Kükürdlü su, 11 şiş kabab və intizar - FOTOSESSİYA

Kükürdlü su, 11 şiş kabab və intizar - FOTOSESSİYA
28 iyun 2011
# 15:16
Şair Yetim Eyvazdan müsabibə almaq üçün Siyəzənin Qalalatı kəndinə üz tutduq. Səfərdən iki gün öncə onunla telefonda danışıb vaxtı müəyyənləşdirdik.

Mənə dostum Fuad yoldaşlıq edirdi. Şənbə günü Qalaaltına görüşmək üçün razılaşdıq. Saat 12.00-da Siyəzən çatdıq. Rayondan Eyvaza zəng etdik. Bakıda olduğunu dedi. Biz də kor-peşman Bakıya qayıtmaq istədik. Lakin şair bizə dedi ki, taksiyə oturub qalxaq Qalaaltına. Bizə söz verdi ki, bazar günü qayıdacaq və müsahibə verəcək.

Rayonda bir çay içdik. Çayın qiyməti 50 qəpik idi. Burdakı adamlarla xeyli söhbətdən sonra taksiyə oturub qalxdıq Qalaaltına.

***

Rayondan kəndə gedən yol bərbad olduğuna görə taksilər çox baha aparır. Siyəzənin quru çöllərindən, neft buruqlarının yanında keçib gözəl təbiətli Qalaaltı kəndinə çatırıq. Uzaqdan Xəzər dənizi görünür...

***

Burda bizi Yetim Eyvazın həmişə oturduğu kafeyə aparırlar. Kafeni işlədən Əlağa adlı oğlan şairin qohumu olduğunu deyir.

Bu kənddəki bütün evlər həm də kafedi. Kəndə istirahət üçün gələn adamlar kafelərdə yeyib-içir, balaca vaqon-evlərdə gecələyirlər. Ancaq bu il müştərilərin sayı çox azdır.

İstirahər yerlərinin sahibləri deyir ki, hər il yayda adam əlindən tərpənmək olmur burda.

Qiymətlərin baha olması, yolların bərbadlığı adamları iş üçün xaricə getməyə məcbur edir.

Ancaq Bakının isti, yapışqan havasından sonra Qalaalatı kimi gözəl təbiəti olan kənddə dincəlmək dünyanın ən gözəl əyləncəsidir.
Həm də Bakıdan bura məsafə cəmi 120 km-dir.

***

Günorta yeməyinə kababdan, kənd qatığından, pendirdən yeyib bir az dincəlirik. Eyvaz tez-tez zəng edərək bizimlə maraqlanır.

Bizi inandırır ki, ya bu gecə, ya da səhər tezdən yanımızda olacaq. Yeməyi yeyib qurtarırıq. Uzaq yol gəldiyimizə görə yatmağa gedirik.

***

Axşamüstü saat 6-da oyanırıq. Əlağa bizi Qalaaltı sanatoriyasına gəzməyə aparır. Kənddə hamı danışır ki, bu sezondan sonra sanatoriya söküləcək.

Çox varlı adamlardan biri buranı alıb. “Bütün kotejləri verəcəklər buldozerin qabağına”. Deyilənə görə burda müasir standartlara uyğun sanatoriya tikiləcək.

***

Sanatoriyanı gəzirik. Burda müalicə olunanların çoxu yaşlı adamlardır. Ancaq aralarında bəzən cavan qızlara da rast gəlmək olur. Qalaaltının əsas müalicəsi kükürdlü sudur. Bu da böyrək üçün xeyirdir, - deyirlər. Burdakıların əksəriyyəti böyrəyini müalicə etdirmək üçün gəlib.

Göyçaydan olan yaşlı bir xanım yeməklərdən razılıq edir. Kükürdlü sudan içmək üçün yaxın yerlərdən bura gələn çoxdur. Bu suyu içmək də o qədər asan deyil. Lax yumurtadan nə iy gəlirsə, Qalaaltının suyu da eyni iyi verir.

***

Axşam düşür. Qurbağaların insana rahatlıq verən səsi eşidilir. Axşam yeməyinə otururuq. Əlağa bizim üçün yenə kabab bişirir. Bir günə 11 şiş kabab yeyirik. Bizim üçün yaxşı rus pivəsi təşkil edir.
Fuadla gecə 1-ə qədər söhbət edirik. Dahiyənə fikirlərdən gupuldadırıq. Belə qərara gəlirik ki, genişlik olan yerlərdə insan məişət haqda deyil, həyat və ölüm kimi daha ciddi fəlsəfi mövzular barədə düşünmək imkanı qazanır.

Yetim Eyvazsa gəlib çıxmaq bilmir. Bizsə telefondan onun şeirlərini dinləyirik. Şeirlərdən çıxardığımız sualları bir yerə qeyd edirik. Xalqın sevimli şairini gözləyə-gözləyə yuxuya gedirik.

***

Səhər 11-də oyanırıq. Əliağa bizim üçün 6 dənə yumurta bişirir. Kənd pendirindən, yağdan yeyirik. Yetim Eyvaz isə gəlib çıxmaq bilmir. Nəhayət, şairə zəng ediririk.

Şair bizi şok edəcək cavab verir: “Qərdeşim, mən gələ bilmirəm. Bakıda işim var. Siz gəlin şəhərdə söhbətimizi eləyək”.

Nə edək? Başqa variantımız yoxdur. Şələ-şüləmizi yığırıq. İndi də Siyəzənə gedən maşın tapılmır. Min yerə zəng edirik. Üç saatdan sonra dalmızca maşın gəlir. Qalaaltı ilə sağollaşıb qayıdırıq Bakıya.

***

Eyvaz bizimlə axşam saat 7-də “Şamaxinka”dakı “Şəki” kafesində görüşməyə söz verir. Lakin saat 7-də artıq ona zəng çatmır. Ağlımıza min fikir gəlir. Onun haqda yüz söz deyirik. İki gün bizi avara etdiyinə görə lənətləyirik. Lakin yarım saat sonra Eyvazın telefonu açılır. Zəngləşib elə söz verdiyi yerdə görüşürük.
Yetim Eyvaz yaşlı, arıq bir adamdır. Qabağında pivə var. Yay-qış pivə içir. Pivə olmasa, yaşaya bilmədiyini deyir. Arağa isə çox meylli deyil. İki gün onu axtarmışıq, amma yenə də müsahibəni sabaha saxlamaq istəyir. Bizsə inad edirik.

Nəhayət, onunla arzuladığımız müsahibəni alırıq.

***

İki gün ərzində biz Eyvaz haqda çox sözlər eşidirik. Ümumiyyətlə, onun şeirləri və səsi xalq arasında çox məşhur olsa da, özü haqda heç kəsdə doğru-dürüst informasiya yoxdur. Hətta çox adam onu üzdən də tanımır.

Bəziləri deyir ki, o 40 il həbsxada yatıb, bəziləri deyir, o, daim araq içir. Hətta yazdığı şeirlərə görə həbs olunduğunu düşünənlər də var. Çox adam da elə bilir ki, Eyvaz narkomandır...
Ancaq o kimdir? Nə istəyir? Necə məşhurlaşıb?
Bütün bunları şair bizə müsahibəsində danışıb.
Müsahibəni sabah dərgimizdə oxuyacaqsınız...


Elmin Həsənli
Bakı-Qalaaltı-Bakı
# 2176 dəfə oxunub

Oxşar xəbərlər

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #