Qadınsız fantast yazıçı - MƏTN
13 may 2011
10:31
Əjdər OL
“Yazıçı Namiq Abdullayevin axırı” portret-hekayəsindən
Namiq müəllim hərdən qadın nəvazişinin həsrətini çəkirdi. Bir az da çılpaq desəm, könlü qadın istəyirdi. Deyirdi ki, gərək kişinin bədəninin bütün üzvləri eyni vaxtda qocalsın. Əgər özünü kişi kimi fəal hiss edirsənsə, qoca görkəmin istəyini dilə gətirməyə mane olursa, bu dəhşətdir.
«Bir səhər obaşdan kişi yanında yatan qadının hənirtisinə yuxudan ayılır. Qadın yataqdan durub vanna otağına keçir. Yarıyuxulu kişi mələfənin üzərində qadının bədən izlərini görür, hətta yataqda xoş ətir də duyur. Hava soyuq olduğundan ləzzətlə yorğana bürünüb ehtirasla qadını gözləməyə başlayır. Ancaq gözlədiyi gəlib çıxmır. Axırda kişi yerindən durub qadının dalınca gedir. Vanna otağında onu tapmır. İşığı sönmüş mətbəxdə də heç kəs yoxdur. Bəlkə qadın çölə çıxıb? Kişi əlini qapının dəstəyinə atanda yuxudan tam ayılır. Qapı içəridən bağlıdır. Axı, içəridə başqa kim ola bilərdi?! O ki, tək yaşayırdı.»
Bu əhvalatdakı Namiq müəllimdir. Qadınsız yaşayan kişinin belə illüziyaları olmalı idi.
Namiq müəllim yaşından artıq qocalsa da… Başımda onunla bağlı əhvalatlar sıraya düzülüb…
1980-ci ildə yazıçının «Gecələr uzanaydı» adlı fantastik hekayələr kitabı çıxandan iki-üç həftə sonra bir tələbə qız oxuduğu kitabın təsirilə onun iş yerinə zəng vurub müəlliflə görüşmək istədiyini bildirir. Onlar yazıçının iş yerinin qarşısına görüş təyin edirlər. Görüş yerində o, üzünü görmədiyi qızı uzaqdan tanıyır, çünki oxucunun əlində öz kitabını görübmüş. Müəllif qıza yaxınlaşıb salam verir. Qız ona yad adam kimi baxır.
Yazıçı dillənir:
– Məni siz çağırmısınız?
Qız tələsik cavab verir:
- Yox, mən sizi tanımıram.
- Yazıçı gülümsəyir:
- Əlinizdəki kitab da, görüşə çağırdığınız yazıçı da mənəm!
- Ola bilməz! – qız duruxur və birbaşa mətləbə keçir. – Axı, bu kitabın müəllifi cavan olmalıydı. Siz yaşda adam çılğın məhəbbət səhnələrini necə yarada bilər?
Məsələ aydınlaşır. Qız kitabın cavan hesab etdiyi müəllifinə qiyabi vurulubmuş. Yazıçı köksünü ötürüb dillənir:
- Qızım, mən qocalsam da, hələ sevgi öpüşlərinin dadı damağımdan getməyib.
Qız özünü ələ alıb deyir:
- Xahiş edirəm, bu kitaba avtoqraf yazın!
Bütün kişilər kimi Namiq müəllim də qadınsız yarımcandı. O, hərdən qadın arzulamaqla bütövləşməyə çalışırdı. Amma qadın sarıdan onun bəxti kor idi.
Yaradıcılıq evində Namiq müəllimlə üzbəüz otaqda tək yaşayan kişi ona qonaq gəlmiş məşuqəsi ilə gecə yemək-içməkdən qayıdır. Sonradan həmən qadının Namiq müəllimə, Namiq müəllimin də mənə danışdığına görə, sərxoşluqdan ayaqüstə dura bilməyən kişi otağa qədəm basan kimi tirtap yatağına uzanıb dərin yuxuya gedir. Qadın soyunub yerinə girir, ancaq nə qədər o üz bu üzə çevrikirsə də, gözünə yuxu getmir.
Gecədən keçmiş o, yataqdan qalxıb paltarını geyinir və havasını dəyişmək üçün balkona çıxır. Balkonda isə həmişəki yerində, həmişəki stulunda oturub həmişəki kimi yanıqlı-yanıqlı siqaret dartan Namiq müəllim bitib. Əvvəlcə qoca kişi saydığı Namiq müəllimlə söhbətə başlayan xanım sonradan illərdən bəri axtardığı kişini tapmış adam kimi hayıl-mayıl olur.
Gecənin tənhalığında həm hal əhli, həm də yarısərxoş füsünkar qadınla üz-üzə dayanan Namiq müəllimin ilhamı fontan vurur, onsuz da söhbətcilliyi ilə tanınan bu kişi necə şirin danışırsa, xanım az qalır özünü ona təslim etsin. Ancaq Namiq müəllim erkəyi qarşıdakı otaqda dünyadan xəbərsiz xor-xor yatan xanımın Ay işığında olduğundan da gözəl görünən üzünə, çiyinlərinə, sinəsinə, baldırlarına ehtirasla baxmaqla kifayətlənir.
Sübhün saf, bakirə havasında qüsl edib təmizə çıxmış xanım sidq-ürəkdən Namiq müəllimə söz verir ki, bu yaxınlarda məhz onunla xoşbəxt bir gecə yaşamaqdan ötrü Yaradıcılıq evinə gələcək.
Ertəsi gün Namiq müəllim arağın deyil – o gecə dilinə içki dəyməyibmiş – gecənin sərxoşluğundan gec ayıldı. O, günorta yeməyinə xumar-xumar ətrafa baxa-baxa gedirdi.
Nahardan sonra iş yerimə gəlib gecə başına gələnləri yerli-yataqlı mənə danışıb dedi:
- Görəsən o qadın yanıma gələcəkmi?! Etibarsız adama oxşamırdı.
Bu hadisədən təxminən iki həftə keçmişdi, avqustun axırları idi. Axşamüstü qapıçı mənə xəbər verdi ki, bir qadın gəlib, Namiq müəllimi soruşur, ancaq o, günortadan qapıdan çıxandı, geri qayıtmayıb. Bəlkə siz onun yerini biləsiniz?
Bu, Namiq müəllimin dediyi qadın olacaqdı. Onu ayrı kim soruşasıydı?! Namiq müəllimə həzin bir gecə bağışlamış və bu subay kişini daha bir gecə xoşbəxt etməkdən ötrü onun yanına gəlmiş qadına hələ-həlbət xəbər yolladım ki, «Gözləsin, Namiq müəllim harada olsa, indilərdə gələr.»
Dünyanın qəribə, görkəzmə işləri varmış, ayda, ayyarımda bircə dəfə beş-altı saatlığa Bakıya, televiziyaya dəyib qayıdan, pulu olanda tez-tez, olmayanda hərdənbir iyirmi dəqiqəliyə araq almaqdan ötrü mağazaya baş vurub geri dönən Namiq müəllim yoxa çıxmışdı. İllərlə həsrətində olduğu, bəzən yad planetdən gələcəyinə inandığı qadınsa səbirsizliklə onun yolunu gözləyirdi.
Mən həyətdə gəzişə-gəzişə uzaqdan göz qoyub oturacaqda əyləşmiş xanımın tez-tez saata baxdığını gördükcə darıxırdım və dodaqaltı Namiq müəllimin qarasınca deyinirdim. Xanım şübhəsiz, dostumun bir neçə gün əvvəl heyranlıqla mənə təsvir etdiyi qadındı. İş günü bitməsəydi, Televiziyaya, Kamran müəllimə zəng edib bugün Namiq müəllimi görüb-görməməsi barədə onun «hə-yox»unu öyrənərdim. İndi əlim heç yerə çatmırdı.
Qadın gecə saat ona işləmiş heç kəsə bir söz demədən çıxıb getdi. Namiq müəllim ertəsi gün səhər Yaradıcılıq evinə qayıdıb məndən xəbəri eşidəndə itə döndü. Məlum oldu ki, o, dünən günortadan sonra həmişə getdiyi mağazada yazıçı Əli Səmədliyə rast gəlib və qələm dostu zorrama onu dartıb bağına aparıb, gecəni birgə keçirdiblər.
Namiq müəllimin onda dedikləri indiki kimi yadımdadır: «Mənim günümə bax, qismətimə çıxan sonuncu qadın burada saatlarla məni gözləyir, orda da Əli qulağımı dəng edib deyir ki, Namiq, haqqında xatirə yazmışam, sən öləndən sonra çap etdirəcəyəm.»
Sonralar Namiq müəllim həmən qadının yolunu çox gözləsə də, (O, həyətdən bayıra çıxmırdı, hətta mağazadan nəsə almağa da xahiş-minnətlə cavan uşaqlardan kimisə göndərirdi) qadından xəbər çıxmadı.

1624 dəfə oxunub
Oxşar xəbərlər
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy
14:29
30 noyabr 2024
"Şeir gərək azad ruhla yazılsın..." - Nərmin Kamal
12:00
30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi
10:25
30 noyabr 2024
Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd
17:00
28 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub
09:31
27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu
13:10
25 noyabr 2024