“Rəsulzadənin üstünə qoçuları çağırmışdılar”

“Rəsulzadənin üstünə qoçuları çağırmışdılar”
7 avqust 2012
# 11:00
Kulis.az saytının suallarını tarix elmləri namizədi Altay Göyüşov cavablandırır. Suallarımız Azərbaycan Demokratik Cümhuriyyətinin (ADR) islama münasibəti ilə bağlıdır.


- ADR-nın qurucularının fərdi şəkildə islama münasibəti haqqında nə deyə bilərsiniz? Aralarında açıq şəkildə dinə inanmadığını bildirənlər olmuşdumu?


- Vallah, açığı mən hansısa xadimin “mən Allaha inanmıram” kimi hansısa bir çıxışına, yaxud yazısına rast gəlməmişəm. Fəqət dini kəsimlə müəyyən problemlərin yaşandığı məlumdur. Rus inqilabından sonra icitimai həyatda bizim, həm Müsavat partiyasının rəhbərliyindəki, həm də sol qanadda cəmləşən siyasi xadimlərimizlə din xadimləri arasında qarşıdurma və gərginliyin olduğu inkarolunmazdır.

Bu, gələcək Azərbaycanı dünyəvi görmək istəyənlərlə şəriət iadrəçiliyi istəyənlər arasında olan qarşıdurma idi. Məsələn, 1917-ci ilin oktyabrın 20-də Təzə Pir Məscidində müsəlman ictimaiyyətinin bir yığıncağı keçirilmişdi və burada çıxış edən Rəsulzadə ilə bəzi din xadimləri ilə arasında gərginlik yaşanmışdı. Qəzetlər hətta Rəsulzadənin üstünə qoçuların belə çağrıldığını yazırdılar.

Məhz bu insidentdən sonra Müsavat Partiyası qurulatyı din xadimlərinin seçkilərə müdaxiləsini pisləyən, bunun qarşısını almağa yönəlik bir qərar da qəbul etmişdi. Qəzet səhifələrində bu qarşıdurma xüsusilə açıq şəkildə hiss edilirdi. “Kaspi” qəzetində Şeyxülsilam Pişnamazzadənin siyasi həyata müdaxiləsini kəskin şəkildə pisləyən böyük bir məqalə dərc olunmuşdu və sairə.

- Dinin çox güclü dayaqlarının olduğu, qarşıdurmaların yaşandığı bir zamanda cümhuriyyətçilərin dünyəvi dövlət yaratmağa necə müvəffəq olduqları çox maraqlıdır. Bu haqda nə deyə bilərsiniz?

- Əslində bu proses XIX əsrin ikinci yarısından başlayır. Məmləkətdə cəmiyyətin elitası olmaq uğrunda yeni yaranmış intelligentsiya ilə din xadimləri, yaxud bəzən ibarəli şəklidə deyildiyi kimi kostyumlularla əbalılar arasında qarşıdurma yaranır. Mübarizə birincilərin ikinciləri tam gözdən salması ilə nəticələnir. Bu, niyə baş verdi? Əlbəttə çox səbəblər var. İntelligentsiya öz yazılarında, fəaliyyətlərində mənfəətpərəst din xadimini bütün bəlalaların səbəbkarı kimi təqdim edirdi və bu siyasət uğur qazanırdı.

Aydının din xadiminin əliəyriliyi, savadsızlığı haqqında dedikləri həqiqət olduğu üçün rezonans doğururdu, könüllərə yol tapırdı. Cammat bu “uştel-muştel”-i əvvəl lağa qoysa da, əslində dediklərinə diqqətlə qulaq asır, şüuraltı rəğbəti yaranırdı. Bu rəğbətə ilik baxışda bir-birinə zidd olan iki amil də ciddi təsir göstərirdi. Birincisi intelligentsiya öz xarici görünüşü etibarilə işğalçı, “kafir” rusa çox oxşayırdı və bir növ artıq görünüşünə görə səlahiyyət sahibi, hakimiyyətə yaxın kimsə kimi avam camaatda xof yaradırdı. İkincisi din xadiminin ənənəvi üsuldan istifadə edib, intelligentsiyanı “kafir” kimi təqdim etmək siyasəti uğursuzluğa düçar olmuşdu.

Təsəvvür edin ki, din xadimi bir intelligentə kafir deyir. Həmin o tənqidçi aydın isə camaat arasına çıxıb deyir ki, baxın mənə oxşayanlar daim bu hökumət tərəfindən tutulur, sürgün edilir, təqiblərə məruz qalır, əksinə bu din xadimləri isə həm hökumətdən maaş alır, həm də üstəgəl xütbələrinizdə kafir padışahına dualara oxuyub, camaatı ona itaətə çağırır, halbuki biz aydınlar xitabımızda, yazılarımızda rus padşahını müstəbid adlandırmaqdan çəkinmirik. Bax, bu səmimiyyət və bəsit həqiqətlər bu qarşıdurmada din xadimini də intelligentin avtoriteti ilə barışmağa vadar etmişdi.

Hətta bir çox din xadimləri sonradan aydınların tərəfinə keçmişdi. Məşhur bir hadisə danışım sizə, Zərdabi məsciddə cümə xütbəsi zamanı çox mürtəce bir nəqşibəndi şeyxinə yaxınlaşaraq onun qarşısına “Tərcüman” qəzetini qoyur ki, “xütbəni saxla, camaata bunu oxu”. Şeyxin etirazı nəticəsini vermir, çünki camaatın içərisindən xeyli adam Həsən bəyin müdafiəsinə qalxır. Bir az sonra isə Həsən bəy rus hökumətinə yazdığı petisiyalarla bu radikal din xadiminin ümumiyyətlə əyalətdən uzaqlaşdırılmasına nail olur. Yəni, baxın Kefli İsgəndərin işi hədər getməmişdi, icmanın xeyli üzvünü öz tərəfdarına çevirməyə müvəffəq olmuşdu.

Söhbət avam camaatın öz aydınına inanıb onu dəstkləməsindən gedir ki, məhz bunun sayəsində cümhuriyyətçilər dünyəvi dövləti qurmağa müvəffəq olmuşdular. Camaat dünyəvi dövlət tərəfdarlarının səmimiyyətinə inanırdı. Amma hər halda bu mən düşünürəm ki, burada bir məsələ də nəzərdən qaçırılmamalıdır. Tutaq ki, 1917-ci ildə keçirilən Məclisi Müəssisan seçkilərində “Müsavat”la liberalların koalisiyasının uğuru həm də onunla əlaqədar idi ki, əvvəla “Müsavat” siyasi səhnəyə məhz islam dirçəlişi ideyaları ilə gəlmişdi və cammat onu məhz belə tanıyırdı, camaat bu siyasi qüvvənin dünyəvilik tərəfdarı olmağının, ümumiyyətlə bu anlayışın fərqində deyildi. Məsələn, dini sentimentin aşırı güclü olduğu bölgələr var idi ki, o yerlərdə din xadimi kobud “Bunlar şəriət istəmirlər!” təbliğatı ilə Müsavat-liberal koalisiyasının məğlubiyyətə düçar etmişdi. Təsəvvür edin ki, ümumən 600 mindən çox səs aslıb Qafqazın ən iri siyasi birliyi kimi seçkidən çıxan Müsavat-liberal demokrat birliyi -hətta ümumi Qafqaz üzrə həm bolşeviklərdən, həm də gürcü menşeviklərindən çox səs yığmışdılar- Bakı ətrafındakı kəndlərdə ağır məğlubiyyətə uğramışdı, burada camaat birmənalı şəklidə islamçı “İttihad”a səs vermişdi. Hətta Məmməd Əmin bəyin öz kəndlərində, yəni Novxanıda belə Müsavat məğlub olmuşdu.

- İslama qarşı sərt münasibəti ilə diqqət çəkən köşə yazarları bayrağımızın yaşıl rəngini nəzərdə tutaraq bayrağa sərt münasibətlə eyniləşdirirlər. Ümumilikdə dünyəvi bir cümhuriyyətin bayrağında yaşıl rəngin yer almasınını necə izah edərdiniz?

- Bayraqdakı yaşıl rəngin İslama birbaşa dəxli var, amma şəriət idarəçiliyinə heç bir aidiyyatı yoxdur. Söhbət 20-ci əsrin əvvəllərindən gedir. Bu camaatın kimliyi müsəlmandır, yaxud daha konret desək, İslam dini içərsində olan konkret məzhəbdir. İnsandan sən kimsən soruşanda Məhəmməd ümmətiyəm, əhli beytdənəm, yaxud sadəcə müsəlmanam deyə cavab verirdi. Aydının ilk dirçəliş nəzəriyyəsi də məhz İslam ümmətinin diirçəlişini nəzərdə tutulurdu, çünki o özü də kimlyini məhz müsəlman kimi görürdü. Təsadüfi deyil ki, bizim aydınların ilk başladıqları hərəkat sünnü-şiə parçalanmasına qarşı yönəlib və hamını məhz ümumiləşdirici müsəlman çətiri altında birləşdirmək haqqında düşünürdülər.

Baxın, yaşıl rəng məhz bunun ifadəsidir. Artıq Avropada etnik kimliklər əsas götürülürdü. Sərhədlər, dövlətlər məhz etnik kimliyin məhsulu kimi nəzərdən keçirlməyə başlayır. Avropadakı küləklərdən xəbədrar olan yerli aydın da məhz onun təsiri altında özünün sekulyar etnik kimlyini axtarır. Bu, heç də asan olmur. Biz Axundovu bu hərəkatın başlanğıcı kimi nəzərdən keçiririk, amma Axundov elə özü də axtarışdadır. Bütün dünyadakı elmi ədəbiyyatlarda Axundovu həm də dünyəvi İran milliyyətçiliyinin banisi adlandırılır. Bu da səhv deyil əslində, söhbət ondadır ki, Axundov artıq yeni kimliyin dünyəvi olacağına əmindir, amma onun etnik mənsubiyyəti formlaşmayıb, o daha çox dünyəvi müsəlmandır, nəinki türkdür, iranlıdır və sairə. Ağayev Parsidə özünü iranlı kimi təqdim edir. Yaşadığı cəmiyyət haqqında məqalə yazarkən onu “fars cəmiyyəti” adlandırır. Amma bütün bunlarla yanaşı durluma da gedir və “dünyəvi millət” formulunun əvvəl etnik tərkib hissəsi məsələsində Qafqaz türkü anlayışı, bunun üzərindən isə Azərbaycan məvhumu siyasi istifadəyə daxil edilir. Bununla da göy rəng bayraqda yerini möhkəmləndrimiş olur. Nəhayət o dövr sosial bərabərlik ideyalarının populyarlaşdığı bir dövrü idi və bizim aydın da buna biganə deyildi. Əslində bizmkilər elə bil bu üç dəbi öz ideyalarına çuğlaşdıran aydınlar idi. Sadəcə birində bu üç ideloji dəbdən birinin digərində isə o birinin dozası çox olurdu. Baxın biz Nərimanovu birmənalı solçu kimi qəbul edirik, halbuki Qərb ədəbiyyatında onu müsəlman modernisti də, milliyyətçi də adlandıranlar var. Özü də bu səhv deyil. Baxın Zəki Validi Toqan Başqırd Sovet Cümhuriyyətinin rəhbəri olub, sonra Türkiyəyə qaçıb milliyətçiliyin əsas ideoloqlarından birinə çevrilib. Deməli qırmızı rəng bizimkilərə yad deyildi. əslində ilk milli bayraq ümumiyyətlə tam qırmızı rəngdə idi. İstər milliyyətçi “Müsavat” olsun, istərsə də islamçı “İttihad”, onların danışıqlarında sol ritorika həddən kifayər qədər idi, amma bu o demək deyildi ki, “Müsavat” burada kommunist idarəçiliyi istəyirdi. Yaşıl rəng də həmçinin. O yeni qurulan milli dünyəvi kimliyin mədəni reallıqlarından biri kimi nəzərdən keçirilir və qəbul edilirdi.

- İslamçı “İttihad” partiyasının araşdırmaçısı kimi o dövrün islamçı siyasi qüvvəsinin Kommunist Partiyası ilə sıx münasibətlərini necə izah edirsiniz?

- Heç bir sıx münasibət olmayıb, ictimaiyyətə tamamilə yanlış şəklində çatdırılan məlumatlardır. Sovet tarixşünaslığı “İttihad”ı “Müsavat”dan az söyməyib. 1920-ci il aprelin 28-dən sonra sovetlərə qarşı üsyanların xeyli hissəsini məhz ittihadçılar təşkil edib. Sadəcə SSRİ dağılandan sonra dominant kommunist ideologiyası millətçi ideolgiya və onun mənbələri ilə, o cümlədən “Müsavat” qurucularının yazdıqları ilə əvəz olundu. “Müsavat” ilə “İttihad” isə həm ideoloji, həm də siyasi rəqib olublar. “Müsavat” mənbələri qeydsiz şətrsiz qəbul edildiyindən ittihadçıların da kommunistlərlə birləşməsi haqqında sırf siyasi propaqanda müasir ictimai rəyə yol tapdı, hətta bir az da təhrif edilib bayağılaşdırldı. Yəni, cümhuriyyət dövründə ittihadçıların kommunistlərlə heç bir iş birliyi olmayıb, ola bilər ki, iki müxalif qüvvənin iqtidara qarşı tənqidində oxşar məqamlar olsun amma bu işbirliyi demək deyildi, maraqlı odur ki, “İttihad” lideri Qarabəyovu ittiham edənlər çox vaxt Türkiyədəki mənbələrə istinad edirdilər. Halbuki, vaxtilə istər Ağayev, istər Hüseynzadə bu ittihamlıarın böhtan olduğunu dilə gətrimişdilər. Bir dəfə yazmışam ki, Nuru Paşa Azərbaycana gələndə ən çox təmas qurduğu adamlardan biri Qarabəyov idi, onu hətta Bakıda şəhərin azad olunması ilə əlaqədar keçiriləcək təntənə komissiyasının rəhbəri də qoyublar. Onu da deyim ki, Qarabəyov parlamentə q istiqlal dövründə keçirilmiş əlavə seçkilərdə seçilib.
# 1303 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #