Əjdər Ol:“AYB-nin sədri olmaq üçün istedad yetərli deyil” - MÜSAHİBƏ

Əjdər Ol:“AYB-nin sədri olmaq üçün istedad yetərli deyil” - MÜSAHİBƏ
19 may 2011
# 11:36
“Gənclərin yaratdığı obrazlar hələ “ətə- qana dolmayıb”


Kulis.az-ın ədəbi müsahibələr silsiləsindən növbəti qonağı yazıçı, şair, publisist Əjdər Oldur.

Əjdər Ol həm də dövlət qulluqçusudur. Onun kabinetinə daxil olarkən yazıçı olduğunu tez seçirsən. Çünki otağında kitablarla dolu böyük rəf var. Masasının üstü isə Rusiyada və Azərbaycanda çıxan ədəbiyyat jurnalları, qəzetlərlə doludur.

Əjdər Ol uzun illərdir dövlət qulluğunda çalışdığına görə müəyyən rəsmiyyətliyi də var. İntonasiyası, jest və mimikaları o qədər sərtdir ki, müsahibəyə başlayanda bir az özümü itirdim. Ona görə yaradıcı adamlara hamının verdiyi ənənəvi sualla başladım...



“İş həm mane olur, həm də kömək eliyir”

- İşiniz yaradıcılığınıza necə təsir edir? Yazmağa vaxt tapa bilirsiniz?

- Biri var azad sənətkar olmaq, biri də var həm işləmək və həm də yaradıcılıqla məşğul olmaq. Harada işləməkdən asılı olmayaraq iş işdir. Bütün işlərdə vaxt gedir. Əlbəttə, iş mane olur. Ancaq iş təkcə əmək haqqı qazanmaq yeri mənasında başa düşülməməlidir. İşləmək cəmiyyətlə qaynayıb qarışmağa şərait yaradır. İşlədiyin yerdə insanlarla əlaqəyə girirsən. İnsanların maraqlarının, zövqlərinin kəsişdiyi bir mühitə gəlib düşürsən. Bu da səndə müəyyən hisslər, fikirlər, ideyalar oyadır. Yazdıqlarımız həyatda gördüklərimizdən, eşitdiklərimizdir, duyduqlarımızdan süzülüb gəlir. Bizim daxili hazırlığımız, dözümümüz, dəyanətimiz, insanlığımız məhz işdə üzə çıxır. İşləyiriksə, deməli, zəngin bir mühitlə əhatə olunuruq. İş həm mane olur, həm də kömək eliyir. Həyatda hər şey belədir. Yaxşı və pis tərəfi var.

- Əsərlərinizdəki obrazları, tipləri bu sahədən götürdüyünüz olurmu?

- Ədəbi obrazlar yazıçının xəyalında doğulur. Obraz maqnit kimi bir şeydir. Hərədən bir xasiyyət, cizgi yapışdırır özünə. Müəyyən xarakter kimi dolğunlaşır, obraz kimi boy göstərir. Mən təcrid olunmuş adam deyiləm. Bir yerdə oturub bütün dünyayla mənəvi əlaqə qurmağa çalışıram.

“Yazıda real insanlardan danışanda daha çox qalmaqal yaradırsan, dilə-dişə düşürsən”

- Siz ədəbiyyatda daha çox portret yazılarınıza görə sevilirsiniz. Yeni portretlər üzərində işləyirsinizmi?

- Çap olunan yazını müzakirə etmək olar. Bitməmiş yazılar haqda danışmağımın heç bir əhəmiyyəti yoxdur. Amma hər halda iş davam edir. Portret yazılarda bir az qıcıqlandırıcı yerlər var deyə diqqəti cəlb etdi. Görünür oxucunun diqqətini cəlb etmək üçün yazdığın mətnlərdə ya buynuz çıxartmalısan, ya da boyundan hündürə tullanmalısan. Yazıda real insanlardan danışanda daha çox qalmaqal yaradırsan, dilə-dişə düşürsən. Dublində yaşayan C.Coys “Dublinlilər”i yazandan sonra onu hoydu-hoyduya götürdülər.

- Kimin ədəbi portretini yazmaq istəyərdiniz?

- Ədəbi portet yazmağın iki yolu var. Birincisi, yaxından tanıdığın, müşahidə elədiyin, dost olduğun adamın portretin yazırsan. Necə ki, mən Namiq Abdullayevin, Rafiq Tağınının, Əlisəmid Kürün portretini yazmışam. “Qrafamon” əsərində bir çox adamların portetini birləşdirmişəm. İkincisi isə tarixi şəxsiyyətlərdən birinin portretini yazmaq yoludur. Bunun üçün arxivləri araşdırmaq, onu tanıyanlarla görüşmək lazımdır. Bunlar tədqiqat portretləridir. İstərdim tanınmış qələm adamları, görkəmli ziyalılarımız haqda belə kitablar yazsınlar. Bizdə çox maraqlı adamlar var. Bəziləri qocalıb, bəziləri artıq rəhmətə gedib. Onların yazılı portretlərini yaratmaq lazımdır.

- Məsələn, kimlərin?

- Məsələn, Ziya Bünyadovun portretini yazmaq maraqlı olardı. Mən də istəyərdim onun haqda yazım. Amma həyatda onu az görmüşəm. Azad Mizəcanzadənin, Tahir Salahovun, Heydər Əliyevin və digər siyasətçilərin, dövlət adamlarının maraqları portretlərini yaratmaq olar. Adamlar var ki, mütləq onların porteti yazılmalıdır. Biz buna indi adi baxırıq. Deyirik nə olsun? Filankəsdir də! Amma bir zaman gələcək bu adamların Azərbaycanın tarixində yeri görünəcək. Tutaq ki, Avropada Napoleonun ağzından nə çıxırmış yazırmışlar. Bu gün onun haqda yüzlərlə kitablar var. Amma Şah İsmayıl haqda bir dənə babat kitab tapa bilməzsən. Olanlar da nağılvarı şeylərdir. Eləcə də Məmməd Əmin Rəsulzadənin şəxsiyyəti haqda dolğun bir kitab yoxdur. Vaxtında yazsaydılar, indi olardı. Sabir, Mirzə Cəlil, Haqverdiyev haqda ədəbi portetlər yazılmayıb. Bizdə bu sənədli-bədii janr o qədər də inkişaf etməyib. Yazmaq istədiklərim çoxdur. Amma mən indi bir əsər yazıramsa və onun 5 vərəqi çatışmırsa, o hələ yarımçıq əsərdir.

“İlk qələm təcrübələrini oxumaqla adam həddindən artıq vaxt itirir”

- Təzə çıxan kitabları oxuyursunuz?

- Kitab oxumaq insanın daxili işidir. Mən oxuyuram, öyrənirəmsə, bununla fəxr etməli, qürurlanmalı deyiləm. Mən uşaqlıqdan kitabların içində böyümüşəm. Elə bu gün də bacardıqca Azərbaycan və dünya ədəbi prosesini izləyirəm, oxuyuram. Sən gəncsən deyə deyirəm, “Ən yeni ədəbiyyat” seriyasından buraxılan kitabların demək olar ki, hamısının məzmunundan, mahiyyətindən xəbərdaram. Amma bu ilk qələm təcrübələrini oxumaqla adam həddindən artıq vaxt itirir. Daha çox sınaqdan çıxmış yazıçıları oxuyanda bilirsən ki, nəsə alacaqsan.

- Ədəbiyyata çox iddialı gələn gənclər özlərini doğrultdumu bu kitablarla?

- Gənclik həmişə çılğındır. Bu, adama ləzzət edir. Passiv gənclik gənclik deyil. Gəncliyin elə üsyankar olması yaxşıdır. Bu gənclər yazı vərdişi öyrəniblər. Amma həyat təcrübələri, bilikləri, dünyagörüşləri azdır. Ona görə onların yaratdığı obrazlar hələ “ətə- qana dolmayıb”. Hələ obraz kimi formalaşmayıb. Əksəriyyəti demək olar ki, çiy əsərlərdir. Adamları, öz obrazlarını yaxşı tanımırlar. Bəzən bilmədiyi şeylərdən yazırlar. O mənada yazdıqları hələ yetkinləşməyib. Amma onların yazmaq həvəsi, enerjisi mənim xoşuma gəlir. Hələ yaradıcılıqları davam edir, əsas işləri qabaqdadır. Yalnız ölmüş adamın yaradıcılığı bitə bilər. Bir də görürsən kimsə 60-70 yaşında yaxşı roman yazır. Bu uşaqlar istedadlı uşaqlardır. Görək özlərini necə göstərəcəklər. Gündəmdə on illərlə qalan əsərlər yaza biləcəklərmi? Kitablarının təqdimatında onları tərifləyiriksə, avans veririk. Məhşurluğa çox uymasınlar. Bu gün məşhur olan adam sabah lazımsız birisinə çevrilə bilər. Belə şeyləri çox görmüşük.

“Mən yenə Anara üstünlük verirəm”

- Payıza Yazıçılar Birliyinin qurultayı gözlənilir. Sizcə yeni sədr kim olacaq? Deyirlər yazıçı Anar artıq sədr ola bilməyəcək.

- Mən elə düşünmürəm. Payıza hələ çox var, amma qurultay sabah olsaydı, Anar müəllimin seçilməyini istərdim. O işləyir, yenə də işləmək arzusundadır. Amma qurultay kimi seçəcəksə, o da sədr olacaq. Hər halda mən yenə Anara üstünlük verirəm.

- Başqa alternativ yoxdur bəyəm?

- Alternativ istənilən qədər var. Bu gün bunu səsləndirməyin nə mənası var? Kimisə alternativ görə bilərsən, bəlkə o özünü heç görmək istəmir. Namizədlər qurultayda bəlli olacaq. Maraqlı adamlar üzə çıxa bilər. AYB-nin sədri olmaq üçün təkcə istedadlı yazıçı olmaq yetərli deyil. Orada təşkilatçılıq bacarığı lazımdır. Eyni zamanda Azərbaycan xalqınının mədəniyyətini, ədəbiyyatını təmsil etmək qabiliyyətin olmalıdır.

“Bu jurnal və qəzetlərdə müəyyən dəyişikliklər etmək zəruridir”

- Anar yaxşı təşkilatçıdırsa, niyə görə “Ədəbiyyat qəzeti” bərbad gündə çıxır? Eləcə də digər ədəbi orqanlar. Axı bu orqanlara kifayət qədər pul ayrılır.

- Yaxşı ilə pisi müəyyən etmək bir az subyektiv məsələdir. Bizim hansı yaxşı əsərimiz çapdan kənarda qalıb? Gəlin bunu da düşünək. Hansı istedadla yazılmış romanı, şeiri, hekayəni “Azərbaycan”, “Ulduz” jurnalları, yaxud “Ədəbiyyat qəzeti” özünə yaxın buraxmır. Dizayn, təqdimat baxımıdan bu jurnal və qəzetlərdə müəyyən dəyişikliklər etmək zəruridir. Məzmunun da dəyişmək olar. Amma onlar hər kəsi dərc edirlər. Azərbaycandakı bütün ədəbi mətbu orqanlar təxminən eyni cür şeylər çap edir. Nəyimiz var, ortadadır. Bu, müasir prosesin mənzərəsidir. “Azərbaycan” da zəif nəsr çap olunursa, bunu “Alatoran” da edir. “525-ci qəzet”də bəzən bir ay fərli ədəbi material çıxmır.

- Prosesi canlandırmaq üçün AYB heç nə edə bilməz?

- Potensialı reallaşdırmaq üçün imkanlar çoxdur. Həmişə istək var ki, hər şey yaxşı olsun. İndiki fəaliyyəti AYB-nin son həddi deyil. O qədər görüləsi işlər var ki. Təşkilati və yaradıcılıq baxımından.

“Mükafatı çox şişirtmək lazım deyil”

- Müsabiqədən söz düşmüşkən Milli Kitab Mükafatı haqda fikirlərinizi bilmək maraqlı olardı. Yəqin ki, onluqla tanışsınız. Favoritləriniz varmı?

- Onluğa düşən müəllifləri hamısın tanıyıram. Amma əsərlərin dördünü oxumuşam. Digərlərini də oxuyacam. Paşa Qəlbinurun əsərinə daha çox üstünlük verirəm. Çox zəngin məzmunlu bir əsərdir. Natiq Rəsulzadənin də qalib gəlmək şansı çoxdur. Mükafatı çox şişirtmək lazım deyil. Təbliğat baxımından yaxşıdır mükafat. Mükafat veriləndə icitmai rəy nəzərə alınmır. Münsiflər heyəti seçir əsərləri. Ona görə də mükafat şərti bir şeydir. Əsas mətndir. Mətnin güclü olmasına çalışmaq lazımdır. Yazıçının dayağı mətndir. Ola bilər mükafat alarsan, amma mətnin zəif olar, tez unudulub gedərsən.

- Azərbaycana nə vaxt Nobel gələcək?

- Bütün mükafatlar təşkilati çeviklik tələb edir. Mükafat almaq üçün əsər təqdim etməlisən. Yazın ekspertlərə, münsiflərə təsir etməlidir. Mükafat verən təşkilatın sənin yaradıcılığına, cəmiyyətdəki mövqeyinə rəğbəti olmalıdır. Sonra piar qurulmalıdır. Nobelə də belə yanaşmalıyıq. Öyrənmək lazımdır ki, Nobel mükafatını almaq üçün mövzu, məzmun, mövqe baxımından hansı tələblər lazımdır. Nəyi əsas götürürlər? Hansı əsərlərə Nobel verirlər? Nobel mükafatı alanlar Aydan gəlməyib ki...


Elmin HƏSƏNLI
# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #