Kosmonavtlara mahnı yazan dissident-ARAŞDIRMA
5 oktyabr 2012
12:44
Onu eyni ildə SSRİ Yazıçılar İttifaqından qovublar, Fransada PEN-kluba üzv qəbul ediblər.
Ölkəmizin ədəbiyyatsevərləri parlaq sovet-rus dissidentlərindən olan Vladimir Voynoviçi o qədər də tanımırlar. O, şöhrət baxımından Soljenitsının, Brodskinin, Mandelştamın, Razqonun, Şalamovun kölgəsində qalıb.
Hətta soyadı çəkiləndə onu başqa bir məşhur yazıçı ilə – “Ovod” romanının müəllifi Llian Etel Voyniçlə səhv salırlar.
Voynoviç isə başqadır, onun yazdığı Voyniçin yazdığından fərqlidir. Voynoviç satira, yumor ustasıdır və o, gerçəkdən də bu janrda XX əsrin ən parlaq şedevrlərindən birini yaradıb. Bu barədə bir qədər sonra.
1932-ci ildə Tacikistanda, jurnalist ailəsində doğulmuş Vladimir Voynoviç gəncliyində aeroklub üzvü olub, paraşütdən tullanıb. Onu həm yumor və satirasına, həm də çalışdığı işlərə görə “Rusiyanın Əziz Nesini” adlandırmaq olar. Nesin kimi Voynoviç də xarrat, çoban, mexanik, çilingər və sair bu kimi işlərdə işləyib. O, iki dəfə Moskvadakı məşhur Ədəbiyyat İnstitutuna imtahan verib, ancaq qəbul etməyiblər. İki il pedaqoji institutda təhsil alan yazıçı Qazaxıstana xam torpaqların fəthinə yollanıb.
1960-cı ildə radioda redaktor vəzifəsinə düzəlib. Bir-iki ildən sonra onun sözlərinə yazılmış və kosmonavtlara həsr olunmuş (“Startadək on dörd dəqiqə”) mahnı böyük şöhrət qazanıb. Kosmonavtikanın himninə çevrilən bu mahnını orbitdə oxudan kosmonavtlar yerə qayıdanda, SSRİ rəhbəri Xruşov onları məhz bu mahnının sözlərindən sitat gətirərək qarşılayıb. Bundan sonra Voynoviçin qarşısındakı bütün qapılar taybatay açılıb, onu SSRİ Yazıçılar Birliyinin üzvlüyünə qəbul ediblər, şeirləri nüfuzlu ədəbi jurnal və qəzetlərdə çap olunmağa başlayıb.
Ancaq 1963-cü ildə yazdığı və “samizdat” yolu ilə çoxaldılıb yayılan “İvan Çonkin” romanından sonra üzünə açılan qapılar bir-bir bağlanıb. Əsərin birinci hissəsi müəllifin xəbəri və icazəsi olmadan 1969-cu ildə Almaniyada, 1975-ci ildə isə bütöv kitab şəklində Fransada nəşr edilib. Bunun üstündə SSRİ Yazıçılar Birliyindən xaric olunub. Ancaq çox keçmədən Voynoviçi Fransa PEN-klubuna üzv qəbul ediblər.
Voynoviç DTK-ya çağırılıb. Ona başa salıblar ki, əsərlərini xaricdə çap etdirməsi yaxşı iş deyil, öz ölkəsində nəşr etdirsin. Onu daha bir dəfə “Metropol” mehmanxanasına dəvət ediblər və orada psixotrop preparatla zəhərləyiblər. Bundan sonra yazıçı uzun müddət özünü pis hiss edib.
DTK sədrinə, xaricə ölkələrin kütləvi informasiya vasitələrinə şikayət məktubları göndərib.
1980-ci ildə yazıçını SSRİ-dən sürgün ediblər və sovet vətəndaşlığını əlindən alıblar. 1990-cı ildə onu yenidən sovet vətəndaşlığına qəbul ediblər. 1980-92-ci illərdə o, əvvəlcə AFR-də, sonra isə ABŞ-da yaşayıb. Hazırda Moskva ətrafında yaşayır.
“İvan Çonkin”in macəraları barədə eyni adlı iki film çəkilib – biri Almaniyada, digəri Rusiyada.
Bu roman həm sovet dövrünün gerçəkliyini, həm də rus qəlbini, xarakterini gözəl şəkildə açır. Bu əsər ölkəmizdə populyar deyil. Yəqin ona görə ki, dilimizə tərcümə olunmayıb. Bu əsər 1989-cu ildə “Yunost” jurnalının bir neçə nömrəsində dərc edilib. O zaman jurnal öz tarixinin ən böyük tirajı ilə çap olunurdu. Sonradan həmin əsər Rusiyada və Avropa ölkələrində də böyük tirajlarla nəşr olundu və bestsellerə çevrildi.
Voynoviç öz əsərini “roman-anektod” kimi səciyyələndirib və olduqca axıcı, koloritli bir dildə yazıb. Romanı oxuyarkən doğrudan da adama elə gəlir ki, içində yüzlərlə lətifəni birləşdirmiş böyük bir lətifə oxuyursan.
Romandakı hadisələr 1941-ci ilin iyununda baş verir. Sovet hərbi təyyarəsində nasazlıq əmələ gəlir və pilot hava maşınını güc-bəla ilə əvvəllər adı zığ-palçığına görə Qryaznoye olmuş, ancaq sonradan sosialist gerçəkliyinə uyğun gəlmədiyinə görə dəyişdirilib Krasnoye edilmiş kəndin qırağında, dul poçtalyon Nyura Belyaşovanın həyətinin yanında yerə endirir. Pilotun xidmət etdiyi hərbi hissənin ən çəlimsiz, atasından bixəbər, əfəl əsgərini – İvan Çonkini təyyarəyə keşik çəkmək üçün Krasnoye kəndinə göndərirlər. Qısa bir müddət gərnəşə-gərnəşə kəşfiyyat apardıqdan sonra İvan böyrünü dul poçtalyonun yanına verir və onlar ikilikdə can rahatlığı ilə yaşamağa başlayırlar. Və məzəli əhvalatlar start götürür.
Yazıçı kollektivləşmə dövrünün ilk onilliyini yaşayan kəndi, onun hər xasiyyətdə olan əhalisini, fanatik kommunistləri, bir hərf səhvinə görə əlli-ayaqlı gedənləri, sovet demaqoq və çuğullarını, hər gün tutulmağa hazır olan və bunu gözləyən partiya-sovet fəallarını, satqın NKVD işçilərini, dəmdəməki ordu zabitlərini olduqları kimi, necə var, elə təsvir edib.
Çonkinin səhvi onda olur ki, qeyri-qanuni arvadının çoşqası üstündə, nəcislə yeni bitki növü yetişdirməyə çalışan seleksioner qonşusu Qladışevlə dalaşır, onun üstünə tüfəng çəkir. Qladışev tənbəllik etmədən üstünə fərari adı qoyduğu əsgəri NKVD-yə çuğullayır. Qorxunc təşkilatın əsgər və zabitləri Çonkini qulaqlayıb aparmaq istəyərkən, o, müqavimət göstərir. Çünki onu bura təyyarəyə keşik çəkməyə qoyublar və o, postunu tərk edə bilməz. Rayon mərkəzindən əlavə qüvvələr göndərilir, onlar da gəlib Çonkinə əsir düşürlər. İvanı təyyarəyə keşik çəkməyə göndərmiş və onun varlığını unutmuş hərbi hissənin rəhbərliyi də Krasnoyeyə hərbi qüvvə göndərir. Aləm bir-birinə qarışır. Gecənin qaranlığında Çonkinin qaldığı evə yaxınlaşarkən qulağının dibindən qundaq zərbəsi alaraq huşunu itirən NKVD zabiti kapitan Milyaqa gözünü açanda almanlar tərəfindən əsir götürüldüyünü zənn edir. Onu əsir götürən sovet hərbçiləri də Milyaqanın faşist olduğunu güman edirlər. Tərəflər qırıq-sökük alman dilində anlaşırlar. Kapitan canını xilas etmək üçün rus gestaposunun zabiti olduğunu və çoxlu kommunist güllələdiyini, Hitlerə sevgisini etiraf edir. Özünə Miller deyən kapitan başa düşəndə ki, qarşısındakı almanlar yox, sovet zabitləridir, gec olur. Adamı aparıb güllələyirlər.
Sonra Krasnoyedəki əhvalatların sorağı gedib Stalin və Hitlerə də çıxır. Hitlerə xəbər verirlər ki, Krasnoye kəndində bir knyaz peyda olub və o, sovetlərə silahlı müqavimət göstərir. Hitler igid knyaza köməyə tələsir və burada buraxdığı səhv nəticəsində müharibəni uduzur.
Voynoviç bu əsərini yumşalma illərində, şəxsiyyətə pərəstişin ifşa olunduğu vaxtdan sonra yazıb. Dövri mətbuatda yayılmayan, əldə yayılan əsərə maraq, eyni zamanda təpki çox böyük olub. Müharibə veteranları müəllifə qəzəblənirmişlər ki, o, onların rəşadətli şücaətlərini istehza hədəfi edib.
Əslində qarşısına Stalin dövrünün eybəcərliklərindən yazmaq məqsədi qoymuş müəllifin bütövlükdə sosializm quruluşu, kommunizm ideologiyası ilə bir araya sığmayan əsər yaratdığı məlum olub. Belə çıxıb ki, sovet dövləti Stalindən imtina edib, onu yamanlasa da, “xalq düşməni” çıxarsa da, əslində stalinizmdən, totalitar təfəkkürdən imtina etməyib. Saxta vətənpərvərlik, yalançı əmək qəhrəmanlığı, boşboğazlıq, çuğulçuluq, boğazdan yuxarı pafos – hər şey məhz Stalin dövründə olduğu kimidir və bu mövzular tabudur, onlara toxunmaq olmaz. Bu, istedadlı yazıçının başını dərdə salıb və o, öz doğma ölkəsində arzuolunmaz dissidentə çevrilib.
Xalid Asifoğlu

1541 dəfə oxunub
Oxşar xəbərlər
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz
17:45
2 noyabr 2024
Dədə Qorqu casus olub? - Zəhra Həşimova
17:00
1 noyabr 2024
"Fəzlüllah ölməyib, İsa kimi qeybə çəkilib..." - Rəhim Əliyev
12:00
27 oktyabr 2024
"Bu hekayəni söküb, yenidən yığmaq lazımdır..." - Müzakirə
09:00
23 oktyabr 2024
Bəlkə, ədəbiyyatı ləğv edək?
16:00
21 oktyabr 2024
Çar onun arvadının şəklini niyə cibində gəzdirirdi? – Puşkini öldürən xəyanət
15:00
19 oktyabr 2024