Patriarxın günəşli payızı

Patriarxın günəşli payızı
11 sentyabr 2012
# 12:55
Yazıçı-dissident deyəndə adamın gözünün qabağına Aleksandr Soljenitsın gəlir. Ölkəmizdə ən məşhur dissident odur. Soljenitsın XX əsrin dünya şöhrətli dissidentlərindəndir. Ona ən böyük sovet-rus dissidenti də demək olar, bəxti ən çox gətirən dissident də. Onlarla sovet dissidentinin içində yalnız onun soyadı “dissident” sözü ilə sinonimləşdi.

Soljenitsin bütün həmyaşıdlarından çox yaşadı – 90 il. Onlardan daha məşhur oldu – vaxt vardı, bütün dünya ondan və onun əsərlərindən danışırdı. Aleksandr İsayeviç bütün sovet yazıçılarından daha böyük mükafatlara layiq görüldü – başda Nobel mükafatı olmaqla xeyli ədəbi ödüllər aldı. Nikita Xruşovdan başlamış, Brejnev, Andropov və Çernenko ilə davam etmiş, Qorbaçova, Yeltsinə, Putinə qədər bütün sovet-rus liderləri Soljenitsın faktorunun mövcudluğunu bilir, onu nəzərdə saxlayırdılar. Soljenitsın totalitarizmə qalib gələn, onun çökməsini görən və təntənə ilə “gördünüzmü, mən haqlıydım” deyən nadir dissidentlərdəndir.

Adamı yarım əsr boyunca təqib edən, sıxışdıran, türmələrdə yatırdan, sürgünlərdə çürüdən, işsiz, pul-parasız qoyan, axırda zorla ölkənin hüdudlarından çıxarıb qovan DTK (KQB) kimi odioz təşkilatın polkovniki (Vladimir Putin) axırda dövlət başçısı qismində gəlib Soljenitsının qarşısında baş əydi. Bu hadisə 2007-ci ilin 12 iyununda baş vermişdi.

Mütəxəssislərin fikrincə, əslində, Soljenitsının əsərləri ifadəlilik, koloritlilik, poetiklik baxımından Turgenevin hekayələrindən, Tolstoyun romanlarından, eləcə də onun müasirləri olan bir çox yazıçıların əsərlərindən zəifdir. Fəqət bu əsərlərdə elə bir şey var ki, o, digər yazıçıların heç birində bu qədər açıq və cəsarətlə ifadə olunmayıb. Onun adı həqiqətdir.

Soljenitsın həqiqəti olduğu kimi yazan, onu ütüləməyən, malalamayan yazıçı olub. Onun başına gələn bəlaların da səbəbi həqiqəti yazması olub, axırda başına patriarx tacı qoyduran da. Ömrünün son illərində o, rus ədəbi fikrinin, siyasi düşüncəsinin şəriksiz lideri idi.

Ötən əsrin ortalarında Soljenitsın Qazaxıstanın yayda cəhənnəm istisini, qışda Sibir soyuğunu andıran bozqılarındakı sürgün yerlərində, Ekibastuz düşərgəsində xərçəng xəstəsi olaraq Əzrayılla can çəkişə-çəkişə, lampa işığında kitablar oxuya-oxuya, qeydlər edə-edə, şahidi olduğu insan faciələrini sonradan yazmaq qəsdi ilə yaddaşına verə-verə məşəqqət çəkəndə, dissident olmayan sovet yazıçıları Yaltada, Qaqrada, Peredelkinodakı qışda isti, yayda sərin sanatoriyalarda meyli, məzəli, macəralı günlər keçirir, boş vaxtlarında sosializm quruculuğu və zərbəçi kommunistlər, eləcə də mənfur ağqvardiyaçılar və istismarçı kapitalistlər barədə bədii əsərlər yazırdılar.

Soljenitsın gözünün qabağında acınacaqlı türmə şəraitinin şəxsiyyətini alçaldıb məhv etdiyi bədbəxt İvan Denisoviçin bir gününü, fağırlığını, faciəsini qələmə alanda, otel otağında dincələn yazıçılar kommunist Denis İvanoviçin bir beşillikdə iki beşilliyin planını yerinə yetirməsi barədə epopeyalar yaradırdılar.

Aleksandr İsayeviç insan şəraitində yaşamaq üçün qiyama qalxan, bir neçə gün mətanətlə dirəniş göstərən və axırda amansızcasına kütləvi şəkildə güllələnən Ekibastuz dustaqlarının gözünün qarşısında baş vermiş faciəsini qələmə alanda, sovet yazıçıları uzaq Amerikadakı zəncilərin davasını aparırdılar – öz ölkələrində insanların zəncilərdən pis günə qoyulduğunu ya bilmirdilər, ya da özlərini bilmirmiş kimi göstərirdilər.

Soljenitsın isə bütün bu məşəqqətləri görmüş, dərisində hiss etmişdi və yazırdı, özünü bilməzliyə qoya, bütün bunları yazmaya bilmirdi.

Sonradan məlum oldu ki, sovet dövrünün amansız həbs düşərgələrindən keçən əliqələmlilər çox olub. Ancaq onların çoxu çəkdikləri əzab-əziyyəti, düçar olduqları haqsızlığı, şahidi olduqları amansızlığı nəinki qələmə almaq, hətta ən yaxınlarına belə danışmağa cəsarət etməyiblər. Sonradan, 1987-ci ildən başlayaraq ta SSRİ dağılana qədər dövri mətbuatda “düşərgə xatirələri” silsiləsindən çox memuarlar, hekayətlər dərc olundu, ancaq onların hamısı Soljenitsının “QULaq arxipelaqı” epopeyasının, eləcə də Varlam Şalamovun türmə hekayələrinin kölgəsi altında qaldı. Ortaya çıxdı ki, bu əsərlər kampaniyaçılıq dövründə yazılıb və vaxtından çox-çox sonra deyilən sözdür.

Soljenitsın isə vaxtında yazmışdı. Onun sırf həqiqəti əks etdirən əsərləri SSRİ daxilində qadağan olunsa da, hökumətin rəsmi qərarı ilə dövriyyədən çıxarılsa da, yazıçının macal və girəvə tapıb xaricə ötürə bildiyi əsərlər öz tarixi rolunu oynadı. Bu əsərlərin dərcindən və Amerikanı, Avropanı dolaşmasından sonra dünyanı ağzına almış kommunizmə rəğbət dalğası xeyli səngidi. Kommunist totalitarizminə qarşı müqavimət gücləndi. Avropa ölkələrində xeyli populyarlaşmış və güclərini artırmaqda olan kommunist partiyaları böyük zərbə aldılar. İnsanlar bir partiyanın ayrıca götürülmüş bir ölkədə milyonlarla insanı necə köləyə çevirməsindən, daha bir neçə milyonunu isə heç bir vicdan əzabı və məsuliyyət hissi olmadan, sahibsiz it kimi güllələyib, acından, xəstəlikdən öldürüb Sibir çöllərinə səpələməsindən xəbər tutdular. Hamı başa düşdü ki, sovet totalitarizmi böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, istənilən ölkəni bu vəziyyətə sala bilər.

Bu müdhiş sirri dünyaya ən bariz şəkildə, inandırıcılığı ilə məhz Soljenitsn açıb danışdı.

Ən maraqlısı o idi ki, uzun illərdən sonra vətəninə qayıdan və Moskva ətrafındakı bağ evində yaşayan Soljenitsın ömrünün sonuna qədər dissident olaraq qaldı. Rusiya liderlərinin ona böyük ehtiram bəsləməsinə, zaman-zaman ayağına gəlib, onu ziyarət etmələrinə baxmayaraq, Aleksandr İsayeviç onların xeyrinə tərifli söz demədi, onlara yarınmadı, əksinə, özünü həmişə onlardan üstün tutdu və verdiyi müsahibələrdə həqiqəti söyləməkdən çəkinmədi.

Bu gün Yaltada, Peredelkinoda keçən meyli, məzəli, macəralı günlərdə yazılan komsomol nəğmələri ya arxivlərdə tozlanır, ya da makulatura kimi doğranıb ağ kağıza çevrilir, Soljenitsının həbs düşərgəsində soyuqdan titrəyə-titrəyə qələmə aldığı qeydlər əsasında yazdığı əsərlər isə oxunduqca oxunur. Çünki insanlara yalan-palan əsərlər, ideoloji tovlamalarla dolu sicilləmələr lazım deyil, onlara həqiqət və yalnız həqiqət lazımdır.

Söz adamı – şair, yazıçı, publisist, jurnalist həmişə, bütün hallarda, hansı vəziyyətdə olur-olsun, yalnız həqiqəti yazmalıdır. Yalnız o, bir ömrünün baharı soyuq qışlarda keçmiş dustağı payızı günəşli keçən patriarxa çevirə bilər. Kitabxanalar yalnız həqiqət dolu əsərləri qoruyub saxlayır.

Xalid Kazımlı

# 1251 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #