Qıcıq üçün məhərrəmlikdə içən şair

Qıcıq üçün məhərrəmlikdə içən şair
9 yanvar 2013
# 13:02

Üç gündür ki, başımdan çıxmır. Gecə bir-iki saatlıq gözümü yuman kimi yuxuma girir o qəribə adam. Yuxularımda onunla Gəncənin Şah Abbas məscidinin qarşısında görüşüb çayxanaya domino oynamağa gedirik. Hərdən də qırmızı rəngli avtomobilini yanımda saxlayır, mən də o vaxtlar olduğu kimi öndə oturub pəncərəni açıb siqaret yandırıram. Sonra harasa gedirik...

Çox qəribədir, son günlər tez-tez onunla etdiyimiz söhbətlər yadıma düşür. Gəncədə tanıdığım az sayda maraqlı adamlardan biri idi Səyyaf Sədnikoğlu. Ucaboy, şux yerişli, adətən kobud, bəzən həddən artıq mədəni insan idi. Gəncənin tarixini, tarixi abidələrini əzbər bilirdi. Başlığa çıxardığım misralar da onundur, Səyyaf Sədnikoğlu Paşayevin...

Pirsultandı ata babam,

Miskin Abdal ana babam,

Ulu ulusdanam babam,

Tam yüzdə-yüz türk soyluyam,

Səyyafam, Sədnikoğluyam.

Saatlarla Gəncənin tarixindən danışar, az-çox bu barədə məlumatı olanlarla mübahisədən həmişə qalib çıxardı. Yaxşı yaddaşı vardı. Aşıq ədəbiyyatını, folkloru mükəmməl mənimsəmişdi. Bəlkə də ədəbiyyata, folklora olan sevgisi atası, tanınmış alim Sədnik Paşa Pirsultanlıdan keçmişdi ona. Eyni zamanda türk tarixini dərindən bilirdi. Türkiyənin ölkəmizdəki sabiq səfiri Hüseyin Avni Karslıoğlu Gəncə səfərində Pirsultan torunu Sədnik Paşa ilə görüşəndə Səyyaf Sədnikoğlunun bilgilərinə heyran olmuşdu. Türkiyəyə qayıtdıqdan sonra da münasibəti kəsməmişdi onunla. Tez-tez zəng edib əhvalını soruşardı.

Qəribə və anlaşılmaz adam idi. Nə istədiyini özü də doğru dürüst bilmirdi.

İşdən çıxarılandan sonra (Gəncə şəhər Tarix-Mədəniyyət Qoruğu İdarəsinin ilk direktoru olub) bütün günü çayxanada olardı. Müxtəlif işlər təklif olunsa da, oturub səbirlə hansısa vəzifəyə göndəriləcəyini gözləyirdi. İnanırdı ki, onu hökmən vəzifəyə göndərəcəklər. Hərdən onun qəribə istəklərinə gülsəm də, onu qınamırdım. Çünki 20 yaşında Daşkəsən Mədəniyyət İdarəsinə rəhbərlik etmişdi. 1988-ci ildə Gəncə şəhər Tarix-Mədəniyyət Qoruğu İdarəsi yarananda isə onu həmin idarəyə direktor təyin etmişdilər. “Vəzifəyə, kresloya, katibənin dəmlədiyi çaya alışmışam” deyərdi.

Folklorşünas alim Sədnik Pirsultanlının yanında çalışdığım üçün, Səyyaf müəllimlə də tez-tez görüşürdük. Hərdən hansısa yazısını redaktə üçün gətirər, saatlarla söhbət edərdik. Tanışlığımızın ilk dövründə o hələ vəzifədə idi. Dostlaşdığımız dövrdə isə vəzifədən çıxarılmışdı və bütün gününü çayxanada keçirirdi. “Yurddan səslər” adlı bir jurnala rəhbərlik edirdi. Jurnalın məqsədi Azərbaycanın bölgələrini, rayonlarını, qədim və tarixi məkanlarını tanıtmaq idi. Əlinə pul düşən kimi rayonlara üz tutub, jurnal üçün material toplayar, sonra isə oturub topladığı materialları məqalə şəklinə salardı. Jurnal 3-4 aydan bir çıxsa da, özünə ofis tutmuşdu və ofisdə 4-5 xanım çalışırdı. Vəzifədə olduğu vaxtlardan qalma alışqanlığını, buyurmaq, katibəyə tapşırıq vermək vərdişini unuda bilmirdi.

Elmlər namizədliyini müdafiə eləsə də, sonradan elmi işi naməlum səbəbdən ləğv olunmuşdu. Amma ruhdan düşmürdü, çalışırdı ki, yenidən müdafiə eləsin.

Gündəmi acgözlüklə izləyirdi. Mətbuatda bütün imzaları tanıyırdı. Gənc nəsil yazarlarının hamısını həvəslə oxuyurdu və saatlarla onlar haqda danışmağı sevirdi. Müasir şeiri və nəsri sevsə də, yazılarında hər zaman el şairlərini, aşıqları təbliğ edirdi. Gəncənin bütün varlı-hallı, imkanlı “köhnə kişiləri”ni tanıyırdı və dostluq edirdi.

Güclü yumor hissi vardı. Hər dəfə görüşəndə dindar dostlarımızı (o vaxt mən də dindar sayılırdım) dolayırdı. Allaha inansa da, dinlə, xüsusilə dini fanatizmlə barışmırdı. Axundovu əzbər bilirdi. “Kəmalüddövlə məktubları”nı başdan sonacan əzbərləmişdi. Məhərrəmlikdə hökmən içirdi ki, çayxanada başına yığışan dindarlar cırnasın, onunla mübahisə eləsin.

Minlərlə folklor mətni toplamış, çap etdirmişdi.

Avtomobil həvəskarı idi. Gənclik illərində Gəncənin ən məşhur “avtoş”u Smert Tofiqlə dost imiş və hər ikisi güclü “avtoş” hesab olunurmuş.

Sədnik müəllim onu necə ərköyün böyütməsindən danışırdı. Deyirdi ki, mən uşaq evində böyüdüyüm, yetimçilik gördüyüm üçün Səyyafın çətinlik çəkməsinə razı olmurdum: “19 yaşında bir təptəzə bir “Jiquli” almışdım. Bütün günü şəhərdən sorağı gəlirdi. Bərk sürür, tez-tez qaydaları pozurdu. Amma dərslərini yaxşı oxuduğu üçün danlaya bilmirdim. Bir gün polis idarəsindən xəbər verdilər ki, Səyyafın maşını kanala düşüb. Getdim ki, özü yoxdur. Maşın yüngülvarı əzildiyi üçün ona heç nə olmamışdı. Evə gəldim, danladım. Maşını nə üçün ustaya aparmadığını soruşdum. Dik-dik üzümə baxıb dedi ki, mən alim oğluyam, bir dəfə əzilmiş maşını sürə bilmərəm.

Özünə sonsuz güvəni və inamı vardı. Eqosunu məğlub etmək haqqında heç vaxt düşünməzdi. Atasıyla və özüylə öyünməyi sevərdi:

Tən-dürüstdü qədd-qamətim,

Varlığımdı səadətim,

Yaxşılıq etmək adətim,

İnsanlığa sevdalıyam,

Səyyafam, Sədnikoğluyam.

2012-ci ildə ən çox sarsıldığım itkilərdən biri də Səyyaf Sədnikoğlunun itkisi oldu. Qəfildən, ürək tutmasından dünyasını dəyişmişdi.

Qışın qarlı, şaxtalı günlərində çayxanada nərd, domino oynamağımızı, hərdən də şahmat taxtası arxasında baş sındırmağımızı xatırlayıram. Çoxlu arzuları, planları, istəkləri vardı...

Bu yazıya başlamamışdan öncə “google” da onun adına axtarış verdim. Haqqında demək olar ki, heç bir məlumat yoxdur. Vikipediya səhifəsi də bomboşdur. Bir neçə mətbu orqanın saytında açıqlamaları, Gəncənin tarixi abidələri ilə bağlı fikirləri var.

Ölümündən üç ay keçsə də, haqqında bircə cümlə də yazılmayıb. Telefonumda heç vaxt zəng edə bilməyəcəyim bir nömrə də artıb.

Son günlər tez-tez yuxuda domino oynayır, danışır, gülür, zarafatlaşırıq. Hərdən elə bilirəm ki, yenə zəng edib mənə yazdığı son qoşmanı, gəraylını oxuyacaq...

Dəfələrlə ondan müsahibə almağı planlaşdırsam da, sonra almamışdım. Belə tez öləcəyinə inanmırdım. Heyf, çox heyf ki, ölməmişdən öncə görüşə bilmədim.

Bu yazı isə mənim üçün sadəcə bir vəfa borcu, yüngülvarı təsəllidir.

# 3591 dəfə oxunub

Müəllifin son yazıları

# # #