Açar varsa da, açan yoxdur - Mətanət Vahid

Açar varsa da, açan yoxdur - Mətanət Vahid
8 sentyabr 2023
# 09:00

Kulis.az Mətanət Vahidin Xəyal Rzanın şeirləri haqqında yazdığı "Poeziyada bağlı qapıların sirri" adlı yazısını təqdim edir.

Bədii mətnlərdə ədəbi konstantları izləmək, bir növ, müəllifin yaradıcılığını onun həyat və şəxsiyyətini öyrənmədən ruhuna bələdlik fonunda dəyərləndirməyə imkan verir. Qapı çağdaş şairlərimizin bir çoxunun yaradıcılığında müntəzəm işlənən obrazlardandır. Xəyal Rzanın obrazlar sistemində qapı ilə üzbəüz dayanıb həsb-hal edən insan prioritetdirsə, qapının ifadə etdiyi ədəbi-semantik funksiyalarda ekzistensial başlanğıc dominantdır. Bu şeirlərdə qapı obrazı müəllif düşüncəsi və niyyətinin psixoloji təşkilində vacib, dramatik element olaraq iştirak edir. Şairin poetik qavrayışında qapı subyektin daxili təlatümlərinin, zaman və məkan anlayışlarına fərdi dünyaduyum müstəvisindən yanaşmanın assosiativ, metaforik ifadəçisidir. Bu metaforik obraz bütün hallarda sərhədin konseptual mənasını əks etdirir.

“Evsiz qapı”, “Yetim qapı”, “Ay qapımı döyən qız” şeirlərində aparıcı obraz astana toposunun reallaşmasına xidmət edir. Evlə kandar arasındakı məkan olaraq qapı şeirlərdə həmçinin zaman anlayışının da ifadəçisidir: o yalnız nə vaxtsa gedilən, tərk edilən məkana giriş deyil, həm də həmin zamana dönüşdür. M.M.Baxtinə görə, istənilən mətnin məkanı digərlərinə nisbətdə müxaliflik təşkil edir. Bu halda, deyə bilərik ki, Xəyal Rza şeirlərindəki qapı obrazı da köhnə ilə yeni, keçmişlə indi, realla irreal, içəri ilə zahir... arasında xronotopun mərkəzi obrazıdır.

Salam, həyət qapı,

Salam, yol qapı.

Salam, qabaq qapı,

Salam, dal qapı.

Nəzərdən, fitnədən

Uzaq ol deyə

Boynundan sallanan

Qara nal qapı

Salam, otuz doqquz,

Salam, qırx qapı.

Salam, söyülməkdən

Üzü tökülmüş,

Hər gün min təpiyə

Qonaq edilən

Səbirli, təmkinli,

Ay qırıq qapı…

Xəyal Rzanın şeirlərində rənglər süjet məkanının poetikasına nəinki təsir göstərir, hətta onu özünə tabe edərək intermedial kontekst yaradır. Bu şeirlərdə rəng yalnız obyektiv reallığın obrazı deyil, həmçinin mədəni işarələrdən tutmuş müəllifin fərdi üslubunadək subyektiv başlanğıcın ifadəçisidir: “Qırmızı”, “Bu dünya eşq qoxuyar” şeirlərində rənglər fundamental kateqoriya kimi çıxış edərək şairin dünyaduyumu fonunda fərdi yaradıcı keyfiyyətləri müəyyənləşdirir. Burada obrazlı təsvirdən başlayaraq, mətndə işlənmə yerinə görə dəyişib simvolik, semantik, emosional-psixoloji, ekspressiv, mənəvi-əxlaqi və s. anlamlar kəsb edə bilən rənglər çoxfunksiyalıdır.

Rənglərin mifoloji və dini mənalandırmaları dilin leksik və poetik sisteminə adlayıb müəllifin fərdi dünyaduyumundan asılı olaraq müxtəlif şərhlər üçün imkan yaradır. Xəyal Rzanın şeirlərindəki rənglər sistemi arxetipik olduğu kimi, həm də özünəməxsus, təsadüfi mahiyyət də kəsb edə bilir – şəffaf duyğular müəllifin seçdiyi rəngi alır. Bədii mətndə rənglərə münasibət əsasən təbiətdən gələn assosiasiyalara görə formalaşaraq ətraf aləmin dil vasitəsilə mənzərəsini yaradır. Məsələn, qırmızı ilə od, göy (və ya mavi) ilə su, yaşılla təbiət və s. arasında semantik əlaqə qurulur. “Evsiz qapı” şeirində rənglər mənaları yaradan paradiqm olaraq mətnin bütün səviyyələrini birləşdirməklə, ədəbi niyyəti gerçəkləşdirir:

Salam, yaşıl qapı,

Salam, ağ qapı.

Köhnə dəmirlərdən

Cağbacağ qapı.

Hələ qırmızısı,

Sarısı da var,

Yarını gözləyən yarısı da var.

Sökülmüş uçulmuş köhnə evlərdə

Xəstə, əldən düşmüş qarısı da var…

Bu şeirlərdə qapı keçmişlə gələcək arasında donub qalmış insanın varlıqla görüş yeri olan ontoloji obrazdır. “Ay qapımı döyən qız” şeirində qapı içəridən bağlıdır. Döyülən qapıya qaçmaq, onu açmaq öz içindən, ruhundan uzaqlaşmaq deməkdir. Bu dəfə astanadakı obrazla qapı deyil, tam mərkəzdə dayanmış qapı ilə iki tərəfdən – döyən və açmayan “üz-üzə” dayanıb. Çöldə qalan üçün döydüyü qadağan olunmuş qapıdır; açar varsa da, açanı yoxdur. Aradakı maneə açılmayan, açılmayacaq qapı – könül evinin sərhədlərinin keşikçisidir: “Könül qapısıdı bu, \ Açılmaz hər döyənə.\ İnan ki, bel bağlamır, \ Hər sevirəm deyənə. Ayaqlarım yerimir, \ Səsə qaça bilmirəm. \ Daha döymə qapımı, \Gəlib, aça bilmirəm.” Bu şeirdə ağrı, çarəsizlik, kədər “idilliya”sı hər misrada etirafa, yalvarışa, yenidən aşiq ola bilmə ehtimalının qorxu və təhlükəsindən yaranan səksəkəyə dönür. Burada qapı daxili dramatizmin doğurduğu transendental sərhəd, psixoloji baryerdir.

Salam, yaxşı qapı,

Salam, pis qapı.

Salam, paslı qapı,

Salam, his qapı.

Salam, qızıl qapı,

Salam, mis qapı,

Salam, qara qapı,

Avara qapı.

Salam, köçkün qapı…

Tər-təmiz qapı.

Salam, evsiz qapı,

Ən əziz qapı.

Şeirdə lirik subyektin varlığını ekzistensial əhvali-ruhiyyə, apatiya, müəyyən qədər qəzəb hissi müəyyənləşdirir – keçmişin rəngarəng xatirələrindən qopa bilməyən qapı bu günün realiyasından gələcəyə boylananda “evsiz”dir. Lakin müəllif şeiri bu ladda bitirsə də, “əhvalat” burada yekunlaşmır: bir növ, onu tamamlayan növbəti şeiri ilə çevrəni qapayır. “Yetim qapı” şeiri “Evsiz qapı”nın son iki misrasından yaranaraq davam edir. Ritm, intonasiya dəyişməsə də, məzmun içəriyə yönəlik hal alır:

Salam, evsiz qapı,

Ən əziz qapı…

Salam, aciz qapı,

Çarəsiz qapı.

Salam, göy üzünün

Təkbir qapısı,

Salam, yer üzünün əsir qapısı…

Burada qapı daha çox ruhani rəng alır, getdikcə ictimai-fəlsəfi məzmun kəsb edərək vətən sərhədlərinin qapısına çevrilir. Bu “çevrilmə” ilə sona doğru şeirin ahəngi də dəyişir: sərhədlər yıxılır, həsrət aradan qalxır, tamamilə sosial motiv qazanan qapı qovuşma aktının şahidi, iştirakçısı olur.

Yumruğa çevrilən,

Dəmirə dönən,

Dərdlərin şəriki –

Vətəndaş qapı!

Salam, namus dağı,

Vicdan ocağı,

Qürurüm, şərəfim, qeyrətim qapı.

Salam, gözü yolda, qulağı səsdə

Kimsəsiz, binəva, ay yetim qapı…

Bu sonluqda regionlar, yollar arasında xüsusi qarşılıqlı əlaqə məkanı kimi sərhəd\sərhədyanı ərazi fenomeninin ifadəçisi olan qapı mənanın yarandığı, xüsusi semiotik “narahatlıq” zonasıdır: bir yandan sistemin dəyişildiyi, digər tərəfdən, bütövlüyün, birləşmənin, vəhdətin formalaşdığı ərazidir. Beləliklə, deyə bilərik ki, Xəyal Rzanın şeirlərində emosional intensivlik qazanaraq həyatın dönüş nöqtəsinin xronotopuna çevrilən qapı metaforik obraz kimi bu sərhəddə dayanan insanın duyğularından daha artıq onun özünün maddi və mənəvi aləm arasında sərhəd olduğunu ifadə edir.

# 2852 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #