Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi

Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
11 avqust 2020
# 09:01

Kulis.az "Hekayə günü"ndə Sərdar Aminin yeni - "Atamın əlləri" adlı hekayəsini təqdim edir.

Baş daşından boylanan gözəl qadınlara...

Günəş gur ağacların arasından həyətmizə günorta yol tapardı ki, onda da Reyhan xala şəfəqə qoşulub çəpərimizin kənarında görünər, uşaq çarığı kimi bərkimiş palıd yarpaqlarının arxasından bağımızı pusardı. Üzünü görməzdim; ona baxmaq istəyəndə gün gözümü qamaşdırar, şəfəqlərin narıncı çərçivəyə saldığı kölgəsinin çəpərimizin kənarında günahkar-günahkar tərpəndiyini sezərdim. Reyhan xala həyətimizi elə güdərdi ki, ona diqqətlə baxan olsaydı, qadın anında yoxa çıxar, şəfəqləri bizə qısqanan qatanqaz palıd yarpaqları xışıldayardı.

O, çəpərimizin kənarına Niftullah dayının atamla bağımızda şərab içdiyi günlərdə gələrdi.

Hər dəfə Reyhan xalanın güddüyü tərəfə qanrılanda qış uzunu şəhərdə dərs deyib yayda doğma kəndində dincəlməyə gələn atamın təmiz qırxılmış üzünü, çal saçlarını və müəllimliyi ucbatından bədəninin bir hissəsinə çevrilmiş ağ köynəyini görərdim.

Əvvəllər elə bilərdim, atamı güdür. Anam bir gün qulağıma pıçıldadı:

- Elə deyil. Reyhan xala atanın uşaqlıq dostu Niftullah dayının arvadıdı, əri içib evdə dava salır. Yazıq... Niftullah içməsin deyə, əsir-yesir olub küçələrdə.

Niftullahın bir söhbətinə qulaq kəsilsən, cavanlığı gözünün önündə sərgilənərdi. Adamın bir əlinə sığmayan biləklərindən kiminsə xatirə bölüşməsinə ehtiyac yox idi; biləklər özləri danışırdı.

Reyhan xalanın həyətimizə gizlicə boylanmasını uşaq ağlımla ancaq bir yerə yoza bilirdim: yəqin Niftullah dayıdan qorxur.
Yoxsa, bu yaşda qadın niyə balasından cüda düşmüş ahu kimi kolların arasından ürkək-ürkək boylana!

Niftullah dayının kefindən qalmadığı günlərin birində Reyhan xala öldü. Uşaq idim, bu ölüm məni zərrə kədərləndirmədi. Anam ağladı. Mən də düşündüm, artıq titrək yarpaqların arxasında ruh kimi dolaşan o qadın kölgəsini heç vaxt görməyəcəm. Belə də oldu. Baharda kəpənəklərlə gəlib, payızda xəzəllə ayrıldığımız kəndimizdən Reyhan xalanın kölgəsi birdəfəlik qeyb oldu.

***

Uzun illər gecələmədiyim kənd evimizdə yorğanı üstümə çəkən kimi gözümün önünə uşaqlığımın yuxu karvanı - kəndimizin ayağından başına uzanan saman sarısı təpələri və bu təpələrin kölgəsində dinşəyən - qadın kimi sirli dərələri gəldi.

Ta uşaqlıqdan yuxum qaçanda xəyalımı kəndimizin dərələriylə süründürür, onların haradan başlayıb, harada bitdiyini düşünə-düşünə özümü yuxuya verirdim. Qısa yay gecələrində anam lampanın fitilini çəkən kimi yerimə girər, şər qarışana qədər qaçışdığım həmin təpələrdən çığırtılarımız ərşə çəkilməmiş, səksəndirdiyimiz kəkliklər dincini almamış, qırdığımız böyürtkən kollarının yarpaqları solmamış onların xəyalını gövşəyərdim.

O dərələrə sahib olan təpələrin necə boy verdiyini, öləziyib hansı düzənə təslim olduğunu yaxşı bilirəm. At çapdığım, mal otardığım bu yerlər mənə adıyla bəllidir.

Ancaq bir dərə var ki, onunla sıx ağaclı kəndimizə girəndə kələfin ucunu itirirdim. Hər gecə dərəylə üzüyuxarı sürünən xəyalım kəndin o başından ürkək girib, bu başından pərişan çıxırdı; nə etsəm, çözə bilmirdim, dərələrin sayı az gəlirdi. Xəyalım kəm dərənin qeyb olduğu yeri axtara-axtara bu gecəyə qədər kimlərin həyətinə pənah gətirməmişdi! Hər gecə məni başqa bir ocaqda yuxu tutur, səhər tamam ayrı fikirlərlə oyanırdım. Həmin dərə mundarçadan hazırlanmış zəhərli beşik kimi xəyallarımı yırğalayır, məni üstümə duman kimi gələn yuxuya yenildir, gecələrim ən şirin anda güdaza gedirdi.

Ən çox Gülpəri xalanın üzüm tənəyində, keçiməməsi üzüm salxımlarında, bir də İlhamın gözəl qızlarının gecə kimi uzun saçlarında təslim olurdum. Ha illah etsəm də, o dərəni var edən təpələrin kəndin harasında bitdiyini çözə bilmirdim.

Bəlli təpələri mənə atam göstərmişdi; Saray, Qeybi, Heyvalıq... Yəqin, ona görə həmin təpələr atamın barmaqlarına oxşayırdı. Bircə sonu pünhan o dərə və onun yanıyla koramal kimi qıvrılıb başını gizləyən o laübalı təpə canıma üşütmə salırdı. Yuxu məni aparmamış indicə aşkar edəcəyimə əmin olduğum o yer 30 ildən çox idi ki, sehrini qorumuşdu.

Uzun illərdən sonra xəyalımı “Nayman ananın sızlayan yaylığı” kimi yenidən həmin sirli dərəyə saldım, asta-asta kəndin üstünə gəlməyə başladım. Haqq-hesab gecəsiydi! Daha nə mən köksündə dovşan balası gəzdirən arıq uşaq, nə də bu gecə hər yerindən nalə qopan sirli yelda idi. Beş-on bayquşu var bu gecənin, onlardan da biri köksümdə ulayır.

Dərəylə üzüyuxarı uçuşan xəyalımda artıq İlhamın gözəl qızlarının gecə kimi uzun saçları da hörüklənə bilməzdi. Gülpəri xalanın keçiməməsi üzüm tənəyi də bir Allah bilir nə vaxt qurumuşdu. O həyətdən bu yola, bu yoldan o bağçaya... Dərəni çözə-çözə meşədən ancaq bətnində boy verən qəbir daşları ilə seçilən qəbiristana girdim. Sıx palıd ağaclarının arasındakı - bir zamanlar üzündə min cizgi, qırış gördüyüm ətli-qanlı insanların illər sonra ömrünün ən sevimli təbəssümləri ilə boylandıqları qəbir daşları içimdə qopuq bir qımıltı yaratdı. Mənimlə mal otaran, gizlincə çıxdığım üzüm tənəyindən düşürüb dədəmə söyən kişilərin köhnə illərdən qalma simaları ilə başdaşından gözümün içinə zillənməsi fikrimi oğurladı. Ha elədim, qoca palıd ağaclarıyla qəfəslənmiş qəbiristandan çıxa bilmədim. O sirli dərənin can verdiyi yer də yəqin, buraydı. Amma o “məzar” qəbiristanın harasındaydı? O təpə başını hansı daşın dibinə qoyub əbədi yuxuya getmişdi? Çox düşündüm, ağacların arasında can verən o dərənin qəbrini yenə görə bilmədim. Xəzəli torpağına, otları xəzəlinə qəbir olan bu yerdə dəfinə kimi basdırılan kişilər yuxumu oğurladı.

İllərdir yuxularımın ovçusuna çevrilən dərin dərənin mənə sözü vardı. Sirri olmasa, illərlə pünhan qala bilməzdi, usanardı.

Sabah oyanan kimi birbaşa qəbiristana yollandım.

Şəkilsiz başdaşlarıyla aram yoxdu, həmin yerdə kimsənin uyuduğuna inana bilmirəm. Qəbiristanımızdakı bu cür qəbir daşları əzbərimdədir. Reyhan xalanın mamır basmış şəkilsiz başdaşına da dəfələrlə baxmışam; Həsənova Reyhan Qoçu qızı... 1939-1992...

Kəndimizdə yekələn uşaqların fərqinə varmasam da, qəbiristanımızda qoyulan yeni başdaşılarını uzaqdan sezirəm. Hər dəfə bura gələndə qəbirlərə yaxınlaşır, sonra özümü o dünyaya açılan şəkil-şəkil pəncərələrə xatirələrimi pıçıldayan yerdə yaxalayıram.

Qəbiristanın paslı bala qapısını qaldırdım ki, cırıldamasın. Qapını bağlamamış yeni bir qəbrə saplandım: Həsənov Niftullah...

Uzun illər atamla, sonra mənimlə badə yoldaşı olan bu dəcəl qocayla uzaqdan-uzağa salamlaşmaq içimi güldürərdi. Tələsmədən qapını sıxıb Niftullah dayının qəbrinə yollandım. Başımı qaldırmırdım ki, yenə uzaqdan Niftullah dayının şəklini görərəm, xatirələrimi israf edərəm. Qəbirə çatanda, elə bil, şimşək çaxdı. Başdaşı kimi donub qaldım.

Niftullah dayıya qəbir daşı qoyulanda, 30 il əvvəl ölmüş Reyhan da yada düşmüşdü, onun mamır basmış şəkilsiz daşını söküb mərmərdən tikmişdilər.

Qadının gözlərimə zillənən gənclik şəklini görəndə əlim-ayağım əsdi. Bunca gözəllik qara mərmərdən necə boylana bilirdi? Yəqin Reyhanın üzünə ay işığı düşəndə fələk bu gözəlliyə baxıb gülümsəyir.

Qəbiristanda bəni-adəm yox idi, amma yenə də bu gözəlliyə çox baxmağın cəzası olacağını hiss etdim. Ürəyim yerindən qopacaqdı. Gözucu bir də baxdım, Reyhanın iki gözündə bir ildırım var idi, durmadan çaxırdı. Astadan palıdın arxasına keçib çökdüm. Yarpaqların arasından Reyhanın noyabr bədiri kimi şəffaf və amansız üzünə xeyli baxdım. Az əvvəl tapdadığım yabanı çiyələklərin cənnət ətri burnuma çatdı. Palıd yarpaqları xışıldadı.

Narahat ruh kimi qəbiristanda dolaşır, arabir baş daşına boylanırdım. Nə qədər kənardan baxmaq istəsəm də, mən onu görən kimi Reyhan da gözlərimə zillənirdi. Utandığımdan yerə baxır, sonra baxışlarımı sinə daşında gəzdirir, asta-asta şəklə doğru qalxırdım. Qara mərmərdə ay işığı kimi ahəstə öləziyən barmaqlarına çatanda ürəyim dovşan balası kimi çırpınmağa başlayırdı.

Niyə məni bu yaşa qədər heç bir gözəllik bu qədər tərksilah etməmişdi? İlahi, bu nə sirdir?

Qəbiristana qaranlıq Reyhanın mərmər başdaşından çökdü. Ardınca illər əvvəl Saratovdan meyiti gətirilən Cavad dayının dəfndən sonra kənara atılan qara tabutunun ətrafı qaraldı, az keçdi zülmət dən kimi torpağa səpildi. Yuxarı baxdım, sürməyi səma uca palıd ağaclarının qıydığı qədər görünürdü. Havalanmamış getməli idim.

Qəbiristanın şeh çökmüş paslı qapısı cırıldamadı. Toranlıqda birbaşa evə gəldim. Anam halımdan duyuq düşüb əlini alnıma qoydu. Mərəkə bundan sonra başladı:

- Yaman fərasətlisən! Aydan-ildən bir kəndə gəlib özünü soyuğa vermək hər oğulun işi deyil.

Atam uzandığı yataqdan astaca səsləndi:

- Yayın günündə soyuq nə gəzir?

- Qızdırması var.

Kişi dikəldi.

- Nə yemisən, a bala?

Özümü ələ verəcəkdim. Ağzımın içində “yaxşıyam, qızdırma deyil, hava istidi” deyib yan otağa keçdim.

Yatağıma uzandım. Ayı görməsəm də, işığı uşaqlığımda olduğu kimi otağı ağuşuna almışdı. Heyva ağacının gur yarpaqlı nazik budaqları astaca yellənir, kölgəsi pəncərədən içəri axan ayın süd işığında qadın donu kimi yırğalanırdı.

Alnıma toxundum, gördüm tərləyib. Məncə qızdırmam yoxdu, ürəyim bir az tələsir, vəssalam.

Reyhanın şəkli ağlımdan çıxmırdı. Gərək telefonla çəkərdim. İndi yəqin qəbiristandakı palıd budaqları da nazla yellənir, xışıldayan yarpaqlar aramla ayın gümüşü işığının qabağını kəsir, Reyhanın gül üzünə kölgə salır.

Bir ovuc yuxu tapıb içində beşik kimi yırğalana bilmirdim. Bu qızdırmalı gecəmi qıvrıla-qıvrıla quşlara təslim etdim.

Dan sökülürdü. Səhərə qədər oyaq qalsam da, canımda yorğunluq yox idi. Quşlar fəğan edirdi.

Şeh tül kimi qəbiristanın üstünə çökmüş, başdaşlarından baxan bütün şəkillər bulanmışdı. Köynəyimin qoluyla Reyhanın üzünü yaxşı-yaxşı sildim. Şeh üzündən yox olan kimi yenə gözlərimə zilləndi. İndi çox rahat idim. Yanında yatan Niftullahın da üzü şehli idi. Bu dərin meşədə bizə baxan kimsə yox idi. Bir mən idim, bir məni gecədən səhərə qədər qızdırmada saxlayan qadın, bir də su tülündə pünhan qalmış bəşəriyyət...

Tapdadığım çöl çiyələklərinin ətrinə oyandım. Şeh sıx ağacların arasından sızan şəfəqlərdə sehrlə buxarlanırdı...

Vaxtında qayıdıb yatağıma girə bilmədim. Yenə özümü ələ vermişdim. Anam sobadan xəkəndazla götürdüyü külü bağın ətəyinə boşaldıb qayıdırdı. Ağzını açmamış balaca buket kimi yığdığım yabanı çiyələkləri ona uzatdım. Amma nə fayda?

- Qızdırman düşdü?

- Hə.

- Gətir, baxım.

- Əlin küllüdü, düşüb, narahat olma.

Qızdırmamı hiss eləmirdim deyə, başımı rahatca anamın əlinə verə bilməzdim.

- Sən tez qalx, süd köpübsə, götür ocaqdan. Mən də gəlirəm

Anam bunu deyib xəkəndazı divarın dibinə tulladı. Əllərini çırpa-çırpa toyuq hininə tərəf getdi.

Hardansa peyda olan atam da evə qalxdığımı görüb ardımca gəldi.

Üz-üzə oturduq.

- Gözlərin qızarıb, ay bala.

- Yaşıllıq görüb.

- Yaxşı yatmamısan yəqin, ona görədi. Qızdırman düşdü?

- Hə.

Anamın mətbəxdən narazı səsi gəldi. Söhbəti dəyişmək üçün özümü mətbəxə diqqət kəsilmiş kimi göstərdim. Nə dediyi eşidilmirdi, yəqin süd daşırmış...

Atam indicə əlini alnıma qoyacaqdı ki, araya söz qatdım:

- Niftullah dayının baş daşını nə vaxt qoyublar?

- İlində. Reyhana da qoyublar.

- Gördüm.

Bir az susandan sonra astadan dedim:

- Reyhan da gözəl qadın imiş...

Atamın üzündə uzun illərdir görmədiyim köhnə təbəssüm hardansa çatdırdı özünü; səhv eləyəndə bürüyərdi simasını belə qırışlar:

- Həə... Reyhan... Çox gözəl idi.

Sözlü adama oxşayırdı. Amma bilmirdim. Bilmirdim, nə desəm, Reyhandan danışar.

Xeyli susdu. Vaxt ürəyimə qurğuşun kimi dolurdu. Söhbət dəyişsə, bir də Reyhandan söz sala bilməyəcəkdim.

- Bağlarının yanında dərin xəndək var idi. Qardaşları da yaman ağır adamlar! Niftullah görüşmək istəyirdi Reyhanla, qorxudan gedə bilmirdi. Hardan gedəcək? Bu yan dərə, o yan başqasının həyəti. Qapıya da qardaşlarının qorxusundan yaxınlaşa bilmir. Tüfənglə vurardılar Niftullahı. Güclü olmağına baxma, ürəyi yox idi bizimkinin. Birinci dəfə görüşə gedəndə kömək eləmişdim ona.

Bunu deyib qoca qəddarlığıyla susdu. Sonra mətbəxə boylandı. Bilmədim, anamın süd gətirməsini gözləyirdi, yoxsa söhbətimizi arvadından gizləmək istəyirdi.

- Necə kömək elədin?

- Reyhangilin bağına xəndəyin üstündən ağac novda su gedirdi. Köhnə nov idi, Niftullahı onun üstüylə birtəhər keçirdim bağa. Yalvardı, sən də gəl. Qardaşlarından yaman qorxurdu.

Anam atama da, mənə də kasada süd gətirdi. Kişi söhbəti kəsməyə bəhanə gəzirmiş kimi anama səsləndi:

- Boyat çörəkdən gətir. Bəlkə uşaq südə çörək ovub yemək istəyir!

- Yox, çörəksiz içəcəm.

Amma ürəyim dilimin dibində döyünürdü. Nə süd, iksir də keçməzdi boğazımdan.

- Necə oldu, sən də keçə bildin novdan?

- Hə, keçdim. Bağda xeyli gözlədik Reyhanı. Handan-hana düşdü.

- Gecəydi, hə?

- Hə də. Yox bir, gündüz! Deyirəm, qardaşları görsəydi, ikimizi də güllələyərdi. Gecədir. Ancaq ay da var. Gəldi yanımıza. Mən kənara çəkilmək istəyirdim ki, bunlar söhbət eləsin, Reyhan Niftullahdan gizli əlimdən tutdu. Astadan dedi ki, o getsin, sən qal.

Ürəyim ilan deşiyə qayıdan kimi qayıtdı yerinə. Rahatladım. Südün qoxusunu hiss elədim. Atamın üzünə yenə həmin təbəssüm qondu; səhvinin üstü açılanda, calağı tutmayanda, cücəsi öləndə baxdığı kimi baxdı əllərinə.

- Əlləri buz kimi idi.

Nəhayət qızdırmalı olduğumu hiss elədim. İsti yumağa dönüb yumrulana-yumrulana can bədəndən çıxan kimi çıxdı boğazımdan.
Reyhanın başdaşından baxan gözlərindəki qığılcımın sirrini indi bildim.

Atam əllərinə baxa-baxa davam elədi.

- Gördün, Niftullahın baş daşını?

- Hə.

- Oxşayır özünə?

- Cavanlıq şəklini vurublar. O qədər də oxşamır. Sən görməmisən?

- Yox.

- Gözlə, Reyhanın şəklini göstərim.

Reyhanın telefona çəkdiyim şəklini ekrana bir az da yaxınlaşdırıb atama uzatdım. Bütün qocalar kimi telefonu ehtiyatla tutub gözlərini qıydı.

- Bax e... Reyhanın da cavanlıq şəklini vurublar.

Atam mənə də eynisindən miras qoyduğu uzun barmaqlarını astadan Reyhanın üzündə gəzdirdi. Ağıllı telefona öyrəşməyən barmaqları sensorda gəzişdikcə Reyhanın ekrana yaxınlaşdırdığım şəkli atamın əmriylə şıltaq-şıltaq tərpəndi. Kişi titrəyən barmaqlarını hərlədikcə Reyhan ekranın bu tinindən o tininə dəyir, sanki bundan həzz alır, qəhqəhə çəkirdi. Dünəndən şəmşir kimi parıldayan gözləri də sevincdən qıyılmışdı, ağ üzü telefonun ekranında pişik balası kimi atılıb düşürdü.

Anam qəhərli səslə “bala, südünü iç” deyəndə bayaqdan buxarı çənəmə dəyən isti südü canım çəkdi. Asta-asta qurtumlayan kimi gözümə quş mürgüsü qondu. Yan otağa keçməyə ərindim. Astaca atamın yatağına uzandım. Bir az ot, bir az at qoxan bu qoca yataqda canıma illərin rahatlığı gəldi.

Pərdəsi azca çəkilən pəncərəyə zillənmiş gözlərim asta-asta bağlanırdı. Hələ bərkiməyən palıd yarpaqları dərə uzunu əsən tanış küləkdə pəncərəyə doğru əyilir, yenidən qeyb olurdu.

# 11409 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #