Eşq əhli tənhalıq gəzər - Avdı Qoşqar yazır...

Eşq əhli tənhalıq gəzər - Avdı Qoşqar yazır...
24 fevral 2023
# 18:30

İlk görəndən belə idi, indiki kimi təmkinli, özünəməxsus və dürüst danışan ilahi fikrin, düşüncənin qarşısında dil-dil ötən, ruhu açılan.

Görməmişdən qabaq haqqında eşitmişdim. İncə Dərəsində, Kəmərlidə müəllim işləyirdi. Sərhəd müəllim danışmışdı Rüstəm Kamal barəsində: - bir müəllim peyda olub dedi, Şıxlı kəndindəndi, Rusiyada təhsil alıb. Fikir və mülahizələrində yerə-göyə sığmır, göynən əlləşir. Heç kimə bənzəmir. Hər kəsin dilini bilir, qar kimi bəyazdır, su kimi dupdurudu. Fikirləşdim ki, yəqin kənd müəllimidir. Qeyri-adi, terminlərlə, ibarələrlə danışıb, diqqət çəkir özünə. Elə də fikir vermədim. Sonra Şəkidən eşitdim sorağını, Şəki Müəllimlər İnstitutunda dərs deyirdi. Orda artıq ədəbi mühitə xeyli yaxınlaşdı, Bəxtiyar Vahabzadənin, Yaşar Qarayevin diqqətini cəlb elədi. Tapıntı kimi qiymətləndirdilər - Rüstəm Kamalı. Sonra Mingəçevir Dövlət Universitetində işlədi. Orda gördüm onu. Mingəçevirə ezam olunmuşdum. Gənclər şəhərində özü cavan fəqət ruhu "qoca" və uca Rüstəm Kamalla əyani tanış oldum. İlk baxışda maraqlı və səni düşünməyə vadar edən fikirləri ilə adamı çəkir. İki-üç gün ərzində, iki-üç dəfə vaxt tapıb onunla söhbət elədim. Mingəçevirin mənəvi mühiti ilə bağlı müsahibə götürdüm - Rüstəm Kamaldan. Ancaq efirə getmədi. Texniki baxımdan yararsız oldu. Bu münasibətdə bir soyuqluq yaratdı: "Məqam" verilişini hazırlayırdım o vaxt. Dəqiq yadımda deyil, deyəsən "özünüdərk" məqamıyla bağlı tərəf müqabil olmalıydı, nəsə alınmadı. Bu 65 illik ömrümdə bunun dəfələrlə şahidi olmuşam. Bütün sevdiyim adamlarla bağlı ürəyimdən bir iş görmək istəyəndə, müdam uğursuzluğa düçar olmuşam. Rüstəm Kamalla da elə. İndi, ilin il boyu boş vaxtım olduğu halda Rüstəm Kamalın Natəvan klubunda 60 illiyi qeyd elədiyi vaxtla mənim üçün taleh yüklü elə bir iş çıxdı ki, sadəcə haqqı salam üçün yarım saatlıq gəlib, üzrxahlıq eləyib getdim-qaçaraq və gərgin. Gəlməsəm ayıb olardı. O görüşdə deməli olduqlarımı indi deyirəm.

...Rüstəm Kamal harda olur-olsun sanki özümü balığın dəryada olduğu kimi hiss eləyib. İncə dərəsində, Şəkidə, Mingəçevirdə... Çünkü, o doğulduğu, yaşadığı coğrafi ərazilərin bir parçasıdır. Şıxlı da, İncə də, Şəki də, səfər elədiyi Təbriz də, Ərdəbil də, Urmiya da. Əslində Rüstəm Kamalın ruhu o və olmadığı başqa doğma məkanların özüdü, onun bir parçasıdı. Ruh tənə qovuşan kimi o yerlərə can atır, içinin rəngləri o yurdun havasına köklənir. Və olurlar bir canın, bir qəlbin daşıyıcıları... O yerlərin otu da, ağacı da, insanları da Rüstəm Kamalın könül parasıdır. Ona görə maqnit kimi çəkir o doğmalığı içinə. Heç yerdə özünü yad hiss eləmir. Mətbəxindən tutmuş iç düşüncəsinə kimi hər şeyi can, ürək köynəyindən keçirib özününkü eləyir. Odur ki, ən uca, bir az da qəliz, anlaşılmaz mətləbləri elə isti, yumşaq, yanğılı ifadə eləyir ki, sözün doğmalığı canına od salır. "Mənə həmişə elə gəlib ki, Gəncə sadəcə qədim şəhərin adı deyil, gəncəlilərin tale-qədər adıdır. Gəncə güclü ezoterik obraza malik məkandır. Ayrılıq, hicran Gəncənin ruhuna hopub..."

Rüstəm Kamal bir az Şıxlıdır, bir az İncə dərəli, bir az Şəkili, bir az da Mingəçevirli bütünlükdə Azərbaycanın özüdü, mahiyyətidi, öz yavrusudur. Odur ki, Vətən torpağı dağıyla, daşıyla, ayrılıqlarıyla, gəncliyilə onun yazılarından, esselərindən boy göstərir.

Rüstəm Kamalın Bakı həyatı böyük bir mərhələdir. Bütün bu gəzimlər, görümlər, yaşantılar, üstəgəl Bakı mühiti Rüstəm Kamalı salğarlı, ruhlu bir alim yetişdirdi. Rüstəm müəllimin etnoqrafik yazıları, etnik araşdırmaları, əsintiləriylə ürəyi titrədən esseləri mətn bolluğunda seçildi, mötəbər söz adamlarının, tələbkar oxucunun nəzər-diqqətini özünə cəlb elədi, başladılar onu Səməd Qaraçöp demişkən "barmaqla göstərməyə". İdrak qatı daha da dərinləşdikcə, alt kökə işıq saldı. "Dədə Qorqud" Oğuznaməsini yetkin çalarlarla yenidən tədqiqata cəlb elədi, görünməzləri göstərdi. İsa Muğannanın sirli dünyasının dərinlərinə vardı. Milli kökənli etnik yaddaşın şah damarını silkələyə bildi. "İsaya inanmaq..." məqaləsindən: "İsa Muğanna sağlığında artıq müqəddəsləşib, mifləşmişdi. "Muğanna" adı artıq bir yazıçı təxəllüsü deyil, kahin-təriqət şairi adı kimi səslənirdi. İsa Muğanna statusunda olması üçün mütləq realist-yazıçı statusundan uzaqlaşmalı idi. Kosmogonik-sürreal gerçəkliyi "yeni müəllif" statusunda görməsi üçün "Kollu Koxa"dan, "Teleqram"dan, "Saz"dan, "Yanar ürək"dən imtina etməli idi. Bu romanlar yazılan sözdən, nazil olunan sözə keçidin ifadəsi idi".

İsa Muğannaya, eləcə də başqa yüksək sənət kredosuna malik yazıçılara bu cür yeni yanaşma tərzi, məhz Rüstəm Kamalın adıyla başlayır.

Rüstəm Kamalın bir çox fərdi yaradıcılıq manerası var ki, o bu ucalıqla heç kimlə əvəz və müqayisə olunmaz dərəcədə fərqlidir.

Onun qələmi və zəkası bütün ziddiyyətlərin fövqündə dayanır. Məsələn, qadın intiharını Səməd Vurğunun poetikasında araşdırmaqla yanaşı, A.Kamyunun intihar məsələsini fəlsəfənin əsas problemi sayırdı. Və üçüncü baxış, müəllif yanaşması hər iksindən maraqlıdır. "İntihar, özünü öldürmək aktı dini düşüncədə günah sayılmaqla bərabər, ölümün öz hüququnu əlindən almaq deməkdir.

O, yüz müəllifin, tədqiqat obyekti olan mövzuya ürəklə girir, heç kimin gəlmədiyi qənaəti bədii səviyyəyə qaldırır. Akademik Nizami Cəfərovun dediyi kimi, çünki o "mövzunu yazmır, mahiyyəti yazır".

Yanımızdan "səssiz" ötüb keçən hər bir həyat görüntüsünə heyranlıqla yanaşır, elə şərh eləyir, sanki insan qarşısında sanki yeni mənzərə açılır. Təsadüfi deyil ki, xalq şairi Nəriman Həsənzadə ona "yağın içində" bir diktafon alıb verib ki, ala, bunu qurulu halda yanında saxla, sənin fərqinə varmadığın söhbətləri o aparat yaddaşa köçürsün. Hazır materialdı, sonra hardasa, nədəsə istifadə eləyə bilərsən. Həyatda fikirlərin itib batmasın, havaya sovrulmasın. Təbii ki, bütün istedadlı, bəşər övladı kimi Rüstəm Kamal da səs yazan aparatdan bir dəfə də istifadə eləmədi. (Nəriman müəllimin qulağına çatmasın)

İstedad insana südlə, sümüklə verilir ilahi tərəfindən, mühit, mütaliə onu cilalayır, müəyyən axara salır.

Rüstəm Kamal özü bilmədən qələmə aldığı mövzuyla elə uyğun ümumiləşdirmələr aparır ki, yerində dik dayanırsan. Bu intellektlə yanaşı, ilhamın ilahi pıçıltılarıdı. "Fonoqraf: Mikayıl Müşfiq və Asəf Zeynallı" yazısından; "Aralarında təxminən bircə yaş fərq vardı; Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də, Asəf Zeynallı isə 1909-cu il aprelin 5-də anadan olub. Asəfin bir yaşı olmamış atası rəhmətə gedib. Müşfiqin anası öləndə altı aylıq olub..." Anası ölmüş artıq cizgiləri cızıb, bədii situasiyanı sətir-sətir cızır. "Səmavi, ilahi Şuşa" ezoterik - bədii etüd"da oxuyuruq... Şuşalının varlığını hasarsız təsəvvür etmək mümkünsüzdür. "Əslində Pənahabadın kompozisiyası XVIII əsr insanının dünyanı dərketmə formasının ifadəsi idi. Dünyanın modeli idi, qala divarları isə dünyanın sərhədi idi". XVIII əsr insanı, dünyada qala, gəl indi buna etiraz elə. Pozulmaz fikirləri mismar kimi beyninə çalır.

Hər bir yaradıcı insan alimdir. Alimlə yaradıcı insan arasında sədd çəkib, sərhəd yaratmaq cahillikdir. Bu şeyx Nizamidən bəri belə olub. Aşıq Ələsgər də - yerin, göyün, ərşin-fərşin arğacı" - deyib, sərhəd çəkək ki Nizami alim idi. Ələsgər yox... Bu son yüz ilin, sovetin uydurmasıdır. Şair də alimdi, alim də şairdi...

Güşənişin, "alkaş" şairləri, kitabdan köçürən "mizrə" alimləri demirəm. Elmi əsər də, bədii əsər də eşqlə yaranır. Ona görə eşqli alim Rüstəm Kamalın "İcad" elədiyi elmi əsərlər eşq diliylə ürəyə yol tapır və isti oxunur.

...Eşq əhli tənhalıq gəzər. Ağzınacan dolu saraylar onların ruhuna yaddır. İşıldayan gözlərdən gələn həyatı umacaqlar onu çəkməz, gılıqcıl baxışlar onu tovlaya bilməz. Beş-on nəfər duyan söz, fikir sevdalıları ona bəs eyləyər. Ona görə az yığmışdı ocağının hənirinə sevdalıları. Bəs eləyərdi bu sayı azlar, sambalı çoxlar Rüstəm Kamala...

Sənə və yaradıcılığına dərin sayğılarla.

# 1842 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #