12 gəncin “Başla”sı

12 gəncin “Başla”sı
5 aprel 2013
# 13:15

Kulis.az qonaqları “Başla” Hərəkatının üzvləri Azad Red, Mehman Abdullayev və Firudin Həsənovdur. Hərəkat bu yaxınlarda Lev Tolstoyun “Etiraflar” əsərini Azərbaycan dilində nəşr etdirib. Hərəkatın gördüyü işlər və gələcək planları ilə bağlı sualları “Başla” üzvləri cavablandırır.


- “Başla” hərəkatı hazırda hansı işlərlə məşğuldur?

- Əsasən kitab tərcüməsi, maarifləndirici və elmi əhəmiyyətli videoların altyazıyla hazırlanması ilə məşğuluq. Elmi-intellektual maarifləndirməyə marağı olan insanlara kömək etmək əsas məqsəddir.

- Altyazı ilə tərcümə etdiyiniz videolar əsasən hansı məzmunda olur?

- Spirtualist, elmi-intellektual, sosial və satirik məzmunda olur. Videolarımızın demək olar ki, hamısı maarifləndirici, öyrədicidir. TED-in videolarının bir çoxunu altyazı ilə hazırlayıb təqdim etmişik.

- Kimlərin çıxışlarını tərcümə etmisiniz?

-Ekart Toll, Jiddu Krişnamurti, Corc Karlin, Bill Hiks, Con Parkins, Milton Fridman, Malkom X və başqaları. Son vaxtlar filmlərdən maraqlı parçaları seçib, altyazısı üzərində işləyirik. “Qara yumor”a aid 40-a yaxın videonu altyazı ilə hazırlamışıq. Yeni başlayanda videolarımızla çox az adam maraqlanırdı. Gündən-günə marağın artdığı müşahidə edilir.

- Videoları dublyaj etmək kimi fikriniz var?

- Altyazı bəzən yorucu olur, buna görə də böyük sənədli filmləri dublyaj etmək haqqında düşünürük.

- Dublyaj üçün şərait necədir?

- Müxtəlif studiyalarla danışıqlar aparırıq. Səsləndirməni də özümüz edəcəyik. Çünki “Başla”nın büdcəsi demək olar ki, yoxdur. Bütün işləri öz imkanlarımız daxilində həyata keçiririk. Layihələrimiz üçün pulu tərcümə edəcəyimiz kitablardan qazanmağı düşünürük. 300 tirajlıq kitabın puluyla 500 tiraj, 500 tirajlıq kitabın puluyla 1000 tiraj kitab çap etdirmək mümkündür. Biz hazırda bu planla hərəkət edirik.


- Bu yaxınlarda Tolstoyun “Etiraflar” əsərini tərcümə və nəşr etdirdiniz. Niyə məhz bu kitabdan başladınız?

- Tolstoy “Başla”da hamının sevimli yazıçısıdır. Eyni zamanda onun tanınmasını da nəzərə aldıq. Növbəti kitabımız Vilhelm Reyxin kitabı olacaq. Hər halda Tolstoy Reyxdən daha çox tanınır və bu səbəbdən də bu kitabı birinci nəşr etdik. Bizim bu işi davam etdirməyimiz üçün motivasiyaya ehtiyacımız var. Maliyyə olmadan iş görə bilmərik. Ona görə də bu kitabın satışının baş tutacağına inanırıq. Hesab edirik ki, Tolstoyun “Etiraflar”ı bu günlə səsləşən bir kitabdır.


Bu kitabı seçməyimizin əsas səbəblərindən biri də onun janrı ilə bağlı oldu. Çünki bu “Etiraflar” esseistika, memuar janrındadır. Bundan sonra tanış imzalarla işimiz olmayacaq. Daha çox tanınmayan müəlliflərə müraciət edəcəyik. Vilhelm Reyx isə kitab həvəskarları üçün çox maraqlı olacaq.

- Sizin təşkilat digər təşkilatlardan xeyli fərqlənir. Məsələn, sizin ciddi ideoloji platformanız yoxdur.

- Biz maarifləndirməyi qarşımıza məqsəd qoymuşuq. Hərəkat olaraq heç bir siyasi proqramımız yoxdur. Siyasət bizim sahəmiz deyil. Biz cəmiyyətdə çox ciddi, intellektual boşluqların olduğunu düşünürük. Beyində inqilabın tərəfdarıyıq. Məqsədimiz faydalı olmaqdır.

- Necə hesab edirsiniz, ən böyük problem nədir?

- Biz düşünürük ki, hər bir insan fərd olaraq özünü yetişdirməlidir. Kim nə bacarırsa, əlindən nə gəlirsə etməlidir cəmiyyət üçün. Kimsə kitab tərcümə etməli, video hazırlamalı və ya başqa faydalı işlə məşğul olmalıdır. Ən böyük problem bu yolla həllini tapacaq. Hər kəsin bacarığı

səviyyədə maarifləndirmə ilə məşğul olmamağı problem sayıla bilər. Bizim ilk ciddi işimiz “Başla” TV olub. Biz internetdə Rusiya ilə rəqabət aparacaq işlər görmək istəyirik. İstəyirik ki, informativ baza çox güclü olsun. Biz BBC-nin sənədli filmlərindən tutmuş, kiçik video materiallarına qədər tərcümə etmək niyyətindəyik. Rusiyadakı internet mədəniyyətini Azərbaycana gətirmək istəyirik. Bu sahədə müəyyən işlər görməyə cəhd edənlər var. Bu da bizi sevindirir.

- Yeni saytınızdan danışardınız. Saytda hansı işləri görəcəksiniz?

- Yeni saytımızın adı beyin.az olacaq. Artıq domen almışıq. Bu sayt “Başla” hərəkatının informativ bazası kimi fəaliyyət göstərəcək. Bizim məqsədimiz çox sadədir. Kitablar çap etmək, videolar hazırlamaq. Artıq bir kitabımız hazırdır. Növbəti kitab V. Reyxin əsəridir. Üçüncü kitabımız fərqli formatda, seçmələr olacaq. Kitablardan seçmələr çap etməyi düşünürük. Elmi məqalələrdən ibarət olacaq.

- Gələcəklə bağlı hansı planlarınız var? Hazırda 19, 20, 21 yaşlarında gənclərlə işləyirsiniz. Bir neçə ildən sonra ailə-məişət qayğıları da olacaq. Nə vaxta qədər bu işi davam etməyi düşünürsünüz?

- Biz o vaxt kənara çəkiləcəyik ki, bu işi bizdən sonra görmək istəyən insanlar olsun. Onda bu işlərə dəstək vermək şərti ilə kənara çəkiləcəyik. Bu iş şəxsi işlərimizə maneə yaratmır. 12 dost bir yerə yığışmışıq və müəyyən işlər görmək istəyirik. Ən gənc üzvümüzün 16 yaşı var. Bizdə rəhbərlik sistemi yoxdur. Maraqlı bir forma seçmişik, hər həftə birimiz rəhbərlik edirik. Ən kiçik xırdalıqları belə bir-birimizlə müzakirə edirik.


- Tolstoyun “Etiraflar”ının satışı necə gedir?

- Kitab 300 tirajla çap olunub. Təxminən 240-250 ədədi artıq satılıb. Sifariş verənlər, sifarişini götürməyənlər var. Axundov adına kitabxanaya 4 kitab hədiyyə etdik. Bu yaxınlarda izləyiciləri maraqlandıran daha bir layihə olacaq. İdeyalarımız, fikirlərimiz həddindən artıq çoxdur. İmkan olduqca həyata keçirməyə çalışacağıq. Bizə işlərimizdə mane olan heç nə yoxdur. Maliyyə problemini ciddi hesab etmək olar, amma onu da öz aramızda həll edəcəyimizi düşünürük.

- Yəqin ki, mətbuatda adınız hallandıqdan sonra sizə qoşulmaq istəyənlərin sayı artacaq. Hərəkata qəbulla bağlı hansı prosedurlar var?

- Bizə qoşulmaq şərt deyil. Hər kəs özündən başlaya bilər. Yəni, kim istəsə video hazırlaya, tərcümə edə bilər. Bizim üzv sayı artırmaq məqsədimiz yoxdur. Hər kəs öz “Başla”sını qursun. Bizə kömək etmək istəyənlər mənsubiyyətə fikir verməzlər. Dəyişikliyə maraqlı olan hər kəs “Başla”malıdır.
# 3412 dəfə oxunub

Müəllifin son yazıları

# # #