Kişi mənə yaxınlaşıb ovcuma bir kağız qırığı basdı – Bircənin Romanı

Kişi mənə yaxınlaşıb ovcuma bir kağız qırığı basdı – Bircənin Romanı
26 iyul 2019
# 09:01

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Vaxt daralıb Bakıya qayıtmağıma az qalanda gözləmədiyim bir zəng gəldi: Xuraman müəllimənin bacısı məni axtarırdı. Onun səsini eşidəndə tüküm də tərpənmədi – axı əziz müəllimimin yasında bu qadın məni soyuq qarşılayıb arzulanmaz bir qonaq kimi yola salmışdı. Məni balasıtək sevən qadının sağlığında da, lap elə onun yanındaca qısqanclığını gizlədə bilmirdi, siyirməqılınc dayanırdı ikimizin arasında, bizə meydan oxuyurdu:

- Sən kənddən gələn Bircəni məndən artıq istəyirsən, onun qayğısını hamıdan çox çəkirsən, - deyib çıxıb gedirdi öz evinə, onu saxlayıb böyütmüş bacısının qapısını günlərlə açmırdı.

İndi onun ağlaya-ağlaya közərtdiyi həyəcanlı sözlər illərin altında qalmış boyat duyğularımı dəbərtmirdi:

- Bircə, səni görmək istəyirəm, - deyirdi. - Bacımdan sonra əri də öldü. Ailə qurdum, cəmi il yarım bir yerdə yaşadıq, mənim də yoldaşım rəhmətə getdi. Anam (bacısını deyirdi) tez-tez yuxuma gəlib səni soruşur.

- Bəs necə tapdınız məni?

- Telefon kitabçasında bir nömrə var, qabağına “Lalə”, mötərizədə “Bircə” yazılıb. O nömrəni yığdım, bacınla danışıb sənin yerini öyrəndim.

- Yaxınlarda Bakıya gələcəm, onda görüşərik, - dedim.

Səsimin temperaturundan onunla görüşmək istəmədiyimi bilən qadın əl çəkmədi:

- Səni and verirəm bacımın ruhuna, məni görməmiş getmə.

Bu anddan sonra onu arxayın saldım, görüşməyə söz verdim.

***

Novruz günləri rayonumuzda sərgi nümayiş olunacaqdı. Kursumuzun bütün dərnəkləri sərgiyə dəvətliydi. Qadın rəhbərimiz bizə tədbirdə fəal olmağı, sərgi sona çatanda sərgilənən nə varsa hamısını toplayıb rayonda yerləşən hərbi hissənin nümayəndələrinə təhvil verməyi tapşırmışdı.

Toxucular sərgiyə toxuduqları corabları, əlcəkləri çıxarmışdılar, biz də bişirdiklərimizdən xonçalar bağlamışdıq. Mədəniyyət evinin işçiləri təmtəraqlı konsert verdilər, qruplar adından mən danışdım. Tədbir başlayandan bitənəcən Səməndər dostlarıyla bir kənarda durub məni gözündən qoymadı.

İşlər sona çathaçatda tösmərək bir kişi mənə yaxınlaşıb ovcuma bir kağız qırığı basdı, sonra da göz qırpımında adamların arasında itdi. Kağızın qatını açıb baxdım – içinə dörd telefon nömrəsi həkk olunmuşdu. Rəqəmlər gözümdə alacalandı. Altından da eybəcər xətlə yazılmışdı: “Bu nömrələrdən birinə zəng vur”.

Kağızı ovcumda yumrulayıb tullamaq istəyəndə Səməndər göydəcə tutub açdı, ora-burasına baxıb cibinə qoydu. Baxdım qardaşımın ovqatı yamanca təlx oldu. Gözünün işarəsiylə məni sakitləşdirsə də bilirdim çox qəzəblidi.

Səməndərin ala-qolay var-gəlindən ağlım bir şey kəsmədi deyə tədbirin axırına qalmadım, nənəmin mis məcməyilərindəki şirniyyatı qrup rəhbərimizin zənbilinə töküb özümü qardaşımın üstünə atdım:

- Gedəkmi?

- Hələ tezdi, qoy tədbiriniz qurtarsın.

- Üşüyürəm, - dedim, - evə getmək istəyirəm.

Qardaşım sözəbaxan uşaq kimi düşdü qabağıma. İkimiz də susurduq, ürək eləyib bir-birimizdən heç nə soruşa bilmirdik. Səməndər yeriyirdi, mən də onun böyrüncə az qala yüyürürdüm – qardaşımın çox ütələk yerişi vardı.

Birdən yolun ortasında ayaq saxlayıb dedi:

- Ovcuna nömrə basanı tanıdın?

- Yox, tanımadım.

- Amma mən onu göndərən alçağı lap yaxşı tanıyıram. Getdim yerində tapmadım, sabah dərsini verəcəm.

Ürəyim arsız-arsız çırpınırdı, qardaşımdan nəsə soruşmaq istəyirdim, di gəl, xəcalətdən dillənəmmirdim. Bir az da yol yeriyəndən sonra dilimin kilidi açıldı:

- Yaxşı, mən tanıyıram o alçağı?

- İnanmıram, sən tanımazsan.

- Heç olmasa ucundan-qulağından de bilim.

- Soxum onun boyunu yerə, guya rayonun maliyyə məsələlərini həll eləyir. Sataşmadığı adam qalmayıb bu şəhərdə, indi də qotur əlini bizə qaşıtmaq istəyir.

Səməndər “maliyyə” sözünü dilə gətirəndə dalağım sancdı:

- O gün sən məni idarədə qoyub dərsə getdin ha, bax onda mənim pulumu vermirdilər, sənin adını çəkən kimi katibə məni rəisin otağına çağırdı.

Qardaşımın gözləri yuvasından çıxdı:

- Hə, sonra noldu?

- Heç nə, katibəylə qalxdım bunun kabinetinə, mənə bir-iki sual verdi, sonra kiməsə tapşırdı, pulumu alıb getdim kəndə.

- Nə soruşdu səndən?

- Ərin neçə ildi şəhid olub?.. Neçə uşağın var?.. Kimlə, harda yaşayırsan?..

Ömründə mənə acıqlanmayan Səməndəri elə bil ilan çaldı:

- Bəs bunları mənə niyə deməmisən?! Sən də onun suallarına cavab verdin, həəə?!

- Cavab verməyinə verdim, nə var axı burda? Kifsək iyi verən kişiydi, eləsini mən bir karandaşla öldürərəm.

- Sən onu öldürənəcən o bizim topamızı öldürür, hamının gözünün qabağında sənə telefon nömrəsi göndərir.

Özümə bir ucuz ölüm arzulayırdım, ağsaqqal qardaşımın yanında rüsvay olmuşdum. Bütün yolu ikimiz də susduq, evə çathaçatda ancaq bunu deyə bildim:

- Nənəm demiş, nə toya gedirəm, nə toydan qalıram. İndi bu alçaqların əlindən başımızı alıb hansı cəhənnəmə gedək?..

Səhəri Səməndər nömrələr yazılmış kağız əlində özünü Maliyyə idarəsinin qıfşımış müdürünün yanına salıb onu boğazlayanda irtməyinin qopacağından qorxan kişi and-aman eləyib:

- Mən nömrəni sizin bacınıza yox, ayrı qadına göndərmişdim, - demişdi, - sürücü səhv salıb.

Cin atının belində gələn qardaşım bundan sonra da o nakişinin yaxasını buraxmamışdı:

- Qoca kaftar, qartımış hüllükbaz, bilmirsən ora yığılanlar hamısı şəhid arvadıdı?! Bilmirsən cavan gəlinlər yetimləri yedəyində bir tikə çörəkdən ötrü çöllərə düşüb?! Oğlun şəhərin uşağını nəşəyə yoluxdurur, sən də xalxın başsız arvadlarına qarmaq atırsan?!

Axırda da onun yarasa üzünə lombasıyla tüpürüb getmişdi.

O gündən sonra mən rayonda bir idarə qapısı döymədim, bir məmur üzü görmədim...

***

Aprelin sonlarında yoxlanmaq üçün yenə Bakıya getdim. Onkoloji Mərkəzdə bir daha uzun-uzadı müayinələrdən keçdim. Sinəmdəki kirsin çoxu ərimişdi, ta canımı ağrıtmırdı, ancaq qollarımın altındakılar necə var elə qalırdı. Həkim də dediyinin üstündə durmuşdu:

- Şüa verilməsə bunlar əriməyəcək.

Aqil bu səfər onun dedikləriylə razılaşmayıb müalicəni uzatmağı, şüa məsələsini ən sona saxlamağı məsləhət bildi...

Kənddə Ağabəy həkimin adına balaca bir pay tutmuşdum, bir-iki gün sonra sovqat torbamı da götürüb baş psixiatrın qapısını kəsdirdim. Telefon zənginə cavab verən köməkçisinin yanından sivişib içəri girdim. Kabinetdə meydan hadisələrindən tanıdığım pafosla danışan bir nəfər vardı.

Məni görəndə Ağabəy həkimin üzü güldü, əlinin işarəsiylə məni oturdub müsahibini, daha doğrusu, pasiyentini dinləməyə davam elədi. Handan-hana adamın çox ləngidiyini görüb:

- Bəy, mənim uzaq yerdən çox hörmətli qonağım gəlib, - dedi, - bir saatdan sonra da mühazirəm var. Sizlə başqa bir vaxtda görüşərik.

Həkim meydan qəhrəmanını qapıdan ötürəndən sonra mənə sarı döndü:

- Həə, qaçaq, gəlmisən? De görüm necəsən, nə var, nə yox?

Sovqat torbasının içindəkiləri masanın üstünə düzə-düzə dedim:

- Bu – güldü, bu – çiyələk, bu da əncir mürəbbəsi. Bilirəm şəkəriniz var, yenə gətirdim.

- Şəkərim olsa da əncir mürəbbəsini, gül mürəbbəsini çox sevirəm. Əgər özün bişirmisənsə bir qaşıq dadına baxaram.

- Vallah-billah özüm bişirmişəm.

Bankaları bir küncə yığıb gülə-gülə dedi:

- Özündən danış – nəylə məşğulsan oralarda, xərçəngi neylədin?

- Şükür yaxşıyam.

- Bəs deyirdin öləcəm?

- Ölüb sizin zəhmətinizi yerə vurmaq istəmədim. Artıq işləyirəm.

- Bilirəm, Aqil deyib. Ərəbzəngiyə oxşayırsan, adam səndən qorxur.

- Niyə, çox çirkinləşmişəm?

- Sən gözəl idin bəyəm?

Səs-səsə verib şirin-şirin gülüşdük.

- Zarafat eləyirəm. Sən gözəlsən, güclüsən, ağıllısan. Sonra nə eşitmək istəyirsən, onu deyim.

- Dedikləriniz bəsimdi.

- Amma hələ də mən istədiyim qadın deyilsən. Sən özünü tısbağa kimi çanağında gizlətmisən. İstəyirəm içindən sıyrılıb çıxıb mənim arzuladığım qadın olasan.

- Mən artıq böyük adam olmuşam, özüm kimi qadınlara biçib-tikmək, bişirib-düşürmək öyrədirəm, yol ayrıcında azıb qalanların əlindən tuturam, başlarına ağıl qoyuram. Düzdü, mən özüm də o bir qaşıq ağıldan ötrü dağ boyda professorun yanına təpik döyürəm, ancaq əsas budu ki, ordan-burdan da olsa tapıb qoyuram.

- Özünü şərləmə, sən ağıl dalınca gəlməmişdin, ağlın-başın yerindəydi. Ruhuna bir az sığal çəkdik, bir də bığlarına maya qoyduq, vəssalam.

Həkim mənə baxa-baxa güləndə yenə istər-istəməz əlimi ağzıma apardım.

- Buna görə səni kənddən qovmadılar?

- Yox, anam üzümə çox baxdısa da bir şey anışdıra bilmədi.

- Mən səni bundan da güclü, bundan da mübariz görmək istəyirəm. Sənin içində başqa bir qadın oturub, bax mən onu dartıb üzə çıxartmaq istəyirəm.

- Yavaş-yavaş siz deyən olacaq.

- Ostrovskinin “Polad necə bərkidi” romanını yəqin oxumusan.

- Oxumuşam.

- Görürsən Korçagin hansı zülümlərə qatlaşır? Ayaq barmaqlarıyla həyatının kitabını yazır! Ayaq barmaqlarıyla! Sənin kimi sağlam qadın həyatdan küsməməlidi.

- Daha küsmərəm.

- Dediyimi eləyirsən, nəsə yazırsan?

- Gündəliyimi davam elətdirirəm. Bir də mən həmişə çətinə düşəndə yaza bilirəm.

- Çətinə düşməyi gözləmək lazım deyil, əgər içindən gəlirsə yaz. Kiminsə oxuyacağından da əsla çəkinmə.

- Buna görə gündəliyimi kodlarla yazıram, kimsə oxusa da heç nə başa düşməz.

- Hmm, demək hələ mən istədiyim Bircə deyilsən, hələ qorxaqsan. Keçmişdə adamları yazılarına görə yandırırdılar, buna baxmayaraq onlar yenə də yazırdılar. Hanı indi Qalileyi mühakimə eləyən, Cordano Brunonu tonqalda yandıran, Nəsimini dara çəkən zalımlar? Onlardan bu günə heç nə qalmayıb, ancaq o böyük insanların adları da, əsərləri də, kəşfləri də daim yaşayacaq. Dünya, insanlıq belələrinin sayəsində var olur, irəli gedir.

Ağabəy həkimə deyə bilmirdim ki, onun bütün tökdüklərini yığıb-yığışdırmışam, hətta əl-qol hərəkətlərini, danışıq manerasını da yeri gəldikcə öz bildiyim kimi yamsılayıram. Hər gəlişimdə qara yükümü bu otağa töküb onun ağ enerjisiylə yüklənib gedəndən sonra dəyişib tamam ayrı adam olmuşam, hətta canıma əl qatan əzrayılın barmaq izlərini də unutmuşam. O dərəcədə dəyişmişəm ki, özümü də hər elmə vaqif bir professor sanmışam, xəstə, naçar, azmış qadın görəndə dönüb Ağabəy həkim olub ona seanslar vermişəm...

***

Kəndə qayıtmağa iki gün qalmış Xuraman müəllimənin bacısına zəng vurub Bakıda olduğumu dedim. Qadının çiçəyi çırtladı:

- Neyləyək, harda görüşək?

- Harda istəyirsiz.

- Bəlkə gəlim səni bizə gətirim?

Bacım əvvəlcədən hazırlıq görmüşdü, onun evində görüşməyimizi istəyirdi.

- Yaxşı olar Laləgildə görüşək, - dedim.

- Ünvanı de, tezdən ordayam.

Lalə bəylərə-xanlara layiq bir süfrə açdı, Anarla birgə Aygünü metro başında qarşılayıb evə gətirdik. Düzü, görəndə onu tanıya bilmədim – həmişə şıq formada olan geyimli-kecimli, bəzəkli-düzəkli qızdan əsər-əlamət qalmamışdı; yaşlanmışdı, ağzı bir az sola doğru əyilmişdi, balaca boyu daha da gödəlmişdi.

Aygün məni qucaqlayıb zülüm-zülüm ağladı. Lalə ona məndən çox mehribanlıq göstərdi. Gün axşamacan bir yerdə olduq, ötən günləri xatırlayıb ağladıq-güldük.

Siftə-siftə Aygünlə soyuq davrandığımı görən Lalə xəlvətə salıb məni danladı, özünü diddi:

- Xuraman müəllimənin ruhundan utan! Səndən on yaş böyük qadın ayağına gəlib, nə özünü dartıb qoymusan dağ başına!

Gedənəmacal Aygün də – üzürxahlıq deyim, dil-ağız deyim, tövbə deyim – nədisə ondan elədi:

- Bircə, anama güvənib səni çox incitdim, - dedi, - bilsəydim o tez öləcək özümü sənə sevdirərdim. İndi mən də tək qalmışam, burax umu-küsünü, əlini əlimdən çəkmə.

Bunları deyib Aygün yenə ağladı. Dostum, o gündən bu günə bir yerdəyik.

Bu balaca, şirin qadın mənə Xuraman müəllimədən ötə oldu. Mənə böyük bacılıq, oğluma nənəlik elədi. Bəzən bir dam altında yaşadıq, bir dərdə ağlayıb bir sevincə güldük. Əxlaqına, tərbiyəsinə bələd idilər deyə onun yanımda olmağı qardaşlarıma da rahatlıq verirdi, Aygünlə istədiyim yerə gedə bilirdim. Doğrudu, arada altı ay küsülü qalmağımız da oldu. Sənə maraqlı gələrsə yeri düşəndə bunun da tarixçəsini söyləyərəm...

ardı var

# 5795 dəfə oxunub

Müəllifin son yazıları

# # #