Əlağa Vahidin ürəyini rus qızına Cəfər Cabbarlı açmışdı

Əlağa Vahidin ürəyini rus qızına Cəfər Cabbarlı açmışdı
17 iyul 2012
# 16:05
Kənan Hacı


Bizim evdə onun göy cildli qalın kitabı vardı... Üstündə “Qəzəllər” yazılmışdı. Atam yazıb-oxumaq bilmirdi, həmişə məndən xahiş edərdi ki, onun qəzəllərini oxuyum, qulaq assın. Mən oxuyardım və atam da bəh-bəhlə başını yelləyərdi.

Bir vaxt hiss etdim ki, bu sadə el şairinin sehrinə düşmüşəm. Atam onu canlı şəkildə el şənliklərində, toy məclislərində çox görmüşdü. O, kənd toylarında qəzəl və meyxana deyərmiş. Meyxananı mən də xoşlamıram. Amma düşünəndə ki, ədəbiyyatın Ezop dili ilə danışdığı vaxtlarda meyxana xalqın dərdlərini birbaşa dilə gətirirdi, o zamankı meyxanaya rəğbətim artır. Ədəbiyyat sovet sistemini söyə bilmirdi, amma meyxana söyüşün sərhədində dayanıb totalitarizmi lənətləyirdi.

Vahid xalqın danışan dili idi. O, mollaxana təhsili almışdı. Özü danışırmış ki, məhəlləmizdə bir mədrəsə vardı, məni o mədrəsəyə qoydular. Orda əlifbanı öyrənəndən sonra iki-üç il də oxudum və farsca yazıb-oxumağı öyrəndim. Onun bildikləri mədrəsənin öyrətdiklərindən o tərəfə keçmirdi. Vahid dəfələrlə təəssüf hissiylə deyərmiş ki, çox oxusaydım, daha yaxşı yazardım.

Sonra ehtiyac üzündən mollaxananı buraxıb xarratlıq etməyə başlayıb.

Amma adamı heyrətə gətirən odur ki, bu qədər məhdud biliklə Vahid ədəbiyyat tariximizə düşəcək qəzəllər yazdı. Seyyid Əzim Şirvanidən sonra qəzəli daha da sadələşdirdi, xalq dilinə daha yaxın şəkildə yazdı və buna görə də onun yazdıqları dillər əzbərinə çevrildi.

Əliağa Vahid ədəbiyyata gələndə Birinci Dünya Müharibəsi yenicə başlamışdı. İlk şeirini 1915-ci ildə “İqbal” qəzetində dərc etdirən şair satirik şeirlər yazır, mövhumatı, zülm və istibdadı ifşa edirdi. Həmin qəzet mütərəqqi fikirli türk qəzeti idi. Məhəmməd Əmin Rəsulzadə bu qəzetin baş mühərriri olmuşdu.

İndi Mirzə Ələkbər Sabirin heykəli olan yer mətbəə idi. Vahidin öz səsində xatirələri lentə alınıb. Rafael Hüseynov o xatirələri yazıya köçürüb. Vahid özü bu haqda belə danışır:

“Getdik həmin mətbəəyə. Girdik içəri, gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundovdu. Bir neçə adam vardı, onları tanımadım. Azər (Əliağa Vahidin ustadı olmuş Məşədi Azər – K. H) onlara tapşırdı ki, bu uşaqdan muğayat olun. Şeir yazsa, çap eləyin. Mən də sevindim. Qərəz, bayıra çıxanda Azərin əlində qəzet vardı. Oxudu mənim üçün. Qafiyələri “dad”, “fəsad”, “fəryad”- belə gedirdi. Mən də getdim evə, gecəynən o qafiyədə bir şeir yazdım. Səhərisi gün “İqbal” qəzetində çıxdı”. (Rafael Hüseynov, “Min ikinci gecə” kitabından).

Vahid “Babayi-Əmir” jurnalında dadlı-duzlu felyetonlarıyla çıxış edirdi. Təəssüf ki, Vahidin felyetonları hələ də kitab şəklində nəşr olunmayıb.

Gəldi Məhərrəm ayı,
molla fırıldaq dayı.

Qoşul rövzəxanlara,
Köhnə müsəlmanlara,
Gündə get ehsanlara,
Ye bozbaşı, iç çayı,
Molla fırıldaq dayı.

Yanla molla Qəvamı,
Tovla beş-on avamı,
Qətlə yetir İmamı,
Özün də Şümrün tayı,
Molla fırıldaq dayı.

Əzəldən dolaşıqsan,
Nə molla, nə aşıqsan,
Hər qazanda qaşıqsan,
Hərcayısan, hərcayı.
Molla fırıldaq dayı.

Dillər əzbərinə çevrilmiş qəzəllərindən əvvəl Vahid belə həcvlər yazıb, cəhaləti yamanlayıb. “Molla Nəsrəddin” jurnalında da onun bir neçə satirik şeiri Əliağa İsgəndəriov imzasıyla dərc olunub. Yumor damarı, mizah dili Vahiddə sonrakı dövrdə də qaldı. Onun Hitleri, faşizmi lənətləyən şeirləri xalq ədəbiyyatı örnəkləri kimi dillərdə dolaşırdı. Buna görə 1943-cü ildə Vahidə “Əməkdar İncəsənət Xadimi” fəxri adı verilmişdi.

Amma Vahidi Vahid edən onun canayatan qəzəlləri oldu. Onun vaxtın təqvimində qalmasına vəsilə oldu bu qəzəllər. Vahid qəzəli ərəb-fars sözlərindən qismən təmizlədi, xalq bu qəzəlləri süngər kimi canına çəkdi.

Vahid badəpərəst idi. Bunun səbəblərini özü öz qəzəllərində məzəli tonda açıqlayıb:

Məni aludeyi-mey gözləri ahulər edib,
Qurtaran varmı əlindən bu xətəkarlərin.


Amma səbəb təkcə bu deyildi. Akademik Əziz Mirəhmədov xatirələrində yazır ki, Vahidi həmişə məcnunvari görkəmdə görmüşəm. Bakıdakı beşmərtəbə ətrafında, Zərgərlər məhəlləsində, bəzən də “Novaya Yevropa” restoranında pəjmürdə halda gəzib-dolaşar, dostlarla mey məclislərində dərdini dağıdardı. Amma o, adi badəpərəst kefcillərdən deyildi. Onun sərməstliyi yaşayışa, güzərana qarşı, quruluşa qarşı etirazın bir forması idi. Xalq Vahidi belə də sevirdi. Onun təbi saat kimi işləyirdi.

Bir dəfə Hüseyn Cavidlə bir məclisdə olurlar. Vahid badə qaldırmaq istəyəndə Cavid artıq tövbə etdiyini və içmədiyini deyir. Vahid özünü sındırmadan bədahətən bu misraları söyləyir:

Cavid eləyib şərabı tövbə,
Yarəb, bizə çatmasın bu növbə!


Yalan-gerçək danışırlar ki, bir dəfə Mir Cəfər Bağırov da onu yanına çağırıb içməsinə görə xeyli danlayır. Axırda Vahidə deyir: İndi de sən öl, içməyəcəyəm. Vahid başını qaldırıb deyir, seyid, sən öl, içəcəyəm. Bu fakt Hüseyn Abbaszadənin də xatirələrində yer alır.

Yaz-yay mövsümlərində Vahidin əlində həmişə qızılgül olarmış.

Deyilənə görə, gəncliyində Polina adlı bir rus qızını sevirmiş. Amma rus dilini pis bildiyindən ürəyini ona aça bilmirmiş. Bir gün Cəfər Cabbarlıya sirrini açır və ona deyir ki, amanın günüdür, mənə kömək elə, dərdimi deyə bilmirəm. Cəfər Vahidə kömək edir, sonralar Vahid həmin qızla evlənir. Amma onların övladları olmur və bu da Vahidi çox sıxırdı, narahat edirdi.

Bir gün xəstəxanada ona qulluq edən şəfqət bacısına “adamın belə arvadı ola” deyir, həmin qadın da zarafatla qayıdır ki, “alsan, niyə olmur”. Bu zarafat onların evlənməsiylə nəticələnir. Vahidin nəslinin davamı olacaq övladlarını da elə bu qadın dünyaya gətirir.

Vahid haqqında xatirələr indi də dildə-ağızda gəzir. Çoxu bilmir ki, o, “Leyli və Məcnun” tamaşasında Zeyd obrazında səhnəyə çıxıb. Bu hadisənin maraqlı tarixçəsi var. Vahid Aşqabadda imiş, eşidir ki, Azərbaycan opera teatrı bu şəhərə qastrola gəlib və “Leyli və Məcnun” tamaşasını göstərəcəklər. Özünü tamaşaya yetirir. Sən demə, Zeydi oynayacaq aktyor xəstələnibmiş, onu əvəz edəcək adam tapa bilmirmişlər. Hüseynqulu Sarabski Vahidi görcək tez ona yaxınlaşır və onu dilə tutur ki, Zeyd rolunu oynamağa razılıq versin. Vahid heç cür razılıq vermir. Sarabski isə inadından dönmür, çünki tamaşanı xilas etmək lazım idi.

Sarabski Zeydin sözlərini Vahidə yazdırır ki, tez əzbərləsin. Axır ki, Zeydin səhnəyə çıxması anı yetişir, tərslikdən sözlər Vahidin yadından çıxır və öz təbi onu xilas edir. Vahid bədahətən deyir:

Məcnunə deyən yox ki, ey aşiqi-biçarə,
Vahidlə nə karın var, qoysun səni avarə.

O, həyatını fənayə sərf etmədi. Ədəbiyyat tariximizdə qəzəlin sonuncu mogikanı kimi qaldı...
# 3042 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #