Pandemiya, karantin, robotlar... - Fəlakətə sürüklənən dünyamızı kimlər xilas edə bilər?

Pandemiya, karantin, robotlar... - Fəlakətə sürüklənən dünyamızı kimlər xilas edə bilər?
20 avqust 2021
# 15:18

Kulis.az türkiyəli yazıçı, şair Osman Çakmakçının "“Dünyalıların gələcəyi”, sənətin reaksiyası" yazısını təqdim edir.

Fransız antropoloq Mark Ojenin (Mark Auge) kitabı belə adlanır. Məsələn belə demir: “İnsanların gələcəyi” yaxud “Bəşəriyyətin gələcəyi”. Düşünürəm ki, “Dünyalıların gələcəyi” deməklə dünyamızın kosmosdakı planetlərdən biri olduğuna, artıq varoluşun mərkəzində dayanmadığımıza və bəlkə də, ən vacibi insanlarda sonsuzluq hissinin bitdiyinə, əksinə bir son var hissinin yaşandığına diqqət çəkmək istəyir.

Tarixdə ilk dəfə insanlıq yox olmaq, ya da çox böyük və əlbəttə, ağlasığmaz dəyişiklik təhdidi ilə üz-üzədir. Kitabın adı eyni zamanda dünyanın adi bir planet olduğuna da işarə edir; Mədəniyyət və tarixdən arınmış maddə. Yerkürəsi. Bu “qloballaşma” fenomeninə işarədir, dünya/yerkürəsi, texnologiyanın insanın mənəvi inkişafından çox uzaqda hərəkət etməsiylə, informasiya və kompüter/internetlə birlikdə get-gedə kiçildi.

Qloballaşma əslində Qərb iqtisadi modeli ilə mədəniyyətinin qloballaşması olduğuna görə bu, Qərbin mədəniyyəti, iqtisadiyyatı və fərziyyələri ilə bütün dünyanı işğal etməsi deməkdir.

Son zamanlar dünyanın klassik aktual fikir adamları yaşadığımız dövrün tamamilə başqa, əvvəlkilərə bənzəməyən, hətta bir çox istiqamətlərdə onlardan ayrı olduğunu dilə gətirərək, bəlkə də onu ifadə etməyə/anlamağa cəhd edərək adlandırmağa çalışır.

Bilirsiniz ki, adlandırmaq var etmək və insanlaşdırmaqdır. Bəziləri buna Həqiqət Sonrası (Post-truth) dövr, bəziləri də “Post-Human” yaxud Transhumanizm deyir. Burada əsas diqqətə çatdırmaq istədiyim şey, bu filosofların fikrinə görə insanın əvvəlki mərkəziliyini, hətta nüfuzunu itirdiyini, bildiyimiz insan olmaqdan çıxıb get-gedə yarı robota, hətta sadəcə robota çevriləcəyinə, bildiyimiz insan anlayışının yox olacağına işarə etmələridir. Bu halda, dövrümüzdə baş verən qlobal siyasi və mədəni çalxantıların şokunu yaşayan insanın öz gələcəyi haqqında düşünməsi və bu təhdidə qarşı özünü qorumaq istəyi ilə tədbir görməyə başlaması başa düşüləndir. Bu cür təhdidi ən dərin şəkildə şairlərin və sənət adamlarının hiss etdiyini xüsusi vurğulamağa, düşünürəm ki, ehtiyac yoxdu.

Mark Ojenin kitabı Fransada ilk dəfə 2017-ci ildə nəşr olunub. Yəni hələ Covid-19 ortalarda görünmürdü. Yəni bəşəriyyətin yox olmaq təhdidini bu qədər açıq hiss etməsindən əvvəl. Amma təbii ki, istənilən halda bu təhdid o zamanlarda da hiss edilirmiş. Əlbəttə, yazı adamlarının bəzi hərəkətlənmələri əvvəlcədən hiss edə bilmə bacağını da unutmaq olmaz.

Ojenin kitabında “qloballaşma ilə birlikdə parçalanmanın da olduğunu” yazdığını xatırlasaq, koronavirus pandemiyasının insanları bir-birindən uzaqlaşdırıb onların ən vacib ehtiyacı və həyat mənbəyi olan münasibətləri məhdudlaşdırdığını, hətta insanların paranoyaya və başqalarına qarşı güvən hissini itirib şübhəyə sürükləndiyi bir dünya yaratdığını qeyd etməliyik. Ölüm və son hər tərəfə yayıldı, hökmran oldu. Bu, insanların həyatını dəyişib gələcəyə dair narahatlığını artırarkən eyni zamanda bu vəziyyətə müqavimət göstərmək cəhdlərini də yaratdı. Bu müqavimətin ən çox incəsənətdən başlayacağına ümid edirəm. Onsuz da incəsənət adamı hər cür hərəkətlənməni dərindən hiss edən varlıq olduğundan çəkdiyi sancı və gərginlikdən xilas olma cəhdi də daha dərin olacaq.

Kitabın on ikinci səhifəsindəki bu fikri qeyd etməsəm olmaz:

“Hazırda üç fərqli sosial təbəqədən ibarət dünyaya tərəf addımlayırıq: Söz sahibləri, istehlakçılar və təcrid olunanlar”. Söz sahiblərinin kim olduğunu hamımız bilirik. İstehlakçılar baş verənlərdən xəbərsiz kütlədir. Təcrid olunanlar isə sistemə uyğunlaşa bilməyənlər, üsyan edənlər və əlbəttə, sənət adamlarıdır. Sistemə tabe olmamış, azadlığını qorumağa çalışan, klassik incəsənət dəyərlərinə tam bağlı olan həqiqi sənət adamı təcrid edilməklə bərabər, təhlükəsizlik zəmanəti olmadan yaşadığına görə prekaryanın (XX əsrdə ortaya çıxan yarım ştat, müqaviləsiz işləyən sosial təbəqə) ən böyük komponentlərindən birinə çevrilir. Sənət adamı təbiətindən qaynaqlanan müxalifliyi ilə sistemin ən qəddar tərəflərini iliyinə qədər hiss etdiyinə görə sistemə qarşı qəzəbi də böyük olur. Çox yaxşı bilir ki, sistemin dilindən və funksiyasından istifadə etməməli, əksinə sistemi çaşdıracaq başqa bir dil və ifadə yolları tapmalıdır. Onlar bilirlər ki, qlobal kapitalizm və kapitalizmin qlobal mədəniyyət anlayışı dünyanı işğal etdiyinə görə buna qarşı fərdi, amma nəticə etibarı ilə ictimai mövqe və şüur yaratmalıdırlar, əks təqdirdə yer üzündən silinəcəklər. İncəsənət sənət adamının başını qatacağı hobbi deyil. Əksinə özünü yoracağı, doğru sözü tapmaq üçün divarlara vuracağı var olma formasıdır. Sənət adamı, sistemin kəfarətini ödəyən varlıq olmağı rədd edəcək, yüksək əhval-ruhiyyəli mübarizə ilə gələcəyi inadla inşa etməyə çalışacaq.

Məlumdur ki, əvvəllər də dediyimiz kimi, “başsız elm” olaraq adlandırılan texnologiya insanın mənəvi inkişafından daha sürətlidir. Demək olar ki, texnologiya artıq insanın seçimindən azad şəkildə hərəkət etməklə, onu var edən insanı əsir alır. Texnologiya onsuz da olmayan ağılını itirib. Bu halda incəsənət ilə texnologiya arasındakı münasibət necə olacaq, incəsənətin qarşısındakı ən əsas problemlərdən biri də budur.

“Post-Human” miqyasında belə doğru olan vəziyyətə qarşı klassik insanın müdafiə etməli olduğu incəsənət (çünki robot toxunub hiss edə bilməz, amma insan həyatının əsası təmasdır) klassik dəyərlərə söykənəcək. Bəzən hərəkət, bəzən də dayanmaq lazımdır. İnqilablar həmişə qaçaraq edilmir, bəzən də müqavimət göstərərək həyata keçirilir. Son dövrlər Qərbdə, Modern və ya Aktual adlandırılan incəsənət sanki texnologiyaya təslim olub, onun imkanlarından faydalanmağa çalışır, onunla birlikdə var olmaq istəyir.

Texnologiya danılmaz reallıq olduğu qədər də anlayışdır. Yəni köhnə adı ilə məfhumdur. Filosoflar da bu mərhələdə incəsənətlə birlikdə texnologiyanın bu qlobal inkişafına qarşı müqavimət göstərməyə, onu analiz etməyə çalışır. Dünya çox sürətlə dövr edir, zaman başgicəlləndirici sürətlə axır. Bu yerdə yavaşlığı müdafiə etmək lazımdır. Hər yenilik yaxşı olmayacağına görə bəzən yeniliklərə qarşı mövqeyi qorumaq həqiqi mübarizə, həqiqi dik duruşdur. İncəsənət yenidən əl işinə qayıtmalı, texnologiyadan uzaq durmalıdır. Çünki material və mühit incəsənətin məğzini, mənasını müəyyən edir. Heç kim demək istədiyindən başqa cür başa düşüləcək bir şey deməməli, etməməlidir.

İncəsənət adamı belə.

Tərcümə: Taleh Eminoğlu

# 3829 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #