Anar yaxşı, Pamuk pis atadır

Anar yaxşı, Pamuk pis atadır
23 sentyabr 2011
# 10:42
Anarın ssenarisini yazmış olduğu “Dədə Qorqud” filminin sonunda Qazan xanın oğlu Turalın ölməməsi, sağ qalması məni yaman kövrəldir. Daha doğrusu, özüm ana olandan sonra filmin bu yeri təsir edib mənə. Anam “özün ana olunca mənim qədrimi biləssən, dayan!” deyə hədələdiyi kimi Qazan xan da ekrandan üzübəri məni hədələyib zaman-zaman, mən bilməmişəm.

Mən Qazan xanın məğlubiyyətini nə ona, nə də Turala bağışlamırdım. Turalın ürəyiyuxalıq, humanistlik eləyib Aruzun başını kəsməməyinə yanıb-yaxılırdım uşaqkən. Onda ki, mən səmimi bir tamaşaçıydım, yəni filmin ora-burasını qurdalayan, altını-üstünə çevirən, hər sözündə, hər kadrında qüsur axtaran kinoşünas deyildim.

Dastanda Tural və Günel obrazları yoxdu. Anar öz uşaqlarının adlarını qəhrəmanlarına verib. Turalla Günel xoşbəxt olurlar filmin sonunda, Anar ata ürəyinin səsinə cavab verib ssenarini yazarkən. Mən bu hissi bu yaxınlarda lap gözəl başa düşdüm. Ən yaxın rəfiqəmin qızı dünyaya göz açdı, adını Maya qoydular. Yarımçıq bir əsərimin qəhrəmanının adıdı Maya. Əsərimdəki Mayanın axırı yaxşı qurtarmamalıdı. Ona görə qəhrəmanımın adını dəyişmək istəyirəm. Orxan Pamukun “Qara kitab”ının qəhrəmanı da Orxanın qızının adını daşıyır. “Qara kitab” dakı Röyanın da axırı yaxşı qurtarmır amma.

Bizim yazıçılığımız da əsl azərbaycansayağıdır. “Oğul mənimdi, adını traktor qoyuram” tipli mübahisələrin sonunda, bıçaq sümüyə dirənəndə bu cümləni işlədirik, adətən. Amma artıq oğlumuzun adını “Traktor” qoya bilməyəcəyik, çünki daha “qırmızı-sarı işıq” kimi dillərə düşən qanun mövcuddur. Yaxşı ki... pis ki... deyə bilməyəcəm.

Güntay Gəncalpdan eşitdiyimə, daha doğrusu, oxuduğuma görə, Güney Azərbaycanda azərilər öz uşaqlarına əsl türk adları qoya bilmirlərmiş, yasaqmış. Məsələn, Baloğlan, Güloğlan kimi əsl türk kökənli mənalar daşıyan adları balalarımıza vermək daha da zormuş. Əslində, bizdə də hardasa bu “qırmızı-sarı işıq” azadlığın önünü kəsir. Yalnız bir yanını sevdim bu qırmızı-sarı işığın, çox təkrarlanan, şablonlaşmış adlardan qaçındırmağa çalışmalıdır valideynləri, deyilənə görə. Buna nə qədər nail olunacaq, bilmirəm.

Belə bir fikir var ki, hər bir insanın xarakteri daşıdığı adın mənası ilə uzlaşır. Elə “Dədə Qorqud” dastanından da, bildiyimiz kimi, ad seçimi, adqoyma mərasimi bizim üçün nə qədər böyük önəm daşıyırmış. Amma indi çox vaxt biz adın işıqlı mənasının olmasına, övladımızın həyatına yaxşı təsir etməsinə-zadına fikir vermirik, dəblə ayaqlaşmağa çalışırıq.

Qızım məktəbə gedir, həvəslə sinif yoldaşlarından danışır. Danışdıqlarından məlum olur ki, siniflərindəki cəmi on iki qızdan üçünün adı Xədicə, ikisinin adı Nəzrin, ikisinin adı Nilufərdir. Şablonlaşmış oğlan adları da çoxdur: Əli, Həsən, Məhəmməd və s.

Türklərin adlarına, soyadlarına baxıram, qibtə eləyirəm. Bizdə isə hər beş nəfərdən biri Ağayevdi, Vəliyevdi.
Uşaqlarım oyun oynayarkən, adlarını dəyişirlər. Özlərinə ürəkləri istəyən adı seçirlər, yadıma gəlir ki, uşaq ikən mən də Sevinc adından nifrət edirdim. Elə indi də bu ad qeyri-ciddi gəlir mənə nədənsə, mənə heç yaraşmır bu ad.

“Dədə Qorqud” dastanında mütləq insan bir şücaət göstərib özünə nam qazanırdı. Bizsə şeir yazıb özümüzə təxəllüs seçmişik. Bir nəfər mənə müsahibə üçün suallar göndərmişdi internetlə. Nə isə o müsahibə alınmadı, amma müsahibənin ilk sualı hələ də yadımdadı və çox xoşuma gəlmişdi. Sual belə idi: “Pərvanə olmaq sevincdirmi?” Deyəsən, elə bu suala cavab verə bilmədiyimdən o müsahibəni də verə bilməmişdim.

Kasıb itinin adını “Gümüş” qoyur həmişə. Aqşin isə deyir ki, acığını sevdiyi qadından çıxan kişinin böyük oğlunun adı Ümiddir.

Hekayələrimə ad seçərkən, çətinlik çəkirəm. Çalışıram ki, tanıdığım adamların adlarını verməyim qəhrəmanlarıma.

Gəlib savaşmasınlar mənimlə. Atamın iki adı var.

Uşaqlığında daşıdığı adı qonşularının ucbatından dəyişməli olub babam-nənəm. Qonşu balağını əlinə alıb nənəmin üstünə hücum çəkibmiş ki, mənim ölmüş oğlumun adını oğluna qoyubsan ki, mənə göz dağı olsun.


P.S. Belə-belə işlər, əziz oxucu. Bir oğlum da olsa, adını “Oxucu” qoyacam, inciməsən.
# 1144 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #