40-cı qapının sirri

40-cı qapının sirri
11 iyul 2014
# 10:28

Cavid Zeynallı

90-cı illərin ağır günləri. Ata Moskvaya iş dalınca gedib, çoxdandır səs-sorağı gəlmir. Qonşu Fatma arvadın evində olan telefon ana ilə oğulun yeganə ümid yeridir; indicə zəng gələcək, ata hal-əhval tutacaq, deyəcək ki, filankəsdən pul göndərmişəm, onu götürün, dolanın. Zəng isə gəlmək bilmir ki, bilmir.

14 yaşlı Rüstəm futbol üstündə məhəllə uşağı ilə dalaşanda dostlarından biri sevincək deyir:

- Rüstəm, ay Rüstəm, Moskva, aton zəng eləyib.

Fatma arvad Rüstəmi yaxına buraxmır, dəstəkdən bərk-bərk yapışıb dediyindən dönmür: get, ananı çağır.

Atanın ölüm xəbərini oğul həzm edə bilməzdi. Elə hər şey də bundan sonra başlanır. O kasıb ailənin qara, bədbəxt günləri başlayır.

Rejissor Elçin Musaoğlunun “40-cı qapı” filmi 2009-cu ildə istehsal olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan film bir neçə beynəlxalq müsabiqədə mükafat qazanıb. Rejissor vaxtilə mətbuata verdiyi müsahibəsində demişdi ki, “40-cı qapı” olmuş hadisələr əsasında lentə alınıb və o, ssenarini qəhrəmanın danışdıqları əsasında yazıb.

“40-cı qapı”da çağdaş Azərbaycan filmləri üçün nümunə sayıla biləcək bir neçə cəhət var. Bu cəhətləri saymalı olsaq, yəqin ki, birinci sırada düzgün aktyor seçimi və onlarla peşəkar işləmək bacarığı, günümüzlə bağlı olan sosial problemlərin qabardılması, səs və rəng effektlərinin ustalıqla işlənməsi dayanar.

Gülər Nəbiyeva (Leyla), Həsən Səfərov (Rüstəm), Elmira Şabanovanın (Fatma) aktyor oyunundakı peşəkarlığı, dialoqlarındakı təbiiliyi də əlavə etsək, daha aydın mənzərə alınar. “40-cı qapı”da Məcid Məcidinin filmlərindən təsirlənmə, daha doğrusu, yaradıcı bəhrələnmə nəzərə çarpsa da, sosiallıq, psixoloji nüanslar məhz böyük imperiyanın dağılmasını həzm edə bilməyən travmalı sovet insanların tipik göstəricisidir.

Son on ildə çəkilən Azərbaycan filmlərində ssenari problemi və dramaturgiya axsaqlığını nəzərə alsaq, Elçin Musaoğlunun ekran işi axıcı və hər cür əllaməçilikdən (oxu: anlaşılmaz müdrik fəlsəfəçilikdən) uzaqdır. Rejissor sadəcə, bir ailənin fonunda yetkinlik yaşına çatmayan bir insanın faciəsini danışır, göstərir.

Film başa çatandan sonra dolğun təəssüratıma kölgə salan xırda (?) texniki və yaradıcı qüsurlar haqqında fikirlərim təəssübkeş tamaşaçı rəyi kimi anlaşılsa, necə deyərlər, nə xoş! Və belə bir filmi ərsəyə gətirən rejissorun sıradan tamaşaçının görə biləcəyi çatışmazlıqlarla meydana çıxması, mənə təəccüblü göründü.

Məsələn, hadisələr 90-cı illərin əvvəllərində cərəyan edir və filmin sonuna yaxın biz Rüstəmi varlı bir adamın maşınını yuyan görürük. Maşın 2000-ci illərin sonunda istehsal olunan “Hyundai Sonata”dır. Hələ bu azmış kimi, bütün maşınların dövlət nömrə nişanı müstəqillik illərində qəbul olunan nömrə göstəriciləridir və bunu, tamaşaçı açıq-aydın görür. Yaxud “Natiq ritm qrupu” 2001-ci ildə yaradılsa da, məsələn, qəhrəman 1991-ci ildə ritm qrupunun məşq konsertində iştirak edir, mağazaların pəncərələrindən faizsiz kredit sözləri oxunur, ümumi planda Bakıda son on ildə tikilən göydələnlər gözə dəyir və s. Filmin qəhrəmanlarından olan oğru Edikin fiziki qüsurlu qardaşının ssenariyə hansı səbəbdən daxil edildiyi, hadisələrin inkişafında nəyə xidmət etdiyi də məlum olmur.

Açığı, inanmıram ki, Elçin Musaoğlu kimi istedadlı və peşəkar adam belə elementar texniki qüsurları gözdən qaçırsın və razı olsun ki, məhz onun tərcümeyi-halına yazılan film bu şəkildə ekranlara çıxsın. Bəlkə əlahəzrət “qayçı” 2000-lərdə olan sosial problemlərin “mənfur 90-lara”a köçürülməsini lazım bilib və nəticədə 2000-lərin şəhər mənzərəsi 90-cı illərdən bəhs edən filmdə peyda olub? Hər halda, düzünü rejissor bilir.

Vacib olan gələcək işlərdir. Tutalım, Elçin Musaoğlunun hazırda çəkdiyi “Nabat” filmi. Haqqında son vaxtlar eşitdiyim müsbət fikirlərdən təəssüflənməmək arzusu ilə...

# 2432 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #