İntellektual fahişə ilə mənimki alınmadı

İntellektual fahişə ilə mənimki alınmadı
22 avqust 2011
# 06:00
Mən onu sevirdim.

Yaraşıqlı, parıltılı gözlərinin dərinliyində intəhasız kədər oxunan bu qadını, özünü necə aparmasından asılı olmayaraq sevirdim.

Tanışlığımız Facebook-da başlanmışdı. Mən ona bir dostumun məsləhəti ilə dostluq təklifi göndərmiş, dostluq təklifimi qəbul edən kimi yazışmağa başlamışdıq.

Biz tanış olanda ərindən boşanmağının iki ili tamam olmuşdu.
Mən Gəncədə yenicə açdığım ofisdə oturub saatlarla Facebook-da onunla danışmaqdan zövq alırdım.

Hər şeydən danışa biləcəyim ilk qadın idi.

Oxuduğu kitablardan həvəslə danışırdı.

İngilis və rus dillərini yaxşı bildiyi üçün bu dillərdə çox geniş mütaliəsi vardı. Feyxtvangeri, Şlinki, Peter Stamm və Nitşe haqqında saatlarla söhbətlərimiz olurdu.

Getdikcə ona daha çox bağlanırdım.

Həyatımın elə bir dönəmində qarşıma çıxmışdı ki, ondan imtina edəcək qədər güclü deyildim.

Həmişə onun məni daha yaxşı başa düşdüyünü hiss edir, gündən-günə onunla daha yaxından ünsiyyət qurmağa çalışırdım.

Hələlik ancaq Facebook-da ədəbiyyatdan, elmdən, dünyada gedən proseslərdən danışırdıq.

Mən onun bütün fotolarını bilgisayarıma endirib, bütün günü gizlicə bu fotolara baxırdım.

Nə qədər qəribə səslənsə də mən ona vurulmuşdum.

Ailəm, işim, nüfuzum…

Bir gəncə lazım ola biləcək hər şeyim vardı.

Hiss edirdim ki, xanımım da məni sevir.

Və oğlum…

Oğlum mənim həyatımın bir parçası idi.

Hər gün işdən gəlib saatlarla onunla oynamamış yuxuya gedə bilmirdim.

Amma o qadın…

Onu elə bağlanmışdım ki, bütün günü düşüncələrimi məşğul edirdi. Və ona bağlılığım sonda oğlumdan ayrılığıma səbəb oldu.

Heç vaxt əlindən tutmadığım bu qadın bütün həyatımın darmadağın olmasını tezləşdirdi.

O universitetdə çalışırdı. Səkkiz yaş məndən böyük idi.

Hərisliklə mütaliə eləməyi, kübar həyatı, zövqlə geyinməyi, süslənib bəzənməyi sevirdi.

O çox intellektual idi və işi üçün dəli divanə idi.

İş vaxtı qurtardıqdan sonra ən azı 2-3 saat iş yerində qalırdı.

Bütün bunları mən virtual sevgili olduğumuz vaxtlarda öyrənmişdim.

O gec də olsa öz sahəsində uğur qazanmaq üçün magistratura oxumağa qərar vermiş, İqtisad Universitetində magistr təhsili alırdı.

Mən isə indi qapadılmış universitetlərdən birində magistaturada oxuyurdum. İmtahanlarda iştirak etmək üçün ikimizdə Bakıdaydıq.

Görüşməyimizə gözəl şans yaranmışdı.

Hələ bir-birimizi üzdən tanımır, telefonla bir-birimizə od-alovlu hisslərimizi çatdırırdıq.

Metronun “İçərişəhər” stansiyasının qarşısında görüşdük. Fotolardakı kimi gözəl olmasa da, çox sevimli və şirin idi.

Kafelərin birində oturub xeyli söhbət elədik.

Mən boşanmaq istədiyimi, ailə həyatının məni sıxmasını, ailə adamı olmadığımı ona utana-utana anladır, o isə gülə-gülə, sıxılmadan mənə məsləhətlər verirdi.

Virtualda bir-birimizə bol-bol kompliment yağdırsaq da, real görüşdə özümüz haqqında heç nə danışa bilmirdik.

O da boşanmağından, həyatından, indi artıq 6-cı sinifə gedən qızından danışır, virtual aləmdə bir-birimizə eşq élan eləməyimizi qabartmırdı.

İki saat oturub söhbət eləyib ayrıldıq.

O gecəni sabaha qədər mesajlaşdıq.

O qadınla yaxınlaşdıqca ailəmdən uzaqlaşırdım.Yalnız oğlumu, bir də onu düşünürdüm.

Gəncəyə qayıdan kimi, ailəmi rayona göndərdim. İlk dəfə idi ki, oğlumdan uzun müddət uzaq qalır, amma çox az darıxırdım.

O mənim bütün həyatımı doldurmağa çalışırdı.

Bütün günümü məşğul edirdi.

Yenicə açdığım hazırlıq kursu onun sayəsində dağıldı.

Səhərə qədər telefonda danışırdıq.

Kitablardan başlayan söhbətimiz kişi-qadın münasibətlərinə qədər gəlib çıxmışdı.

Artıq biz seksdən danışır, ilk şansdaca yatmağı düşünürdük.

Mən onun o qədər də cazibəli olmayan bədənini dəlicəsinə arzulayırdım.

İçimdə baş qaldıram bu dəli istəyə qarşı çıxmaq və özümü bu qadının sehrindən uzaqlaşdırmam qeyri-mümkün idi.

Söhbət yatmağa gələndə, hər dəfə o tərəddüd edirdi.

Ərsiz bir qadının tərəddüd etməsi qəribə görünürdü mənə.

Və günlərin bir günü bu intellektual xanımı; kitablardan danışan, mənə oxumağı birdaha sevdirən bu qadını izləməyə başladım.

Təsadüfən çalışdığı universitetin qarşısında bahalı maşına əyləşib, naməlum istiqamətə getdiyini gördüm.

Dostumun maşınını arxasınca sürdüm və hər şeyi öz gözlərimlə gördüm.

Boşanma zamanı ərindən qopardığı mənzil onun sevgililəri ilə görüşdüyü yeganə məkan deyildi.

Bunu çox sonralar öyrənə bilmişdim.

O gündən etibarən münasibətlərimizi davam etdirsək də, mən onu izləməyə başladım.

Onu dəli kimi qısqanırdım.

Mən onu qısqanmağa başladıqdan sonra o daha da irəli gedir, məni daha çox özünə bağlamaq üçün cürbəcür kədərli hekayələr uydurur, sabiq ərinin ona verdiyi işgəncələrdən danışırdı.

Mən isə onun sabiq ərinin bütün nəslini araşdırmağa fürsət tapmış, onun ərinə xəyanət etdiyi bilinəndən sonra biabırçılıqla boşandığını öyrənmişdim.

O utanmadan məni aldadır, özünə bağlayır, ancaq yatağa girməkdən qaçırdı.

Qəribədir, biz təmassız sevirdik bir-birimizi.

Tez-tez onun iş yerinə gedir, oturub saatlarca söhbət eliyirdik.

Görüşdüyü bütün kişiləri Gəncədə yaşayan xalası oğlanları kimi təqdim edirdi.

İlk dəfə kamera orkestrinin konsertinə də onun dəvəti ilə getmişdim.

Ailə həkimi, çalışdığı universitetin rektoru, şöbə müdiri və tanımadığım bir çoxları onun heyranı idi.

Onun haqqında həqiqətləri öyrəndikcə, ondan uzaqlaşmaq əvəzinə onu daha çox sevirdim.

Onun tez-tez başqa kişilərlə görüşməyini bilsəm də heç vaxt ondan hesab soruşmurdum.

O yeganə qadın idi ki, mən onun qarşısında yeniyetmə kimi titrəyirdim.

Son vaxtlar seksdən daha çox danışırdıq.

Hətta bir dəfə, seksdən o qədər danışdıq ki, o işdən çıxıb bir başa mənim yaşadığım evin yanına qədər gəlmiş, son anda nə isə düşünüb geri qayıtmışdı.

Biz birlikdə olacağımız gecələrin xəyalını qurur, o isə mənim xəyalını qurduğum gecələri başqaları ilə gerçəkləşdirirdi.

Bakıda oxuduğu və dərs dediyi universitetdə çoxlu heyranları var idi.

Biz hər dəfə Bakıya gələndə onu müxtəlif kişilər qarşılayırdı.

Məni onlara iş yoldaşı kimi, onları isə qardaşının dostları kimi təqdim edirdi.

Beləcə guya həm məni sevir, həm də istədiyi kişi ilə görüşürdü.

Məni dəlicəsinə özünə aşiq eləmiş qadın başqa kişilərlə yatırdı.

Sonradan bildim ki, mənə bağlanmaqdan çox qorxurmuş.

Mən isə onunla birlikdə Bakıya gəlib qayıdanda hətta onun əlindən belə tutmağa ürək eləmirdim.

Bütün həqiqətləri bilsəm də, onun fahişə kimi bədənini satdığına əmin olsam da onu tərk eliyə bilmirdim.

Gözlərinin dərinliyində gizli bir kədər yaşadan intellektual bu qadın adidən də adi bir fahişə idi, amma intellektual fahişə.

Onun üçün saatlarla ağladığımı, onunla bağlı gözəl xəyallar qurduğumu hələ də xatırlayıram.

Belə yaraşıqlı, şirin və intellektual qadını fahişəliyə məcbur edən nə idi?

Mən onu dəlicəsinə sevirdim.

Məndən başqa da onu sevib ailə qurmaq haqqında düşünənlər də az deyildi.

O isə böyük intellektinin və savadının olmasına baxmayaraq ən ağır yolu, fahişəliyi, gündə biri ilə yatmağı seçmişdi.

Məni ciddi şəkildə təsir edən bu qadın hələ də xatirimdədir. İndi onu sevmirəm, kədərli gözlərini də çoxdan, lap çoxdan unutmuşam.

Amma haqqında danışdığımız yazıçılar, kitablar hələdə xatirələr oyadır, körpə qızını düşünürəm.

Həyatın bütün acımasızlıqları kimi, o qadına verdiyi qarşısıalınmaz və vəhşi ehtirasa nifrət edirəm.

Hərdən onun və hər dəfə təəəsüf eliyirəm.

Təəssüf eliyirəm ki, belə gözəl, qarşısında titrədiyim qadın fahişə idi.

Güclü intellekt sahibi, aldatmağın və yalan danışmağın ustası, intellektual fahişə…

Cəlil Cavanşir
# 2016 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #