Bu bağda nəzarətçi qorxusu ilə öpüşürlər - FOTOSESSİYA

Bu bağda nəzarətçi qorxusu ilə öpüşürlər - FOTOSESSİYA
14 yanvar 2013
# 11:32

Qış günəşi tənbəl-tənbəl öz şüalarını ağacların, kolların, həmişəyaşıl bitkilərin üzərinə salır. Bağa gəzməyə gələnləri barmaqla saymaq olar. Restoran da işləmir. Bağda ancaq sevgililər və yaşlı insanlar gəzişir. Uşaqlar üçün nəzərdə tutulmuş guşələrdə isə səssizlikdən qulaq tutulur.

Bakı Nəbatat bağı (Botanika bağı) Badamdar qəsəbəsində, yolun kənarında yerləşir. Avtobusdan düşüb birbaşa girişə yaxınlaşıram. Girişdə mühafizəçilər üçün otaq və bilet satışı üçün kassa olsa da, məndən bağa nə üçün gəldiyimi soruşan olmadı. Girişdə və bağın içərisində bir neçə avtomobil gözə dəyirdi. Əvvəlcə bağın daxili intizam qaydaları ilə diqqətlə tanış oldum ki, sonra mühafizəçilərlə mübahisə yaranmasın. Yaxşı ki, intizam qaydalarını oxudum. Yoxsa ən azından “siqaret çəkmək olmaz” yasağını pozub pis durumda qala bilərdim. İntizam qaydaları ilə tanış olduqdan sonra özümü bir anlıq dağlar qoynundakı meşələrdə düşünüb asta addımlarla xiyabanlar boyu dolaşmağa başladım.

Botanika bağının tarixi

1934-cü ilin iyul ayının 3-də Nəbatat bağı və Nəbatat İnstitutu üçün Dağüstü parkdan başlamış "Qurd qapısı"na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilib və nəticədə belə bir gözəl məkan yaranıb. Abşeron yarımadasının cənubi-şərq hissəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda onun yaşıl mədəni mərkəzlərindən biri hesab olunur. Bakı Nəbatat bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə Sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmamağı ilə müəyyən edilir. Bu, Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.

Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanıb. 1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Naxçıvan MR-nın yaşıllaşdırılması üçün 100 növdən ibarət 10 minlərlə ağac, kol və çiçək bitkiləri verib, o cümlədən Bakı şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna, Azərelektroterm, radio, gəmi təmiri zavodlarına, məktəb və bağçaların yaşıllaşdırmasına köməklik göstərib. Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağı ilə toxum mübadiləsi aparıb, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara verib. Hazırda Bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası var. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura və aspirantura fəaliyyət göstərir.

Natəmizlik...istirahət...muğam sədaları

Yəqin ki, qış fəsli olduğu üçün bağa gəzməyə gələnlərin sayı çox azdır. Səliqə-sahman və təmizlik ürəkaçan səviyyədə olmasa da, addımbaşı zibil qabları quraşdırılıb. Bağın içərisində müasir standartlara uyğun yeni istixana tikilir. Ağac və yolların səliqəsizliyi onlara qulluğun aşağı səviyyədə olmasını göstərir. Hovuz və su quyularının içərisindəki zir-zibil insanı ilk baxışdaca diksindirir. Hiss olunur ki, qış fəslinin təmizliyə və nəzarətə də təsiri var.

Eldar dayı əynində uzun palto, ayaqlarında idman ayaqqabıları sürətlə bağı dolaşır. Əlindəki telefondan Alim Qasımovun muğamlarının səsi yüksəlir. Deyir ki, hər gün mütləq bura gəzməyə gəlirəm: “Təqaüdçüyəm. Ürəyimdə, qan-damar sistemimdə narahatçılıq olduğu üçün hər gün bir neçə saat bu bağda Alimə qulaq asa-asa dolaşıram. Adətən tək gəlirəm. Çünki, yanımda dost tanış olanda Alimlə söhbətimə mane olurlar. Şəxsən mən belə bir istirahət guşəsinin olmasından çox məmnunam. Dənizkənarı Milli Park o qədər də xoşuma gəlmir. Amma buranın havası mənə düşür və burda özümü çox rahat hiss edirəm. Buradakı səliqəsizlik də xoşuma gəlir. Əgər xəzəlləri, quru budaqları təmizləsələr təbiilik itər. Amma hovuzlar təmizləsəydilər, pis olmazdı. Hər kəsə tövsiyə edirəm ki, heç olmasa gündə bir saat bura vaxt ayırsın. Həm əsəbləriniz sakitləşər, həm də ruhunuz dincələr.”

Saralıb yerə tökülmüş, artıq çürüməkdə olan yarpaqlar məndə qəribə hisslər oyadır. Nədənsə kəndimizin meşələri, meşənin spesifik qoxusu yadıma düşür. İllərin o tayında qalan uşaqlığım, yeniyetməliyim gözlərimin qarşısında kino lenti kimi keçir.

Sevgililərin və sakitlik axtaranların məkanı

Xiyabanların arasında dolaşan cütlüklər romantik ortamın dadını çıxarır. Məncə sevdiyin insanla baş-başa qalmaq üçün bura olduqca münasibdir. Amma nəzarətçilər də boş dayanmırlar. Sağa-sola vurnuxmalarından, az qala hər künc-bucağa baxmalarından başa düşürəm ki, mədəni istirahətə ciddi nəzarət var. Hiss olunur ki, Milli Parkdakı polislər kimi, onlar da bağda “öpüşmək məsələsinə” ciddi nəzarət edirlər. Evli cütlüklər uşaq arabasıyla xoşbəxtcəsinə dolaşırlar. Necə də olsa onlara yeni sevgililər kimi nəzarət edən yoxdur.

Bağda olduğum bir neçə saat ərzində idman paltarında sürətlə bağı dolaşan yaşlı bir kişini nə qədər təqib eləsəm də yaxınlaşa bilmədim. Ona yaxınlaşma üçün mənim orta sürətlə qaçmağım lazım gəlirdi. J Amma yaşlı adam papağını gözünün üstünə basıb sürətlə ağacların arasında yoxa çıxır, yenidən başqa bir istiqamətdə görünürdü.

Nəzarətçilər balıq saxlanılan hovuzlara yaxınlaşmağa icazə vermirlər. Dediklərinə görə hovuzun dərinliyi haradasa 8-10 metrdir və yaxınlaşmaq təhlükəlidir.

Etiraf edim ki, bu bağ istirahət üçün, sakitləşmək üçün ideal məkandır. 10 ildən çoxdur ki, bu bağa gəlib-gedən Ağəli Dəmirov da buranın sakitliyinə heyrandır: “Şəhərin səs-küyü bezdirəndə bura qaçıram. Burdakı səssizlik çox xoşuma gəlir. Ürəyimdə ağaclarla dərdləşirəm. Belə sakitlik, sükut məni rahatlaşdırır. Şəhərdə ən çox sevdiyim məkanlardan biridir”.

Əcnəbilər də gəlir...

Nəzarətçilərdən biri danışır ki, əcnəbilər də buranı çox sevir:

“Tanıyanlar hökmən bura gəlir. Bəzən xarici şirkətlərə məxsus maşınlar cərgə ilə düzülür girişdə. Xaricilər olanda çalışırıq ki, onlara bələdçilik edək”.

Sözün əsl mənasında gözəl istirahətdən və əsəb sakitliyindən sonra qapıya doğru yönəlirəm. Təxmin elədiyim kimi, qapıdakı gözətçi məni saxlayar. Bilet almadığıma görə uzun-uzadı mübahisə edir. Jurnalist olduğumu desəm də yaxamdan əl çəkmir: “Müəllim, bizi bura bostan qorxuluğu qoymayıblar. İçəri keçəndə bilet almaq lazımdır.” İçəri girdiyim zaman heç kəs qarşıma çıxmadığı üçün bilet ala bilmədiyimi izah edirəm, sakitləşmir. Məlum olur ki, böyüklərin bağa girişi 1 AZN, uşaqların girişi isə 0,5 AZN-dir. İstirahətimi korlamamaq üçün, mübahisəni kəsirəm.

Birtəhər nəzarətçini razı salıb gəzə-gəzə “İkinci Fəxri Xiyabana” tərəf yollanıram...

# 8591 dəfə oxunub

Müəllifin son yazıları

# # #