Orxan Pamuk: Venesiyada öpüşmək

Orxan Pamuk: Venesiyada öpüşmək
20 sentyabr 2011
# 06:00
Rialto körpüsü yaxınlığında bir yerdə, balıq bazarının düz yanında bir cütlük öpüşürdü. Həmin adam da, qadın da yaxşı geyinmiş, uzunboylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı özünəməxsus şəhər kimi nəzərə çarpdıran memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşam vaxtının xoş, həlim işığı, qızılı və çəhrayı rəngləri vardı.

Böyük Kanalın (Grand Canal) düz yanında, boş bir ərazidə idilər. Bir-birlərinə aludə olmuş, qollarını bir-birlərinin bədəninə dolamış və bütün dünyanı unutmuşdular.

Yenə də bir an, özüm-özümdən “Görəsən kameralar hardadı?” deyə soruşmaya bilmədim. Sonra öpüşən bir cütlüyə maraqla baxmağın etik cəhətdən düzgün olmadığını düşünərək başımı digər tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi, hamı kimi məni də bir qədər kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də bu hiss, bu dəfə Venesiyaya xoşbəxt olmağa gəldiyim üçün beləydi.

Ürəklə öpüşən cütlüyə zərifliklə, mizanla baxa bilməyimin bir başqa səbəbi də, sonuncu romanım olan “Məsumiyyət Muzeyi”ndə bu mövzularda əməlli-başlı qələm işlətmiş olmağımla bağlıydı. Qərb mədəniyyətindən başqa, xüsusən müsəlman ölkələrində yaşayan mənim kimi milyonlarla adam var ki, dodaq-dodağa öpüşən iki sevgilini (təbii ki, dodaq-dodağa öpüşmək üçün hökmən, sevgili olmaq lazım deyil) gündəlik həyatında qətiyyən görə bilməz. Qərbdən başqa dünyada dodaqdan öpüşmək (Brejnev ilə Honnekerdən başqa) ya evdə yataq otaqlarında baş verir, ya da filmlərdə. Oxşarım olan yüz milyonlarla, milyardlarla dünya vətəndaşı kimi mən də dodaq-dodağa öpüşməyi həyatımda ilk dəfə kinoda gördüm – mən uşaq olanda Türkiyədə hələ televizor yox idi.

“Öpüşərkən burunları bir-birinə dəyirmi?” - deyə fikirləşdiyimi də xatırlayıram.

Kino tarixinin ən gözəl və ən unudulmaz öpüşmə səhnəsini Hiçkok çəkib, amma zənn edildiyi kimi, “Notarious” filmində deyil, “North by Northwest” filimndəki qatar səhnəsində. Burada Çikaqo qatarlarının dar kupesində Harri Qrant ilə Eva Mari Sent öpüşərkən, öz ətraflarında fırlanaraq, demək olar ki, bir dairə cızırlar. Bəlkə də bu, öpüşməyin necə də həyəcanlandırıcı bir şey olduğunu kinosevərlərə hiss etdirmək üçündür. Amma, bu filmləri, öpüşmə səhnələrini, kamera qarşısında fırlanan cütlükləri doya-doya seyr edərkən, bəlkə də, hələ doya-doya öpüşə bildiyim bir sevgilim olmadığı üçün – sünilikdən narazı qalardım.

Gənc olanda, həyatımda ilk dəfə küçədə öpüşən iki nəfəri, İstanbulun varlıların yay evlərinə gəlib-getdiyi məhəllələrin birində gördüm. Kamera qarşısında dayanan iki ulduz aktyor, rejissorun “motor” sözünü eşidən kimi əvvəlcə əllərindəki nanəli-mentollu spreydən ağızlarına fıs-fıs edərək iki dəfə vurur, sonra öpüşürdülər. Türk qəzetlərində “Artıq sarımsaq yeyəndən sonra utanmayacaqsınız!” deyə reklamı gedən (və bu gün çoxdan unudulmuş olan) bu sprey, bizim məhəllənin heç öpüşməyən qızları arasında bir vaxtlar dəbdə olmuşdu.

Venesiyadakı ilk günlərimdə Rialto yaxınlığındakı gözəl cütlükdən başqa, künc-bucaqda öpüşən saysız cütlüklər gördüm. Onları gördükcə, kinoları mənə xatırladan bir başqa şey, öpüşənlərin arasında, eynən filmlərdəki kimi, həmişə gözəl mənzərənin olması idi. Gözəl bir mənzərə gördükcə düşünürdüm: bizləri öpüşməyə həvəsləndirən şey nədir? Yəqin ki, bu dünyanın və həyatın əslində, nə qədər gözəl ola biləcəyinin bir an fərqinə varmaqdı. Bundan başqa turizm statistikası və evliliklə bağlı mütəxəssislər, ən xoşbəxt olmayan cütlüklərin belə istirahət etdiklərində bir-birlərinə yaxınlaşdıqlarını deyirlər.

Amma hər gözəl mənzərə bizdə öpüşmək istəyi, ya da xoşbəxtlik hissi oyandıra bilməz. Bəzi mənzərələr bizdə qorxu, hətta metafizik narahatlıq, bəziləri rahatlıq və hüzn, bəziləri də - İstanbulda olanda məndə olduğu kimi - bezginlik hissi oyandırır. Eynən bəzi şəhərlərdə işləməli, bəzilərinin əylənməli, bəzilərinin baş götürüb qaçırmalı, bəzilərinin tətil keçirilməli, bəzilərinin kədərlənməli, bəzi şəhərlərin də ölməli bir yer olduğu kimi, Venesiya da oraya qaçan bir çox turist üçün xoşbəxt olmalı bir yerdir. Bu dünyada xoşbəxt olmağın mümkünlüyünü Venesiya mənzərələrin dərinliyini içimizdə hiss edəndə anlayırıq. Bəlkə də, bu sevinc bizləri öpüşməyə dəvət edir...

Min illik Venesiya-İstanbul əlaqələrindən danışaraq mənə bir xoşgəldin mükafatı verən kübar Veneto valisi, tədbirdən sonra çox gözəl bir qadına sahib olmaqla qürurlanan bir kişi kimi, məni bir kənara çəkdi və otağından görünən mənzərəni göstərdi. Grand Canala baxan artırmaya çıxdıq. Qarşımda möhtəşəm bir mənzərə, yaşayan bir Kanelletto (Kaneletto – Canelletto - Venesiyada rəssam olub - kanal şəkilləri çəkərək məşhurlaşıb - Fərid Hüseyn) gördüm.

Vali yan tərəfdəki Palazzonun (bina – F.H.) artırmasını göstərib gülümsəyərək dedi: “Burdan mənzərə daha gözəl olmalıdır”.

O artırma isə, bu dünyada xoşbəxt ola biləcəyini hiss edib öpüşmək üçün ən uyğun yer ola bilər...


Uyğunlaşdıran:Fərid Hüseyn
# 1824 dəfə oxunub

Oxşar xəbərlər

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər