Çirkin heykələ dönən qadın – Güneyli yazardan hekayə

Çirkin heykələ dönən qadın – Güneyli yazardan hekayə
8 iyun 2020
# 12:04

Kulis.az “Sözün Güneyi” layihəsindən xoylu yazıçı Ruqiyyə Kəbirinin “Mavayıl” hekayəsini təqdim edir.

Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlib. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil alıb. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Müəllifin bədii yazıları şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalınmayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları nəşr olunub. Əsərlərini türkcə və farsca yazır.

Şənbə

Həftənin ilk günüdür. Yeddi gündür qapını özümə qapatmışam. Bəlkə də beləsi hamımıza yaxşıdır. Onların dövrəsinə dolanmıram. Qoy məni görmədən, məndən uzaq, barı bir az təmiz nəfəs çəksinlər.

Pəncərədən baxıram. İkinci qatdakı döşsüz qonşumuz əlində iki bərbəri, apartmana sarı gəlir. Oğlum kitab qoltuğunda baxışımın dairəsindən uzaqlaşır. Üçüncü qatın pəncərəsindən baxanda onun boyu olduğundan da bir az qısa görünür. Ərim maşını işlədir. Motorun əks sədası pəncərənin ləkəli, tozlu şüşəsinə toxunub, geri qayıdır. Maşın yollandıqca qulaqlarım dincəlir.

Şüşənin ləkələri elə bil əllərimə baxır. İl bayramına az qalır. Mənsə kefsiz, damaqsızam, sanki at basıb, daşqası üstümdən ötüb. İş görmək həvəsi məndə ölüb; yaşamaq kimi, gülmək kimi...

Ərim, oğlum, qızım, üçü də birgə güləndə, elə bildim tənəbinin divarları üstümə gəldi; qaçıb otağa girməsəydim, divarların arasında əzilərdim.

İyirmi gündən sonra evə dönmüşdüm. Oğlum gülə-gülə dedi: “hər nəyin həmrahın görmüşdük, mavaldan sonra”. Ərim öskürdü. O isə özünə almadan pıqqıldayıb bir də dedi “doğrudan gör nə yaxınlıqları var! Mobile; maval!..”

Mən də üzünə güldüm. Gülüşümdə bilmədim nə idi partladı. Ağzım zoqqutu dadı verdi. Gözlərimdən elə bil bulaq şırladı.

Ərim gözünü ağartdı. Qızım, oğlumun qolunu çimdikləyib “cəhənnəm ol” dedi. Oğlum dürtmə ilə qızımın böyründən vurub “nə deyirəm ki? Zarafat eləyirəm daaaa... Hələ şəkil çəkib, Facebooka da qoyacam...”

Böyrümdəki kisədən səs çıxdı. Üçü də birdən gülüşdülər. Özümün xəbərim olmadan yel buraxmışdım. Qaçıb yataq otağına girdim. Qapını qıfılladım.

Pəncərəni açıram. Bayram ayının ağ yeli pəncərənin tül örtüyünü havada oynadır. Yatağımın ağ mələfələrində gəzişir. Bilirəm! Yel, nə qədər çağlayıb, çırpınsa da, evdə boran cəmdək qoxusunu otaqdan aparası deyil.

Öz içimdə, özlüyümdə darıxıram. Darıxdıqda barmaqlarım yazmağa can atır. Bir aydan artıqdır bir kəlmə olsun belə yazmamışam. Sanki düşüncəmin qapısı hörülüb. Tozlu şüşənin üzərində yazı yazmağa həvəslənirəm. Barmağım şüşənin üstündə oynayır. Şüşənin tozunda yazının izi qalır: “Mavayıl”

Bazar

Xəstəxanaya getdiyim həftənin ikinci günüydü. Gedəndə sevinirdim ki, qansızlıqdan, xuşkiyyətdən, əzabdan qurtaracağam. Deyirdim bəs süd gölünə düşəcəyəm. Düşdüm də... Özü də... üstə.... üstə dayana bilmədim, sağ böyrüm üstə düşdüm.

Cərrah həkim dedi: “Simitdən duvar olsaydı, burğu (baca dəlmək üçün alət – red) ilə bir iş görmək olardı, amma sənin bağırsağının yolu elə dolub, tıxanmışdı ki, dolayı yol açdıq!”

İndi isə dolayı yol böyrümdən baş açıb. Cəmdək qoxusu hər yanımı bürüyüb. Paltarlarımı, üst-başımı, canımı, saçlarımdan belə cəmdək qoxusu gəlir. Gündə neçə dəfə pəncərəni açıram. Ətir-odkolon da qanıq vermir. Gecələr yata bilmirəm. Sağ böyrüm üstə düşsəm deyirəm bəs böyrümdən qopub calanacaq. Qorxumdan yatağıma plastik salmışam. Xəstəxanadan dönən gün, plastikin xışıltısından nə özüm yata bildim, nə ərim. Bilmədim xışıltıdan idi, yoxsa pis qoxudan, ərim gecə yarısı səssiz-səmirsiz yorğan yastığın götürüb tənəbiyə getdi. O gedən qardaşdı ki, gedib.

Dedim “otağıma gəlmə!” Ancaq iki ayağın bir başmağa dürtdü ki dürtdü. “Qol-boyun olacağıq bu gecə” dedi. Necə də qol-boyun olduq!.. Həmişəki kimi dinməz-söyləməz soyuqdan buza dönmüş ayaqlarımı qızdırdı. Qızışma ayaqlarımdan bütün canıma yayıldı. Əli oyluğumda (ayağın dizdən yuxarı hissəsi. bud. – red) dolaşanda, canım gizildədi. Necə də ürəyimi isitmişdi. Ocaq kimi isti əlləri!.. Bağrına basıb, üzümdən öpəndə, şər dağarcığı - bu şişmiş kisə ikimizin aramızda qaldı. Diskinib birdən geri çəkildi. Ağzın açdı bir söz desin; dinmədi. Ona, vəhşicəsinə sarılmağım gəldi. Ona dal çevirdim. Hirsimdən dodaqlarımı gəmirdim.

Yenə plastikin xışıltısı beynimə düşdü. Belim, kürəklərim qızışdı. Əli yavaşca gecəliyimin yaxasından sinəmin altındakı kisəyə dəyəndə, əlini qeyz ilə elə çəkdi ki, yaxama toxundu. Sanki iyrənc bir canavara toxunmuşdu.

Yenə gözlərimdən bulaq coşdu. Bir daha plastikin xışıltısı gəldikdə, yastıq-yorğan əlində, cin kimi otaqdan eşiyə çıxdı. İkinci qatdakı döşsüz qonşumuz yadıma düşdü. Əllərimi sinəmdə daraqladım. Gözümün yaşı divardakı kublen tabloya baxa-baxa qurudu. Pəncərədən sızan işığın altında, mənə elə gəlir ki, qızıltayaqların (Bir növ böyük su quşu. Flaminqo quşu – red) ayaqları suyun içində deyil, löhmə bataqlıqdadı sanki. Bu tablonu, illər öncə ilmə-ilmə öz əlimlə arğamışdım (toxumaq, tikmək – red).

Bazar ertəsi

Səhər yeməyi otağın bir bucağında məcməyidədir; ancaq mən ona əl də vurmamışam. Yeməkdən qorxuram. Boğazımdan hopdurdumamış böyrümdən çıxır.

Evə döndüyüm gün qızım dəstərxanı gətirib, otağımda açdı. “Sən gəlməsən biz gələrik” dedi. İki qaşıq yeməmiş böyrümdən kisənin içinə düşüb, paqqıldadı.

Oğlum, özünü saxlaya bilməyib, pıqqıldadı. Ağzındakını udmamış - “vallah, lap elə vaxtıdı, indi şəkil çəkib Facebookda yerləşdirsəm birinci çıxar!”

Başını aşağı tikən ərimin ağzı tərpənirdi. Qaşığı-xərkən maşınlarına torpaq yükləyən mikaniki qazma idi sanki, ağzına dolu aparıb, boş qaytarırdı. Qızım-dəstərxan başından, durub əli ağzında bayıra qaçdı.

Yerimdən qalxıram. Sükut evi bürüyüb. Hər kəs öz dəvəsin gəzər demişlər; hamı öz işinə məşğuldur. Pəncərədən bayıra baxıram. Döşsüz qonşumuz bir qucaq göy-göyərti, tərəvəzi gətirir. Qucağı, dikrrikdir (tərəvəzlərin əkildiyi yer – red) sanki.

Apartmanın qarşısındakı parkda bayram yeli qarları əridib. Pəncərədən baxanda saralmış çimən ağ-yaşıl rəngə çalır. Bu gün-sabah ağacların cücərdiyini görəcəyəm. Birdən-birə böyrümdən göyərən bağırsaq kimi. Döşsüz qonşumuzun tam tərsinə. Mənim böyrümdən göyərən bağırsaq, onun kəsik döşlərinin yara izləri heç də ağlımdan çıxmır.

Asfalt üzərində ərimiş qar izi, pinti qadınların şora qoymuş mantosunu yadıma salır.

Evdə kimsə olmayanda sərgərdan ruh kimi hər yeri gəzirəm. Ərimin yorğan-yastığı tənəbidə divar dibində bükülü qalıb. Oğlumun tumanı mebelin üstündədir.

Qapıdan əyilib uşaqların otağına baxıram. Otağın ortasına dağılan kitablar, qırılmış qoşundur sanki otaqda yerdə qalıb.

Oğlumun tumanın mebelin üstündən götürüb, uşaqların otağına sarı gedirəm. Yarıyoldan qayıdıram. Gərək onların pal-paltarlarına əl vurmayım. Yoxsa onlar çimçişərlər.

Aşpazxanamda hər şeyin yeri dəyişik düşüb. Qablamalar, qaşıq-çəngəllərin başları aşağı, sanki məndən küsmüşlər. Ocağın qırağındakı yağqabı tikan koludur sanki, gözümə batır.

Samovarı yoxlayıram. Hələ canı istidir. Məcməyidə çay ləkələri var. İstəkanların dibində çay çöküntüsü quruyub qalıb. Dözə bilmirəm, burası mənim aşpazxanam. Hər şey yerli-yerində olmalı. Bunu qızıma deməliyəm. Hələ ölməmişəm ki!.. Niyə qab-qacağın yeri dəyişik düşüb!!!

Çərşənbə axşamı

Nə arxama baxa bilirəm, nə önümü aydın görürəm. Arada qalmışam. Deyirlər “yetimə vay-vay deyən çox olar, çörək verən az”. Xəstəxanadan gəldiyim gün, telefonumuz susmurdu, zəng-zəng üstə gəlirdi; ərimin - təzə siqareti, sönən siqaretin kötüyü ilə alışdırdığı kimi!

Bu gün nə qədər pəncərə qabağında durdum, döşsüz qonşudan xəbər olmadı ki olmadı. Telefonum da susub. İki gündür ki, ərim də iş yerindən zəng açıb əhvalımı soruşmur. Atılmış, unudulmuşlar kimiyəm.

Güzgü qabağındayam. Arxada kitabxanamda sırayla düzülən kitablar var. Gedib kitabların birini açıram. “Onlar ölməklə məşğuldurlar” kitabın cildində yazılıb. “An Sekstonun” ölümlə ilgili şeir kitabıdı. Darıxıram. Kitabı oxumamış yerinə qaytarıram. Nə etdiyimi bilmirəm. İtiyim itib sanki!..

Yenə güzgü qabağında dururam. Saçlarım kilkələnib, pır-pırtlaşıqdır. Gözlərim çuxura batıb. Dodaqlarım bozarıb. Güzgünün qabağında sırayla düzülmüş dodaq boyasının qapağını birbəbir açıb baxıram. Göz sürmə, bəzək kifimin yarıaçıq zipi eşikdə qalıb. Əlimi üzümə çəkirəm. Cızlıq kimidir. Kremi ovcuma sıxıb, üzümə yaxıram, bir az sığallayıram. Əlimi yumşanmış yanağıma çəkirəm. Çəhrayı dodaq boyası dodaqlarımda gəzişir. Daraq, saçlarımın kilkəsini açır. Güzgüdə qadına oxşayıram, bir az da sürmələnim deyə, qara sürməni gözümə çəkərkən bağırsağım qəfildən kisənin içinə boşalır. Bir anlıq olsa da belə bu sovxa kisəni unutmuşdum. Sürməni güzgüyə çırpıram. Sürmə güzgüdə, iynə boyda qara iz buraxır. Dodaqlarımdakı boyanı əlimlə silirəm. Dodaq boyası sir-sifətimə, çənəmə yayılır. Saçlarımı əlimlə pırtlaşdırıram. Güzgüdən, sirk təlxəyinə bənzəyən bir qadın mənə baxır...

Çərşənbə

Odlu-odunlu günlərim ötüb. Ocaqda qalan közlərdən bir qor belə çırtlamır. Qolum sustalıb. Yatağımdan qalxmağa həvəsim yoxdur. Hər ay başı olduğum kimi, canım qızdırmalı, döşlərim daş kimidir.

Toxumluqlarımın aktiv zamanıdır. Bu qızdırma; cinsi hormonlarımın yüksəlməsindəndir yəqin, bilirəm. Döşsüz qonşumuzun düşüncəsi məni rahat buraxmır. Onun hormonlarının yüksəlmə zamanında döşlərində qalan yara izlərini düşünürəm. Görəsən o, aybaşı olarkən nə hala düşür? Döşləri gizildəyirmi?! dərisimi büzüşür?! Bəlkə də yaralarının yeri göynəyir!..

Altımdakı plastikin xışıltısı yalqızlığımı üzümə çəkir sanki. Gözüm, tavanın gəc işləmələrində qalıb. Divarın çəhrayı boyasında, gəlinlərin dümağ çələnginə oxşayır bu qabartmalar.

Tənəbidən gələn televiziya səsi, arı vızıltısıdır sanki, qulağımda səslənir. Bəlkə də ərim, macəralı və çox həyəcanlı bir film izləyir. Aramızda bir qapılıq məsafə var. Böyrümdəki kolostomi kisə sayəsində qapı, sanki Habil divarıdır, mən də bir Fələstinli qadınam.

Əgər plastikin xışıltısı bir də böyrümdəki kisə olmasaydı, divarın arxasında tək başıma qızdırma içində yanmazdım.

Qapının kilidini bururam. Üst-üstə geydiyim paltarları soyunuram. Çıl-çılpaq güzgülənirəm. Keşkə döşsüz qadın heç bir zaman güzgü qabağında öz çılpaq gövdəsinə baxmasın, deyirəm. Böyrümdəki kisə, hələlik bomboşdur. Yavaşca yorğanımın altına süzülürəm. Yorğanın sərinliyi canımın qızdırmasını alır. Gözlərimi yumuram.

Cümə axşamı

Qolumu yorğanın altından çıxarıram. Üşüyürəm. Yorğanı qavzayanda, soyuq canıma işləyir. Hələ indi yadıma düşür, gecə çıl-çılpaq yorğanın altına süyrüşmüşdüm. Bir şey böyrümdə ağırlıq edir sanki. Kisəm yadıma düşür. Durub dəyişməliyəm. Güzgünün qabağından keçəndə qarnımın cizgilərinə sarı sallanan kolostomi kisəyə baxıram. Nədənsə nənəm yadıma düşür. Hardasa bir pinti uşaq görsəydi “pox motalıdır” (pendir və yağ saxlamaq üçün dəridən hazırlanan tuluq – red) deyərdi. Doğrudan da elə böyrümdəki kisə ilə pox motalına dönmüşəm. Bir an güzgü qabağında, çirkin gövdəli heykəl kimi quruyub qalıram. Vaaaay! Kisənin içindəkilər nədi?.. Bunlar hardan çıxdı?.. Yoxsa qarnım qurdlanıb?.. Gör nə kisənin içində qımıldayırlar!..

Əllərim əsir. Nə eyləyim? Kimə deyim?.. Ərimə zəng açım? Onda heç evə dolanmaz! Yoxsa qızıma?.. Yooo... Elə olursa, telefon dalısında keçinər. Bəlkə oğlum!.. O - harada olsa özünü yetirər Facebook səhifəsinə sürpriz bir şəkil üçün!.. Qaçım cərrah həkimin yanına...

Qorxuram kisəyə baxım. Ürəyim bulanır. Axı birdən birə mənə nə oldu? Bu narıncılar nədi? Şama sup içmişdim. Olmaya yer kökü!.. Yoxsa qurda bənzəyənlər də supun əriştəsi... Aaaax! Qurd olsaydı ölərdim haaa. Bircə elə qurd qoymağım qalmışdı. Nə yaxşı evdə heç kim yoxdur. Yoxsa bu halı görən oğlum-qızım ömür boyu bir qaşıq da belə sup içməzdilər.

Özümdən çimçişirəm, suya cumuram. Bu gün çiləyəndən tökülən su, fərqlidir deyəsən. Hər gün duş aldığım sudan dəyişikdir. Su elə mehriban-mehriban axır, elə bil nazlana-nazlana bədənimdə oynayır. Damcıları muncuq-muncuq bədənimdən ətrafa sıçrayır. Sramikin üstündə su yoluna axır.

Canımı lifləyirəm. Sabunlu əlim bədənimdə süyrüşür. Barmağımı bağırsağımın başına vururam. Oooooof... Acışır. Sabunlı əlimi bağırsağımdan yuxarı çəkirəm. Döşsüz qonşumuz ağlımdan çıxmır....

Qətəfəni canıma bürüyürəm. Günəşin işığı otağımın ortasına, yatağımın üstünə düşüb. Tül örtüyün dalısından baxıram. Döşsüz qonşu qucağındakı dibçəkdə, ağ-appaq tün çiçəyi (gecələr ətir saçan gül – red) apartmana sarı gəlir....

Cümə günü

Həftənin son günüdür. Hər yer bağlı, hər şey tətil. Keşkə həyatın da tətili olardı. Altı gün yaşayıb, yeddinci gün ölüb, sonradan dirilərdik. Altı gündür ölü kimiyəm. Bu cəmdək qoxulu, kisəli həyatımda, yalnız yazılarımla yaşamışam.

Yerimdən qalxıram. Güzgüdə özümə baxıram. Qapını yavaşca açıram. Ərim tənəbidə yetim uşaqlar kimi balıncını qucaqlayıb, xoruldayır. Uşaqların otağından içəri girmirəm. Qapıdan baxıram. Yuxuda elə məsum görünürlər ki, onları öpməyim gəlir. Hamama girmək istəyirəm. Yerində kisəm laqqalaq laqqıldayır. Oğlum düz deyir, bəlkə də kisəmdən çəkdiyi şəkli Facebooka qoysa, birinci çıxdı...

Hamamdan çıxmışam. Pəncərədən apartmanın önündəki parka baxıram. Gecə yağan yağışdan asfalt da dinc, toxtaq görünür. Saçlarımın suyu çiyinlərimə damcılayır. Döşsüz qadın, əlində iki bərbəri apartmana sarı gəlir. Pəncərəni açıram. Tozlu şüşədə barmağımla yazdığım “mavayıl” kəlməsi hələ də durur. Əlimi şüşəyə çəkirəm.

Döşsüz qadın gözümdən itənə qədər onu izləyirəm. Bu gecədən otağım tün çiçəyinin ətri ilə dolacaq deyə düşünürəm....

İsfənd - 1390

# 6692 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #