Deputatın öz evinə qonaq getməyi

Deputatın öz evinə qonaq getməyi
25 sentyabr 2014
# 11:37

Obası viran ağlar,

Əlində Quran ağlar,

Öz yurdunu gözüylə,

Xaraba görən ağlar.

***

...Kəndimiz, həyətimizin ağacları, anamın xalçası, Yadigar kişinin, Hüseyn kişinin qapı-pəncərəsi sökülüb-dağılan evi, kol-kos basan həyət, istisi-hənirtisi anamla birgə çəkilib gedən təndirimizin çıxarılmış gözün oyuğu kimi qaralan yuvası, gilas ağacı...

Gilas ağacı...

***

Anamın vannası, vedrəsi, tası, qazanı hərəsi həyətin bir tərəfinə atılıb qalıb, elə bil, bu əşyalara 18 ildə insan əli dəyməyib.

***

Divarlarını qala, damını qübbə bildiyin evə 18 il sonra qonaq kimi qayıtmaq nə deməkdir?! Uşaqlığını keçirdiyin o iki mərtəbəli, geniş eyvanlı evin qəddi əyilib, həyət-bacadan kədər ələnir, dibinə su tökdüyün ağacların yeri göz dağı kimi qaralır və sən... düşünürsən: İlahi, bu ev mənə niyə bu qədər kiçik görünür? 87-ci ildə atam vəfat edəndə kəndin o qədər adamı bu aynabəndə necə sığışmışdı?

***

Musa Urudun “Uruda iki səfər”ini oxuyuram. Özü bağışlayıb, söz vermişəm, mütləq oxuyacam. Yazı-filan boyun olmamışam, heç özü də kitabını bağışlayanda “bəlkə bir şey yazdı” ümidi ilə eyham vuran adamlardan deyil. Öz aramızdı: kitabını oxuyacağıma söz verib, yalançı çıxdığım o qədər adam var ki. Qalmışdı yazı yazmaq, ha! Bəlkə o eyhamı qulağım alsaydı, dünya dağıla, heç yazmayacaqdım?! Zəhləm “kitabımdan yazı yaz” deyənlərdən getməzmi, gedər!

Allahın bir bazar axşamçağısı divana yayxanıb vərəqləri çevirdikcə içimdə qəribə istəkmi deyim, köhnə vərdişmi deyim, bilmirəm, bir hiss baş qaldırır: bərkdən oxu, hamı eşitsin. Bu hissə qapılmaqdan zəndeyi-zəhləm gedir, di gəl, adamı silkələyən bir şeyə tuş oldummu, papağı günə verirəm. Bərkdən oxuduğum nə varsa, yazacağam, amma məsələyə Musa Urud özü aydınlıq gətirsin, görək, məni bu qədər uzunçuluğa məcbur edən nədir, heylə; onda hər şey daha aydın, anlaşılan olar: 1988-ci il noyabr-dekabr aylarında Ermənistan SSRİ-nin 21 rayonunda, 261 yaşayış məntəqəsində yaşayan 250 min azərbaycanlı etnik münaqişə zəminində Ermənistan hökuməti tərəfindən deportasiya edildi. Dekabrın 2-də Urud kəndi boşaldıldı. Kəndin camaatı uzun müsibətdən sonra Şahbuza pənah gətirdi. Şahbuz camaatı Ərikli dağının aşırımında Uruddan gələn taqəti kəsilmiş adamlara ölümdən bir az tez çata bildi.

***

2006-cı ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının İrəvanda keçiriləcək sessiyasında iştirak etmək üçün Azərbaycan tərəfindən iki millət vəkili – Musa Urud və Asəf Hacıyev düşmən ölkəyə yola düşürlər. Musa Urud erməni tərəfindən təhlükəsizliyinə təminat ala bilərsə, İrəvandan kəndlərinə getmək istədiyini dilə gətirir. Milli Məclisin sədri Oqtay Əsədov nə “hə”, nə “yox” deyir. Bu, ciddi məsələ idi, İrəvandan Sisyana gedən yolda hər şey ola bilərdi. Bir tərəfdən də, kəndlərinə getmək istəyən adama “yox” demək yaxşı düşmürdü. Təyyarədə səfər yoldaşı Asəf Hacıyev qanqaraldıcı xəbər deyir:

- Səhər Oqtay müəllimlə danışdım, dedi, Musanın Uruda getməsi məsləhət deyil.

- Gəl belə danışaq, sənin yadından çıxıb sədrin tapşırığını mənə deməmisən, ya da mənə deyəndə yuxulu olmuşam, eşitməmişəm.

- Yox, bu ciddi məsələdir. Dövlətin ikinci şəxsinin tapşırığını nə yaddan çıxarmaq olar, nə də yuxulu olmaq məsələsi inandırıcı görünmür.

İrəvanda uzun danışıqlardan sonra səfər baş tutur.

***

Evimizin ikinci mərtəbəsinə qalxıram. Mətbəx, şüşəbənd, yataq otağı, qonaq otağı necə təmir etmişiksə, eləcədə qalır. Soyuducu, qaz piltəsi, taxta şkaf, şifoner, servant, stol-stul, çarpayılar, yerə döşənən xalça-palaz da anamdan qalmadır. Qonaq otağımızda divara vurulan xalçanın üstünə əsgər şəkli vurulub. Çərçivənin kənarında qara lent...

Bu xalçanı ulu nənəm nənəmə, nənəm də anama cehiz vermişdi. Düşünürəm ki, xalçanı alıb apara bilsəm, 80 yaşlı anama ən böyük hədiyyə olar. 85-90 yaşlı Pavlik kişiyə deyirəm, kəllə otaqdakı xalça bizim ailənin əziz yadigarıdır. Havayı demirəm, pulla sat mənə. Pavlik xeyli susub axırda dedi:

- Yox, ara, bəs o xalçanın üstündəki şəkli neyləyim?!

***

Ovuclarımla Vətən torpağını sellofan torbaya dolduraram. Dinməz-söyləməz yolumuza davam edirik. Zor-zor bulağa çatanda dayanırıq, əl-üzümü yuyub doyunca su içirəm, iki litr də Bakıya gətirmək üçün götürürəm. Bulaqdan gətirdiyim iki litr suyun yarım litrini Urud camaatının ağsaqqalı Seyid Miriş ağaya, yarım litrini Vağədi camaatının ağsaqqalı Namaz əmiyə, yarım litrini anama, yarım litrini isə uşaqlarıma verdim.

Anam o sudan bir qurtum da içmədi. Eləcə bir neçə gün tutya kimi üz-gözünə çəkdi...

# 3345 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #