Əlif Şəfəq oğrudurmu? - ARAŞDIRMA

Əlif Şəfəq oğrudurmu? - <span style="color:red;">ARAŞDIRMA
12 may 2016
# 12:27

Kulis.Az Cahanxanım Seyidzadənin “Əlif Şəfəqin “plagiat” əsərləri...” məqaləsini təqdim edir.

Son dövrlər müasir ədəbiyyatın parlayan ulduzlarından olan Əlif Şəfəq türk ədəbiyyatının önəmli simalarından biri olmaqla yanaşı, həm də adı qalmaqallarda çəkilən yazıçı kimi diqqəti cəlb edir. Onun yazdığı hər bir əsər böyük hadisəyə çevrilir, haqqında qeyri-peşəkarlıq, dil və üslüb məsələlərində zəif olması kimi müxtəlif iddialar səslənir, polemikalar açılır. Belə ki, son dövrlərdə adı təkcə əsərləriylə deyil, həmçinin kitablarının üz qabıqlarıyla da plagiat iddialarında ən çox çəkilən yazarlardan biridir.

Əlif Şəfəq 1971-ci il oktyabrın 25-də Strazburqda anadan olmuşdur. Atası Nuri Bilgin sosial psixoloq, anası Şəfəq Akayman isə diplomat olmuşdur. Bir müddət sonra atası ilə anasının ayrılması səbəbindən Əlif Şəfəqin səyyar həyatı başlamışdır. O, Ankara, Madrid, Köln, Amman, İstanbul, Boston, Miçiqan, Arizona, London və s. kimi müxtəlif ölkə və şəhərlərdə yaşamış, təhsil almışdır. Təsadüfi deyildir ki, Oylum Yılmaz onu “çoxmilliyyətli türk” adlandırırdı. Bu səyyar həyatı zamanı yazar gələcəkdə ona dünya şöhrəti qazandıracaq əsərləri üçün təcrübə toplayırdı. Yazmağa uşaq yaşlarından başladığını deyən yazar özunə təxəllüs olaraq anasının adını götürmüşdür. Madriddə kolleclərin birində təhsil almağa başlayan Əlif daha sonra təhsilini Ankara Atatürk Anadolu litseyində davam etdirir. Məzun olduqdan sonra Orta Doğu Texnik Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə daxil olur. Eyni universitetdə magistratura və doktorantura təhsili almışdır. Əlif Şəfəqin qadın hüquqları, islamiyyət, mistizm kimi mövzularda yazıları Sosial elmlər dərnəyi tərəfindən mükafatlandırılmışdır. Əlif Şəfəq 2005-ci ildə “Referans” qəzetinin redaktoru Eyyub Can ilə Berlində ailə həyatı qurmuşdur.

Qısa müddətlik yaradıcılıq dövründə olduqca məhsuldar fəaliyyət göstərən yazar bir neçə romanın müəllifidir. Onlardan ən çox məşhur olanları “İskəndər”, “Ərəf”, “Eşq” və son romanı “Ustam və mən” dir. Təbiidir ki, sufizmin bulağından su içmiş bir yazıçının qələmindən çıxmış əsərlər maraqsız və cansıxıcı ola bilməzdi. Lakin bu əsərləri məşhurlaşdıran, diqqət mərkəzində saxlayan səbəblərdən biri də plagiat iddiasıdır. Demək olar ki, Əlif Şəfəq son dövrlərdə yazdığı bütün əsərlərində plagiatçılıq iddiası ilə üzə-üzə qalır, hər dəfəsində də bunu inkar etməklə yetinib, daha konkret dəlillərlə sübüt etməkdən yayınır.

“Plagiat” sözü latın sözü olub, “plagium” “oğurlamaq” deməkdir və əsasən, elm, incəsənət, ədəbiyyat, musiqi və s. bu kimi sahələrdə digər bir müəllifin yaradıcılıq məhsulunun və ideyasının şüurlu surətdə mənimsənilməsi anlamına gəlir. Bu sözü ilk dəfə 1601-ci ildə İngilis dramaturqu Ben Conson İngiltərədə ədəbi oğurluqla məşğul olanları təsvir etmək üçün işlətmişdir. Xüsusilə, ədəbiyyat sahəsində rast gəlinən bu “cinayət” əsasən yazı yaranandan sonra daha da geniş yayılmışdır. Çünki, yazı yarandıqdan və yaradıcılıq məhsulları yazıya alındıqdan sonra, başqalarının ondan istifadə və mənimsəmə şansı çoxalmış və beləliklə, dolayısı və birbaşa yolla müəllif hüquqları pozulmağa başlamışdır. Müəllif hüquqlarını müdafiə edən və plagiatçılığa qarşı mübarizənin ilk rüşeymlərindən sayılan qanun 1474-cü ildə Venesiyada qəbul olunmuşdur. Müasir mənada isə müəllif hüquqlarını müdafiə edən qanun 1623-cü ildə İngiltərədə qəbul olunmuşdur. Bu mövzu müxtəlif dövrlərdə müzakirələrə səbəb olmuş, fikir ayrılıqları ilə müşahidə olunmuşdur. Belə ki, bəziləri oxşar əsərləri plagiat hesab edirsə, digərləri bunu sadəcə təsirlənmə kimi və ya eyni ruh halının təzahürü kimi qəbul edirlər. Lakin, Aristotelin bu mövzuyla bağlı məşhur deyimini unutmaq olmaz. “ Platon mənim dostumdur, lakin həqiqət ondan da əzizdir”. Dünya ədəbiyyatı tarixində bir sıra maraqlı plagiat iddiaları olmuşdur. Məsələn, bəzi nəzəriyyəçilər belə hesab edirlər ki, Şekspir öz əsərlərinin süjetini çox da məşhur olmayan italyan xalq nağıl və əfsanələrindən götürmüşdür. Lakin bu iddialar öz təsdiqini tapmamaqla yanaşı, həll olunmamış qalır. Xüsusilə, müasir dövrdə elmi-texniki tərəqqi sayəsində məlumat çoxluğu yaranmışdır ki, nəticədə bir fikir və ya ideya çox asan və tez müddətdə uzaq məsafələlərə yayılma şansı əldə etmişdir. Beləliklə, bir-birindən təsirlənmə nəticəsində oxşar mövzulu əsərlər yaranmağa başlamışdır.Bu baxımdan Əlif Şəfəqin iki- “İskəndər” və “Ustam və mən” romanları maraq doğurur.

“İskəndər” romanı 70-ci illərdə İstanbulda yaşayan daha sonra Londona köç edən bir ailənin başına gələn hadisələrdən bəhs edir. Roman namus üstündə düşən cinayətdən bəhs etsə də burada çoxmilliyətlilik, köç məsələləri, ailə münasibətləri, qadın azadlığı və hüquqları ana-oğul, ata-oğul və. s bu kimi məsələlərə də yer ayrılmışdır. Əsər bir törə cinayəti üzərində qurulsa da əslində faciəvi ana-oğul münasibətindən bəhs edir. Törə cinayətlərini qadın gözüylə təsvir etməyə çalışan Əlif Şəfəq illərdir kişi yazarlar tərəfindən yazılan və müzakirə olunan “Edip kompleksi”nə fərqli nöqteyi-nəzərdən yanaşır və bu psixoanalitik üçbucaqda kölgədə qalan ana obrazını önə çıxarmağa çalışır. Əlif Şəfəqin “İskəndər” romanı çap olunan gündən onun ətrafında müxtəlif polemikalar gedir, müxtəlif fikir ayrılıqları yaşanır. Belə fikirlərdən biri də “İskəndər” romanının plagiat olması ilə bağlıdır. Belə ki, bir çox tənqidçilər, xüsusilə, Məfkurə Bayatlı bu romanın Zeydi Smitin “İnci kimi dişlər” əsərindən oğurluq olduğunu iddia edirdi. Təsadüfi deyildir ki, Məfkurə Bayatlı adı çəkilən əsəri özü türkcəyə tərcümə etmişdi. Bu səbəbdən romanlar arasındakı oxşarlıqların müəyyənləşdirilməsində çətinlik çəkməyib. Bu mövzuyla bağlı yazılarının birində qeyd edir: “Zeydinin kitabını şablon olaraq alsa da buna plagiat demək olar. Çünki, bu qədər təsadüf mümkünsüzdür, Əlif Şəfəq Zeydinin romanını şablon olaraq almış, ailəni türkləşdirib, mövzunu sadələşdirsə də bu paralel uyğunluqdan çox köçürmə xarakteri daşıyır”

“İnci kimi dişlər” əsəri 2000-ci ildə yazılmışdır, mövzusu “İskəndər”də olduğu kimi köç məsələləri, benqal bir ailənin Londonun kənar məhəllələrindən birində təsvir olunan həyatıdır.

Bu iddiadan sonra bir sıra tənqidçi və nəzəriyyəçilər əsərlər arasındakı bənzərlikləri müəyyənləşdirməyə çalışmışlar. Hər iki əsərin təməl mövzularından birinin köç məsələsi olması, hər iki ailənin Londonun kənar məhəllərlərində yaşaması,hər iki əsərdə əkizlərin olması və qəhrəmanlar arasındakı bənzərliklər plagiat iddialarına inandırıcılıq qazandırır. Məsələn, iki əsərin də baş qəhrəmanı İskəndər və Millat öz çevrələrində tam bir lider, yaraşıqlı, hərəkət və rəftarlarıyla diqqət çəkən tiplər kimi təsvir olunurlar. Hər iki qəhrəman da ingilis qızlarla münasibət qursalar da ailələri buna yaxşı baxmır və onları dəstəkləmir. Hər ikisi yerli, yoxsa köçkün olduqlarına qərar verə bilmir, haraya aid olduqlarını müəyyənləşdirə bilmirlər. Həmçinin, hər iki əsərdə hadisələrin müxtəlif məkanlarda cərəyan etməsi də oxucularda tanışlıq hissi oyadır. Belə ki, “İnci kimi dişlər”də hadisələr Yamayka, Banqladeş, Bolqaristan və Londonda cərəyan edirsə, “İskəndər”də də Fərat çayının sahilində başlayıb İstanbulda davam edən daha sonra isə Londona və Abu-Dabiyə qədər uzanan hekayələrin şahidi oluruq.

Sadalanan bənzərliklər müəyyən mənada yüngül “günah” sayılaraq yazara “bəraət” qazandıra bilirsə də, hər iki əsərdə təsvir olunan pəncərə səhnəsi Əlif Şəfəqi yenə də zərbə altında qoyur. Zirzəmidə yerləşən, hər yağış yağdığında su basan bir evin pəncərələrinin önündə oturub keçənlərin ayaqlarına baxaraq hekayə yazma oyunu var ki, həm “İnci kimi dişlər”də İrenin anası Klara, həm də “İskəndər” romanında İskəndər-Əsma-Pəmbə üçlüsü tərəfindən həvəslə oynanılır. Hər iki əsərin eyni səhnəsindən parçalara diqqət yetirək:

“Boudenin qonaq otağı yolun altında yerləşirdi və pəncərədə barmaqlıqlar vardı, buna görə bütün görüntülər yarımçıq idi. Klara çox vaxt ayaqlar, təkərlər, borular və sallanan çətirlər görürdü. Belə ani görüntülər çox şeydən xəbər verirdi. Məsələn, canlı bir xəyal gücü ilə yamaqlı bir corabdan, yerə yaxın sallanan və yaxşı günlər görmüş bir çantadan çoxlu maraqlı və duyğulu hekayələr yaratmaq olardı. ” (“İnci kimi dişlər”)

“Qonaq otağındakı xalının üstündə bardaş qurub oturar, tavana yaxın kiçik pəncərələrə ağzı açıq baxardı. Çöldə sağa- sola hərəkət edən qarışıq bir ayaq tıxacı olurdu. İşə gedən, alış-verişdən dönən və ya gəzintiyə çıxanlar. . .

Gəlib-gedənlərin ayaqlarına baxaraq onların həyatlarını təxmin etməyə çalışmaq ən sevdikləri oyunlardan idi. Üç nəfər- Əsma, İskəndər və Pəmbə tərəfindən oynanan bir oyun. Məsələn, topuqlarını taqqıldadaraq, çevik və tələskən addımlarla yeriyən, biləkdən düzgüncə bağlanmış bir cüt stilettolu ayaq gördüklərində Pəmbə o dəqiqə bir hekayə uydurardı: nişanlısıyla görüşə tələsən bir qadının hekayəsini.” (“İskəndər”)

Bütün bu iddialar qarşısında hər zaman olduğu kimi sakitliyini qoruyan Əlif Şəfəq isə məsələyə başqa cür yanaşır. “Iskəndər” romanının “İnci kimi dişlər”lə heç bir əlaqəsinin olmadığını bildirir. “Bu əsər İngiltərədə ingiliscə yazılıb. Mən İngiltərənin köklü bir nəşriyyatı ilə çalışıram. Əsər çap olunmamışdan əvvəl onlar əsəri sətir-sətir oxuyublar. Əgər elə bir şey olsa hər kəsdən əvvəl onlar öz iradlarını bildirərdilər. Əsərlərdə köç mövzusunun, pəncərə səhnələrinin uyğunluğundan danışırlar, ona qalsa bütün ədəbi əsərləri izləsək və araşdırsaq bir çox oxşar mövzular və səhnələr tapa bilərik. bu ədəbi tənqidin sərhədlərinə sığmır və mən bunu əsla qəbul etmirəm. Heç kimə şəxsi olaraq cavab vermir, sadəcə oxuyucularıma bildirmək istəyirəm ki bu mənim 11-ci kitabım, 8-ci romanımdır. Bu mənim alın tərim, xəyal gücümdür. Türkiyədə şər atmağın, insan əməyinə ləkə yaxmağın bu qədər asan olmağına isə sadəcə təəssüf edirəm. ” Çox keçmədən Z.Smitdən Əlif Şəfəqə dəstək məktubu gəlir. Məktubunda əsərlər arasında bu cür bənzərliklərin ola biləcəyini əsas gətirərək Əlif Şəfəqdən söylənilənlərə fikir verməməsini bildirir.

Eyni taleyi yazıçının son romanı “Ustam və mən” də yaşayır. Belə ki, bu əsərdə Əlif Şəfəqin Jose Saramagonun “Filin səyahəti” əsərindən təsirlənmə dərəcəsini keçərək “oğurluq” etdiyini, mövzunu və süjet xəttini nisbətən dəyişməklə, “özünküləşdirərək” köçürdüyünü qeyd edirlər. Nobel mükafatçısı Saramaqonun “Filin səyahəti” əsəri 2008-ci ildə yazılmışdır. Burada Avropa qitəsinin qərbindən- Lissabondan Vyanaya doğru yola çıxan Süleyman adında filin baxıcısı ilə birlikdə səyahətlərindən və bu zaman başlarına gələn qəribə hadisələr və macəralardan bəhs olunur. Süleyman 1551-ci ildə Portuqaliya kralı tərəfindən Müqəddəs Roma İmperatoru Maksimilliana göndərdiyi toy hədiyyəsidir.

“Ustam və mən” romanı isə Əlif şəfəqin böyük səs-küyə səbəb olan və geniş polemikalara və fikir ayrılıqlarına yol açan əsərlərindən biridir. Əsər 2013-cü ildə tamamlansa da müəllifin öz deyişi ilə yazılmasına 3 il vaxt sərf olunmuşdur. Lakin əsər ətrafında gedən müzakirələrdən belə nəticəyə gəlmək olar ki, belə bir əsəri yazmaq üçün 3 illik uzun zaman kəsiyinə ehtiyac yox idi. Əsərində Memar Sinanı başqa bir müstəvidən təsvir etdiyini qeyd etsə də adı çəkilən memara həddindən artıq çox az yer ayrılıb. Roman Çota adında bir fillə Cihan adlı baxıcısının başına gələn əhvalatlardan və onların ətrafında cərəyan edən hadisələrdən bəhs edir. Çota da Süleyman kimi bir şahın sultana hədiyyəsidir. Belə ki, Şah Humayun həm Sultan Süleymana hörmət əlaməti olaraq, həm də ondan yardım istəmək məqsədilə Çota adlı bəyaz fil balasını baxıcısı ilə birlikdə İstanbula- sultanın sarayına göndərir. Hər iki əsərin mərkəzində fil ilə baxıcısının dayanması, filin hədiyyə olaraq göndərilməsi və hətta romanların üz qabıqlarının belə oxşar olması plagiat iddialarını gücləndirir. Özünə qarşı ola biləcək plagiat iddialarını əvvəlcədən hiss edən Əlif Şəfəq “Ustam və mən” romanının sonuna əlavə etdiyi “yazar notu”nda hər kəsdən əvvəl Saramagonun da belə bir əsəri olduğunu, orada da Süleyman adında bir fildən bəhs edildiyini yazır. Lakin bütün bunların öz əsəriylə heç bir əlaqəsi olmadığını, əsl məqsədinin XVI əsrdə öz əsərləriylə hər kəsi heyran qoyan, lakin haqqında az yazılan və dünyada az tanınan məşhur Memar Sinandan bəhs etmək, oxucuya Memar Sinan möhtəşəmliyini nümayiş etdirmək olduğunu söyləyir. Lakin əsəri oxuduğumuz zaman bunun tam əksi ilə rastlaşırıq. Belə ki, əsas qayəsi Memar Sinanı anlatmaq və onu dünyaya tanıtmaq olan yazar onu 111-ci səhifədə əsərə daxil etmiş və 386-cı səhifədə öldürmüşdür. Əsər əsas məqsədindən yayınaraq hindli oğlanın başına gələn hadisələrə və ətrafında baş vermiş əhvalatlara yönəlmişdir. Memar Sinan arqumenti ilə fikirləri yayındırmağa çalışan yazar özü də bilmədən yenidən Saramaqonun süjetinə qayıtmışdır. Bütün bunlardan sonra həm də əsərində zamanla, mühitlə, tarixi şəraitlə səsləşməyən bir sıra kobud səhvlərə yol verir . Belə səhvlərin ən bariz nümunəsi əsərdə sultanın sarayını “Topqapı” adlandırmasıdır. Çünki həmin dövrdə sultanın iqamət etdiyi saray ya “Sarayı-ı cedit-i amirə”, ya da “Saray-ı humayun” adlanırdı, “Topqapı” adı isə Osmanlı sarayına XIX əsrdə İkinci Mahmud dönəmində verilmişdir.Bu cür yalnışlarla “batdıqca batan” Əlif Şəfəq yenə də “yazar notu”nda özünə haqq qazandırmağa çalışır: “ Bu romanı yazmağa başladığımda tariximizin ən rəngli və qiymətli, lakin təəssüf ki, nə bizdə, nə də dünyada yetəri qədər tanınmayan, bilinməyən dahilərindən Memar Sinanı-ustanı tamam başqa bir cəbhədən təsvir etməyi arzuladım. Onu və onunla ilbəil yaxında çalışan şagirdləri, işçiləri, yolyoldaşlarını və heyvanları haqqında yazmaq istədim. Sinan kimi çox əsərlər yaratmış, uzun yaşamış birini roman xarakteri etməyə çalışanda ən böyük çətinlik zamanı necə istifadə edəcəyiniz sualı olur. Necə etməli ki bu qədər fərqli hadisəni ədəbi bir kitabın səhifələrinə sığdırmalı. Bir məscidin tikintisi səkkiz il davam edə bilirdi, bu halda dümdüz xronolojik bir axına sadiq qalmağım çətin idi. Təhkiyə yavaşlayacaq, həddindən artıq uzunçuluq və kəsilmələr olacaqdı. bu səbəbdən zamanı daha sürətli və axıntılı istifadə etdim. ”

Lakin bütün bu cəhdlər Əlif Şəfəqi plagiat və qeyri-peşekarlıq iddialarından qoruya bilmir.Özünə qarşı yönəlmiş plagiat iddialarını soyuqqanlılıqla qarşılayan Əlif Şəfəq mövzusu fillərdən olan bir çox əsər tapmağın mümkün olduğunu qeyd edərək əsərinin plagiat olmadığını dönə-dönə təkrarlayır.Lakin qeyd etmək lazımdır ki, plagiat iddiası olmasa belə. “Ustam və mən” əsəri Əlif Şəfəqin yazar kimi qazandığı inamı və sevgini azaltmış, oxucularda şübhələr yaratmışdır. Təsadüfi deyildir ki, “Ustam və mən” romanını yazarın ən uğursuz əsəri hesab edirlər.

Mövzu və süjet bənzərlikləri olan əsərləri müqayisəli şəkildə təhlil etməklə, həmin əsərlər barədə tənqidi fikirləri oxumaqla hansının orjinal, hansının plagiat olduğuna və ya ümumiyyətlə, hər hansı bir əsərin plagiat olmasına dəqiq qərar vermək çox çətindir. Belə məsələlərdə mütləq anlayışı olmadığına görə, həqiqət hər kəs üçün fərqli ola bilər. Bu baxımdan son qərarı oxucuların ixtiyarına buraxmaq daha məqsədəuyğundur...

# 1497 dəfə oxunub

Müəllifin son yazıları

# # #