““525-ci qəzet”lə 10 illik dava bizim xeyrimizə həllini tapdı” - MÜSAHİBƏ

““525-ci qəzet”lə 10 illik dava bizim xeyrimizə həllini tapdı” - MÜSAHİBƏ
12 aprel 2011
# 22:58
Kulis.az-dan: Yazıçılar Birliyinin sədri Anar Kulis.az-a müsahibəsində qurumun mətbu orqanlarından olan “Ədəbiyyat qəzeti” ilə bağlı sərt fikirlər səsləndirib. Yazıçılar Birliyindən Ədalət Əsgəroğlu və Rəşad Məcid isə münasibətləri ilə “Ədəbiyyat qəzeti” ətrafındakı mübahisəni bir az da dərinləşdirdilər. Kulis.az olaraq, hesab elədik ki, ”Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının da illərlə rəhbərlik etdiyi qəzetlə bağlı mübahisələrə reaksiya verməsi maraqlı olar. Müraciət elədik, baş redaktor sualları yazılı cavablandırmağa razılaşdı. Başqa çarə yoxdu, biz də razılaşdıq. Biz suallarımızı göndərdik, o da cavablarını yazdı. Əvvəlində də belə bir müqəddimə: “Hörmətli redaksiya! “Ədəbiyyat qəzeti” ilə əlaqədar bu günlərdə bəzi informasiya qurumlarında verilmiş fərqli fikirləri sizin təklifinizə uyğun olaraq, yığcam cavablandırmağı gərəkli hesab etdim”. Biz bu müsahibədə heç nəyə toxunmadıq, oxuyun və özünüz nəıticə çıxarın!

Xüsusi qeyd: Təqvimdə XXI əsr, 2011-ci ilin 4-cü ayının 13-cü günüdü!

Beləliklə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalının Kulis.az-a yazılı müsahibəsi


- Anar müəllim saytımıza müsahibəsində bildirib ki, sizə bəzi təkliflər verib, amma siz o təklifləri ya icra etməmiş, ya da edə bilməyibsiniz. Anar müəllim sizə hansı təklifləri verib? Əgər veribsə, niyə icra edilməyib?

- Anar müəllimlə işlədiyimiz dövr ərzində zərurət duyduğum yaradıcılıq məsələlərini məsləhətləşmişəm. Elə hallar olub ki, çox ciddi hesab etdiyim sualı verməzdən qabaq özümün hansı fikirdə olduğumu demişəm ki, müstəqil seçimi üçün əvvəlcədən mənim rəyimi bilsin. Əksər hallarda razılaşıb.

Təkliflərinə gəldikdə, yerinə yetirməyə səy göstərmədiyim qəti ola bilməz. Yəni məni yaxından tanıyanlar bilər ki, iş üslubum belədir. Yerinə yetirilməsi obyektiv səbəblərdən mümkün olmayanlar da təbiidir ki, istisna deyil.

Məsələn, televiziya verilişləri ilə əlaqədar vaxtaşırı icmallar verilməsi istəyi. Bu problemin məni də çox maraqlandırdığını dedim, lakin hər cəhətdən ümid ediləsi professional müəllifi tapmağın çətinliyini gizləmədim. Səhv etmirəmsə, bir neçə gün sonra qələm yoldaşımız telejurnalist Qulu Məhərrəmlinin adını çəkdi. Razılaşdığını dedi və bu barədə onunla danışmağımı məsləhət gördü. Mən Qulu Məhərrəmli ilə telefon danışığımızda Anar müəllimlə olan söhbətimizi və onun təklifini yetirdim. Qulu Məhərrəmli çalışacağını bildirdi və bu işin çətinliyini xatırlatdı, mən də öz növbəmdə onun göndərəcəyi materialı gözlədiyimizi dedim.

Göründüyü kimi, o, yəqin özünə məlum səbəblərə görə bu təklifi yerinə yetirə bilməyib.

Ona olunan təklifimiz həmişə yadımda, verdiyi vəd qüvvədə qalır.


- Rəşad Məcid “Kulis.az” saytına müsahibəsində “Ədəbiyyat qəzeti”nə yeni baş redaktor təyin olunmalıdır” deyib. Sizcə, təzə baş redaktor problemləri həll edə bilərmi?

– Məlum olduğu kimi, cəmiyyətdə nə qədər insan varsa, o qədər də fikir var. Heç kəsi bəyənmədiyini hər kəs deyə bilər. Rəşad Məcidin təklifi onun qənaətidir.

Mən burada iki məqamı xatırlatmaq istəyirəm. Əvvələn, geniş oxucu kültəsinə yaxşı məlumdur ki, məşhur «Əli və Nino» mövzusunda Rəşad Məcidin baş redaktoru olduğu «525-ci qəzet»lə bizim «Ədəbiyyat qəzeti» arasında davam edən mübahisə – fikir müxtəlifliyi, nəhayət, təqribən on illik bir vaxtdan sonra «Ədəbiyyat qəzeti»nin xeyrinə həllini tapdı. (Bununla bağlı «Ədəbiyyat qəzeti»nin 10 dekabr 2010-cu il tarixli sayına baxmaq olar).
Bir də ki, vaxtilə «Ədəbiyyat qəzeti»ndə baş redaktor işləmiş, baş redaktoru olduğu qəzeti özünə bir məktəb bilmiş, akademik Məmməd Cəfər Cəfərovun xatirələrindən ibarət çox qiymətli kitabı (M.C.Cəfərov: «Xatirələr», 2010-cu il) tərtib edib, ona geniş elmi-tədqiqi ön söz yazmış, «Ədəbiyyat qəzeti» redaksiya heyətinin üzvü, akademik İsa Həbibbəylinin məqaləsindən bir parçanı misal gətirməyə ehtiyac duyuram: «Akademik Məmməd Cəfər Cəfərovun «Xatirələr» əsərindəki «Ədəbiyyat qəzeti» ilə əlaqədar mətləblər ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan bu mətbuat orqanının fəaliyyətinin çətin və məsuliyyətli bir mərhələsinə işıq salır. Görkəmli elm xadimi xatirə materiallarının təhlili əsasında «Ədəbiyyat qəzeti»nin milli mətbuat tariximizdəki yerinə və mövqeyinə özünəməxsus şəkildə yüksək qiymət vermişdir. «Ədəbiyyat qəzeti»ni məktəb səviyyəsində dəyərləndirən Məmməd Cəfər müəllim bu məktəbin prinsiplərini də elmi tezislər şəklində müəyyən etmişdir. Bir müddət redaktoru olduğu «Ədəbiyyat qəzeti»nə istinadən deyilmiş mülahizələr geniş mənada qəzet işi, qəzetçilik təcrübəsi barəsində ümumiləşmiş tezislər kimi səslənir.

…Əsrin 40-cı illərində baş redaktoru olduğu «Ədəbiyyat qəzeti» Məmməd Cəfər Cəfərov üçün həm ədəbi məktəb, həm də həyat məktəbi olmuşdur.

…Bütövlükdə isə «Ədəbiyyat qəzeti» Azərbaycanda ədəbiyyat mühitinin salnaməsidir, hər bir ədəbiyyat adamının ədəbi və elmi taleyinin əsas hərəkətverici qüvvəsidir. Çoxillik davamlı ənənələrə, zəngin təcrübəyə malik olan «Ədəbiyyat qəzeti» ədəbi məktəb yaratmış, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq elmimizin bir neçə nəslinin taleyində mühüm rol oynamış əsas mətbuat orqanı kimi Azərbaycan cəmiyyətində böyük tarixi missiyanı yerinə yetirmişdir. Məmməd Cəfər Cəfərov kimi görkəmli elm xadiminin «Xatirələr» memuarındakı «Ədəbiyyat qəzeti»nə dair mülahizələrdən çıxarılan bu ümumiləşmiş nəticələri mötəbər qəzetimiz indi də şərəflə həyata keçirməkdə davam edir» (səh.14-15).

- AYB və “Ədəbiyyat qəzeti”nin yubileyində Anar müəllimin yanında siz yox, Elçin Əfəndiyev oturmuşdu. Bunu özünüzə qarşı diqqətsizlik kimi qəbul etməmisiniz ki?

– Sualın bu cür qoyuluşuna lazımi əsas görmürəm.


- Rəsul Rza ilə bağlı çox yazı çap edirsinizmi?

– Bu sual yəqin kimlərinsə narahatlığı səbəbindən verilir. Ancaq ədalət naminə deməliyəm ki, Anar müəllim mənə əvvəllər də deyib, son vaxtlar da zəng etmişdi. Bir çox müəlliflərə Anar müəllimin bu nigarançılığını demiş və Rəsul müəllim haqqında yazılarını kənar orqanlarda çap etdirmələrini məsləhət bilmişəm. Razılaşıblar da. Son vaxtlar böyük şairimizin 100 illik yubileyi ilə əlaqədar cənab Prezidentin məlum Sərəncamına uyğun olaraq, verilən materiallar görünür çoxluq təşkil edib.

Ancaq bu da həqiqətdir ki, şübhəsiz, çoxumuzun, o cümlədən də şəxsən mənim Rəsul Rzaya münasibətim onun böyük sənəti və şəxsiyyəti ilə bağlıdır. (Bu günlərdə çapdan çıxmış «Yarıməsrlik yol» kitabımda həm 75 yaşlı «Ədəbiyyat qəzeti», həm də ölməz ədəbi şəxsiyyətlərimiz barədə, o cümlədən Rəsul müəllim haqqında yazdıqlarımla tanış olmaq mümkündür).

- Kamal Abdulla “Ədəbiyyat qəzeti”nin redaksiya heyətindən istefa verdikdən sonra onun haqqında informasiyaları xəsisliklə çap etdiyinizə və hətta ümumiyyətlə çap etmədiyinizə dair iddialar var. Bu barədə nə deyə bilərsiniz?

- Bizim tanınmış elm və ədəbiyyat xadimimiz Kamal Abdullaya «Ədəbiyyat qəzeti»ndə həmişə dost münasibət olub və var. Bu faktları görmək istəyən gərək zəhmət çəkib qəzetin komplektini vərəqləsin.

Vüqar
# 1557 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #