Cavid Zeynallı: “Mən vətən xainiyəm ki, bağışlanam?! ” - MÜSAHİBƏ

Cavid Zeynallı: “Mən vətən xainiyəm ki, bağışlanam?! ” - MÜSAHİBƏ
13 iyun 2014
# 16:29

Kulis.Az yazıçı Cavid Zeynallının müsahibəsini təqdim edir:

- Cavid, üzdə olan tək-tük romançı gənclərdən birisən.Amma gündəmdə daha çox köşə yazıları ilə görünürsən. Və həm də jurnalistsən. Özünü daha çox hansından sayırsan – romançı, publisist, yoxsa jurnalist?

- "Üzdə olan tək-tük romançı gənclərdən birisən” deməyin məni diksindirdi desəm, qeyri-səmimi qəbul etmə. Bu, böyük məsuliyyətdir, haqdır, yükdür və mən bunun altına girməkdən ehtiyat edirəm. Bilirsən, məncə, biz müsahibələrdə bir-birimizin şəninə bu boyda tərif deməməliyik. Adam özünü ağırtaxtalı yazıçı hesab edir, sonra yüngülvarı tənqid şapalağından müvazinətini itirir, qalır çabalaya-çabalaya. Ona görə də, tərifdə məsafəli münasibəti məhz dostlardan ummalıyıq. Bu, belə! Jurnalist məsələsinə gələndə, bəli, mən hazırda jurnalistika ilə məşğulam və dolanışığım jurnalistikadan çıxır. Desəm, jurnalistika ilə candərdi məşğul oluram, yalan olar, yox, desəm sevə-sevə məşğul oluram, bu da düz olmaz. Məsələ ondadır ki, jurnalistika mənə operativliyi, peşəkarlığı, sürətli yazı yazmağı, çevik düşünməyi öyrətdi desəm, yanlış olmaz. Eyni zamanda həmişə düşünmüşəm ki, ədəbiyyatdan normal dolanışıq çıxsaydı, jurnalistikanın daşını birdəfəlik atardım, yaxud kefim istəyəndə, maraq üçün məşğul olardım. Köşə yazısı yazmaq həm də formada və gündəmdə olmaq deməkdir. Daxilən özümü əlbəttə, yazıçı, zahirən "hərşeyşünas” sayıram. Sən də bunu özünə dərd eləmə: Markes, Heminquey, nə bilim Knut Hamsun da qəzetə məqalə yazıb, müxbirlik edib. Hətta Remark müəllim sürücülük, hesabdarlıq edib. Söhbətdi də, edirik, təsəlliyə nə gəlib, sən istə, mən sayını bol eləyim.

- Bir yazıçı dolanmaq üçün bir neçə işlə məşğul olur və bu, artıq Azərbaycan ədəbi mühitində qaydaya çevrilib. Bəlkə, oxucunun da yerli yazıçılara münasibəti elə buna görə müəyyən olunur? Yəni, yazıçılıq nə vaxt konkret peşəyə çevriləcək? Nə etmək lazımdır?

- İçimdə bir hiss var ki, bizim də ölkəmizdə ədəbiyyat vacib sahələrdən biri olacaq, gənclər kitab çıxarmaq üçün 500 manatın dərdini çəkməyəcək, əlində geniş mətbəə imkanı olan adamlar nərdtaxtaya oxşayan kitablarını çap etməkdən yorulacaqlar, yazıçının gözü biznesmenin əlindən-cibindən yığılacaq. Yəni Azərbaycan yazıçısı olacaq özünə görə bir kişi! O gün mütləq gələcək! Nə etmək lazım olduğunu bilmirəm. Yəqin ki, bunun üçün bazar formalaşmalıdır, nəşriyyat haqqında qanun qəbul olunmalıdır və s. Səhv etmirəmsə, bu qanun üzərində iş gedir. İnanıram ki, növbəti illərdə bu qanunun bəhrəsini dada biləcəyik. Oxucu buna görə bizə münasibət sərgiləyirsə, qoy olsun. Bundan narahat olmağa dəyməz.

- Elxan Elatlı və Varis əsasən romanları ilə məşğuldurlar. Onlar bir növ yazıçılığı peşəyə çevirə biliblər. Amma ədəbiyyat camiəsində bu iki yazıçıya münasibət birmənalı deyil. Bəlkə onlardan nəsə öyrənəcəyimiz var? Sən necə düşünürsən?

- Təəssüf ki, Varisdən və Elxan Elatlıdan heç nə oxumamışam. Ona görə, oxumayacağım şeydən nəsə öyrənmək təcrübəm olmayıb. Hər halda, söhbət kitabdan gedirsə, buna ancaq sevinmək lazımdır. Bir dəfə İsa Muğanna ilə müsahibəyə getmişdim, İsa müəllim maraqlı bir fikir dedi. Dedi, Ordubadinin ədəbiyyatda ən böyük xidməti kitab oxumaq təcrübəsi olmayan insanlara qalın romanlar oxutdurmağı oldu. İnsanlarda həcmli kitablar oxumaq vərdişi yaratdı. Eyni təcrübəni adını çəkdiyimiz yazıçılara da şamil etmək olar. Ən azı insanlarda kitab oxumaq hövsələsi formalaşır.

- "Leyla” romanı da birmənalı qarşılanmadı. Səs-küy, qalmaqal, sərt tənqidlər... Ən çox da, "ictimai yük yoxdur” fikri vurğulandı. Sən hansı məqsədlə yazmışdın romanı? Gələcəkdə əsərlərini tənqidlərə görə yenidən yazmaq kimi fikrin var?

- "Leyla” haqqındakı tənqidlərə cavab vermişəm, ətraflı danışmağı vacib bilmirəm. Mən yazını bir dəfə yazıram və məsələ bağlanır. İkinci dəfə yenidən nəsə düzəliş etməyə nə istedadım, nə həvəsim, nə də vaxtım var.

- Bu romanı çapa mən hazırlamışam. Yəni, başdan sona qədər oxumuşam. Amma bir şey – romanın sonluğu məni açmadı. Doğrudanmı, şou-biznesin də, jurnalistikanın da problemləri belə asanlıqla öz həllini tapa bilər? Ya da ki, sualı başqa cür verim: romandakı "möcüzəvi dəyişiklik” həyatda da özünü göstərəcəkmi?

- Güman edək, həyatda da təsdiqini tapsın. Sonluqdakı məsələn, kitabla bağlı olan hadisənin hər bir yazarın başına gəlməyini arzu edirəm.

- Kitabla inqilaba inanırsanmı? Əgər inanırsansa, özün niyə cəhd etmirsən? İnanmırsansa, onda niyə yazırsan?

- Sualın məni karıxdırdı. Dediyim kimi, inanıram, bizim də ölkəmizdə kitabın üzü güləcək, kitab yerinə qoyulacaq, yuxarı mərtəbədə qərar tutacaq! Mənim bütün yaradıcılığım elə buna cəhddir də, buna can atmasam, yazmağa nə ehtiyac var?!

- Söhbəti yenidən peşənə yönəldirəm. Mədəniyyət sahəsində çalışan jurnalist kimi fikrin maraqlıdır. Xeyli xalq artisti və xalq yazıçısı ilə müsahibə etmisən. Onlar sənin yadında necə qalıb? Həmsöhbətlərinin xarakterlərini bir obrazda toplaya bilərsən?

- Mən bu məsələ ilə bağlı Kulis.az-a bir yazı yazmışdım. Bizim yaradıcı mühitdə riyakarlıq qəhrəmanlıq sayılır. Sənətin bütün problemləri çayxanada, restoranda, tədbirlərdə saf-çürük edilir, kimin kimdən xoşu gəlmirsə, qabırğasına döşəyir. Elə ki məsələ mətbuata gəldi, hərə yaxasını bir kənara çəkir. Amma kimə deyirsən, qorxu sənətin hər üzünə bələd olan istedadlı adamı yalan danışmağa məcbur edir, ən yaxşı halda neytral bir fikir deyib, yaxasını kənara çəkir ki, əşşi, nazirlikdə kiminsə xoşuna gəlməz, işimi əyərlər. Tanınmış sənət adamları ilə indiyə qədər etdiyim müsahibələrdə gəldiyim qənaət budur: Azərbaycan teatrının, kinosunun, ədəbiyyatının evini yıxan sənət adamlarının özləridir. Və bunun tək səbəbi o adamların riyakarlığı, öz aləmlərində güdaza getməkdən qorxmaqlarıdır.


- "Leyla” çapa gedəndə demişdin ki, bundan sonra çətin bir də roman yazam... O fikirdə qalırsan? Yoxsa yeni nəsə var?

- Aldanma, şair sözü əlbət ki, yalandır!

- Rəşad Məcid APA TV-də "Kulis” verilişinin qonağı olarkən dedi ki, "Gənclər Şurasından Cavid Zeynallıya qurultayda iştirak vəsiqəsi verilməyib, çünki mən belə istəmişəm”. Bir dəfə Anarı tənqid etdiyinə görə səni bağışlamayıb. Bu problem öz həllini tapdımı? Münasibətin nədir?

- Mənim Rəşad Məcidlə heç problemim yoxdur. Tənqidi yazımdan incimişdi, dediyinə görə, bunu məndən gözləmirmiş. Sonra görüşüb söhbət etdik, anlaşdıq, indi hər şey qaydasındadır. Yəni sənin təbirincə desək, bağışlanmışlardanam! O ki qaldı qurultay məsələsinə, düzü nümayəndəliklə bağlı proseduru indi də bilmirəm. Qurultay nümayəndələri artıq seçilib və mənim adımın orda olmamağını özümə dərd etmirəm. Belə-belə şeylərə görə də heç kimdən umu-küsü etmək, yaxa cırmaq kimi xüsusiyyətim yoxdur. Seçənlərə və seçilənlərə uğur arzu edirəm.

- Hərdən mənə elə gəlir ki, Anara qarşı tənqidlər onun özündən çox AYB-dəki vəzifəli şəxsləri narahat edir. Məsələn, sənin tənqidinlə bağlı Anarın öz reaksiyası necə oldu? Səni bağışladımı?

- Mən vətən xainiyəm ki, bağışlanam?! Film haqqında yazmışam, fikirlərimin də arxasındayam. O məntiqlə, gərək Qan Turalıya, Şərif Ağayara, Seymur Baycana, Günel Mövluda, Rasim Qaracaya çoxdan güllələnmə kəsəydilər, illəri çoxdan çıxardı. Üzvün sədri tənqid etməyini bu cür də qarşılamalıydılar, burda qeyri-adi şey yoxdur

Rüfət Əhmədzadə
KULT.AZ

# 2738 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #