...Allah amanında, Vaqif Səmədoğlu! - Nəriman Əbdülrəhmanlı

...Allah amanında, Vaqif Səmədoğlu! - Nəriman Əbdülrəhmanlı
5 iyun 2024
# 17:10

Kulis.az Nəriman Əbdülrəhmanlının "Vaqif Səmədoğlu: Darıxan adam haqqında etüd" yazısını təqdim edir.

...Əslində, bu yazı içimdə xeyli müddət əvvəl, bol işıqlı bir yaz günü yazılmağa başlamışdı...

Deyəsən, hərənin həyatda, heç olmasa, bircə dəfə bəxti gətirir, qismətinə təsəvvürünə belə gətirə bilmədiyi anlar düşür...

Vaqif Səmədoğlu haqqında beş adamın qəlbinə yatan söz deməksə, bəxtdən çox, alın yazısı kimi bir şeydi...

Aradan keçən beş ilin (bu zaman kəsiyində gözlərimiz nələr gördü... Ömrü boyu kürsülərdən gen dolanan Vaqif Səmədoğlunun da tribunaya çıxmaq məcburiyyətində qaldığının şahidi olduq) o biri ucuna qayıdıb üstünü olub-keçənlərin tozu basmış yaddaşımı qurdalayır, baş verənləri ipə-sapa düzməyə can atıram. Çox istəyirəm ki, yazımdakı ovqat Vaqif Səmədoğlunun xasiyyətini, şeirlərini, bir də ünsiyyətimizə körpü salan cazı xatırlatsın...

***

...Çoxdan tanışıydıq, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının çayxanasında, rejissor-operator Zaur Məhərrəmovun otağındakı xudmani məclislərdə dəfələrlə oturmuşduq. Çox vaxt da çiynindən, yaxud sinəsindən asılmış fotoaparatla görmüşdüm. Amma bu dəfə rastlaşdığımız məkam tamamilə ayrıydı...

1986-cı ilin o may günlərində Gürcüstan Dövlət Filarmoniyasının böyük salonunda Ümumittifaq caz festivalının keçiriləcəyindən xəbər tutanda yadıma düşən təkcə Əzizə Mustafazadə olmuşdu. Çünki unudulmaz Vaqif Mustafazadə sənət yoluna Tbilisidə başlamışdı, onu burda xatırlayır, sevir, adını hörmətlə çəkirdilər. Bəs, bu şəhər Vaqif ömrünün davamı olan Əzizəni necə qarşılayacaqdı? Əzizə Vaqif sənətini davam etdirməyə layiq olduğunu təsdiq eləyə biləcəkdimi? Qəzet əməkdaşı olmağımdan çox məni festivala gətirən bu suallara cavab tapmağıydı.

Amma konsert salonunun səhnəsi arxasında hamıdan qabaq Vaqif Səmədoğluyla qarşılaşanda həm heyrətləndim, həm də çaşdım. Bir an sonra da yadıma düşdü ki, o, televiziyada “Caz həvəskarları klubu” verilişini aparır, əslində, festivala gəlməməsi daha təəccüblü olardı. Bir qıraqdaca dayanıb ağzınacan dolu salona göz gəzdirirdi, qəfildən də mənə elə gəldi ki, adamların arasında ümidsizcəsinə adaşını, sənətin Vaqifini axtarır, onun yoxluğundan darıxır. Ona Bakıda, kinostudiyadakı ünsiyyətimizdən doğan ərklə yaxınlaşdım, xoş-beşdən, hal-əhvaldan sonra yanımdakı cavan şair Afiq Muxtaroğlunu təqdim elədim:

- Dostumdu, sizin üslubunuzda şeirlər...

Düşünmədən dediyim sözlərin mənasını elə o məqmda da duyduğumdan səsim yarıda qırıldı. Vaqif Səmədoğlu üzümə acıqlı-acıqlı baxıb hövsələsizliklə dilləndi:

- Mənim üslubum yoxdu, şeirlərim var...

Deyəsən, tutulduğumu, xəcalətimdən qızardığımı hiss elədi, söhbətin axarını dəyişib ordan-burdan suallar verdi. Amma araya düşmüş pərtliyin havası çəkilib getmək bilmirdi. Yaxşı ki, az sonra konsert iştirakçıları gəlib çıxdılar. Əzizəylə birgə Anası Elza Mustafazadə, nənəsi Zivər Əliyeva, orkestrin rəhbəri Rafiq Babayev, televiziya rejissoru və aktyor Tofiq Mirzəyev, bəstəkar Cəmil Əmirov, operator İsrafil Ağayev... də həyəcanlanır, özlərinə yer tapa bilmir, növbəylə Əzizənin barmaqlarını ovuşdurirdular...

Elə o gecə də Əzizə Vaqif Mustafazadənin davamçısı olduğunu sübut elədi. Arası kəsilməyən alqışlar onu bir neçə dəfə səhnəyə qaytardı. Mənə elə gəldi ki, üzdən sakit görünsə də, onun uğuruna ən çox sevinən kəs səhnənin uzaq küncündə tək-tənha dayanmış Vaqif Səmədoğluydu. Əzizəni bağrına basanda kövrəldiyini heç gizlətmədi də...

Fikrimiz vidalaşıb ayrılmağıydı. Qəfildən Vaqif Səmədoğlu dəstədən qopub bizə sarı gəldi:

- Vaxtınız varsa, gedək sakit bir yerdə oturaq.

Bu gözlənilməz təklifə ürəkdən razı olduğumuzu görüb qoluma girdi, bığaltı gülümsədi:

- İncimədin ki, dərdin alım...

***

Bir azdan “İveriya” mehmanxanasınıın Kür səmtindəki eyvanında, açıq havada oturmuşduq. Yaz gecəsinin ətri, yumurta sarısına oxşayan Ayın Kür sularındakı əksi, gurultulu və həyəcan dolu konsetrdən sonrakıl sakitlik sirli-sehirli ovqat yaratmışdı. Vaqif Səmədoğlu çox şey sifariş eləməyə qoymamışdı, süfrəyə adama bir şüşə “Kindzmarauli” çaxırı, yemək, turşu, pendir, göyərti gətirmişdilər.

Söhbətimizinsə başlıca mövzusu şeir, cazıydı. Ədəbiyyata-sənətə can atan iki cavan oturub Vaqif Səmədolunun söhbətini su, daha doğrusu, gözəl şərab kimi içirdik. Arabir masamıza onu tanıyanlar yaxınlaşır, görüşüb hal-əhval tutur, öz süfrələrinə dəvət eləyir, qulluğunda durmaq istəyirdilər, amma üzrxahlığını bildirir, bütün dəvətlərdən boyun qaçırırdı. Araya sükut çökəndəsə xahişsiz-minnətsiz, bir qədər titrək səsilə şeir oxuyurdu:

Kağızın üstünə düşüb,
İki əlimin kölgəsi.
Yenə də lap zilə qalxıb
Təkliyin yalquzaq səsi...

Vaxtdan yaxa qurtarmışam,
Bilmirəm saat neçədir.
Ay yarımçıq, ulduzlar yox...
Yaman ölməli gecədir...

Nə varım var, nə barxanam
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa...

Bu şeiri jurnalda oxusam da, həmin sirli-sehirli gecədə, həmin məqamda elə bilirdim ki, elə ordaca, gözlərimin qabağındaca yaranır, buna görə də qeyri-adi anlar yaşadığımdan təsvirəgəlməz dərəcədə xoşbəxtiydim. Vaqif Səmədoğlusa bizim xətrimizə yox, öz istəyiylə şeir oxuyurdu:

Bu yağışdan sonra
torpağı ot qoxuyan
bu bağda,
bu iki şam ağacının arasında
gərək atam oturaydı
bu gün.
Və yetmiş beş yaşı olaydı gərək,
gərək qoca olaydı atam.
Və iynəli budaqların arasından
gərək gün işığı düşəydi
üzünə atamın...
Ancaq ot qoxuyan torpaq var,
şam ağacları da var,
Gün işığı da var, ancaq
düşmür o işıq atamın üzünə...

Yadımdadı, bu şeiri oxuyanda Vaqif Səmədoğlunun üzünə də Ay işığı düşmüşdü, atasının simasını andıran sifətində sirli-sehirli işıq vardı...

O axşam nədənsə bizdən ayrılmaq istəmirdi. Gecəyarıya yaxın qalxıb ürəyimiz çırpına-çırpına ofisianta yaxınlaşdıq. Hər şey yaxşı ötüşdü, Vaqif Səmədoğlu da bizi sındırmaq istəmədi. Vidalaşanda duydum ki, gedib təkadamlıq nömrəsində də darıxacaq...

***
...Səhər vədələşdiyimiz vaxtda əməkdaşı olduğum “Sovet Gürcüstanı” qəzetinin redaksiyasına gəldi. Qapının ağzında qarşılayıb görüşdüm. Üz-gözündən duyulurdu ki, gecəni yatmayıb, ya da, uzaqbaşı, bir-iki saat gözünün acısını alıb.
Böyüklər yığışıb yolunu gözləyirdilər, görüş keçirəcəkdilər. Yanaşı gəldiyimizi görəndə təşvişə düşdülər ki, o cür nüfuzlu məclisdə mən də otura bilərəm. Qonağı tələsik içəri dəvət eləyib, meşin qapını örtdülər. Qayda üzrə sıravi əməkdaşın bu cür məclislərdə olması caiz sayılmırdı, hər kəs öz yeürini bilməliydi. Mən də yerimi dərk elədim, çıxıb getdim...
Səhəri gün “Acara” mehmanxanasındakı nömrəsində görüşəndə Vaqif Səmədoğlu sorğulu-sorğulu üzümə baxdı:
Dünən harda qaldın, səni axtardım, dedilər, harasa gedib.

Cəmi iki mərtəbə aşağıda, Arif Mustafazadənin otağında oturduğumu gizlətdim:
- Hə, işim vardı, - dedim.

Gördüm sözlərimə inanmadı, yəqin, redaksiyada “sanballı adam” olmadığımı qandırmışdılar. İsti-isti çiyinlərimi qucaqlayıb təskinlik verdi:
- Fikir eləmə, dərdin alım, hər şey düzələr.

Məclisin necə keçməyiylə maraqlandım. Gülümsəyib sualıma ikibaşlı cavab verdi:
- Hər şey vardı, əmə yaman darıxdım.

Eyhamını izahsız da başa düşdüm...

***
Puşkin adına (indiki S.S.Orbeliani adına) Pedaqoji İnstitutun Azərbaycan bölməsində “Səməd Vurğunun oğlu”nun gəldiyindən xəbər tutub görüş keçirmək təşəbbüsü qaldırmış, müəllimlər əlüstü onun kitablarını tapmaq üçün tələbələri kitabxanaya, şəhərdəki Azərbaycan kitabları satılan dükana göndərmişdilər. Amma gedənlər əliboş qayıdanda müəllimli-tələbəli təəccüblənmişdilər: necə ola bilər ki, “Səməd Vurğunun oğlu”nun kitabları kitabxanada-dükanda tapılmasın. Mən deyəndə ki, neçə il qabaq əl boyda bircə kitabı çıxıb, inanan az oldu. Başqa bir qalın kitabın arasına qoyduğum həmin kitabı, silsilə şeirləri çap olunmuş “Azərbaycan” jurnalını verdim ki, oxusunlar, görüşü təşkil eləməyi də boynuma götürdüm...

Bütün bunları, əlbəttə ki, Vaqif Səmədoğluya danışmadım. Amma görüş razılığını almaq üçün xeyli dil tökməli oldum, o da aradakı vaxt boşluğunu doldurmaq umuduyla, axır ki, razılaşdı. İndiki kimi yadımdadı, onda içimdə baş açmadığım səksəkə vardı, o səksəkənin səbəbisə özümə sonra aydın oldu.

Başım görüşün təşkilinə qarışdığından qonağı Lətif Mustafaoğluya tapşırmışdım. Arada baş çəkəndə gördüm, “söhbətləri tutur”, Lətif Vaqif Səmədoğlunun darıxmasına imkan vermir...

...O görüşdə ilk çıxışdanca duydum ki, auditoriyayla ünsiyyət yaratmaq Vaqif Səmədoğlu üçün çətin olacaq. Boğazdanyuxarı tərifi, yalançı pafosu xoşlamadığını, görüşlərə ancaq Səməd Vurğunun övladı kimi çağrılmağın könlüncə olmadığını bilirdim. Səbrini basıb atası haqqında bir-iki xatirə danışdı, çeynənmiş, axırı qabaqcadan məlum olan suallara həvəssiz, ötəri cavab verdi. Amma müəllimlərdən biri sualıyla məsələni bir qədr qəlizləşdirdi, ayağa qalxıb ciddi görkəmlə soruşdu:
- Vaqif müəllim, siz harada işləyirsiniz?

Ürəyim düşdü. Gözucu Vaqif Sənədoğluya baxdım, əsəblərinin son həddə çatdığını duydum. Ancaq cavab gözlədiyimdən də yumşaq oldu:
- Mən belə səviyyəsiz suala cavab vermək istəmirəm!

Vəssalam. Səksəkəmin səbəbi bununla aydınlaşdı. Ardınc nə qədər üz vgurdularsa, şeir oxumadı. Ortaya naqolay, qatı sükut çökdü.

Yaxşı ki, amanımaza saz yetdi. İmkan tapıb tələbələrdən birinə - İlyas Məmmədova – işarə elədim, o da çalıb-oxudu, ab-havanı gücü çatan qədər dəyişdi.

...Sonra tələbələrin otağında açılmış xudmani məclisdə oturmuşduq. Lətiflə yanaşı, Eyvaz Əlləzoğlu, İlyas, bir də o “payını alan” müəllim idi, arabir məzlum-məzlum Vaqif Səmədoğluya doğru döyükürdü. Onun məclisdə olmağının da qonaq üçün dözülməz olduğunu da duyurdum. Yaxşı ki, tez çıxıb getdi, dərhal da Vaqif Səmədoğlunun qırışığı açıldı, söhbət axarına düşdü.

O gecə nələrdən söhbət eləmədik... Sənətdən, xalqın taleyindən, milli yaddaşdan söz açdıq. Bir qədər əvvəlki Vaqif Səmədoğlunu tanımaq olmurdu. Ahıllaşmış səsiylə aşıq mahnısı da oxudu, qədim bir el havasına qol götürüb oynadı, İlyasın çalğılarına uşaq kimi kövrəldi, dadlı-duzlu əhvalatlar danışdı, şirin sağlıqlar dedi. Biz – onun başına yığışanlar - da vəcdə gəlir, xoşbəxtliyimizdən özümüzə yer tapa bilmirdik...

***

Taksiyə minib mehmanxanaya gedəndə əlimizi cibimizə salmağa qoymadı. Üstəlik, nömrəsinə dəvət elədi, yəqin ki, bir neçə saat da darıxmamaq fürsətini əldən vermək istəmirdi. O xudmani məclisdəki qanqaraldan cığallıq kefimizə soğan doğramasaydı, yəqin, bu ovqatın ömrü uzun çəkəcəkdi...

Kefinin hansı vaxtı olur-olsun, onun üçün sənət ölçüləri sayılan hisslərinə toxunmaq məqbul deyildi. Bunu gərək adi münasibət formalarını tezp-tez pozan Lətif Mustafaoğlu unutmayaydı. Onun bir yöndəmsiz sözündən Vaqif Səmədoğlu tutuldu, ovqatı bircə göz qırpımında dəyişdi, qəzəbini güclə boğub ona tərəf döndü:
- Bura bax, gəl səni öpüm, çıx get, yoxsa əlimdən xata çıxacaq.

Lətif də bu dəfə vəziyyətin ciddiliyini dərk eləyib inad göstərmədi. Mənə elə gəldi ki, onların qucaqlaşmağında qüssə və təəssüf var.

“Günahkar” pilləkənləri enəndə Vaqif Səmədeoğlu köks ötürdü:

- İstedadlı oğlandı, amma başını gora salamat aparmayacaq...

Elə həmin andan da darıxmağa başladı...

Nömrənin qaranlığında səssiz-səmirsiz oturmuşduq. Məni getməyə qoymamışdı - yəqin, tək-tənha anlarında belə, adamın insan hənirinə ehtiyacı olur. İkimiz də müəyyən bir şey barədə danışmağın, ortaya çökmüş sühutun mənasızlığını duyuirduq. Mənə elə gəlirdi ki, belə vəziyyətdə onun tənhalığını qova biləcək bir qüvvə təbiətdə, ümumiyyətlə, mövcud deyil. Səfər yoldaşlarının arabir baş çəkmələri, söhbətə tutmaq cəhdləri papiros tüstüsü kimi havadan asılı qalırdı. Gündüzdən alıb qoyduğumuz iki şüşə gürcü çaxırı masanın üstündə başıbağlı qalmışdı, bizsə vaxt ölçülərini itirmişdik. O əzici sükut sanki sonsuzluğacan davam eləyəcəkdi.

Bu vaxt qapı döyüldü, otağa, Allah yetirmiş kimi, məşhur gürcü rejissoru Otar İoseliani girdi. Vaqif Səmədoğlu itiyini tapmış adam sayaq bayaqdan qımıldanmasığı kreslosundan dikəldi, isti-isti qucaqlaşdılar, hal-əhval tutdular. Otar İoselinani elə ayaq üstəcə soruşdu:

- Vaqif, Xəzərin vəziyyəti necədi?

Əvvəl elə bildim, səhv eşitmişəm, amma Vaqif Səmədoğlu dənizin dərdindən danışanda şübhə yerim qalmadı, başa düşdüm ki, hər ikisi gündəlik qayğılardan, ötəri şeylərdən çox yüksəkdə dururlar. Otar İoseliani danışdı ki, Parisdə yaşayır, yeni film çəkir, Tbilisiyə məzuniyyətə gəlib, təyyarə limanında kimdənsə xəbər tutub ki. Vaqif Səmədoğlu da burdadı, evlərinə dəyməmiş onu axtarıb tapıb. Onda bildim ki, Otar İoseliani, hətta Federiko Fellini belə, filmlərində Vaqif Səmədoğlunun ideyasından faydalanıblar. Elə o gecə də mən daha bir Vaqif Səmədoğlu – ürəyi və əliaçıq insan – kəşf elədim...

...Unudulmaz söhbətlərdən, vidalaşmadan sonra o may gecəsinin girt yarısı küçəyə çıxıram. Xırda yağış başlayıb. Bəlkə də beş-on addım o tərəfdəki binada öz fikirləriylə təkbətək qalan Vaqif Səmədoğlu bu misralar belə bir gecədə yazıb:

Qorxudan ağlayır,
yoxsa döyülüb,
Bu yağışlı gecə, kimsəsiz gecə?
Yorğunlar yorulub,
ölənlər ölüb,
Kəsilib addımlar, islanıb küçə.
Divarın üzünə niyə baxasan,
Pəncərələr sönüb, qapılar bağlı.
Xoş gün çağırsa da, necə çıxasan,
Arxanda bir gün yox əliçıraqlı.


Bir də inanırdım ki, bu yağışlı, kimsəsiz və tənha gecədə Vaqif Səmədoğlunun şeir söyləmək ovqatı olmalıdı. Bəlkə, hələ mənim oxunadığım bir şeiri həmin o gecədə yazılıb...

***

Axırıncı gün üzdən sakit görünsə də, yenə darıxdığını hiss eləyirdim. Cümləbaşı səsi qırılır, ardınca öz içinə çəkilib dünyanı unudur, “ancaq yol çəkmək üçün olan gözləri” eynəyinin arxasından harasa, uzaqlara, böşluğa dikilirdi. Onu öz aləmindən ayırmamaq üçün susurdum. Amma Vaxtın daraldığını görüb festival proqramının üstünı bir-iki kəlmə yazmasına xahiş elədim. Bilirdim ki, nə “istedadıma inanacaq”, nə də “uğur arzulayacaq”. Elə də oldu, aydın xətlə cəmi bir neçə kəlmə yazdı: “Nəriman, insan heç yerdə darıxmasın gərək. V.S.əmədoğlu. 24.05.1986”. Amma mənə elə gəldi ki, özü bu sözləri yazanda da darıxırdı.
Ayrılmağımız təntənəsiz, vədsiz, amma səmimi oldu. Öz içində çözələdiyi hansı fikirdənsə yaxasını qurtarıb əlimi möhkəm-möhkəm sıxdı:

- Allah amanında, dərdin alım.

...Allah amanında, Vaqif Səmədoğlu!

1991, may

# 3425 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #