövlüklə adlamağa çətinlik çəkən, bir növ, əraf ömrü yaşayan obrazlardır – onların məramı gələcəyə addım atmaq yox, mümkünsə keçmişini dəyişməkdir. Bəlkə də Cavidin hekayələrinin dil və üslubunun müəyyən qədər keçmişə yönəlik olması da küll halında nisgili ifadə etməsindən qaynaqlanır.

Kitabın ilk və mənim ən xoşuma gələn hekayəsi olan “Həmin işıqlı günlər” başlanğıcı ilə oxucunu “Ayın şahidliyi” (Əbdürrəhim bəy Haqverdiyev), “Ay işığı” (Kamal Abdulla) hekayələrinin aurasına çəkir. Hekayə adından ideya və məzmununa qədər ruhu keçmişdə qalmış, bu günə adlaya bilməmiş protaqonistin introspektiv enişlərindən ibarətdir. Haradasa oralarda nələrəsə tutunub qalmış qəhrəmanın üstünü örtdüyü yaraları ən ağlagəlməz məqamda qövr edir.

Hekayədə İsmayılın qəfil “çevrilməsi”nin trigerinin nə olduğu, əslində, prinsipial əhəmiyyət daşımır. Genetik yaddaş və nəsillərarası əlaqənin önəmli olduğu “Həmin işıqlı günlər” hekayəsində ata və baba ilə bağlı xatirələr mənəvi kimliyin, psixoloji böhranların köklərini “qazır”. Ümumiyyətlə, xarakterlərin mürəkkəb, hətta ekstremal situasiyalarda sosial mühit kontekstində psixoloji təqdiminə həsr olunduğuna görə Cavidin hekayələrini magik realizmin əlamətlərini daşıyan sosial-psixoloji nəsrə aid etmək olar.

İş gərəyi rəqəmlərə çox diqqətli olan İsmayıl gündəlik həyatda dağınıq, hətta pintidir. Bunu həyat yoldaşı Humayın şikayətlərindən öyrənirik. Hekayə məişət qayğılarının başlarını qatdığı evli, uşaqlı, işli-güclü insanların birgəlikdəki tənhalığına və bu fonda insanın kənardan görünən sakit, statik həyatının arxasındakı təlatümlərin deformasiya etdiyi şüura diqqət çəkir. İnsanların çox kiçik şeylərlə xoşbəxt ola bildiyindən rahatlıqla danışırıq, kiçik şeylərin adamı bədbəxt edə bildiyini isə nəzərdən qaçırırıq. Fanilik atmosferinə köklənən hekayədə həmin işıqlı günlərin nostalgiyası yalnız İsmayılın ailəsinə şamil edilmir, bütünlüklə ömrə, həyata aid olunur. “Bakının bu balaca küçəsində də nə çoxdur pişiklər, nə çoxdur ağaclar, nə çoxdur ər-arvad qanqaraçılığı. Elə götürək, bu qanqaraçılığı.” Özünün hekayəsi olan İsmayıl ümumdan bir nümunədir, modeldir.

Arvadı ilə keçirdiyi gözəl günlərin xiffətini çəkərkən əvvəllər onları xoşbəxt edən sadədən sadə şeyləri yenidən təkrarlamağa kimsə mane olmur. Amma İsmayılın şüuraltı yaddaşı bugünün kiçik sevinclərinə fokuslana bilmir, onu yalnız keçmiş cəlb edir. Hekayənin adındakı xiffət də bunu deyir. Humay “İsmayıl, bir az da dirilərin dərdini çək e. Öz həyatını yaşa, qayğımıza qal, diqqət göstər.” – deyə şikayətlənir.

Daim gözü arxada qalan insan üçün keçmiş çox boylananda ayağının altını görməyib sürüşüb düşəcəyi bataqlıq kimidir; sonra ha çalışsa da, qurtulmaq mümkün olmur, çabaladıqca batır. Ümumiyyətlə, nostalji duyğusu güclü olan, daim keçmişinə bağlı qalan insanları nə gələcək çağırır, nə bugünündə rahatlıq tapır. Beləcə, hər gününü dünənə çevirə-çevirə illərin üstünə bir gün də əlavə edir – daha bir rəqəm. “Hə, Humayın yaxşı yadındadır ki, ərinin hər şeyi ürəyində saymaq xəstəliyi nə vaxtdan başladı. Onda hələ mehriban idilər. Bir-biri üçün darıxa bilirdilər, göz yumub uzun-uzun öpüşə bilirdilər. Həmin işıqlı günlərdən birində ərinin iş yoldaşı Şamaxıdan çaxır gətirmişdi.” İsmayılın “birdən-birə” rəqəmlərə yoluxub bu gündən uzaqlaşmasının səbəbi şüuraltı travmalarıdır. Axı hər şey həmin o içib kefləndiyi gündən başlamışdı, xatirələrin oyandığı məqamdan.

İsmayılın xatirələrində ana\qadın obrazı yoxdur; ata var, baba, ulu baba var, az qala, hər gün izlədiyi toyuqlarla “didişən” xoruz var… Humay onun şüuraltısında yoxa çıxmışdı – qorxularının yaratdığı travma kimi. Onun toyuqların dalınca qaçan xoruzu davamlı izləməsi, pişiyin tapılması və itməsi kimi, mətn boyunca təkrarlanan rəqəmlərin mistikası da personajın psixoloji açılımına, bu vasitə ilə mətnin sirrinin çözümünə xidmət edir.

İsmayıl rəqəmlərlə bağlı danışanda sələflərinin aqibətini də xatırladır: “Babamı Astarxanbazarda vurub öldürüblər ki, bizi sayıb-sayıb axırımıza çıxacaqsan. Yəni, güllələtdirmək üçün sayımızı hökumətə verirsən. Meyitini də çaya atıblar.” Muradla oynayanda bu say oyununu uşaqkən atası ilə də oynadığını deməsi sansaranı nişan verir. Sonda İsmayıl huşunu itirib yıxılanda oğlu “- Ata… Ona qədər sayıram, qalx. Ay ata...” deyə “oyun”u davam etdirir. İsmayıl ona kimi qalxmaqla, nəhayət, tilsimi qırıb oğlu ilə say oyunlarını tamamlaya da bilər; heç qalxmayıb bu əzablı oyuna son qoya da.

Bəzən şüuraltı yaddaşda yer etmiş bircə zədə bütün ömür yolunun istiqamətini müəyyənləşdirir. “Həmin işıqlı günlər”dəki ümid işığı bu günə, gələcəyə yönəlik deyil. İnsan nə qədər yalnız özüdür, keçmişindən nə dərəcədə azaddır? Zamanla o doğrudan dəyişir, yoxsa, əslinə, əsl özünə qayıdır? Hekayə qaçışın olmadığını deyir – gələcək elə personajları dəyişilmiş keçmiş deməkdir. Mətndəki psixoloji kontekstə görə, oğullar atalardan fərqli deyil; bununla barışmasalar belə, ataların davamı – bir az fərqli, bir az dəyişik, onların qismən transformasiyasıdırlar.

Cavidin hekayələrində ən dramatik situasiyanın içərsində də zə(r)if ironiya qatı görünür. Bu, bəzən hekayənin ümumi ahənginə sirayət edən element olaraq əksini tapırsa, bəzən də yalnız konkret bir obrazla bağlı olur. Məsələn, “Sara odu qoruyur”da ana obrazına ironik yanaşma “Gülümsəyir, tüpürür” hekayəsində anadan başlayaraq təhkiyəçinin özünə, sonra bütün hekayəyə sirayət edir.

Başdan-sona kontrastlar üzərində qurulan “Sara odu qoruyur” hekayəsinin estetikası məzmununu uğurla tamamlayır. Xüsusən rəng (“Həmin gün Mərdəkan bazarındakı salxaq piştaxtalardan, rəngbərəng tərəzilərdən tutmuş, sarı limonlara, yaşıl-yaşıl bibərlərəcən hər şey nar qırmızısı rəngində yerə-göyə, adamlara-ağaclara gülümsəyirdi.”), fəsil (payız-qış, sentyabr-fevral) və stixiyaların (külək-od) kontrastı, hekayənin əvvəlində doğuş “proqnozu” verən narsatan arvadın ölüm xəbəri (“Dedilər, ölüb. Beşcə gün əvvəl qalıb maşının altında. Qanı çilənib qarın üstünə.”), bu “sıçfrayış”lar fonundakı psixoloji keçidlər, vizual effektlər hekayənin emosional təsirini artırır. Sevgisiz ailədə bətnə düşən övladın (əslində, ər-arvad münasibətlərinin) labüd sonu əks olunur: “Uşaq ana bətnində şikəstdir.” Bu məqamda hekayə neçə illərin uzağında qalan “yırtıq topu götürüb çinarın başına atanda sağsağan qanadından qopan səs”i də xatırladır. Beləliklə, bu gün keçmişin nəticəsi kimi davam tapır, bu məntdə də indi elə keçmiş deməkdir. “Həmin işıqlı günlər”də olduğu kimi, “Sara odu qoruyur” hekayəsində də oxucuda sual yaradan boşluqlar var. Yəni bir-birlərini sevdiyi halda, Saranın niyə onları izləyən oğlanla ailə qurması sualı açıq qalır. Nəticə etibarilə, qadının ərinə xəyanət səbəbi olduğu üçün hekayənin bu əhəmiyyətli detalı nəzərdən qaçırılır.

Cavid Zeynallının hekayələri qəfil dönüşlərlə maraqlıdır; sonluq heç də həmişə gözlənildiyi kimi reallaşmır. Bu baxımdan fərqlənən “Zəmanəmizin qəhrəmanı” hekayəsinin aparıcı motivi intizardır. İntizar üzü gələcəyədir, nisgil keçmişə. Murad həmişə qəhrəman ola biləcəyi bir situasiya gözləntisindədir; kimsə batsın, yansın, həbs olunsun, o da xilas edib qəhrəman olsun. O gözləyir, situasiyalar da ayağına gəlir. Hekayənin bütün kədərinə rəğmən yenə Cavidsayağı zərif ironik qat mətni “yüngülləşdirir”. Dilimizdə geniş yayılmış “zəmanə adamı” ifadəsi bütün ironiya çalarları ilə mətndə reallaşır. Murad qəhrəman olur, amma necə?

Onun arzusu saxta olduğu kimi, xilası da gərəksiz, yersizdir. İmkan vesəydi, ölümü bunca sevən\seçən Mizrab kişi ölsəydi, canı qurtarardı. Muradın gözləntiləri və özünə biçdiyi “xilaskarlıq missiyası” hekayədə faciələrə absurdluq gətirir. Lap Əbdürrəhim bəyin “Bomba” hekayəsindəki kimi. Cavidin hekayəsində onun “xilas etdiyi” adamın ölmək istəyən Mizrab kişi olması isə gözlənilməz deyil. Muradın hər gün ölümü tərifləyən kişiyə cavabsız qalan “Yaxşı, ölüm bu qədər şirindrsə, niyə bu vaxtacan ölməyibsən?” sualı həllini sanki sonda tapır.

“Zəmanəmizin qəhrəmanı” özünün ən böyük arzusu haqqında üzünü adresata tutub danışır: “Deyəsən, arzuma çatmışdım. Çox güman, sabah hamı məndən danışacaqdı. Çox güman nədi, danışdılar, dost-tanış zəng edib alqış elədilər, hətta tanımadığım adamlar yolda saxlayıb razılıqlarını bildirirdilər. Çörək oğurlayan ac uşağın xilaskarı kimi mənimlə bircə telekanallar maraqlanmadı. İlahi, bir sən bilirsən xəbərlərdə danışmağı, verilişlərə qəhrəman simasında çıxmağı qəlbimin dərinliyində nə qədər həsrətlə arzu edirdim.” Hekayənin Bartold Brextdən gətirilən epiqrafı olmasaydı, bu arzunu elə Muradın nisgili kimi görmək də olardı. İndiki halda isə mətndə bütövlükdə cəmiyyətin qəhrəmanlıq anlayışına incə ironik yanaşma görürük. Cəmiyyətin fikrindən asılı olan insan bir o qədər də özünü özünə təsdiq etməyə çaba göstərir. Muradın ən səmimi “qəhrəmanlığı”, bəlkə də, Firəngizin dəmir aftafasının qulpunu düzəltdirməkdir.

Cavidin müxtəlif illərdə yazılan hekayələri üçün aparıcı olan zaman amili, bəzi adlar (xüsusən, az qala, bütün hekayələrdə təkrarlanan Murad), bənzər mövzu və situasiyalar, bir növ, “ədəbi konstant”a çevrilib mətndən-mətnə adlayır. Bunun ən yayğın nümunəsi Kamal Abdullanın yaradıcılığı üçün xarakterikdir. Amma Xalq yazıçısının nəzmli-nəsrli bütün əsərlərini “kəpənək effekti” ilə birləşdirən bu priyom gənc həmkarında, hələ ki, nisbətən spontan xarakterlidir. Əsas odur ki, Cavid Zeynallının hər hekayəsinin bir “Pandora qutusu” var və açılanda ətrafa metafora və simvol bolluğuna sığınmış rəngarəng sirlər saçılır.

# 410 dəfə oxunub

Oxşar xəbərlər

Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

Bu roman Azərbaycandakı hərbi xidmətin həqiqi üzüdür - Orxan Saffari

14:50 10 fevral 2025
Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?! - Fərid Hüseyn

Nizamiyə eşşək deyən Əlisa Nicatın dərdi nədir?! - Fərid Hüseyn

11:20 10 fevral 2025
Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

Folklorumuzda ilan kultu: şər, yoxsa xeyir? - Elnarə Qaragözova

10:00 8 fevral 2025
Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu... - Elnarə Akimova

Bir kəs ki, onun qibləsi yalnız Vətən oldu... - Elnarə Akimova

10:01 7 fevral 2025
Səməd Vurğunla Əlisa Nicatın fərqi - Deyilənlər və deyilməyənlər

Səməd Vurğunla Əlisa Nicatın fərqi - Deyilənlər və deyilməyənlər

18:34 6 fevral 2025
"Ellər uzadacaq şair ömrünü!" - Tərlanə Yaqubqızı

"Ellər uzadacaq şair ömrünü!" - Tərlanə Yaqubqızı

18:01 6 fevral 2025
#
#
# # #