Aqil N.Quliyevin əmisi kimdir? – Məqsəd Nur

Aqil N.Quliyevin əmisi kimdir? – Məqsəd Nur
8 avqust 2023
# 12:14

Bu gün yazıçı Məqsəd Nurun doğum günüdür.
Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun “Əmi” hekayəsini təqdim edir.

(V. Sınaqlar silsiləsindən)

Bu erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdir...

***

Aqil N.Quliyev – ona dostları belə deyirdilər. Hamı onu tanınmış rejissor Aqil M.Quliyevin əmisioğlu bilirdi. Özünə də belə sərf idi: qoy paxıllansınlar. Amma onun əmisi vur-tut bənna idi və indi Aqil N.Quliyev erkək tut ağacının altında qan qusarkən bənna əmisinin mümkün qədər tez buraya – yanına gəlib-çatmağını istəyirdi. Əlbəttə, məşhur rejissor Aqil M.Quliyevin də əmisi bənna ola bilərdi – burada ayıb nə var ki? Amma Aqil N.Quliyevin əmisi onun üçün xüsusi bənna idi. Birincisi, 1992-dən qoyub-çıxdıqları Qaragüney kəndinin bütün evləri əmisinin ustalığı ilə tikilmiş, ikincisi də, əmisi ona qaçqınlıqdan sonra atalıq eləmiş, o da əmisinin hesabına müharibədə itkin düşmüş atasının yerdə qalan iki yetiminə gün ağlaya bilmiş, özünü də əməllicə tutmuşdu: hətta Bakının Qala kəndində özünə bir ev tikdirib anası, bacısı Nigar və balaca qardaşı Qabillə özcə damının altına sığına bilmişdi. Əmi onun üçün hər şeydir!
"Haradadır bəs, niyə yetmədi, niyə tapılmadı əmim, ay Allah?!"

***
Tutun da erkəyi olarmış, yəni meyvə gətirmirmiş: barama üçün yarpaq, kölgəlik üçün çardaq olurmuş. Əgər Aqil N.Quliyev 1992-də, çox erkən yaşında bacısı və qardaşı ilə anasının sinəsinə sığınıb qorxudan gözlərini bərk-bərk yumaraq Qaragüneydən qaçıb çıxmasaydı, mal-heyvan, ot-ələf, bağ-dirrik barədə eşidib-bildikləri lap çox olardı. Amma nə indi erkək tutun dibində qan içində qaldığı anlarda, nə də bu küləkli şəhərdə keçirdiyi on səkkiz ildə Qaragüneydəki hər hansı bir tut ağacı barədə söhbət eşitməmişdi. Olsaydı, nətəhərsə qulağına dəyərdi (yəqin o tərəflərdə tut bitmirmiş): Qaragüney barədə kəndçilərindən elə şeylər eşidirdi ki (alma, armud, biçənək, at, eşşək, poçt, Rizvanın dükanı), ara-sıra ona yuxu kimi gələn uşaqlıq xatirələri də bu eşitdiklərinin hesabına yavaş-yavaş yaddaşında bərpa olunmağa başlayırdı. Yaxşı ki, bu iyirmi altı yaşında kəndçilərindən uzaq düşmədi – o da əminin hesabına...
Haradasan, ay əmi, axı mən əldən gedirəm, zalım əmi!

***

– Sənin canında düşmən kini yoxdur... Bu, hər kişidə olmalıdır... Əgər gözlərinin qarasında düşmənə qarşı kin görükmürsə, deməli, sən oğraşsan... Bax dirəşmişəm gözlərinin içinə, orada özümü görürəm, amma düşmən görmürəm... Sən mənim düşmənimsən, atam da... – deyib üzünü yana tutaraq əlindəki iri pivə parçında nə varsa axıracan sümürən əmisioğlu Zaza (əsl adı Zaurdu) bir az əvvəl Aqil N.Quliyevlə erkək tutun altında – “Çəllək” kafesində oturub söhbətləşirdilər.
– Sənin bu cür tədbirli olmağın atama oxşamağındandır... Gərək mən əmimin, sən də atamın oğlu oleydin... O vaxt əmimlə geri – Qaragüneyə mal-qaranın dalınca getseydin, indi bəlkə də, əmim sağ qalardı, siz də atamla bu nəslin başında otura bilməzdiniz, – deyə Zaza səsinin cod yerində danışır və eləbil bu tonda da Aqili qarğıyırdı.
...Guya Zaza ondan danışırdı ki, əgər Aqil öz atası ilə geri – Qaragüneyə qayıtsaydı, onu yolundan qaytarardı, ya da atası özü Aqilin xətrinə geri dönərdi. Mühasirəyə düşməmək üçün kənddən qırağa çıxsalar da, Qaragüneydə qoyduqları beş-on davara görə təzədən geri dönərək özünü erməninin ağzına atıb orada it-bata düşməzdi.

***

- Bu oğlan əmisiqızının yolunda canını verər! – deyə Zaza özündən çıxdı və iki dəfə sinəsinə döydü.
Qız da onu sevir. Hamısı – Zaza da, Nigar da, Aqil də bir qabda yeyib böyüyüblər, bəs indi nə oldu? İndi atayla əmioğlu iki gəncin arasında qaratikan koludur...
– Bəs beynim çönsə, Nigarı götürüb qaçsam, neyləyə bilərsiniz axı?! – Zaza bu dəfə ayağa durmaq istəsə də, Aqil onu çiynindən basıb aşağı oturtdu və əlini yellədib pivə istədi, həm də ətrafın onlara göz qoyduğunu sezib həyəcanlandı.
Hətta istədi ki, qalalı qızı Dilbərxanım həmişəki kimi mətbəxdən çıxıb onlara baş çəksin, zarafatlaşsın, şəhərə daraşmış kəndçilərə mərifət öyrədə bilmədiyini deyib araya bir söz, stolun üstünə isti qutablar atsın.
–...Qurban olasınız Nigarın qiryətinə, o mənə yeri gələndə siqaret pulu da verir... Sizi yerə vurmamaq üçün mənə qoşulub-qaçmır, bilirsiniz? Amma o da bezəcək... Atama de, qoy bilsin! – Zaza həm əmiyə, həm də yeri gəlmişkən Aqilin özünə xox gəlirdi.
Bu sözləri eşidəndə Aqil atası üçün bərk darıxdı, indi onun sağ olmağını, ya da onunla geri – Qaragüneyə qayıdıb erməni cəngində it-bata düşməyini bərk istədi.
– Nigar sənə pul verməməlidir, onu öldürərəm... O elə bilir, sən yönlü bir adamsan. Bilmir ki, haramzadəsən. Bizim evin ruzusundan nəşəyə pul çıxmamalıdır... – Aqil sakitcə dedi.
– Niyə, haramçılıqla qazanmırsınız? – Zaza gözlərini bərəltdi, – Atam da, sən də o yazıq Yaqub müəllimin tikintisini sömürüb buralara (hər iki əlini başı üzərinə qaldırıb ətrafa işarə etdi) satlığa daşımırsınız?! Atam namaz qıla-qıla ona çörək verən adamın malını oğurlayır...
– O “yazıq” dediyin adam özü bunu istəyir, hökümətin malıdır, satır, bizim əlimizlə iş görür, o da öz anlayışı ilə belə pul qazanır...
– Onda gedib özündən soruşarıq görək...
– Bəsdir... – deyə Aqil yenə Dilbərxanımın mətbəxdən çıxıb yanına gəlməsini arzuladı və hətta başını döndərib onu erkək tutun altına çağırmaq istədi.
– Sizə bir həftə vaxt verirəm, Nigarla mənə xeyir-dua verməsəniz, Yaqub müəllimin yanına gedəcəyəm, sonra da Nigarı götürüb gözünüzdən itəcəyəm...

***

“Çəllək” kafesində “İnqilab” küçəsinin tikinti topdansatışçıları yığışır. Burada hamı bir-birini tanıyır, sövdələşir, pul alıb pul verir, pivə içib yemək yeyirdi. Qalalı qızı Dilbərxanım bu kafenin mətbəxində o qədər dadlı yeməklər və qutablar bişirir, hər kəslə elə ərklə danışır və ortalığı elə şənləndirirdi ki, hətta azdanışan qaraqabaq əmi də bura gələndə bu ötkəm, şirindil cavan qıza bir-iki kəlmə xoş söz deməkdən vaz keçmirdi. Bu erkək tut da kafenin iri həyətində elə bir yerdədir ki, azca hündürdədir – indi Aqil N.Quliyev qan qusarkən həm cibinin dərinliyindəki pulqabını çıxarıb neçə illərdir xırda kağızların arasında saxladığı, kənddə birgə çəkdirdikləri rəngli şəklə baxmağa, həm də qarnının bir neçə yerindəki bıçaq deşiklərinin üstündəki nəm qabsilən dəsmalları sıxıb axan qanını dayandırmağa çalışırdı. Başının üstündəki qalalı qızı Dilbərxanım da gətirdiyi dəsmalları bərk-bərk qan fişqıran yerlərə sıxmağa çalışır, dizinə döyür və təcili yardım çağıranların üstünə çığırırdı ki, bir də zəng etsinlər, sonra da tez-tez Aqilin əmisinin cib telefonunu yığır və hər dəfə də “zəng çatmır” mesajını eşidib telefonu önlüyünün altındakı cibliyə atır, təzədən Aqilin hayına qalmağa çalışır, ağlayırdı...

***

Şəkildə hamı bir yerdə və xoşbəxt idi. Müharibədən qabaq Qaragüneydə çəkdirmişdilər. Zazanın, Aqilin və Qabilin üstündə qırmızı mələfə var idi – çünki hər üçünü bir gündə sünnət eləmişdilər, üçünü də bir cərgədə, ön sırada stulda oturtmuşdular. Nigar da əlində bir qalın dəstə nərgiz-bənövşə bu dəstəni burnuna sıxmış şəkildə Zazanın arxasından, stuldan boylanır, qımışırdı. Və hamısının da başının üstündə, sağda və solda ataları və anaları dayanmışdı...
Aqil şəkli pulqabının dərinliklərindən çıxararkən kagızların arasından nazik və körpə bir göyərçin lələyi sürüşüb yerə düşdü və bunu nə Aqil, nə Aqilin başını dizinin üstünə qoyan qalalı qızı Dilbərxanım, nə də ətrafındakılar sezdi – onun şəklə baxmağını və inildəyib əmisini çağırmağını seyr edənlər kövrəlir, ya da kənara çəkilib köks ötürürdülər.
...Əmi bilsəydi, quş qanadında bura yetər, hər gün qolunu burub təpəsinə döydüyü, onsuz da nəşə çəkməkdən zəifləmiş canını gömgöy elədiyi və “haramzada” deyib evdən qovduğu doğmaca oğlunu – Zazanı öz əlləri ilə boğardı... Aqil N.Quliyev bilirdi ki, o, indi bu erkək tutun altında can versə də, lap bundan sonra ölsə də, qalsa da, əmi Aqili qanına qəltan edən kim olsa, axırına çıxmayınca soyumaz.

***

Aqil N.Quliyevin qulağında səslər qarışmağa, gözlərində adamlar itməyə başlayırdı. O, başının üstündə mələk kimi hərlənən qalalı qızı Dilbərxanıma bütün varlığı ilə ümid edir və gəlib yetə bilməsə də, uzaqdakı əmisinə bir quş qanadında da olsa, xəbər çatacağına inanırdı. Aqil N.Quliyev erkək tutun altında can versə də, əmisinin indi bu saat harada olduğunu təsəvvür edir və cib telefonunu niyə qapatdığının səbəbini bilirdi. Əmi nəhəng tikintidə, iş icraçısı kimi ona ayrılan alayarımçıq, suvaqlı hamam otağının bir küncündə namaz qılırdı. Ətraf qalın karton bağlamalarla, qalaq-qalaq yığılmış tikinti materialları ilə dolu idi. Bu materiallar "damcı-damcı" buraya ayrılıb yığılır, sonra da gecəyarısında Aqil N.Quliyevin idarə etdiyi “Qazel”ə yüklənib satlıq üçün “İnqilab”dakı anbara gətirilirdi...
Əmi hər iki əlini göyə qaldırıb dua etdikcə köhnə pencəyinin ətəkləri yerdən üzülür, başını möhür daşına qaytardıqca ətəklər də yerdəki beton döşəmənin toz-torpağına qarışır, büzüşüb dizlərini örtürdü. Əmi namaz qılanda çox məsum və balaca, həmişəkindən zəhmsiz görükürdü. Aqil N.Quliyev namaz üstündəki əminin işlərin yaxşı getməsi və salamatlıq olması üçün dua etdiyini qırıq-qırıq eşidir və bu an əlini qarşıya uzadıb xırıltılı səslə “əmi, əmi” deyir, boğazını arıtlamağa çalışsa da, isti qan onu boğduğundan deyə bilmirdi ki, ay əmi, indi işlərin bu gözəl çağında salamatlığım da əldən getməkdədir...

***

Bu lələk Nigarındır – Aqil N.Quliyev ağlı kəsəndən böyük qız olanacan Nigarı lələksiz görməyib. Nigar uzun bir sap götürür, yer-yurddan çalıb-yığdığı toyuq lələklərini müəyyən məsafə aralıq qoymaqla sapa düzür, lap axırda isə çöl göyərçinlərindən qopub-düşən incə, yumşaq bir lələyi bağlayıb sapı ortadan öz qarnına keçirir, sonra qabağa qaçırdı ki, lələkləri külək yelləsin və lələklər yerdən qalxaraq çərpələng kimi onun dalınca havada fırlanaraq irəliyə can atmağa başlasınlar. Axırıncı dəfə Nigarın ad günündə – Qalada təzə evlərinə yığıldıqları gün anası əminin də yanında Nigarın çantasından gülə-gülə çıxardığı lələyi Aqilə verib əmisinə də işarə ilə demişdi ki, gəlinin lələk gəzdirir. Sonra da Aqilə dönüb: “Bunu saxla, bacın ərə gedəndə göstərib onun bapbalaca qız olduğunu yadına salarıq”, – deyə həm də bu xoş gündə Nigarın və Zazanın göbəkkəsdi olduqlarını qaynına xatırlatmaq istəmişdi. Amma əmi dinməmiş, rəngi bozarmış, Aqil də qan qaralmasın deyə lələyi ovcunda sıxıb-əzmiş, sonradan isə bu lələyi özü öz qazancına aldığı pulqabının gizlin bir yerinə qoyub saxlamışdı. O vaxt bircə Aqil bilirdi ki, Zaza tikintidən material oğurlayıb ətrafındakı nəşəxorlara verir, əvəzində nəşə alır, Aqilin sübutlarıyla bundan xəbər tutan əmi isə Zazanı döyürdü...

***

– Bu erkək tutun altında bu qədər oturma. İncimə, bu kəndçilərdir də, erkək tutu Bakıya yaydılar, – deyə qalalı qızı Dilbərxanım Aqili zarafatla da olsa başa sala bilirdi ki, ona ərk elədiyindən bu sözləri deyir.
Və indi Aqil N.Quliyev Dilbərxanımın səsini eşitdikcə həm də sevinirdi ki, deyəsən, əmisi çataçatdadır, amma gözlərini açanda yenə Dilbərxanımdan başqa başının üstündə heç kəsi görə bilmirdi.
Əmi hələ də namaz qılır. Aqil sinəsinə sıxdığı şəklə baxmaq istədikcə yadına Nigarın lələyi düşür, amma lələyi də pulqabından çıxarıb şəklin üstünə qoymağı Dilbərxanıma deməyə gücü çatmırdı. O bilmirdi ki, lələk erkək tutun altından uçaraq Bakı küləklərinə qovuşub getmişdi. İndi bir az əvvəl Aqilin cibindən düşən lələk Bakı küləyinin qanadında əmisinin yanına uçub-çatıb və onun qara, sıx saçlarının arasından keçərək əmini namazdan ayırmağa çalışırdısa da, heç nə alınmırdı. Çünki əmi namaz üstündə olanda ibadətdən başqa hər şeyi unudurdu...
Əmi gəlmədi. Lələk əminin başı üstündə hərləndikcə dönüb bir neçə oldu, artdıqca bir-bir sapa düzüldü və əminin başı üstündən göyə qalxıb Aqili də uzandığı yerdən alıb azca yellədi. Onu göylərə qaldırıb lələk qatarının arxasınca aparmağa başladı. Lələyin qabağınca uçan Nigar əlindəki bənövşə dəstələrini didib ətrafa atır və bərkdən gülürdü. Havadan nərgiz və qan bənövşə ətri gəlirdi...

***

– Kişi gərək əlinə, dilinə, bir də...
Aqil N.Quliyev bu sözləri ortalığa desə də, cümləsini bitirməmiş Zaza ayağa durmuşdu. Zaza Nigardan aldığı siqaret pulu ilə nəşələnib erkək tutun altına – Aqil Quliyevlə son söhbətə gəlmiş, üstündən də bir neçə parç pivə, sonra da araq içmişdi ki, beyninin qurdu tərpənsin... Zaza əmisi oğluna üçüncü bıçağı vuranda Aqil N.Quliyev sözünü bitirə, ondan yapışa və çığıra bildi. Erkək tutun altındakı stollar pərən-pərən oldu. Aqil N.Quliyev yerə yıxıldı. Dilbərxanım yetdi. Zaza dördüncü bıçağı içəri yeridib bağıra-bağıra atasını və Aqili söyə-söyə erkək tutun altından uzaqlaşdı. Qaçmağa başladı.

***

– Erkək tut düşərsiz, yad el müxənnət...
(Dar macalada bu qəribə misraları necə düzüb-qoşdu? Qaragüneydə, aşıq Hidayətin dastan gecələrində hamıdan qabaq, başını anasının dizinə qoyub yuxuya gedirdi axı). Aqil N.Quliyev erkək tutun altında başını sağa sallayıb: ağzının qırağından qan axsa da, yerindən tərpənmək, dikəlmək və ayağa durub ürəyini yandıran bu misraları söyləyərək uçmaq istəyirdi. Amma indi nəinki uçmağa, heç danışmağa da halı yox idi. Onu erkək tutun altından təcili yardım maşınına qədər xərəkdə aparan insanlar inanmazdılar ki, iki əmioğlu elə bircə gün əvvəl bu erkək tutun altındaca içib şəhərə çıxmış, bir-birinə demişdilər ki, müxənnət müharibə olmasaydı, indi onlar da belə müxənnət şəhərdə pərən-pərən gəzməz, Qaragüneyin talasında iri armudun altında, bax bu gün erkək tutun altında oturduqları kimi – əllərindəki gərməşov çubuğu yaşıl çəmənliyə çırpa-çırpa qoyun qırağında günlərini keçirər, nə oğurluq edər, nə nəşə çəkər, nə də bir-birilərinə qarşı bu qədər müxənnət olardılar. Əmi də Qaragüneyin evlərini tikməkdə davam edər, müxənnət bozarmaqları ilə onları bir-birindən uzaqlaşdırmaz, bu böyük şəhərdə arxasızlıq xofundan bütün mehrini Aqilə salıb oğlunu paxıllandırmaz, Nigarla Zazanın arasında qaratikan kolu olmağı ağlına da gətirməzdi...

***

– Bir də... Belinə sahib olsun! – deyə Aqil M.Quliyev bağıraraq göyə üz tutdu.
Aqil N.Quliyev gözlərini yumduqca Dilbərxanımın yumşaq, nazik və isti əllərini sıxır, onun qucağına girib canını sarmış titrətmələrdən qurtulmaq istəyirdi.

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #