Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə

Daşaltıdan ölüm xəbəri gələn Vüqar – Yeni hekayə
1 dekabr 2020
# 08:57

Kulis.az “Hekayə günü” gənc yazar Orxan Həsəninin “Qəsəbəmizin payız ahəngi” hekayəsini təqdim edir.

Vüqarın qara xəbəri çinar ağaclarının arasından qəfil çıxıb dalğa-dalğa yayılmışdı qəsəbəmizə. Çinar ağacları uzunsov bir qaraltı olub çiynini sərin noyabr küləyinə söykəmişdi, eləcə arxayın yırğalanırdı. Külək özünü qara müqəvva ağaclara vurub göynəyə-göynəyə adam səsi çıxarırdı.

Sinif yoldaşım Kənanı küçənin ortasında hövlnak görüb iki barmağımın arasında nişan üzüyü kimi ehiyatla saxladığım siqaretdən dərin bir qüllab götürdüm. Kənan Vüqarın əmisi oğludur. O, harasa tələsir. Amma elə bil, ayaqları bir-birinə hörülüb. Bilmir geri qayıtsın, bilmir irəli dursun, bilmir dayansın.

- Nə xəbərdi?

Səsim onun surətini havadaca kəsir. Kənanın bir-birinə hörülən ayaqları yavaşıyır, elə bil, mənim sözümdən ayaqları dincəlir, canına hava çəkir və çevrilib ikicə söz deyə bilir:

- Vüqarı vurublar.

Sarsılıram. Kənan ayaqlarını sürüyə-sürüyə Vüqargilə sarı götürülür. Müharibə başlayan gündən arası kəsilməyən top səsləri onun addımlarına ironik bir ahəng verir.

Top səsləri qəsəbəni ağzına alan gündən adamların narahatlığı çəkilmir. Mən iki barmağımın arasında nişan üzüyü kimi ehtiyatla saxladığım siqareti sümürə-sümürə Kənanın izinə düşürəm. Alaqapıda bir topa adam yığışıb. Adamlar dəniz kimi içindən uğuldayır.

“Deyirlər, yaralıları çıxarırmış. Daşaltında. Birin çıxarıb, ikisin çıxarıb, üçüncüdə vurublar. Ölüsündən-dirisindən xəbər yoxdu. Allah köməyində dursun.” – adamlar bunu deyir və mən içimdə dərin bir “ohh” çəkib özümə əldəqayırma bir ümid düzəldirəm: “Bəlkə də, sağıdır”.

Geri dönürəm. Alaqapıda əkib çəpərlədiyimiz ağ, qırmızı, sarı qızılgüllərə baxa-baxa siqaret yandırıram. Yeri tərpədən top səsləri güllərin şehini əsdirir. Siqaretin tüstüsü alaqaranlığa yuxu kimi yayılır. Qızılgüllər saç olub bir-birinə hörülüb, diblərin alaq götürüb, çəkib tulladığım siqaret kötükləri təkdən-bir görünən maşın faralarının əksində yerini məhlim eləyir. Mən qardaşımı xatırlayıram. Biz qızılgülləri birlikdə əkmişik. Ağ, qırmızı, sarı. O, indi top səslərinin gəldiyi yerdədir. Payızın vurub saraltdığı otların arasında güləşən iki pişik balası məni kövrəldir.

Adamlar axşamı tikan üstündə səhər eləyirlər. Gecənin bir yarısında anamın zənginə oyanıram. Hərbi hospitalda tibb bacısı işləyir. Yaralı əsgərlərin canında ağrı kimi daşıyıb gətirdiyi xoş xəbərlərı səhəri gözləri dola-dola danışır mənə. Bu dəfə sevinci səbrini yenib:

- Yaralıları gətirmişdilər. Onlar gülə-gülə “Şuşadan gəlirik” deyirdilər.

Gecəni yarım-yapalaq yatıram. Dəli bir narahatlıq canımda quduz qan kimi dolaşır. Bir tərəfdən də Şuşa. Bu xəbərin özü elə Şuşa qədər müqəddəsdir. İllərin kiri-pası ovulub ovuclarımızdan tökülmüşdü. Rəsmi xəbər gəlməyincə dişim bağırsağımı gəmirəcəkdi.

Erkən oyanmışdım. Alaqapıya çıxdım. Adamlar təzə paltarlarını geyib dəstə-dəstə Vüqargilə gedirdilər. Əsas yoldan keçən maşınların hamısı onların küçəsinə burulurdu. O adamların arasında atam da vardı. Yaxınlaşıb bir manatlıq dürtür cibimə. “Çörək alarsan. Bir də... Bu gün uşağın nəşin gətirəcəklər. Xəbər dəqiqləşib.”

Atam axına qoşulub gedir. Mən alaqapıda əkib çəpərlədiyimiz ağ, qırmızı, sarı qızıl gülləri görürəm və hiss edirəm ki, qardaşım üçün darıxıram.

Vüqargilin həyətində izdiham var. İçəridəki səs-küydən qulaq tutulur. Ölümü əvvəl səsindən duyuram, sonra səs canıma bir ağırlıq kimi oturub ruhumun dərinliklərində dolaşmağa başlayır. Zehnimdə fişəng olub uçuşan xatirələr əl-qolumu qamarlayıb. Kənan qəsəbə cavanlarının arasında lal-dinməz siqaret çəkir. Adamların topa-topa yığışıb söhbətləşməyi, qohumların, qonşuların vay-şivənlə darvazadan içəri girib ölümün qara bir pərdə olub tutduğu gerçəkliyi dağıtmaq istəyi, kiminsə əhvalı pisləşər şübhəsindən hazır dayanan rəngli ambulans, adam çoxluğunun arasında yerə sərələnib özünü günə verən küçə iti, illərdir görüşməyən köhnə tanışların dilxor əl verib görüşməyi, köhnə günləri soraqlamağı, hal-əhval tutmağı, keçmiş döyüşçülərin müharibədən danışmağı, qolları ilə yol ölçməyi və məni hava kimi içinə alan hadisələri vergül olub bir-birindən ayıran, hərəsinə bir köşə verən top səsləri – bunları sehrli bir yuxu kimi anışdırıram. O yerəcən ki, atası Kənanı çağır. Kənan siqareti atıb tapdalayır. Ağır-ağır aralanır. Əzilib torpağa qarışan siqaret kötüyündə ölümün bihuşedici cazibəsini görürəm.

Deyirlər, adamlara stul gətirmək lazımdır. İçəridə tünlükdür. Bayaqdan tində çömbəlib oturan cavanlar ahənglə qalxır. Biz əvvəl Kənangilə gedirik. Deyəsən, burdakılar bəs etməyəcək. Yox, masaya ehtiyac yoxdur. “Yaxşısı Aydın əmigilə gedək” – mən hardansa Aydın əmigildə uzun sıraların olduğunu xatırlayıram. Qısa yolu lal-dinməz başa çəkirik. Cavanlardan biri əlini sinəsində gəzdirib deyir:

- Yaman dilxorçuluqdur.

Top səsləri güclənir.

Sıraları çiynimizə alıb Vüqarıgilə götürülürük. Çoxdandır yağış yağmır. Toz tutan küçələr xəfif mehlə dalğalanır. Hasarlardan boylanıb küçəyə baxan narlar keçənlərə payızı xatırladır.

Balına ağzı kimi açılan darvazadan içəri keçirik. Burda ancaq qadınlar var. Bəziləri həyəcandan dırnaqlarını gəmirir, bəziləri şəhid anasının qollarını ovxalayır. Şəhid anasının alnına bağladığı şalın üstünə ayaqlarını qayçı kimi gərib genişləndirən qəhvəyi ceyran naxışları həkk olunub. Mən bu ceyran naxışlarına baxdıqca taledən qaçmağın mümkünsüzlüyü haqqında düşünürəm.

Sıra çiynimdə bu qüssəli mənzərədən duruxuram. Bircə anlıq ta dünəndən zehnimin müstəvisinə yuxa kimi yayılan hadisələr silinir və qulağımda cəmi bircə səs oxunmağa başlayır: “Vüqarı vurublar.”

Sıraları ehtiyatla divara söykəyib bayıra çıxıram. Qəsəbə cavanları çömbəlib söhbətləşir:

- Daşaltı neçə igidin son mənzili oldu. Doxsanıncı illərdə də çox adam öldü orda. Dəhşətdir. Videoları da var. Baxmış olarsız. Deyirlər, gedirik düşməni məhv eləməyə, qabağımızda heç kim dura bilməz.

- Şuşada küçə döyüşləri gedir. Bəlkə də Şuşanı alıblar, amma demirlər.

- Mən nəşi görməyincə inanmaram ki, Vüqar şəhid olsun. Nə bilim, nəsə inanmağım gəlmir.

- Görəsən, bizimkilər Şuşaya Qubadlıdan girib, yoxsa Hadrut istiqamətindən?

- Dünən Elqayıtla danışdım. Deyirdi, qalxırıq yuxarı. Bəlkə, Şuşanı deyirmiş elə!

- Niyə təslim olmurlar? Onsuz da, məğlub olublar. Yəqin, istəyirlər bircə nəfər də cavan qalmasın...

Dil boğaza qoymayan izdihamın bircə mövzusu var. İnsanlar bu söhbətlərlə sanki şəhid dəfninə gəldiklərini sübut etməyə çalışırlar.

Mıx kimi yerimə bərkiyib dururam. Köhnə tanışlardan biri mənə Vüqarın fotolarını göstərir:

“Bax, bunu Hadrutu alanda çəkdirib. Bura Füzulidir. Bu hansı silahdı görəsən, tanış gəlmir? Müəllim, bax gör bu nə amantdır belə. Deyəsən, yevrey malıdır”.

Fotolara baxdıqca təsəvvürümün pası açılır. Ölüm və həyat arasındakı məsafənin nazilib qırmızı bir xətt olduğu anlarda təəccüb qum kimi ovuclardan axıb tökülür. Ölümü adi və sadə bir qanunauyğunluq kimi görməyə başlayırsan. Yəni, necə varsa elə. İnsanın hər səhər o başdan oyanıb işə getməsi kimi adi. Həyat və ölüm arasındakı yapışqan təmas hislərimi maqnit kimi özünə çəkir. Kameranın işığından həkk olunub sabaha ötürülən fotolar baxışlarımın arxasında gerçək bir aləm yaradır. Bu fotolarda gülümsəyən adam, görəsən, haradadır? Ölüm onu harada və necə yaxaladı? Bədənində neçə güllə yarası var? Ölümündən əvvəl yanında kim vardı, o anda, yəni son məqamda kimi xatırladı? Həyatının ən gözəl günü hansı idi? Müharibə olmasaydı, harda olardı?

Adam çoxluğunun arasında iki uşaq görünür. Taxtadan avtomatları bir-birinə tuşlayıblar. Mərmilər ağızlarından tüpürcək kimi çıxır. “Dış. Dış. Dış. Sən vuruldun. Yox! Mən vurdum səni. Yıxılmalısan. Öldün”.

Uşaqların dörd-beş yaşı olar. Əyinlərində hərbi forma. Mavi, rezin çəkələklərin üstündə yaşıl-yaşıl gülümsəyən kamuflyaj, hərbi kepka döyüşə inam yaradır. Onlar uzanıb hədəfi tuşlayırlar. “Avtomatın” üstünə ehtiyatla mismarlanan şlanq yumrusu düşmən əsgərini göstərir. Gözlərini qıyıb dərindən nəfəs alırlar, sonra balaca barmaqları astaca mismardan tətiyə toxunur. Bu dəhşətli oyun mənə vahimə verir.

Onlar Vüqarın övladlarıdır. Hər şeydən xəbərsizdirlər. İllər onların əlindən tutacaq, yaşdan-yaşa ötürəcək, dərddən-dərdə, sevincdən-sevincə qonaq eləyəcək, gülümsəyəcəklər, ağlayacaqlar, yıxılacaqlar, duracaqlar, həyatın hər üzünü görüb lap yekə oğlan olacaqlar. Elə bir zaman gələcək ki, məsələn, avtobusda əlləri dirəkdə sıxılan yerdə, ya bir xoş gündə doğma əhatəsində onu xatırlayacaqlar. Yaddaşın bağçasında qəfil görünüb qəfil çəkilən bir üz qalacaq arxada. O üz gülümsəyəcək. Hələ itiləşməmiş təsəvvürdən, uşaq yaddaşından qalan bir gülümsəmə onların canına toxum kimi düşəcək, onlar böyüdükcə bu gülüş də böyüyəcək, onlar gəzdikcə bu gülüş də gəzəcək, bəlkə, dünyadan ən məhrəm yerdə qorunub qalan bir gülüşlə təkbətək yaşayacaqlar və o gülüşə görə həyata minnətdar olacaqlar.

Vüqarın nəşini həmin gün gətirmədilər. Adamlar siqaretlərini sümürə-sümürə dağılışdı. Bircə Vüqarın anasının səsini eşidə bildim:

- Özün gülə-gülə getdin, bəs nəşin niyə belə ağır gəlir?

Aradan bir neçə gün keçdi. Havalar qəfil sındı, səhəri oyanıb gördük ki, yağış yağıb, toz basmış küçələr gölməçələnib. Mən alaqapıya çıxıb qızılgüllərə baxdım. Yağış güllərin tozlu yarpaqlarını yuyub təmizləmişdi. Həyat davam edirdi.

Mən yenə Kənanı küçədə hövlnak görürəm. O, yenə harasa tələsir. Amma elə bil, ayaqları bir-birinə hörülüb. Bilmir geri qayıtsın, bilmir irəli dursun, bilmir dayansın.

- Nə xəbərdi?

Səsim onun surətini havadaca kəsir. Kənanın bir-birinə hörülən ayaqları yavaşıyır, elə bil, mənim sözümdən ayaqları dincəlir, canına hava çəkir və çevrilib bircə bunu deyə bilir:

- Vüqar sağdı. Səhər zəng eləyib. Qara xəbəri gələn Vüqar başqası imiş....

Bir qədər hərəkət eləyib yenidən çevrilir.

- Vüqar sağdı. Vallah sağdı. Özüm eşitdim səsini. Qara xəbəri gələn başqa Vüqar imiş.

Adamlar küçələrin canında suluq bağlamış gölməçələrdən ehiyatla keçib Vüqargilə sarı burulurlar. Hər şey bir neçə gün öncə baş verənlərin eynisi idi. Hətta qəsəbə adamlarının bəziləri keçən dəfə yarımçıq qalan söhbətlərini fürsət bilib davam etdirirdilər. Eyni adamlar, eyni məkan, eyni şok effekti. Ancaq bu dəfə ölümün deyil, həyatın şoku idi insanları çaşdıran. Bircə uşaqlar fərqliydi. Onların əynində kostyum vardı, əllərində bir topa qızılgül. Gülümsəyirdilər və heç bilmirdilər nəyə gülümsəyirlər.

# 4709 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #