Eldəniz Rəsulov: “Əminə Yusifqızının şeir deməyində milyon səhv tutaram”

Eldəniz Rəsulov: “Əminə Yusifqızının şeir deməyində milyon səhv tutaram”
18 aprel 2019
# 13:56

Bu gün görkəmli kino və dublyaj aktyoru, Əməkdar artist Eldəniz Rəsulovun doğum gündür. Kulis.az bu münasibətlə Eldəniz müəllimi təbrik edir və onun müsahibəsini oxucuların diqqətinə çatdırır.

Metronun “İçərişəhər” stansiyasının çıxışı. Günbatan çağı. Həmin şəhər, həmin adamlar, həmin ağaclar. Bu qayğılı adamlar, bu şən adamlar hara tələsirlər? Bir də gözünüzün qabağına gətirin ki, metronun qarşısında avqust günəşinin yandırdığı bir adam - tanış üzlü, doğma səsli bir adam iştaha qarışıq həyəcanla siqaret tüstülədir. Yox, “tüstülətmək” o həyəcanı yaxşı ifadə etmir. Bəlkə siqaret sümürür daha doğru olar?

Əl tuturuq və mənim “Necəsiniz?” sualıma başını narazılıqla bulayır: “Necə olacağam, əsim-əsim əsirəm”.

- Elə bil, imtahana gəlmişəm. Danışmağı bacarmıram. Ona görə mətbuatdan həmişə qaçmışam. Şeyx Əbdülə, Ramiz Əzizbəyliyə həsəd aparıram də. Harada istəsən, bülbül kimi ötsünlər.

- O ağacın dibindəki boş stolu görürsünüz? Ora bizimdir, yerimizi rahatlayaq, sizi danışdırmaq mənim boynuma. Bunu müsahibə yox, bir jurnalistlə bir sənətkarın dərdləşməsi hesab edərsiniz.

...Təriflər boğazdan yuxarı ola bilir. Ona görə yazıram, bu tərif deyil, həqiqətdir: Eldəniz Rəsulov Azərbaycan dublyajının əfsanəsidir. Bunu üzünə deyəndə uşaq kimi utanır. Ona görə uşaq kimi deyirəm ki, böyükləri belə gözəl utanan görməmişəm. Və başını aşağı salıb alnının tərini silir. Yüzlərlə filmi doğma səsində evimizə qonaq edən bu adam yaş üstə yaş gəldikcə, sənətkar və insan təvazökarlığını özünə bir köynək daha yaxın bilir. Mən Eldəniz Rəsulovun çəkildiyi filmlərdən ona görə yazmadım ki, o filmlərin tarixçəsini özü danışacaq. Həm də ləzzətlə danışacaq. Deyəsən, giriş çox uzandı axı, hə? Bir də gördünüz zəng vurdu: məni o qədər tərifləmək nəyə lazım idi?

Filarmoniya bağı. Gün işığının ağac kölgəsində itən vaxtı. Eldəniz Rəsulov APA-ya danışır...

* * *

“Mənə elə gəlir, aktyor işi və əməli ilə danışmalıdır. Yaxşı rollar təklif eləsinlər, oynayım, bu da olsun mənim danışmağım. Seriallara dəvət edirlər, getmirəm. Qeyri-professionaldırlar, aktyorla işləmirlər. Bir serial təklifini qəbul etdim, məlum oldu, ortalıqda nə ssenari var, nə ciddi rol bölgüsü. Rejissor mənə dedi, müəllim, nə istəyirsən oyna də. Sonra gördüm istehza mənasında gülür. Dedim, sizin mənə nə serialınız lazımdır, nə pulunuz. Yenə təkliflər olur, qəbul etmirəm. Amma bu qəbul etməməklər də çoxalanda ömür gedir. Cavid Təvəkkül İctimai Televiziyada “Döngələr” serialı çəkirdi. Mən istəmirdim, dedi, rol sizin üçün yazılıb. Televiziyanın binasından çıxmaq istəyəndə İsmayıl Ömərovla rastlaşdım. Görüşən kimi təbrik etdi: seriala təsdiq olunmusunuz. Qaldım belə, yox deyə bilmədim. Çəkildim və peşman da deyiləm. Əvvəla, ona görə ki, Cavid Təvəkküllə tanış oldum və mənə xoş oldu. Rejissoru yaxından tanımaq, işinə bələd olmaq çox vacibdir. Məsələn, Eldar Quliyevi görəndə əsim-əsim əsirəm”.

- Sizi Eldar Quliyevin və Oqtay Mirqasımovun aktyoru saymaq olarmı? “Gümüşgöl əfsanəsi”, “Ovsunçu”, “Babək”, “Şeytan göz qabağında” filmlərini nəzərdə tutub deyirəm...

- Olar. Allah hər ikisinə can sağlığı versin. Srağagün danışdıq, Eldar müəllimin səhhətində problem var. Məni Müslüm Maqomayevlə tanış edən də Eldar Quliyev olub. Buna görə də ona minnətdaram. Film çəkilişlərində Eldar Quliyevə təkliflərimi verə bilmirdim, çünki müəllim kimi çəkinirdim. Amma Oqtay Mirqasımovla çox rahat idim, rolu necə görürəmsə, onu deyə bilirdim, istədiyimi oynamaq üçün mənə imkan yaradırdı. Oqtay müəllim “Ovsunçu”da mənə kəndxuda rolunu verdi. Ssenarini oxudum ki, kəndxudanın bir cümlə sözü yoxdur. Şamaxıda camaat çəkilir, mən bekar oturmuşam. Getdim bir kişidən alma alanda, gördüm, bunun hərəkətləri, manerası elə kəndxuda rolunda mənə lazım olacaq. Oqtaya dedim, filmdə onsuz da mənlik bir iş yoxdur, alma aldım, qayıdım Bakıya. Oqtay da çaşıb qaldı: başa düşmədim, biz bura çəkilişə gəlmişik, sən niyə qayıdırsan? Söz yoxdur ona görə? Dedim, hə. Güldü ki, darıxma, hər şey olacaq.

- Hiss edirəm, filmə çəkilmək üçün içinizdə bir aclıq var. Səhv etmirəm?

- Nə bilim, vallah. İçimdəki çəkilmək aclığını, aktyor istəyini öldürdülər. Ətrafa baxıram, indi çəkilən kinoları görürəm, qoruyub-saxladığım həvəsim də ölür. Bu yaxınlarda bir müasir İran filmini dublyaj elədim.

“Nizami” Kino Mərkəzində festivalda nümayiş olunacaq. Çəkirlər də, çəkirlər. (Sükut. Siqaret yandırır). Filmin finalı o qədər gözəl idi, dublyajda kövrəldim. Amma sənə deyim, yaxşı filmlərə baxanda içimdəki həvəs yenidən oyanır. Elməddingil (aktyor Elməddin Cəfərovu nəzərdə tutur - C. Zeynallı) kommersiya filmlərinə dəvət edirlər, deyirəm, uşaqlar, qurban olum, sizə bir söz demirəm ki, gedin pulunuzu qazanın də. Mənimki belə iş münasibətləri ilə tutmur. Mən professional iş, peşəkar mühit istəyirəm. Tofiq Tağızadə, Rasim Ocaqov, Hüseyn Seyidzadə ilə bir yerdə çalışmışam. İndi pula görə bunların üstündən necə xətt çəkim? Sənətin ucuzu olmaq istəmirəm. Bir hadisə yadım düşür...

- Danışın.

- Fəvvarələr meydanında oturmuşdum, gördüm, qabağımdan iki nəfər keçdi. Bir az getmişdilər, oğlanlardan biri qayıtdı ki, siz Eldəniz müəllimsiniz? Mən Binəqədi Komissarlığında işləyirəm, siz mənim aktyorumsunuz, həmişə fəxr etmişəm ki, belə bir sənətkarımız var. Vallah, adama elə xoş gəlir ki... Deməli, filmlərə çəkilməsəm də, hələ tam ölməmişəm. Bir də qiymətləndirilməmək adama ağır gəlir. Bunu desəm, bilmirəm necə çıxacaq. Əməkdar artistəm, qulağım eşidir ki, kimsə deyir, Eldəniz tərpənməyə-tərpənməyə, dürüst, təmənnasız ola-ola nə xalq artisti olacaq, nə təqaüd alacaq. Nə gizlədim, belə şeylər məni incidir. Həqiqətən incidir. İndi 200 manat pensiya alıram. Bunu şikayət üçün demirəm. Maaşımdan narazı deyiləm, evim də yaxşı yerdədir. Əhmədlidə, “Nargilə” kafesindən bir az yuxarıda oluram. Oğlum Prezident Administrasiyasının Baş Arxiv İdarəsində işləyir. Binanı onlar üçün tikmişdilər, indi köçmüşük ora. Böyük oğlumu evləndirmişəm, iki nəvəm var. Kiçiyi hələ evlənmək istəmir. Yoldaşım həkimdir, pensiyaya çıxıb. Şəhər gündən-günə gözəlləşir. İstəyirəm, hər ətrafa baxanda ürəyim də belə gözəlləşsin.

- Məşhur aktyorlardan kiminlə şəxsən tanış olmusunuz? Danışsanız, maraqlı olar...

- Həə, danışası şeylər çoxdur. 1987-ci ildə Moskvaya getmişdik. “Dom Kino”da Rasim Ocaqovun filmini dublyaj edirdik. Rüstəm İbrahimbəyov banket verirdi. Fəxrəddin Manafova da əməkdar artist adı verilən vaxt idi. Haradan yadımda qalıb? Fəxrəddin qonaqlıq vermək istəyirdi, dedi, Eldəniz, üstündə pul varsa ver, Bakıda qaytaracağam? Mən də xırda-para şeylər almaq üçün bir az pul götürmüşdüm.

Dedim, var. Aşağı düşəndə bir də gördük, Anni Jirardo gəlir. Jurnalistlər, fotoqraflar da hay-küy salıblar. Özümü saxlaya bilmədim, dedim, gedib onu öpəcəyəm. Rasim Ocaqov da qayıtdı ki, öpməyən kişi deyil. Yaxınlaşıb öpdüm, gördüm, bizimkilər yuxarıda əl çalırlar. Bundan başqa, Daşkənddə Rac Kapur mənimlə Kamil Zöhrabovu filminə dəvət etmişdi. Hər şey razılaşdırılmışdı, xəbər çıxdı ki, Rac Kapur ölüb. Türkan Şorayla Daşkənddə görüşmüşəm. Burdan beş şüşə qırmızı şərab aparmışdım. Yılmaz Duru, Şükufə Yusupova, Kamil Zöhrabov, Türkan Şoray və mən bir yerdə oturduq.

Sonralar Türkan Şoray Bakıya gələndə kinostudiyanın direktoru Cəmil Əlibəyovun kabinetində yığışmışdılar. Mən Türkan Şorayla görüşmək istəyirdim, Tofiq İsmayılov dedi, başqa vaxt görüşərsən. Nə isə, qoymadı. Maqsud İbrahimbəyov Türkan Şoraya “Klima” ətri bağışladı. Yadıma düşmüşkən deyim: Eldar Quliyev “Nizami” filmində Türkan Şorayı çəkmək istəyirdi. Sonra alınmadı, Həmidə Ömərova çəkildi. Hə, hamı yığışıb otaqda, mən də qapının ağzında dayanmışam. Birdən Türkan Şoray məni gördü, qayıtdı ki, bıy, sən orda niyə boynunu büküb dayanmısan? Gəl, səni ətirləyim. Üzünü gətir ki, öp məni. Öpdüm, xoşuna gəlmədi, dedi, elə yox, o biri üzümdən ürəklə öp. Rəhmətlik Maqsud müəllim aşağıda məni gördü. Qayıtdı ki, Eldəniz sən də yamansan ha. (Gülür). Sonra nə danışım sənə? Yevgeni Yevsiqneyevlə oturub “əlli-əlli vurmuşam”. Deyirdim, Yevgeni Aleksandroviç, nəvələrimə danışacağam ki, sizinlə üz-üzə oturub söhbət etmişəm. Təəssüf ki, heç biri ilə şəklim yoxdur.

- Belə bir mühitdə yetişən adama serial rejissoru da barmaqarası baxanda, ağır gəlir...

- Əlbəttə. ANS-də “Göyçək Fatma” serialı çəkilirdi. Çağırdılar, getdim. Oturmuşam, heç kim soruşmur, siz niyə gəlmisiniz, nə gözləyirsiniz? Rejissor gəldi ki, çəkirik, çıxaq pavilyona. Deyirəm, nəyi çəkirsiniz, mənə mətn verilməyib. Nə desə yaxşıdır? Hə, bizim vaxtımız yoxdur, iki səhifədir, on beş dəqiqəyə əzbərləyin. Sən də bağışla, itə dönmüşəm, çıxan kimi Vahid Mustafayevlə rastlaşdım. Vahidlə də ərkyana münasibətimiz var. Məni görən kimi gəldi üstümə ki, hər şey yaxşıdır? Dedim, birini vuraram sənə. (Gülürük) Məni necə gətirmisən, elə də apar, ürəyim partlayır.

- Mənə həmişə elə gəlib ki, Azərbaycan rejissorları sizin potensialınızdan lazımınca istifadə edə bilməyiblər. Məncə dublyaja meyl etməyinizin səbəblərindən biri də bu olub. Yanılmıram ki?

- Elə deməzdim. Mən dublyaja çoxdan başlamışam. 70-ci illərdən. Dublyaj mənə həmişə maraqlı olub. Çünki Şahmar Ələkbərovu, Səməndər Rzayevi dublyajda görmüşəm. Mətni sahmanlamağı Həsən Turabovdan öyrənmişəm, amma onu master saymırdım.

Əminə Yusifqızını da master hesab etmirəm. Əminənin şeir deməyinə hamı valehdir, amma onda milyon dənə səhv tutaram. Yaxud “Yenə o bağ olaydı” şeirini deyir, sanki reportaj oxuyur.

- Həmin şeiri Rasim Balayev necə oxuyub?

- Rasim ayrı aktyordur. Onun haqqında gərək səhərə qədər danışam. Həm də dostumdur. Fəxrəddin Manafovun qiraətini demirəm, qanıacı, paxıl olsa da, yaxşı aktyordur. “Hökmdarın taleyi”ndə özünü öldürürdü ki, Pərviz Məmmədrzayev ondan üstün oynamasın.

- Siz buna paxıllıq deyirsiniz, amma məncə, aktyor üçün normal haldır. Səhnədə, pavilyonda rəqabət inkişaf yaradır...

- Əgər həqiqətən aktyor rəqabətdirsə, normal şeydir. Nə isə, dublyajdan danışırdıq. O vaxt işsiz-gücsüz idim, uşaqlar deyirdi, gedək “vurmağa”. Səməndərlə yaxın idim, nə danışırdılarsa, hamısını götürürdüm, nə edirdilərsə, fikir verirdim. Dublyaj işində Əli Zeynalov mənə böyük dəstək verib. İlk dublyajım Pakistan filmi olub. Sonra elə oldu ki, bir neçə zalda paralel işləyirdim. İndi gəncləri öyrətməyə çalışıram, bir il keçir, görürəm, özlərini hamıdan ağıllı bilirlər.

- Eldəniz müəllim, aktyor ömrü haradan başladı?

- Memar olmaq istəyirdim. Atam Qeybulla Rəsulov yazıçı-dramaturqdur, ona görə teatrlara, kinoya tez-tez gedirdim. Güclə yadıma gəlir: atam məni “Azdrama”ya aparmışdı. “Vaqif” tamaşası oynanılırdı, səhnənin arxasında Sidqi Ruhulla məni qucağına götürəndə möhkəm qorxdum. Bunu sonralar atama danışanda deyirdi, onda sənin 3 yaşın olub, yadına gələ bilməz. Anam əməliyyat olunanda bir ilə qədər İsmayıl Dağıstanlının evində qalmışam. Ədil İsgəndərov kimi müəllimim olub. Bu bilirsən nə deməkdir?

- Atanızla Ədil İsgəndərovun arası yaxşı olmayıb. Səbəb nə idi?

- Danışım da sənə. Atam “Bakı” qəzetində Nəsir İmanquliyevin yanında işləyirdi. Cavan oğlan olub, Cəfər Cabbarlıdan sonra “Azdrama”da ədəbi hissə müdiri vəzifəsinə atamı dəvət ediblər. Ədil müəllim teatrın direktoru idi, İsmayıl Dağıstanlı necə tovlamışdısa, atam Ədil İsgəndərovun əleyhinə böyük məqalə yazmışdı. Ədil müəllim də atamı işdən çıxardı. Bir dəfə dedim, Ədil müəllim, sizin tələbəniz olmaq istəyirəm. Tapşırdı ki, sabah gələrsən. Dekan Ənvər Dadaşov o tərəfdən dedi, Qeybulla müəllimin oğludur e. Ədil müəllim gözünü qıyıb uzun-uzadı üzümə baxdı. Sonra dedi, Qeybulla yaxşı dramaturqdur, amma mən onu işdən qovmuşam. Mən də söz altında qalmadım ki, Ədil müəllim, o söhbətin indi yeri deyil. Xoşuna gəldi. Dedi, qadam, gələrsən yanıma. Əsgərlikdə olanda Ədil müəllim mənə məktub yazırdı. Təsəvvür edirsənmi, SSRİ xalq artisti adi bir əsgərə məktub göndərir. Komandir diviziyanın qabağında məni qabağa çıxardı. Məktub indiki kimi yadımdadır: “SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Lenin və Stalin ordenli Ədil İsgəndərov bizim diviziyanı təbrik edir, uğurlar arzu edir”. Həmin gün bütün gecəni sevincimdən yata bilmədim. İndi danışıram tüklərim biz-biz olur. Belə kişilər olub.

- Atanızın dostları kimlər olub?

- İsgəndər Coşqun, Əli Səmədov, Məmməd Araz, Əli Kərim, Musa Yaqub və başqaları. Əli Kərim tez-tez bizə gəlib-gedirdi. Atam həmişə deyirdi, İbrahimbəyov qardaşlarının kiçiyini oxu, yaxşı yazır. Sonra Ənvər Məmmədxanlını çox sevirdi. Başağrısı deyilsə, Ənvər əmidən sənə yaxşı bir əhvalat danışım.

- Danışın, mənə xoşdur. Görürsünüz, söz-sözü çəkir, bir saat keçib. Siz də deyirsiniz, danışa bilmirəm...

- (Gülür). Mənim atam yeyib-içən adam idi. Deməli, səhər qar yağır, anama da axşamdan tapşırmışdı ki, xaş bişir. Biz Nərimanov prospektində olurduq. Anam xaş qazanını verdi, sürüşə-sürüşə gəldim “Azdrama”ya. Tofiq Kazımovun kabinetində oturmuşdular. Bu vaxt bir kişi gəldi. Əynində nazik plaş, başında şlyapa. Tofiq Kazımova dedi, mən gedirəm, onu ver aparım.

Tofiq müəllim də qayıtdı ki, o boyda yol gəlibsən, otur, əlli qram içək. Atam mənə işarə elədi ki, sən get. Axşam evə qanıqara gəldi. Soruşdu, o adamı tanıdın? Dedim, yox. Möhkəm əsəbiləşdi: sən bilirsən, Ənvər Məmmədxanlı Tofiq Kazımovdan nə istəyirdi? Deyirdi, eşitmişəm, pyesimi hazırlamaq istəyirsən, o cavan vaxtı yazdığım cızma-qaradır, istəmirəm, ver aparım. Sonra da atam qayıtdı ki, mən olsaydım, İlyas Əfəndiyev olsaydı, özümüzü öldürərdik ki, əsərim “Azdrama”da oynanılsın. Amma Ənvər Məmmədxanlı əsərini geri aldı. Ənvər əmi ilə bağlı bir əhvalatı da deyim. “Babək”in rejissorluğunu Həsən Seyidbəyliyə vermişdilər. İş elə gətirdi ki, Eldar Quliyev çəkməli oldu. Ənvər Məmmədxanlının ssenarisi belə başlayırdı: balaca, lüt, qıvrımsaç oğlan uşağı yol gedir. Birdən bunun üstünə kölgə düşür. Kamera geri çəkilir və məlum olur, bu, qartal kölgəsidir. Uşaq əl atıb qartalın boğazından yapışır, filmin adı yazılır: “Babək”. Eldar Quliyev isə filmi başqa cür başladı. İndiyə qədər yadımdadır, Ənvər əmi ilk nümayişə “basanoşka” ilə gəlmişdi. Çox sadə adam idi e, çox sadə. Turan Cavidi sevirdi, amma Hüseyn Cavid “xalq düşməni” olduğu üçün, bir-birinə yaxın gedə bilmirdilər. Sonra nə Turan xanım ailə qurdu, nə Ənvər əmi evləndi. Hə, film nümayiş oldu, Eldar dedi, Ənvər müəllim, burda söhbət edək, yoxsa otağa keçək? Ənvər müəllim də əsəbiləşdi ki, nə otağa keçmək? Mən qələt edib belə ssenari yazmışam. Adımı oradan çıxar, oğul, bu mənim yox, sənin “Babək”indir.

- Vaqif Əlixanlı ilə müsahibə etmişdim. Demişdi ki, Azərbaycanda tərcümə və dublyaj sahəsi çox bərbad vəziyyətdədir. Bu haqda nə düşünürsünüz?

- Bizim dediyimiz dublyaj klassik mənada dublyaj deyil. Əvvəllər buna diktor mətni ilə dublyaj deyirdilər. Çünki kinostudiyada dublyaj belə olurdu: mətn sahmanlanırdı, hər rola aktyor çağırılırdı. İndiki kimi tək Eldəniz səkkiz rolu yazmırdı. Digər kanallara baxanda, əlbəttə, bizimki doğrudan professional işdir. Yerlə göy qədər fərq var. Amma yaxşıdan da yaxşı ola bilər deyə, həmişə onun davasını edirəm. Filmi bəzən elə tərcümə edirlər, heç nə başa düşmək olmur.

- Xalq artisti olmamaqla bağlı içinizdə sıxıntı var?

- Əvvəllər kimlərsə deyirdilər, niyə filankəs xalq artist olsun, sən yox? Bunu ürəyimə salırdım. Sonra dedim, ay axmaq, belə şeyi niyə ürəyinə salırsan? Olar, lap yaxşı, olmasa da, özümə dərd etmirəm.

- Gənclikdə xanımlarla aranız necə olub?

- Ohoo! Gəncliyimdə gəzəyən olmuşam. Don Juan kimi. Mənə elə gəlir, burda pis şey yoxdur. İlk məhəbbətim məktəbdə olub. İndiyəcən unutmuram. İl yarım əvvəl AzTV-yə tərəf yolu keçmək istəyirdim, gördüm, maşın dayandı. Sürücü mənə işarə etdi ki, buyurun, keçin. Gördüm, yanında oturan qadın mənim ilk məhəbbətimdir. Keçmədim, yolumu başqa tərəfdən saldım.

Məhəllədə məni çox istəyirdilər. Nəcəf var idi, özündən deyən oğlan idi. Bir qızla görüşürdüm, sonra dedim, ayrılaq də, bəsdir. Sən demə, bu evdə deyib, Eldənizsiz ölərəm. Söhbət böyüdü. Qızın dayısı gəldi İncəsənət İnstitutuna, bir yumruğa məni pilləkənlərdən aşırdı. Nəcəf bunu bildi, həmin adamı tapdı. O boyda adam Nəcəfin qabağında başını aşağı salmışdı ki, bir qələtdir də etmişəm.

- Söhbətimiz sona çatır, heç soruşmadım ki, bu aylarda istirahət edə bildiniz, ya yox...

- Atam Qaxdandır. Orda da dəfn etmişəm. Qaxda balaca bir yer almışam, ev tikmək istəyirəm. Dördüncü ildir hələ də başa gətirə bilməmişəm. Bələdiyyə soruşanda zarafatla deyirəm, Eyvaz, başa gələndə, bilirsən, üstünə nə yazacağam? Yazacağam ki, “Bu ev maaşla tikilib”. O vaxt Qaxın katibi atama deyirdi, razılıq verin, sizə ev tikək. Atam da deyirdi, Qaxda evi neynirəm? Bacılarım, qardaşım burda. İndi onun altını mən çəkirəm. İstəyirəm, nəvələr üçün balaca bir həyət evi tikim. Kəndə bağlı olmaqlarını istəyirəm. Oğlanlarıma da demişəm, birdən satmaq fikrinə düşərsiniz, qəbirdə çevrilərəm. İlisuda şəlalənin yanında atamın evi olub. Dedilər, gərək yeddi-səkkiz ağsaqqal yığasa, təsdiq edə ki, bu kişinin evi burda olub, sonra rəsmi təsdiq etdirəsən. Dedim, lazım deyil, orda kimsə ev tikib, mən belə şeyi bacarmaram.

P.S. Metroya düşürük. Haradansa ağlıma gəlir ki, bu səsə sahib olan adamı toylara mütləq dəvət edərlər. Elə metro hay-küyünün içində qulağına əyilib soruşuram. Görün, nə deyir:

“İşsiz vaxtlarım idi. Uşaqlar balaca, evdə vəziyyət ağır. Toya dəvət etdilər, məcbur olub getdim. İndiyə qədər yadımdadır, 100 dollar verdilər. Gözlərimə inanmırdım. Gecə yarısı onu birtəhər xırdalayıb evə bazarlıq elədim. Ən çox uşaqlar üçün yeməli şeylər almışdım. Səhər yarıyuxulu eşitdim ki, oğlum lap yavaşdan qardaşını çağırır: “Dur, dur ayağa, gör ata bizə nələr alıb?”. Üstündən illər keçsə də, nə bu hadisəni, nə də uşaqlarımın o səsini, o sevincini unuda bilmirəm”.

2017

# 4109 dəfə oxunub

Müəllifin son yazıları

# # #