Böhtan atdılar bədənimin hər üzvünə – Günel Mövludun şeirləri

Böhtan atdılar bədənimin hər üzvünə – Günel Mövludun şeirləri
31 may 2021
# 12:01

Kulis.az Günel Mövludun sonuncu şeirlərini təqdim edir.

Dostuma məktub

Səndən sonra atam öldü xərçəngdən
Qardaşlarım həbs edildi, ikisi...
Səndən sonra uşaq doğdum qürbətdə
Heç üzümü güldürmədi birisi.

Səndən sonra Mövlud öldü, dinmədim.
Səndən sonra dindirmirdi heç məni.
Səndən sonra didərginəm vətəndən,
Hələ neçə ölkə qalıb köçməli?

Səndən sonra ingiliscə öyrəndim
Bir azca da kökəlmişəm - on kilo.
"Xalq düşməni" deyir mənə qohumlar
Anam deyib: "Mənim qızım deyil O!"

Roman yazdım, bu yaxında çıxacaq.
Gözlərimin kənarları qırışıb,
Son zamanlar heç düzələ bilmirəm,
Başağrısı diş dərdinə qarışıb...

Hey gülürəm Sən yadıma düşəndə
Ürəkgetmən, gecə itdən qorxmağın...
Bilirəm ki, darıxmırsan mənimçün.
Kim neyləsin mənim kimi axmağı?

Şəkillərdən görürəm ki, yaxşısan.
Yerindədir sağlamlığın, səhhətin?
Solmayıb ki, gözlərinin yaşılı?
Sınmayıb ki, hələ qəddin, qamətin?

Qurban olum, sən özünə yaxşı bax.
Ağartmasın saçlarını acılar.
Gözəl dostum, Sən qocalma, qorxuram!
Səndə mənim cavanlığım qocalır!

Mənə dedilər ki, sən qadınsan...

Mənə dedilər ki, sən qadınsan!
Cinsimi ittiham kimi vurdular üzümə
Beynin balacadı
Ağlın azdı
Qolların zəif...
Gözlərindən yaş,
Döşlərindən süd,
Vaginandan qan gəlir, dedilər
Bədənimin hər üzvü ilə alçaltdılar məni

Mənə dedilər ki, sən qadınsan!
Cinsimi yük kimi qoydular boynuma
Bədənimdə tük, saçımda dolaşıq olmamalıydı
Onların tərindən göz yaşararkən
Mən çiçək qoxumalıydım yay-qış
Eyni anda yemək bişirməli və yemək iylənməməli
Eyni anda bakirə olmalı və yataqda hər şeyi bacarmalı
Qısqanc olmalı amma xəyanəti də bağışlamalı
Onlar istəyəndə mətbəx
Onlar istəyəndə bahalı salonların qadını olmalıydım

Qadınam deyə daha mərhəmətli olmalıydım
Onların açdığı savaşda mən yaralar sarımalı
Onların öldürdüyü əsgərlərin yerini doğub doldurmalı
Onların başlatdığı savaşda mən zorlanmalıydım
Az danışmalı, yavaş gülməli
Arxada yeriməli, danışanda kişilərin üzünə baxmamalıydım
Heç nədən utanmağı vərdiş etməliydim özümə
Qadın olmaq bəs idi utanmaq üçün...

Mənə dedilər ki, sən qadınsan!
Cinsimi günah kimi vurdular üzümə
Saçlarından cadu edirsən, dedilər
Aybaşı qanınla cadu edirsən, dedilər,
Dırnaqlarınla cadu edirsən, dedilər
Böhtan atdılar bədənimin hər üzvünə
Qadına sirr verilməz, dedilər
Qadından dost olmaz dedilər.
Cadugərsən, xəyanətkarsan, yalançısan, dedilər...

Mənə neçə dəfə dedilər ki, sən qadınsan!
Zəifsən, gücsüzsən, kövrəksən dedilər
Amma “zəif” dedikləri çiyinlərimə
Susaraq çəkim deyə
Atlantın yükünü yüklədilər...

Bu ilin son şeiri

Putin neçə ildi
Nüvə silahı atacağı ilə hədələyir
Beynəlxalq ictimaiyyəti
Vladimir Vladimiroviçin bu faəliyyəti
Depressiyaya soxur məni
Qorxum nüvədən, qorxum böyük, depressiyam geopolitik!

İl uzunu Sibir meşələri yandı
Amazon yandı, Yunan yandı,
Day nə oldu ee, dədəmiz yandı axı
Ordan da Həmidə dirənib ki
Gedib söndürəcəm Amazonu
O fandureyzinq edir
Mən qorxudan depressiyaya girirəm yenə
Neynim, qorxum yenə böyük
Qorxum iqlim qorxusu, depressiyam klimatik!

G.t boyda bir Yer kürəmiz var
Başımıza dar edib qalaktik hoqqalar
Gündə bir xəbər gəlir xarabadan
Gah asteroid düşəcək
Gah nə bilim Günəş sistemi də milyard illər sonra partlayacaq
Düzdü, milyard il yaşamayacam amma
O qədər sonra da olsa, bəşəriyyətin partlayacağı
depressiayya soxur məni
Ay millət,
Niyə partlayır eee bəşəriyyət...
Qısası, qorxum milyard illərin qorxusu
Qorxum futuristik
Depressiyam kosmik!

Ordan da Hararideyir ki
Süni intellekt anamızı ağladacaq bizim
Beyni çönəcək, qıracaq hamını
Dəhşətə gətirir məni bu informasiya
Bu yerdə bütün ümidlər İlon Maska
Amma o da sevgilisindən ayrılıb iki zadın arasında
Canlı yayında nəşə çəkib əclaf
Səhmləri ucuzlaşıb deyirlər Tesla-nın
Hamısı depressiyanın zibilləridir
Eşq əzabı çəkir Mask
Günümüzə bax ay Allah
İlon Maskın depressiyası romantik
Mənim depressiyam texnolojik!

Nənəm soruşur ki, nə olub, ay bala
Heç açılmır qaş-qabağın
Deyirəm, atom bombası atacaq Putin
Dağıdacaq dünyanın tifağın!
Nənəm vecinə də almadan
Çevirir kiminsə zikr-salavatın
"Nə gündəyəm, ay Allah, nənəm belə ciddiyə almır Putini"
Düşünüb, rahat-rahat doğramağa başlayıram “Paytaxt” salatın...

# 10936 dəfə oxunub

Oxşar xəbərlər

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

11:30 22 avqust 2026
"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

"Bu dünyada qorxulu heç kəs yoxdur: Səndən savayı..." - Çuvaş şairdən şeirlər

16:30 21 avqust 2026
"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

"Hər adamın sığınmağa bir qalası olsun gərək..." - Rəşad Məcidin şeirləri

10:30 21 avqust 2026
"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

"Hər şeyi gözəl edən köksündəki ürəkdir..." - Yeni şeirlər

17:10 20 avqust 2026
"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

"Di gəl ki, ürəyimdə ölümün də yeri var..." - Salvatore Kvazimodonun şeirləri

14:10 20 avqust 2026
"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

"Gözəlləri öz taxtından salardım..." - Azərbaycanın ilk qadın Xalq şairindən sevgi şeirləri

15:00 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər