Fuqan, şerxebel və pəstah – Beşinci sinif dərsliyindəki biabırçılıq

Fuqan, şerxebel və pəstah – Beşinci sinif dərsliyindəki biabırçılıq
6 mart 2025
# 09:00


Kulis.az Ömər Xəyyamın “Pəstah və sairə” köşəsini təqdim eedir.



Məlum, təhsil sistemimizin ən böyük problemi əzbərçilikdir.
Şagird öyrəndiklərini sorğulaya, analiz/realizə edə bilmir.
Kitabdakıları, müəllimin dediklərini kopyalayır, ancaq bilgini təhlil edə, təhlil etdiyini isə tətbiq edə bilmir: Eşidir, əzbərləyir, görür, əzbərləyir və sonra haman informasiyanı olduğu kimi istehsal edir.

Beləcə, müəllimin informasiya ötürücülüyü funksiyasını şagird müstəvisində uğurla davam etdirir.

Əlbəttə, bu sistemin faydalı iş əmsalı sıfırdır.



Yaxşı, görək, uşaqlara nə əzbərlətdirirlər?


“Təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciyin köməyilə düzəltmə löhvəsi üzərində hazırlanmasıdır…”

Bu cümlə beşinci sinif Texnologiya fənni üzrə dərslikdəndir.
Dərslik “Aspoliqraf” nəşriyyatında çap edilib, müəllifləri isə Natiq Axundov, Hümeyir Əhmədov, Fəridə Şərifova və Rüxsarə Ələkbərovadır.




Əslində, peşə məktəblərinin vəsaiti səviyyəsində tərtib olunmuş dərslik niyəsə beşinci sinif proqramına da salınıb və niyəsə beşinci sinif şagirdi Simuzərə əzbərlətdirirlər ki, pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərinin çəkilməsi və nöqtələrinin qeyd olunması prosesinə nişanlama deyilir. (səh. 11)


səh.11

Və Simuzər onu da mütləq bilməlidir ki, metal təbəqə qabarıq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin kənarından qabarıq hissənin mərkəzinə doğru döyəclənir; nazik, yumşaq təbəqələr, adətən, taxta çəkiclə döyəclənir və ya taxta tirciklə hamarlanır. (səh. 45)


səh.45

Bu cümlələri ki, oxuyuram, elə bilirəm, kimsə mənim başıma-başıma çəkiclə döyəcləyir və nəhəng “Niyə?” sualı taxta tircik kimi qol-qanadımı budayır.

Beşinci sinifdə oxuyan Simuzərin nə günahı var axı… Bu cümlələrin ağırlığını heç mən, - 120 kiloluq redaktor qaldıra bilmirəm, qaldı ki, çəkic boyda tifil…

Metal təbəqənin hazırlanması qaydasının beşinci sinif şagirdinin bapbalaca ömründəki əhəmiyyəti nə qədərdir?
O
, bu naqolay/əndirəbadi cümlələri niyə əzbərləməli və bapbalaca beyninin yaddaş diskini nədən ötrü taxta-şalbanla doldurmalıdır?
Ümumiyyətlə, bu dərsliyin təhsil prosesindəki faydalı iş əmsalı nə qədərdir?


Deyir, “şerxbel” sözü – alman mənşəlidir və “kobud kəsmə üçün yonucu” deməkdir. Fuqan isə rəndədən uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar, yastı səthlər alınır. Pəstahı verstakda dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun. (səh.33)


səh.33

Beləcə, basabasda sürtlüən, süzülən və nəhayət, dartılıb cırılan ömrümüzə bir paz da siz çalırsınız…
Fuqanınız qırılsın…

Bu materialları əzbərləyən adamın pəstahı dözərmi?
Ay xarrat, başına dönüm, sənin xarlatmağa sexin yoxdur ki, slikonunu təhsilin ortasına sıxırsan?

Üstəlik, bu fənn üzrə, yəni, faydasız, dəxlisiz və bir o qədər də ağır mövzu əsasında test də tərtib ediblər.


Yazır ki, oduncaqdan və təbəqə oduncaq materiallarından detalların və pəstahların ölçülməsi, nişanlanması və yoxlanması üçün müxtəlif alətlərdən istifadə edirlər. (səh. 11)



… Bəs Simuzər nə bilsin, oduncaq nədir…
Tutalım, oduncağın nə olduğunu bilir, yaxşı, bəs bu tifil hardan və nə cür bilsin, pəstah nədir?
Sənin Simuzərə göstərməyə pəstahın var? Fuqanın var?
Sexin… olsun ki, var, evdədir, bəs bu tifillərin əlinə nə verəcəksən?

Faydasız nəzəriyyəni əzbərlətməyiniz uşaqların beyninə zir-zibil yükləmək deyilsə, nədir? Söhbət əqli məsələdən getsəydi, mən, ümumiyyətlə, susardım. Axı söhbət əl əməyindən gedir…

Nəzəriyyə, nəzəriyyə… - özü də necə nəzəriyyə… Bəs praktika?

Tutalım, məktəblərdə şərait quruldu, uşaqlara fuqan aldırdınız; biri çəkic gətirdi, biri pəstah, o biri də yüzlük mismar.
Bu da sənə sex.

İndi cavab ver görüm, beşinci sinif uşağının əlinə fuqan vermək və onun, təxminən, 6 meqabaytlıq yaddaşını pəstahın üstünə sərib döyəcləmək haman uşaqdan ötrü indi və gələcəkdə nə qədər faydalıdır?

Yuxarı siniflərdə, bəlkə…

Yenə deyirəm, əslində, bu dərslik peşə məktəblərinin materialıdır, ancaq olsun, deyək ki, mən səhv edirəm, bilmirəm, mütləq məktəbdə də bu əntiq məlumatlar öyrədilməli, test edilməlidir…

O zaman zəhmət çəkib, uşaqları könüllü şəkildə cəlb etmək lazımdır da, yox?

Yusif xarrat olmaq istəyirsə, gəlsin sənin sexinə, yox, əgər Simuzər həkim olmaq istəyirsə, ona dəymə, qoy o getsin başqa sinifdə lazımi dərsində otursun.

Növbəti səhifədə yazır: “Tablandırma – termiki emalın bir növü olub, poladı böhran temperaturundan (yəni, 30-50 dərəcədən) yuxarı qızdırıb həmin temperaturda saxlamaq və sürətlə soyutmaqdan ibarətdir…” (səh.31)


səh.31

Nədir bu? Beşinci sinif…Simuzər… və böhran temperaturu…

Hər şeyi öz adıyla çağırmaq lazımdır da, açığı.
Sizin dərslik vəsaitinizin, bu vəsaitdəki alətlərinizin, o alətlərin iş prinsipləri və xarakteristkası haqqında qurduğunuz qəliz/qəliz, qəribə/qəribə cümlələrinizin… biri isə belədir:
Ailənin yaranması ilə eyni zamanda ailə təsərrüfatı fəaliyyətə başlayır. (səh.21) Və beləcə, ev təsərrüfatının idarə olunması haqqında məsləhətlərlə davam edirsiniz.


səh.21

Beşinci sinif…Simuzər… və ailə təsərrüfatı...
Özü də hansı dildə... Hansı cümlələrlə...

Əlbəttə, Simuzər o dərslikdə yazılanları başa düşmür, başa düşmədiyinə görə də texniki qaydada əzbərləyir, dalınca da test...
Və elə səhərsi gün də əzbərlədiyini unudur.

Yəni, tamamilə faydasız akt... Bu aktın qazananı kimdir bilmirəm, fəqət uduzanı, dəqiq bilirəm, beşincilər və sabahımızdır.

Yəqin ki, Təhsil Nazirliyi bu məsələ ilə bağlı açıqlama verəcək.

# 1977 dəfə oxunub

Oxşar xəbərlər

Fərdiyyətin boğulması... - Bir maskanın etirafı

Fərdiyyətin boğulması... - Bir maskanın etirafı

11:43 5 mart 2025
Tərcümənin, tərcüməçinin problemi... - Bizdə nə yoxdur, nə çatışmır?

Tərcümənin, tərcüməçinin problemi... - Bizdə nə yoxdur, nə çatışmır?

09:20 4 mart 2025
Rəşad Məcid:  "Bu, məhkəməlik söhbətdir..."

Rəşad Məcid: "Bu, məhkəməlik söhbətdir..."

17:42 28 fevral 2025
Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

Nəfs, siyasət və deqredasiya - İnsan necə dəyişilir?

10:30 28 fevral 2025
Niyazi Mehdi vəfat edib

Niyazi Mehdi vəfat edib

09:15 28 fevral 2025
Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

Danışan hekayələr, susan mətnlər - Cavanşir Yusifli

10:45 26 fevral 2025
# # #