Dünyanın sonuncu müqəddəsləri

Dünyanın sonuncu müqəddəsləri
28 mart 2014
# 13:00

İşə bax: bayram günü məni kəndimizə aparan o dolanbac yol da duyuq düşüb ki, mənzil başına tez çatıb babamın-nənəmin qoxusunu içimə çəkməkdən yana necə darıxmışam! Zəmi yerlərinin arasından kəndimizə səmt alıb ağaran o enişli-yoxuşlu yol heç vaxt bu qədər yaxın, sözəbaxan olmamışdı, İlahi!

* * *

Evə çatan kimi qapını əvvəl döyüb, sonra özümə çəkirəm. Çarpayıları bitişikdi, lap düzü, bir-birinə “kürək söykəyib”lər, nənəm babamın “ayağına” baş qoyub yatır. Qolumu əvvəl babamın, sonra nənəmin boynuna dolayıram, öpüb hal-əhval tuturam. Yüngül-yumşaq zarafat da öz yerində: qoy kefləri açılsın, qocalığın çiyinlərinə çökən ağırlığını yaddan çıxarsınlar. Və mənə elə gəlmişdi, indiyəcən onların qulluğunu nə qədər tutmuşamsa, o bayram gününkünə tay ola bilməz, o günəşli mart səhərinə çatmaz. Deyirəm, alma soyummu, çay gətirimmi, bax, bu yaxşı peçenyedir, bir tamına baxın, xoşunuza gələcək, ürəyiniz nə istəyir, eləyim?! Yox eyy, kimə deyirsən: nə vaxt getdimsə, ikisi də bir ağızdan narahat-nigaran soruşdu ki, güzəranım nə təhərdi, dolanışıqda çətinliyim-axsaqlığım yoxdu?! Elə bilərsən, məni, qardaşımı, əmilərimi, bibim uşaqlarını Bakıya əmanət edən bu ixtiyarların Tanrıdan-taledən tək istəkləri bizim işsiz qalmamağımız, bu küləkli şəhərin böyüklüyündən baş çıxarıb kefi kök, damağı çağ yaşamağımızdır.

* * *

Ağrılarını gizlətməyə çalışsa da, görürəm, bacarmır, tez-tez balınca dirsəklənir, yaman narahatdır. Lap məəttəl qalmışam: deməzsənmi, babam bayram günü ona baş çəkməyə, boynuna qol salmağa gələn nəvəsindən – məndən utanır! Ki, heç vaxt belə olmamışdım, sənin qabağına bu əhvalla çıxmağım yaxşı düşmədi! Bəlkə, qoluna girib havaya çıxsaq eynin açılar, - deyirəm, - başını sağa-sola tərpədir.

- Kürəyini ovuşdurum?!

- İstəmirəm!

Əmidostumun bişirdiyi dovğanı soyudub gətirirəm, iştahayla yeyib mənə alqış, Allaha həmd edir!

* * *

Nənəm əlağacına söykənib ayağını çəkə-çəkə divana yetişir, oturur, Bakıda kimimiz varsa, birbəbir xəbər alır. Görürəm, qocalıq arvadın hafizəsini əməllicə korşaldıb, uzun-uzun fikrə gedib kiminsə adını xatırlamağa çalışır. Ən kədərlisi nədir, bilirsinizmi: dan yeri söküləndən qaş qaralanacan həyət-baca becərib doqquz uşağı yerbəyer edən nənəm, bir də gördün, doğmaca balalarının – mənim əmilərimin, bibilərimin adını dolaşıq salır: Şölətə Mikayıl, Mikayıla Xanlar, Həqiqətə Səkinə, Səkinəyə Gülçöhrə deyir. Elə ki cavan yaşda köçünü çəkib torpağa əmanət olan bibilərimin - Əlvanla Şamamanın adı dilinə gəldi, bəbəklərini yaş tutar, başını aşağı salıb lal-dinməz dayanar, yanağının nəmini kəlağayısına hopdurub sakitlik tapar. Biri xərçəngin, o biri yol qəzasının qurbanı olan bibilərimdən sonra nənəmin qəddi əyildi, onsuz da sözünə baxmayan ayaqlarının, dizlərinin taqəti çəkildi.

* * *

Məktəbdə oxuyanda nə vaxt kəndə gedirdimsə, nənəm boynumu qucaqlayıb hər üzümdən üç dəfə öpər, doydum deməzdi. Mən də arvadı çox “əziyyətə” salmamaq üçün “bir dəfə bəsdir” deyərdim! O bayram günündə üç dəfə nədir, istədim, hər üzümdən lap on dəfə öpsün, alqışı-duanı bol eləsin; o alqış-duanı sinəmə yığıb özümlə şəhərə gətirim, qayğılı həftələrdə, hüznlü günlərdə təsəlli yerim, köməyim olsun! Xatırlayıram və içimi qəribə hislər bürüyür: Bakıya oxumağa gələndə nənəm boynumu qucaqlayıb yalvarmışdı ki, özündən muğayat ol, canım qurban, şəhər yeridi, heç kimə dəyib-dolaşma, gecələr küçəyə çıxma. Və hər semestrin axırında kəndə gedəndə pensiyasından bir 20-lik ayırıb ovcuma basmaq istəyər, nigaran-nigaran soruşardı ki:

- Dediyimə əməl eleysən?

- Hansı dediyinə, nənə?

- Axşam düşənnən sora çölə-bayıra çıxeysən?

Mən güləndə, o çarəsiz-əlacsız dillənərdi:

- Qorxiyəm də, başua dönüm! Şəhər yeridi, nə cür desön, adam var.

* * *

Çöl-bayırdan ayaqları kəsilib, evdən həyətə aparan beş-altı pilləni düşüb-çıxa bilmirlər, yanlarından yel ötdümü, altını çəkirlər. Bilirəm: bağdakı ağaclar babamın nəfəsi, yuvadakı yumurtalar nənəmin əlləri üçün darıxıb! O məhrəm nəfəsə, o isti əllərə söykənib indi ancaq nəvələr böyüyə bilər, nəvələr! İndi babamın bostan yeri boş qalıb, torpaqdan qızılı qarğıdalılar boy atıb saçaq sallamır, günəbaxanlar Günəşə salam göndərmirlər. Heç alma ağaclarının quruyan budaqlarını kəsən, həyət-bacanın kəm-kəsirinə əl gəzdirən də yoxdur. Babamın gümrah vaxtlarında bəxtəvər-bəxtəvər çiçəkləyən şaftalı, armud, gavalı şivləri indi uzaqdan-uzağa göz dağı kimi qaralır. Sonbeşik əmim səhər çıxıb axşam gələr, rayondakı işlərini ancaq çatdırar; ev-eşiyin dolanışığı üçün özünü oda-közə vurub həyət-bacaya ancaq bayram, matəm günlərində vaxt ayıra bilsə, buna da şükür!

* * *

Atamla anam dayıqızı, bibioğludurlar. Ana nənəmin – Gülxara nənəmin danışdığı bir əhvalatı xatırladım. 40-cı illərdə anamın atası – Barat babam evi dolandırmaq üçün meşədən odun gətirib qonşu kəndlərdə bir torba una dəyişərmiş. Evdə çörək deyib duran bacılarının qarnını doyuzdurmağın savayı yolu yoxuymuş və o araba dolusu odun bir torba nədir, lap üç torbanın əvəziymiş. Amma kimə deyirsən, evdə əməköməci yeməkdən bir dəri bir sümük qalan iki zavallı qız uşağının canında təpər olmaq üçün bircə ovuc un lazımmış ki, əvəliyə-əməköməciyə qatıb yesinlər.

Yağışlı günlərin birində babam arabasının yolunu yenə qonşu kəndlərin birindən salır. Toy mağarı qurulan qapıda oduna müştəri çıxırlar, üstəlik, evin mərhəmətli kişisi bığ yeri tərləyən bu odunçu oğlanı yeməyə çağırır. Nənəm danışırdı: babanın ürəyi bir ovuc un gözləyən bacılarının yanında qalsa da, aclıqdan keçə bilməyib, özünü verib mağarın uzaq küncünə ki, rahat canla, doyun qarına plov yesin, havanın sazağı-soyuğu canından çıxsın. Yeməyin şirin yerində evin zalım gəlini hardansa peyda olur, bir boşqab plova girişən oğlanı görəndə, əsəbdən bədəni titrəyir, şığıyır mağarın o uzaq küncünə. Və cavan odunçu arabasını çəkib kor-peşman mağar qurulan qapıdan uzaqlaşanda gözü qalır yerə tökülən plovda, içi boşqab kimi qırıqlanır.

İllər ötür, müharibə bəlası köçünü çəkib gedir, adamların əli çörəyə çatır. Zənnimdə yanılmıramsa, 80-nin əvvəllərinin söhbətidir: babam Biləsuvar polisində çalışanda axşamın bir vədəsi növbətçi xəbər gətirir ki, İranla sərhəddə qaçaqmal keçirən bir qadın saxlamışıq. Alverçi arvadı görəndə babam ildırım vuran qarağac tək quruyub qalır: bu, o idi, o! Bacıları evdə ac qalan, bir boşqab plovda nəfsi göynəyən odunçunu qapıdan qovan o zalım gəlin! Qocalmışdı, yaman qocalmışdı; o ötkəmlikdən, zalımlıqdan əsər-əlamət yoxuydu. Babam illərin o üzündə qalan hüznlü xatirəsini danışanda arvad and içib ağu yalayır, yerə döşənir: sənnən sora peşman oldum, ağladım, bağışla məni, bu yaşımda prokurora-məhkəməyə salıb rüsvay eləmə, burax gedim. Və babam Sovet milisinin qaydalarını pozub həyatını təhlükədə qoysa da, bir də o həndəvərdə görünməmək şərtilə, qadını sərbəst buraxır...

* * *


Gözümü açandan babamı “Quran” oxuyan, nənəmi namaz üstə dua eləyən görmüşəm. Çörəyə əl uzadanda “Bismillah”, süfrədən qalxanda “İlahi, şükür!” deməyi, xeyirdə-şərdə adamlara şərik olmağı, paxıllıqdan uzaq durmağı, əməlin niyyətə tən gəlməyini babamdan öyrəndik. Məsələn, öyrəndik ki, palaza bürünüb elnən sürünməmək olarmış, öyrəndik ki, adam bütün varlığı ilə nəyisə istəyəndə yer-göy köməyinə gəlir, öyrəndik ki, Allahı sevmək adamları namaz qılıb baş bağlamadığına, oruc tutmadığına görə alçaltmaq, utandırmaq deyilmiş. Gördük ki, 80 yaşında ələ külüng götürüb hamının gözünün qarşısında tək-təkcənə işləyib bütün kəndə nümunə olmaq olarmış, gördük ki, yol salıb, bulaq çəkib özündən sonra gözəl işlər qoymaq üçün kiminsə qapısına minnətçi düşmək ayıb deyilmiş, gördük ki, insanı sevmək nə böyük bəxtəvərlikmiş, İlahi!

* * *

Babamla nənəm qəlblərində Allah xofu, könüllərində insan sevgisi baş-başa verib o bəxtəvərliyi bir ömürdü yaşayırlar!

* * *

Bir uzaq kənddə qocalığın ağrı-acısına dözüb-duran iki Allah bəndəsi var: kişinin adı Əlövsət, arvadın adı Bənövşədir, Bənövşə! Onların adını deyib kəndimizin yoluna çıxmağa hələ çox ehtiyacım var. Qocalığın dözülməz ağrılarına sinə gərən bu halal adamlar məndən ötrü dünyanın sonuncu müqəddəsləridir. Hamının nənəsi, babası kimi...

* * *

Bilirəm: bağdakı ağaclar, yuvadakı yumurtalar bu yaz darıxmayacaqlar. Babamın nəfəsinin məhrəmliyini, nənəmin əllərinin istisini baharın ilıq günlərində canlarına mütləq çəkəcəklər, mütləq...

# 3243 dəfə oxunub

Müəllifin son yazıları

# # #