Bu gün tanınmış tənqidçi Cavanşir Yusiflinin doğum günüdür. Kulis.az bu münasibətlə Cavanşir müəllimi təbrik edir və onun “Şeirdə dil və forma” məqaləsini təqdim edir.
Bu yazıda Nobel mükafatı lauretaı Çeslav Miloşun “Vida” şeirindən danışacağıq. Bu şeir həm XX əsrdə dünyanı bürüyən ziddiyyətləri anlamaq, həm də və daha çox şeirdə dil və forma, müəllif və forma kimi məsələləri öyrənmək baxımından əlamətdardır. Və nəhayət, dilin özünün bədii mətndə personaj olması məsələsi.
Çeslav Miloşun şeirlərində, sürətlə axan dünya obrazı var. Heraklitə həsr etdiyi silsilədə müəllif deyirdi ki, üç növ gerçəklik mövcuddur: birincisi, bizi yaralayan və ümidlərlə bəsləyən, bizdən canını qurtaran gerçəklik – göz açıb yumunca bitib-tükənir; ikincisi, xatirələrin dünyası, - ancaq cism və bədənsiz ruhların məskəni ola bilər; nəhayət, üçüncüsü, “insan nitqinin və obrazlarının dilində kök salmış, heç zaman tamamlanmayan, qırıntı şəklində, fraqmentar şəkildə mövcud olan və kompozisiya qanunlarına (yəni, formaya) uyğun şəkildə qurulan dünya”. Üçüncü gerçəkliyin demiurqu – yazıçıdır.
Məlumdur ki, dil insana dünya və gerçəkliyi dərk etmək imkanı yaradan alət, vasitə kimi verilir. X.L. Borxes esselərinin birində yazırdı ki, dil təkcə insanın mövcudluğunu təmin etmir, onun dünyadan getməsi, yəni ölümü də məhz dillə bağlıdır. Y.Lotman isə belə yazırdı: mədəniyyət bütünlüklə dil və mətnlərin, tərcümə və şərhlərin məkanı kimi qavranılır. Başqa bir müasir tədqiqatçı isə bunu belə dəyərləndirir: “Düşünürəm ki, humanitar tədqiqqatlarda və bədii praktikada ümumi intellektual sahənin formalaşması, dilin personaj qismində seçilməsi bir sıra şərtlərin dərk edilməsi lüzumu ilə bağlıdır: dil-alət, dil-insanın evi” və sair.
Çeslav Miloşu oxuyanda (xüsusən, “Vida”, “Poeziya sənəti”, “Əsrin sonu”, “Dünyanın sonu” kimi şeirləri) qəribə paradoksallıqla rastlaşırıq. Dil və dünyanın gerçəkliyi (həqiqiliyi-!) teması. Miloşun öz sözləri iləd esək, “...lap gənclik illərindən sözlə gerçəkliyə çatmaq (toxunmaq) istəyirdim... ancaq buna nail ola bilmirdim və buna görə də hər bir yeni şeirimə hələ yazmadığım şeirin başlanğıcı kimi baxırdım. Belə bir şeyi kəşf etdim ki, dil, əslində hansısa “sanki”, “guya” sferasıdır. Və hər dəfə nəsə həqiqi bir şey demək cəhdim qaçılmaz şəkildə formanın sərhədlərinə qayıdış kimi olurdu.”
Şeir mətnində aşağıdakı anlayışlar bir-biri ilə qarşılıqlı təmasdadır: dil, dünya, dillə təsvirin adekvatlıq dərəcəsi, dilin və formanın nitq subyekti üzərindəki hakimiyyəti...Belə bir nəticə hasil etmək olar ki, Miloş dil işarəsinin təsvir edilən situasiyaya uyğun gəlməməsi faktını təsdiqləməklə qalmır, dildən istifadə prosesini araşdırır.
“Sözlə gerçəkliyə toxunmaq” XX əsrin digər filosoflarının əsərlərində də rastlanır (təqribən bu şəkildə: “... biz neyləsək kə gücümüz reallığa işarə eləməkdən o yana adlamır” – R.Bart) və bu bir metaforadır, işarənin əşyayla qarışmasını bildirir. Bütün güc ona sərf edilir ki, nişan verilən qəlbi bütünlüklə, arxada bir qırıq işarə də saxlamadan duyaq, qavrayaq. Miloş “Teoloji traktat”da deyirdi ki, bu tipli işarəni yalnız Allah yarada bilər.
Bu baxımdan hər hansı şairin poetik sistemində yer alan metaforaların təsadüfi olmadığını düşünmək lazımdır. Miloşda, bu mənada “məsafə” metaforası tez-tez işlənir. O, həqiqiliyi təkcə dil işarəsinin əşyaya məsafədən uyğunluğu kimi deyil, həm də sözün hərfi mənasında sözlə gerçəkliyə toxunmaq kimi anlayırdı. Ancaq bizim mövcudluğumuzun həqiqəti ondan ibarətdir ki, mətn təsvir etdiyi siyuasiyaya tam tən gələ bilməz. İstənilən qəzəli götürün, heca şeirinə baxın (Tufarqanlı, Xəstə Qasım...), yaxud bu günün sərbəst şeirlərinə (“Corat balıqçılarına ədəbiyyat dərsi”...). Mətn situasiyaya çata bilmir, gecikir, azca nəfəslik açılsa da yenidən bağlanır və biz dil formalarının məkanında “ilişib” qalırıq. “Teoloji traktat”da bununla bağlı Miloş yazırdı: poeziya (söz) dilin şüşəsinə dəyib çırpınan quşdur.
Bir şeirində belə yazırdı:
O səslərlə ki mən danışıram,
Həm mənimdi, həm də deyil, uzaqdan eşidilir...
Yaxud yapon şairi İssanı mütaliə prosesində doğulan möhtəşəm misralar:
Deyilən şey oturur yerinə,
Deyilməyən boşluğa qaçır...
Miloş deyirdi ki, poeziya olsa-olsa ruhların çağrılmasıdır, o ümidlə ki, müəllifin qanının nəbzini tutmaqla, qələm tutan əlindən yapışmaqla onlar heç olmasa bir anlığa əyaniləşsin və aramızda peyda olsunlar. Özü etiraf edirdi ki, hər şeyi təzədən başlamaq imkanı olsaydı, hər bir şeiri hansısa konkret insanın bioqrafiya və ya portreti ola bilərdi və bu yolla onun varlığını fiksə edə bilərdim....
Çeslav Miloş
Vida
Oğlum, səninləyəm,
Neçə qərinəlik sükutdan sonra. Verona yoxdu artıq.
Kərpic tək ovulan tozu barmaqlarımda. Doğma şəhərlərin
Böyük məhəbbətindən qalan budu, bu.
Bağda gülüşün dəyir qulaqlarıma. Bir də sərsəm baharın qoxusu
İslaq yarpaqların arasından keçib üstümə gəlir.
Mənə doğru, heç bir xilasedici gücə inanmayan bir kəsə,
Dostlarını, elə özünü də dəfn etmiş bu adama sarı.
Bilməmiş olmazsan bunu, gecə qəfildən oyanır
Və özün də bilmədən soruşursan,
Doğram-doğram olan ürəyinin səsinə qulaq asaraq:
Daha çox nəyi sevirsən,
Doymadan, tamahkarcasına. Yazdı, bulbul oxuyur.
Bağda uşaqlar gülür. Ulduzlar yanıb-sönür
Təpələrin köksündə, tumurcuq buludunun üstündə
Mahnının işığı dodaqlarıma qayıdır
Və yenə də gəncəm, əvvəlki kimi, Veronada.
İmtina etmək. Hər şeydən. Bu, o deyil deyə.
Bu, nə keçmişi dirildəcək, nə onu geri verəcək sənə.
Yat, Romeo, yat, Cülyetta, daş lələklərə baş qoyaraq.
Əllərinizi külün içindən çıxarmayacam.
Qoy boş qalmış kilsəyə bu pişik ayaq açsın,
Onun göz bəbəkləri mehrabda parıldayır,
Qoy bayquş da sınmış oxun üstündə yuva qursun.
Qoy ilan da
Daşların arasında, ayın ağ işığı altında
Dəvədabanı yarpaqları arasında qızınsın bir az, həm də sükutun qoynunda
Imkan ver qoy par-par yanan qızıl dairələrin içində dolansın.
Mən qayıtmayacam. Bilmək istərdim
Gənclik və bahardan imtina elədikdən sonra
Yerdə nə qalır.
Həmin o qırmızı dodaqlardan vaz keçdikdən sonra…
Bürkülü gecələrdə istilik
Onların arasından axıb süzülürmüş…
Mahnılardan və şərab tamından sonra,
Andlardan və yalvarışlardan və işıqlı gecələrdən sonra,
Qağayıların qışqırığından, bir də uçub getdikdən sonra
Günəşin qaralmasından …
Həyatdan və alışıb-yanan bıçaqla bölünmüş almadan sonra
Hansı toxum xilas oldu ki…
Oğlum, inan mənə, heç nə qalmır.
Yalnız ürək ağrısı, yorğun bir ürək…
Taleyin şırımı ovcun içində.
Yalnız ağır əmək, yorğunluq,
Daha heç nə…
1945
Əsrin sonu
Hər şeyin düzəldiyi,
Günah hissinin olmadığı zamanda,
Torpaq da hazır idi
Bütün məkan boyunca
Sevinib gülməyə
Məzhəbsiz və utopiyasız
Məlum olamyan səbəblərə görə mən
Peyğəmbər və teoloqların
Filosof və şairlərin
Kitabları arasında
Cavab axtarırdım
Qaşqabaqlı
Üz-gözünü turşudaraq
Gecələr oyanıb
Səhər açılanda öz-özünə danışaraq.
Nədən sıxılırdım, bilirsinizmi?
Utanırdım, kəsəsi
Bu barədə bərkdən danışmağa
Heç nəyi gizlətmirdim.
Bəşərin halına
Necə həyəcanlanmağın nə fərqi var ki?
Bəli, mənim yaddaşım
Çıxıb getmək istəmirdi
Ondakı canlı nə varsa
Hər biri öz ağrısıyla
Hər biri öz ölümüylə
Hər biri öz həyəcanıyla
Yaşayırdı...
Bəs onda nə üçündür
Cənnətin sahillərində
Təqsirsizlik,
Təmizliyin məbədi üzərindəki
Ləkəsiz göylər?
Ona görəmi ki
Bunlar lap çoxdan baş verib?
Bir möminə, -
ərəb nağılında belə yazılır ki,
Allah acı təbəssümlə demişdi:
Bir gün sənin necə günahkar olduğunu
Insanlara desəm
Onlar səni mədh etməz daha.
“Mən isə”, müqəddəs dedi
Onlara desəm ki, siz necə mərhəmətlisiniz,
Və necə şəfqətli,
Biryolluq unutmazlarmı sizi”
Kimə tutum üzümü
Kimə verim bu qəliz sualı
Ağrıdan günaha qədər
Dünya evində
Əgər burda, aşağıda
Nə də orda, yuxarıda
Səbəb və nəticəni məhv etməyə
Güc yoxdursa…
Nə düşün, nə xatırla,
Ölüm xaçın üstündədir,
Halbuki O hər gün ölür,
O yeganə, hamını sevən,
Heç nəyə ehtiyacı olmayan
Yer üzündə nə varsa
Var olmağına razılaşan və yol açan.
İşgəncədə vurulan mismarlara da…
Tam müəammadır.
Dolaşıq və mürəkkəb.
Yəni, burda sözə nə hacət.
Bu dildir – ancaq insanlar üçün deyil.
Şadlıq, şadyanalıq.
Üzüm və məhsul yığımı.
Hətta hər kəs
Rahatlığa layiq deyilsə belə.
Dünyanın son günündə
Dünyanın son günündə
Arı ərik gülünün başına fırlanır,
Balıqçı şəfəqlərlə oynaşan torları yamayır
Delfinlər sevincdən atılıb-düşür dənizdə,
Sərçə balaları navalçaya ilişib qalıb
İlan qabığı günəş altında parıldayır, mis kimi.
Dünyanın son günündə
Əllərində çətir qadınlar çöl boyu gəzirlər
Sərxoşun biri çəmənliyin qırağında tirlənib
Göyərtisatan küçədə bağırır
Sarı yelkənli gəmi sahilə yan alır,
Hava skipka səsi qoxuyur
Ulduzlu göyləri üzümüzə açır.
İldırım və göy gurultusunu gözləyənlərsə
Bəxtlərindən küsüblər.
Göylərdən əlamət və işarə gözləyənlər
Hər şeyin başlandığına hələ də inanmırlar.
Hələ ki günəş və ay göydədir
Hələ ki eşşəkarıları qızılgülün qonağıdı
Hələ ki gül kimi balalar doğulur
Hər şeyin başlandığına necə inanasan.
Yalnız çalsaçlı qoca, bəlkə elə peyğəmbər
Ancaq o deyil, deyil, oxşatmışıq sadəcə,
Pomidorları bir yerə yığır, dodaqaltı deyinir:
Dünyanın başqa sonu olmayacaq, - deyir.
***
Yasaq şeylərə toxunma,
Açma sirdirsə hər şey
Açsan dəlib deşəcək,
Açsan ziyan vuracaq
Uşaqlığın bir anı – qapı önündəsən, açmağa qorxursan
Kabus varmış kimi
Ancaq açıb nə görəcəkdin ki
Onda bir şey, indi başqa, bambaşqa.
İndi qocayam
Hər şeydən o qədər yazmışam
Gözlərim ağrıyır…
Ancaq öyrəndim bunu da: yaxşısı, bəlkə elə ən yaxşısı
Susnmaqdır…