#

Yazar və bazar

Yazar və bazar
5 avqust 2013
# 10:31

Cavidan

Bu yaxınlarda Sevinc El Sevər sosial şəbəkədə hamımıza üz tutdu:

“Təzə hekayələrim var, bədii mətnə qonorar verən yoxdur deyə, çap eləmək istəmirəm. Şeirlərlə də belə edəcəyəm. Yazar dostlarımdan xahiş edirəm, boykot etsinlər, qonorarsız çap olunmasınlar. Bu durum nə vaxtadək davam edəcək?”

İki-üç neytral şərh, 5-6 “like” və...qapandı bu söhbət!

Sonra Sevinc özü də susdu.

Elə həmin günlərdə də onun köşə yazısını gördüm saytların birində, ədəbiyyatdan kənar olan bir mövzuda yazmışdı həm də.

Köşə yazıları üçün büdcəsindən 20, 25, 30, bəzən hətta 10 manat ayıran mətbuat orqanlarının bu yazılar üçün ayırdığı künclərə baxsaq, müəlliflərin doxsan doqquz fazinin çağdaş Azərbaycan ədəbiyyatının az-çox üzdə imzası tanınan cavanları olduğunu görərik.

Nədən yazırıq?

Hər şeydən, hər kəsdən, hər yerdən!

Həftənin konkret günlərində, konkret mövzulara köklənib, elə doxsan doqquz faiz də ruhunu zorlayaraq, miskin yazar hesabına keçmək ehtimalı ola biləcək on, iyirmi, otuz manatların xətrinə özünün yeddi arxadan dönəninə lənət oxuya-oxuya qələmə sarılan, daha doğrusu, klaviaturaya çökən yazarlarımızın surətlərini gətirin gözlərinizin önünə, diqqətlə baxın bu üzlərə, bu sınmış baxışlara, bu içində hər gün bir az ədəbiyyat öldürməyə məcbur qalmış sonuncu mogikanlara.

Yalnız köşə yazarlığı və müstəqil jurnalistika deyil ədəbiyyatı öldürən.

Sadəcə məhz bu sektor daha yaxındı ədəbiyyat insanına, heç olmasa bu cür ovudur özünü, aldadır yazı ilə nəfəs alan varlığını, yazmaq eşqini.

Bu lap vegetarianlığı seçib, ət dadından vaz keçə bilməyənlərin soyadan hazırlanmış süni ətdən kabab çəkməsini xatırladır.

Amma ümumiyyətlə ədəbi aləmdən küskün düşüb, nə təbiətinə, nə beyninin potensialına uyğun gəlməyən peşələrlə başını qatanlar da az deyil.

Siyasətə, şou-biznesə, ictimai birliklərə qoşulub, ailəsini, sabahkı gününün təminatını düşünməkdən başqa bir seçimi qalmayan nə qədər ədəbiyyat insanımızı itirmişik?

Və yaxud sadəcə xırda alverlə məşğul olmağı seçənlər?

Hamısının yerinə and içmək belə olar ki, hər birisi ədəbiyyatdan başqa bir sahəyə yan aldığı zaman içindəki ümid belə olmuşdu – bu sadəcə dolanışıq üçündür, əslində isə mən yazıçıyam (və yaxud, şairəm – bu heç nəyi dəyişmir).

Bu hal isə hər bir narkomanın ilk dəfə üçün marağını və içindəki ümidi xatırladır – bu sadəcə maraqdır, dadına baxacam, vəssalam, əslində isə heç bir zaman narkoman olmayacam.”

***

Jorj Sand deyirdi: “ Hər zamankından daha qətiyyətlə seçirəm ədəbi fəaliyyəti. Onda hərdən-hərdən baş verən xoşagəlməzliklərə, mənim işimi yarıda dayandıran tənbəllik və yorğunluq günlərinə, Parisdəki təvazökar həyatıma baxmayaraq, indi mövcudluğum mənalıdır.”

Bu cür qərarı tarixin hansı bir dönəmində, hansı məkanın yazı adamı vermədi ki?

Jorj Sand 21-ci əsrin Azərbaycan ədəbiyyatının yazarı olsaydı...

Çox yəqin ki, onun heç bir bədii əsərinə qonorar verməyəcəkdilər, amma imzasından geninə-boluna yararlanacaqdılar ən müxtəlif mətbuat orqanları.

Çox yəqin ki, onun indi bizim tanıyıb oxuduğumuz romanlarının çoxu yazılmayacaqdı, çünki bu romanlara ayrılmalı olan vaxt və enerji xərclənəcəkdi yazarlığa deyil, bazarlığa.

Və çox yəqin ki, biz həftədə bir ya iki dəfə onun köşə yazılarını oxuyardıq o saytda-bu saytda və uzağı onlar qadın hüquqlarını müdafiə etmək kimi sərsəm bir mövzuda olardı.

azvision.az

# 2092 dəfə oxunub

Müəllifin son yazıları

# # #