Adamsan də, incidərlər adamı – Əjdər Olun şeirləri

Adamsan də, incidərlər adamı – Əjdər Olun şeirləri
6 avqust 2021
# 17:20

Kulis.az “Deyilən söz yadigardır” layihəsindən tanınmış şair, yazıçı Əjdər Olun şeirlərini təqdim edir.

Könül vuruşu

Könlümü vuruşa çıxarmışam mən,
Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.
Mənim ürəyimin hər döyüntüsü,
təzə bir hücumdur, yeni bir həmlə.

Bütün vuruşlardan uzundur, uzun,
bu saat, bu fəsil, bu il vuruşu.
Dönük zəmanəmlə aramızdakı
könül vuruşudur, könül vuruşu.

Mənim ürəyimin döyüş marşı var,
hər an eşidirəm, hər an o marşı.
Belə vuruşmayıb İmamsöyün də,
bir könül milyona, milyarda qarşı.

Mənə gələn zərbə özümə dəyib,
onu qardaşıma ötürməmişəm.
Bircə bayrağım var, döyüş bayrağı,
yanımca ağ bayraq götürməmişəm.

Yerindən oynayıb, yurdundan olub,
qəlbin sevən yeri hara bağlıdır?
Bədənə-çadıra sığışa bilmir.
elə bil qaçqındır, qarabağlıdır.

Mən öz ürəyimə yaxşı bələdəm,
döyüşər döyüşün sonuna qədər.
İnsanlar, mən sizin aranızdayam,
Günəşli qiyamət gününə qədər.

Ömür

Ağrılara, əzablara darılma,
Öz işindən bərk-bərk yapış, yorulma,
Çalış ölmə, çalış itmə, vurulma,
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdin ha, odur bu!

Yağlı vədlər, yaman “ayır-buyur”lar,
Demə mənə nə ad, nə san qıyırlar,
Tez artmağa axı kimi qoyurlar?!
Canım-gözüm, ömür elə budur, bu!
Yarışmağa meydan budur, cıdır bu!

Adamsan də, incidərlər adamı,
O dünyadan haraylama atanı,
Alan yoxsa, dur özün al qadanı,
Canım-gözüm, ömür elə budur, bu!
Dadına bax, gör nə şirin dadır bu!

Neynəsən də, hər gələn gün xoş olmaz,
Adam gedib ağlağana qoşulmaz,
Fors eləmə, dünya sənsiz boşalmaz,
Canım-gözüm, ömür elə budur, bu!
Səni, məni diri-diri udur bu!

Keçmək olmur payızından, yazından,
Üzülürsən bir gözəlin nazından,
Əşşi, yüz yol mən demişəm azından,
Canım-gözüm, ömür elə budur, bu!
Ürəkdə od, gözümüzdə sudur bu!

Hər istəkdə, hər diləkdə düyün var,
Nə istəsəm, olmasa da, deyin: “Var!”,
Əjdər Olsan, kimsən, boş hay-küyün var,
Canım-gözüm, ömür elə budur, bu!
Adəm budur, Nəbi budur, Xıdır bu!

İndidən

Qardaşlar, indidən üz tutub sizə,
verim qiyamətin suallarını.
Allah bağışlamaz beş arşın bezə,
nə dəymişlərini, nə kallarını,

Allahın işinə baş aparmıram,
mən ki, qarışıram insan işinə.
Sizi cəhənnəmə tuş aparmıram,
cənnətlik deyiləm döyüm döşümə.

Ayılıb açınız sabahınızı,
qiyamət günündə ayılası tək.
Bir-bir sadalayın günahınızı,
qiyamət günündə sayılası tək.

Bizi sürüyürlər belədən belə,
elə hey günahlı yola çəkirlər.
Əliəyrilərdir min ildir elə
qiyamət gününü dala çəkirlər.

Verin cavabları elə bu başdan,
yoxsa, işləriniz əngəl olacaq.
O vaxt başınıza tökülən daşlan,
indinin cəzası yüngül olacaq.

Günahın böyüyü-kiçiyi olmaz,
tükcə günahın da öz sualı var.
Qiyamət gününün bicliyi olmaz,
indi əlyeri var, çıxış yolu var.

Məni vəkil edib fələyin qəmi,
mələklər dilində suallar hazır.
Bir haqq divanının mirzəsi kimi
günahsız qələmim yazır, hey yazır.

Allah qoysa…

Maşallah alnımın qırışı artıb,
ağ saçı özümə yaraşdırıram.
Ağrı, əzab verir qurban olduğum,
mən ondan ömür-gün quraşdırıram.

Vallah, ürəyimdən xeyli razıyam,
hərdən ağrısını kəsir, sağ olsun!
Bir böyrü üstə də keçinmək olar,
təki adam kimi yaşamaq olsun!

Belə gəzirəmsə, axtarıramsa,
bir gün itkinimlə tapışacağam.
Bir işim inşallah, başa gəlməsə,
gedib başqasından yapışacağam.

Şükür, dərdlərimi yaxşı çəkirəm,
mən bilən, əzaba dözərəm yenə.
Allahın yanında hörmətimə bax,
həyat hər üzünü göstərir mənə.

Aman verməsələr əl tərpətməyə,
əli ağ, ürəyi çat-çat olaram.
Nə olsun, ömrümdə dinclik görmədim,
ölüb, allah qoysa rahat olaram!

Nə Kəbə daşına sürtdüm üzümü,
nə tövbə elədim, nə də and içdim.
Gördüm doymayacaq gözüm dünyadan,
özümü tox tutmaq yolunu seçdim.

Şans

Elə düşünmə ki, aldandım sənə,
Özüm yalanını üzə çırpmadım.
Hirsimi saxladım şeytana, cinə,
Coşub yumruğumu mizə çıpmadım.

Düzü, bilə-bilə azı on dəfə
sənə aldanmışam… Qurtardı konsert.
İnanmaq istədim sənə son dəfə,
İtirdin sonuncu şansını, çıx, get.

Bəsdi

Yarın həsrətində, dostun qəmində,
elə xəstə-xəstə yaşasam, bəsdi.
Sağ canı neynirəm vüsal dəmində,
Mən elə can üstə yaşasam, bəsdi.

Onsuz da dünyanın son ucu yoxdur,
Min-min dərd tanıram, əlacı yoxdur,
Heç bir məmləkətin haqq gücü yoxdur,
Bakıda, Təbrizdə yaşasam, bəsdi.

Arzuda, gileydə pəhriz gərəkdir,
Həm çöldə, həm öydə pəhriz gərəkdir,
Əjdər Ol, hər şeydə pəhriz gərəkdir,
bir ömrü pəhrizdə yaşasam, bəsdi.

Söz kimi

Can candan olub, ağlama, can-can!
Şan-şan elədin könlümü, şan-şan.

Düşmən deyəcək: Boynunu əy, əy!
Əysən, deyəcək: Əslini dan, dan!

Qan-qan demirəm, dəyişdi məna,
Qan! Qan! eşidib, haqqını qan, qan!

Bir söz ki, yanır, söz deyil, Əjdər,
Sözdən alışıb, köz kimi yan, yan!

Minillik

Qismətə bax, durmuşam minillər ayrıcında,
minillik arzular var lap dilimin ucunda.

Qoy bu minillikdə də min il od saçsın Günəş,
vaxtında-vədəsində səhəri açsın Günəş.

Min ili də haqlasın torpaq, dəniz, ulduz, Ay
min ilin sakinləri - Qafqaz, Tibet, Himalay.

Dünya durduqca dursun, gözləri nəm olmasın,
bir ayı, bir həftəsi, bir günü kəm olmasın.

Mən minillik deyiləm, ey dadıma yetənim,
qoy bu minillikdə də min yaşasın vətənim!

Diqqət

Mən-mənə qan-qana
laqeyd olma,
Didir, sökür, yeyir
dünyanı onlar.
Zalıma, nadana
laqeyd olma,
İdarə eləyir
dünyanı onlar.

Yazda

Yazın şehli çəməni
ip-iri bir səməni.

Gölməçələr, sucaqlar
göy otları qucaqlar.

Bulud yağıb durulmuş,
çadır kimi qurulmuş,

dayaqları mən, palıd,
çinar, vələs, şabalıd.

Budaqlarda puçurlar
yerindəcə uçurlar.

Civildəşir sərçələr,
xanımçalar, nərçələr.

Min-min çiçək balası
çəhrayısı, alası…

yel vuranda tərpəşir,
üşüyəndə ürpəşir.

Qayanın qatlağından,
daşların çatlağından

nur damcılar damırlar,
işıldayır mamırlar.

Arılar lap kefdədir,
Yəqin bugün siftədir,

başlayır bal ayları,
səfdədir alayları.

Yanımdadır balacam,
qalsa, burda qalacam.

Gizlənən

Baxmadı heç umana,
Dağ büründü dumana.
Duman qaldı gümana,
Qaya məndən gizlənir.

Arı keçir balından,
Kəpənəklər xalından,
Biri dönür yolundan,
Guya məndən gizlənir.

Gah çiçək arxasında,
Gah mələk arxasında,
Gah böcək arxasında
Dünya məndən gizlənir.

Başqadı

Ha üzünə çevirirsən
Arif başqa, xam başqadı
O da işıq, bu da işıq
Çıraq başqa, şam başqadı

Yaxşı-yaman ötüşsəm də
Qopduğuma bitişsəm də
Çox arzuma yetişsəm də
Ləzzət başqa, kam başqadı

Kim aramır ötənini?
Ölənini itənini
Hamı sevir vətənini
Mənim sevgim bambaşqadı

# 16132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #