Danışan tut ağacı HEKAYƏ

Danışan tut ağacı <span style="color:red;">HEKAYƏ
20 aprel 2015
# 08:00

Cəmil Kavukçu 1951-ci ildə anadan olub. İstanbul Universitetinin məzunudur. Hekayələri 1980-ci ildən müxtəlif jurnallarda çap olunub. Yazıçı Sait Faiq Əbasıyanıq, Erdal Öz və s. ədəbiyyat mükafatlarını qazanıb. C. Kavukçu Azərbaycanda tanınmayan yazıçı olsa da, bir neçə il əvvəl Türkiyədə nüfuzlu yazıçılar, ədəbiyyatşünaslar və tənqidçilər arasında keçirilən “Ötən əsrin 40 ən yaxşı hekayəçisi” sorğusunda adı ilk onluqda olmuşdu. Hətta onun imzası siyahıda bizim yaxşı tanıdığımız Əziz Nesin, Ömər Seyfəddin, Oğuz Atay, Əhməd Həmdi Tampınar, Yusif Atılqandan daha əvvəl gəlmişdi. Sorğunu təşkil edənlər belə yazırdılar: “Qəribədir, “Ən yaxşı hekayəçi kimdir?!” sualını eşidən kimi sorğu iştirakçılarının 35 faizi Cəmil Kavukçunun adını çəkdi”.

Yazıçının “Can Yayınları” tərəfindən 2009-cu ildən 20014-cü ilədək beş dəfə nəşr edilən “Xaltalı göyərçin” kitabından “Tut” hekayəsini “Kulis”in oxucularının diqqətinə çatdırmaq istəyirəm.

Cavid Zeynallı

Cemil Kavukçu

Tut

Əsl adının Xədicə olduğunu illər sonra öyrəndim. Biz uşaqlar üçün o, bağ-bağatlı qala kimi evdə tək yaşayan Tico xala idi. Dörd divar arasına elə qapılmışdı, Tico xalanın ailəsi olduğunu, o evdə nə vaxtsa başqalarının da yaşadığını ağlımıza gətirməzdik. Nə evlənmişdi, nə də qəsəbədən kənara ayaq basmışdı. Qonum-qonşu, anamız-bacımız xısın-xısın danışırdılar ki, hamilə qaldığını biləndə ölümlə əlbəyaxa olub, uşağı arxa bağçada basdırmışdı.

Uşaq idik, belə şeyləri ağlımız kəsməzdi...

Heç kim görüşməzdi deyə, o qala kimi evdə məhbus həyatı yaşayar, başını ancaq bizimlə qarışdırardı. Onun evinə girdiyimizi, bağçasında oynadığımızı hamıdan gizli saxlardıq. Bu, qan qardaşı kimi sirrimiz idi.

Tico xala qorxulu nağıllar danışardı bizə. Əhvalatı gözümüzün qabağına gətirək deyə, min cür oyundan çıxardı: gözlərini qıyıb xəbərdar olmadığımız aləmdən üzümüzə zillənər, sonra bəbəklərini bərəldər, barmaqlarını qıcıdıb pəncəyə oxşadanda əjdahaya çevrilərdi. Görərdik, ağzından od püskürür, səsini lap qısıb gözlərini tez-tez qırpanda, dodaqlarını büzüşdürəndə gözəl, bəxti gətirməyən şahzadəyə bənzəyərdi. Təzədən səsini qaldırıb bağıranda küpəgirən qarıya oxşadardıq onu. Nağılları bütün dəhşəti ilə yaşayardıq. Gecələr gözümə yuxu girməz, arxa bağçadakı tualetə tək gedə bilməzdim. Qorxaqlığımı birtəhər gizlədib qardaşımı hər dəfə bir bəhanə ilə yuxudan oyadar, tualetin qapısında gözətçi qoyardım. Tico xalanın danışdığı əhvalatlardan ən dəhşətlisi böyük tut ağacı haqqında olan idi ki, hər yadıma düşəndə yuxum qaçar, qardaşımın yatağına sığınardım.

İyunda tut yetişəndə bağ-bağatın qapısını üzümüzə taybatay açardı. Əlbəttə, ağaclara dırmaşmağa, ürəyimiz istəyəndə tut yeməyə də icazə verərdi Tico xala. Tək-təkcənə girməyə ürək etmədiyimiz bu qorxulu bağdan qaş qaralmamış çıxardıq. Güman ki, danışdığı nağılların hamısı burda olmuşdu. Bir tərəfdən də o bağ qəribə şəkildə bizi özünə çəkən, gecələr əcinnələrin dolaşdığı uğursuz, bəla gətirən yer idi. Qayğısız-vecsiz eşələnib soxulcan axtaran, eybəcər xoruzu belinə çıxarıb təpələməsinə razı olan zavallı toyuqlar günəş batdımı, daha doğrusu, azan oxundumu, canavara dönər, özünü yekə-yekə aparan xoruz da dürtülməyə deşik axtarardı. Əslində, hamısı cin-şayətin idi. Hətta kor pişik də! Lap axırda o əcinnələrin başçısı, Tico xalanın torpağa gömdüyü uşaq çıxardı ortalığa. Sabaha qədər çalıb-oynayar, toy-bayram edərdilər. Onlardan olmayan birini gözləri aldımı, elə yerindəcə bir xətər toxundurardılar. Qəsəbə məscidin müəzzini Həmid əfəndinin iflic olmasına heç kim inanmırdı. Ona Tico xalanın cinləri toxunmuşdu.

Bağda tutdan savayı ərik, armud ağacları da vardı, amma onlara dırmaşmaq, budaqlarına daş atmaq bizə qadağan olunmuşdu.

Qış gecələrinin birində qocalmış tut ağacının əhvalatını danışmışdı...

Tico xala bilirmiş ki, ağaclar da insanlar kimi kədərlənir, acı çəkir, amma onların danışa bildiyini desəydilər, dünyasında inanmazdı. Bir gecə bağdan səs gəldiyini eşidəndə, möhkəm qorxmuşdu.

Əhvalatı danışanda yenə özündən getmişdi: gözlərini elə bərəltmişdi, o dəhşətli hadisəni iliyimizəcən biz də hiss etmişdik. Görəsən, o necə səsmiş: iniltimi, çığırtımı, hırıltımı?! Bəlkə hamısı, bəlkə heç biriymiş?! Əvvəllər eşitdiyi səslərə oxşar deyilmiş. Tələsik qapı-pəncərəni bərk-bərk bağlayarmış. O vaxtlar daha gənc, daha gözəlmiş. Bağa açılan pəncərənin pərdəsini ehmalca aralayıb bayıra baxıb. Zülmət çökən bağda cin-şayətin top oynayırmış. Sonra o səs yenidən eşidilib: “Burax məni, gedim”. Yalvarırmış. Həm insan səsinə bənzərmiş, həm də bənzəməzmiş. Elə bil, quyudan eşidilərmiş. Tico xalanın sabaha qədər gözünə yuxu getməyib. Dan yeri ağaranda cin-şayətin, xəyalat çəkilib gedər, xoruzlar banlayıb toyuqlar qaqqıldamağa başlayanda, ağacların budaqlarına quşlar qonanda bağa çıxıb. Hər yeri bitdə-bitdə gəzsə də, nə ləpir tapmışdı, nə izə rast gəlmişdi. Tut ağacının yanından keçəndə “ah” nidası eşidib. Özünü kənara necə atmışdısa, ayaqları yerdən üç qarış qalxmış, ödü ağzına gəlmişdi. Yan-yörəsini nəzər salsa da, gözünə heç kim görünməmişdi. “Mənə elə gəlir” deyib, özünə təsəlli verirmiş ki, həmin səs yenidən eşidilmişdi.

Səs tut ağacından gəlirdi...

Ağaca yaxınlaşıb qulağını gövdəyə söykəyəndə “Burax məni, gedim” sədasını təzədən eşitmişdi. Budaqlara qonan quşlar pırr eləyib uçmuş, toyuq-cücə qaqqıltısını xırp kəsmiş, kor pişik ilim-ilim itmiş, dörd tərəfə dərin sükut çökmüşdü. Elə buna bəndmiş kimi Tico xala çığıra-çığıra bağdan baş götürüb çıxmışdı. O bu, addımını otağından bayıra qoymamış, iki rükət namaz qılıb ölüb gedənlərinə dua etmişdi. Elə bil kimsə içindən demişdi ki, getmək istəyirsə, saxlama, burax getsin. Başqa bir səs də bu tərəfdən eşidilirmiş: “O, necə gedə bilər, bağa kök atıb”. Lap axırda yəqin eləmişdi ki, ağacdan canını qurtarmalıdır.

Nəfəsi təntiyə-təntiyə özünü aşıq İlyasın dükanına çatdırmışdı. Aşıq İlyas sorağı kəndə-kəsəyə yayılan, tutdan saz düzəldən ustad aşıq idi. Onun əlindən çıxan saza müştəri çıxmaq üçün uzaq-uzaq yerlərdən gələnlər vardı. Əlbəttə, Tico xala ağacın “danışdığını” deməmişdi, bircə onu dilinə gətirmişdi ki, bəs yaman qocalıb, meyvə vermir, gövdəsi budaqlara tab gətirmir. Üstəlik, bunu da əlavə eləmişdi ki, ağacı savabına kəsərsə, çör-çöpünə qədər ona verəcək. Aşıq İlyas elə həmin gün yanına bir köməkçi salıb ağacı mişarın ağzına verəndə, əməlli-başlı çətinə düşmüş, bədənini tər-su götürmüşdü. Hətta İlyas dodağının altında deyinmişdi ki, ömrümdə belə həyasız tut ağacı görməmişəm.

- Mişar elə boğulurdu, elə bil ağac yox, camış kəsirdik.

Bədbəxtliyə bax: İlyasın yanına salıb gətirdiyi adamın üstünə yekə bir budaq düşəndə, zavallının az qala nəfəsi kəsiləcəkmiş. Sonra İlyas sağ əlinin baş barmağını kəsmişdi. Ha eləmişdi, qanın qabağını ala bilməmişdi. Tico xala elə bilmişdi, zavallı köməkçi də, İlyas da ölüb. Amma yox, İlyas da, o adam da sağ-salamat canlarını qurtarmışdılar. Ağacı öküz arabasına qalaqlayıb aparandan sonra göyərçinlər, qarğalar, sərçələr bağçaya qayıtmış, toyuqların qaqqıltısı eşidilmiş, hikkəli xoruz uzun-uzadı banlamışdı.

Əlbəttə, əhvalat burda bitməmişdi. Hardansa İlyasın ağlına gəlmişdi ki, ağacın gövdəsindən saz yox, insan heykəli yonsun. O günə qədər nə belə bir şeyə əl bulaşdırmış, nə də bunu ağlına gətirmişdi. Elə bil durduğu yerdə qəlbinə şeytan girmişdi. Heykəl hazır olanda bərk həyəcanlanmışdı. Sən demə, İlyas heykəli dükanda yox, hamıdan gizlin, tövlədə yonurmuş. Hər halda, işini ehtiyatlı tutub dükandansa, tövləni daha münasib bilmişdi. Onsuz da saz düzəltməyinə hamı deyinirdi, heykəl yonduğundan xəbər tutsaydılar, nələr deməzdilər?!

Donquldanacaqdılar ki, deyəsən, ağlını itirmisən, heykəl yonmaq günah deyil bəyəm?!

Heykəl hazır olanda sevindiyindən bütün gecəni çimir almamışdı. Ertəsi gün sübh tezdən tövləyə gedəndə nə görsə yaxşıdır: heykəl yox idi. Axı, heç kimə bir kəlmə deməmişdi?! Səhəri qəsəbənin küçələrində heykələ rast gələndə havalanmışdı. O bu, ilim-ilim itmişdi Aşıq İlyas...

Yaxşı, bəs Tico xala bunlardan necə xəbər tutmuşdu? Nə biz soruşa bilmişdik, nə o danışmışdı! Bircə tut adamın adını qulağımıza pıçıldamışdı: Dingil Ənvər. Hamımız bir ağızdan iç çəkib, mat-məəttəl qalmışdıq.

Nağıllardakı zorba qəhrəmanlar kimi dəhşətli sir-sifəti olsa da, ta uşaqlıqdan qorxub-çəkinmədiyim, ziyansız, hətta sevimli yekəpər idi Dingil Ənvər. Ağlımın kəsməyən vaxtlarında Aşıq İlyasın tut ağacından yonub, can verdiyinə inandığım bu adamın kim olduğunu, gəlmişini-keçmişini öyrənə bilmədim ki, bilmədim! Hamı ona Dingil deyib-durardı. Ömrü boyu ağrı-acı çəksə də, üzünə bircə qırış düşməmişdi. Necə ola bilərdi ki, onun keçmişi, başına gələn bircə əhvalat yox idi?! Körpəliyini, uşaqlığını, gənclik illərini yaşamamışdı. Tut ağacında yaşadığı illərdə bir hekayəti vardı, yoxdu, o da bilinmirdi. Heç kimdən heç nə istəməzdi. Onu danışan görməmişdim. Danışmaq nədir, heç səsini də eşitməmişdim. Əlini dəbilqəsinə aparıb piştaxta arxasında duran adamları salamlayanda üzünə saf, uşaq gülüşü yayılardı. Qəzəbləndiyinə, özündən çıxdığına qəti şahid olmamışdıq. Bilmirdim harda yaşayır, kimi-kimsəsi varmı, amma qəsəbədə pulsuz-parasız yaşayan bir neçə adamdan biri idi. Ovcuna pul basdılarmı, sevinməyinə sevinərdi, di gəl, onun nəyə lazım olduğunu, nə işə yarayacağını bilməzdi. Hərdən onu “Ulduz” kinoteatrının qapısı ağzında oturan, zeytun, pomidor-çörək yeyən görərdim. Günortadan sonra - müştərilərin seyrək olduğu vaxtlarda Ləzzət yeməkxanasında şorba içən, ya da aşpaz Əkrəmin dörd masalıq dar-düdük kafesində lobya supunu qaşıqlayan görərdik Ənvəri. Ona peşkəş edilən yeyib-içməyi o qədər adi qarşılayardı, sanki elə belə də olmalı idi.

İki metrə yaxıb boyu, yüz kilodan artıq çəkisi vardı. Qollarının, boynunun uzunluğundan savayı görünüşündə elə bir qəribəlik yox idi. Yeriyəndə bir az qabağa əyilir, qəddini dikəldib dayananda iri barmaqlı köntöy əlləri dizindən aşağı sallanardı. Onun-bunun köhnəsini geyindiyindən şalvarı topuğuna çatmaz, pencəyinin qolları gödək gələrdi. Boy-buxununa uyğun bircə şey vardısa, o da yay-qış başından çıxarmadığı dəbilqəsi idi.

Çörəkçilərdən, aşpazlardan, çayçılardan başqa Ənvərə qahmar çıxanlardan biri də qış-yaz kinoteatrının sahibi, qəsəbəmizin əyləncə işlərini boynuna götürən və biz uşaqların gözündə Atatürkdən sonra ikinci nüfuzlu adam Niyazi idi. Film dəyişdi, dəyişmədi, Ənvər hər axşam lap qabaq sıranın sol çiynində, tutalım, hər kəsin otura bilməyəcəyi oturacaqda yerini tutardı. Yay boyu üstüörtülü zalları bağlayıb yaz kinoteatrı ilə qəsəbə əhlinin xidmətində dayanardı Niyazi.

Ənvər yenə həmişəki kimi birinci sıranın sol qurtaracağında yerini alardı. Kinoya o qədər heyran idi, zal açılmamışdan xeyli qabaq qapının ağzında bitər, içəri hamıdan qabaq keçərdi. Mən narahat olardım: görəsən, film onun dünyasına necə təsir edir, ekranda gördüklərini başa düşürmü?! Eyni filmə dəfələrlə baxdığının da fərqində olub-olmadığından xəbərim olmazdı. 70-ci illərdə Niyazi məcbur olub “Ulduz” kinoteatrında yerli seks filmlərini nümayiş etdirirdi. Ənvərin yaşı keçsə də, həmişəki yerini qoruyub-saxlayırdı. O filmlərin Ənvərə necə təsir etdiyi hamıdan çox mənim fikrimi məşğul edərdi.

Unutsam da, yarımçıq qalan iki hekayə var idi ağlımda: tut və uşaq. İllər keçdi, bunların hər ikisi uzun illər yadıma düşmədi. Qəsəbəmizə əvvəlki tək tez-tez gedib-gələ bilmirdim. Bir dəfə yazın axırında qəsəbəyə getdim. Hər dəfə baş çəkəndə sırası seyrələn köhnə dostlarımla görüşdüm. Bir-birimizi görəndə keçib gedən o gözəl günlərdən danışar, qəsəbədəki yeniliklərdən söz salardıq. Həmin axşam da eynən belə oldu. Qəsəbənin ən maraqlı adamlarından danışanda söz-sözü çəkib Dingilin üstünə gəldi. Sonra yenə qəribə, şeytanın da baş açmadığı divanə, havalı adamlardan danışdıq. Ənvər yadımıza düşəndə ən çox kinoteatrdakı “bəy” yerinə gülmüşdük.

Qəsəbəmizin muxtarı Sarı Səlahəddin “rəhmətliyin yekə şeyi vardı” deyib, qolunu qatlamışdı: bax, bu boyda!

- Yox, əşşi, - içimizdən biri heyrətlənmişdi.

- Anam-bacım olsun, - demişdi, Səlahəddin.

Gözlərimiz yaşarana qədər gülmüşdük.

- Sən hardan bilirsən, görmüsən?!

- Axmaq-axmaq danışma, əə!!!

- Zavallı adam, - mən demişdim, - şeyi deşik görmədən öldü getdi.

- Nə?! – Sarı Səlahəddinin təəccübdən gözləri bərəlmişdi, - Məhəlləmizin yeznəsi idi.

- Necə yəni yeznəsi?!

- Yaxşı-yaxşı, özünü bicliyə vurma?!

- Vallah, bilmirəm.

- Sizin məhəllədə o köhnə evdə tək yaşayan dəli qoca vardı ha, bunun başını necə tovlamışdısa, bağda heyvan kimi bəsləyib kefini çəkmişdi.

- Məni dolayırsan?!

- Vay-vay, - Səlahəddin yenə təəccüblənmişdi, - bundan hamının xəbəri var. Deyəsən, qəsəbədə hər şeydən xəbərsiz elə sən olubsan.

- Kim görüb?

- Gecələr evin arxasından dəli arvadın bağırtısı eşidilirmiş. Sonra günlərin birində görüblər ki, Ənvər çəpərdən atılıb qaçır.

- Buna bax, - içimizin ən yaşlı-başlı, ağırtaxtalısı guya qəsəbənin namusuna cavabdehmiş kimi əsəbiləşdi.

- Axmaq-axmaq danışmayım, - demişdim, - doğrudan, çox təəccübləndim.

Əslində, gülməli heç nə yox idi, amma bir-birimizə qoşulub elə hey gülürdük...

# 1519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #