Bacımın üzünə baxa bilmirdim - Bircənin romanı

Bacımın üzünə baxa bilmirdim - Bircənin romanı
15 may 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Səməndər həmişəki kimi əlində bir dəstə gül əmimiz oğlu Məhərlə qoşa yolumu gözləyirdi. Boyumu görən kimi gül dəstəsini irəli uzadıb uşaqlıqdan əzbər bildiyimiz məşhur şeiri öz improvizəsində söyləməyə başladı:

- Gələcəkdir bacım mənim yanıma,

Girəcək allı-güllü bostanıma...

Qucaqlaşıb görüşdük. Çəkinə-çəkinə soruşdu:

- Bizə, yoxsa kəndə?

- Məndən olsa kəndə gedərəm.

- Kənddəkilər gəldiyini bilirlər?

- Lalə deməyibsə heç kim bilmir.

- Onda gedək bizə, Laləyə deyərəm hələ bildirməsin. Kəndə sabah gedərik.

Qardaşımgilə çatanacan anamın, Kamilin payından götürüb bir pay da Məhərin uşaqlarına tutdum.

Halımın naxoşluğu Səməndərin gözündən yayınmamışdı. Qəfil gəlişimdən quşqulanan qardaşım onu dominoya, nərdə çağıran dostlarını başından genidib bütün günü məni dilə tutdu. Dizimin dibindən aralanmadı, başıma gələnləri bircə-bircə dilimdən çəkdi. Sonra bacı-qardaş xeyli baxışıb susduq. Handan-hana qardaşımın dili açıldı:

- Axırıncı dəfə səni görəndə qorxdum. Gözlərin quyuya düşmüşdü, altını kölgə basmışdı, arıqlamışdın. Elə bildim yenə xəstələnmisən. Lalədən soruşdum, dedi çox işləyirsən, dükan-bazarın ətini-toyuğunu yemirsən. Ona görə əlimə gələni yığıb sənə göndərirdim. Demə sənin dərdin özgəymiş.

Səməndər arada söhbətə fasilə verib çardağa çıxırdı, əmzimlənmiş üzüm bandağının birini dərib yuyurdu, üzümü qarşıma qoyub növbəti sualına keçirdi:

- Adamın heçmi yaxşı tərəfi yoxdu?

- Evdə nəsə qırılanda, xarab olanda bir göz qırpımında düzəltdirir, hara buyursam yüyürə-yüyürə gedir.

- Elə də pis deyilmiş. Bəs səni niyə incidir, niyə dalaşır sənlə?

- Taylanı, Xədicəni evimdən qaçaq saldı. Qızı Nihatla yazışıb görüşdü, xəbər tutanda mənlə davaya qalxdı ki, bacı-qardaş onları bu evdən kürüməlisən. Cavidin dostlarını mənə oynaş çağırır. Vaxtımın çoxunu mətbəxdə keçirdiyimə, bişirdiyim xörəklərə lağ eləyir.

- Özləri nə yeyirlər, bilmirsən?

- Kolbasa, sosiska, küçədə bişən üfürülmüş toyuqlardan, mağazada satılan yarımhazır yeməklərdən, dükandan alınma dovğalardan...

- Sənin bişirdiklərini bəyənmirlər?

- Tox olanda lağ eləyir, ac olanda gözünə təpir. Qızı, arvadı qazanı ocaqdan qaçırırlar. Oxumağa başladığım kitabın adını gördümü bir saat sonra ordakı hadisələri, qəhrəmanların taleyini hardansa öyrənib mesajla mənə yazır, kitabdan aldığım zövqə zəhər qatır. Bir sözlə, işi düşəndə anar, aşı bişəndə qovar.

- Nə işi düşür ki, sənə? Bəlkə maddi umacağı var?

- Ailəlikcə harasa yeməyə, ya rayona gəzməyə gedəndə məni də aparmağa çalışır. Guya mən tək qalanda yolumu azıb kimləsə görüşərəm. Mən getmək istəməyəndə canıma qənim kəsilir, məni şərləyir.

- Niyə getmirsən, arada-bərədə sən də get eynin açılsın.

- İstəmirəm. Evimdə oturub kitab oxumaq, nəsə toxumaq, özümə paltar tikmək yüz qat maraqlıdı mənə.

- Nə deyim... adam sənin əziyyətini çəkmək istəyir, sənə qulluq eləmək istəyir. Sən də bir az onlar kimi yaşamağa çalış, arabir qazandan, mətbəxdən, kitablardan aralaş, özünü götür çıx evdən. Bəlkə bir müddət sonra belə yaşamaq xoşuna gələcək?

- Məni çəngəllə yeməyə məcbur eləyir, ləhcəmə gülür. Geyimimdən tutmuş saçlarıma kimi hər şeyə burnunu soxur.

- Səni köklü dəyişməyə çalışır. Bu saydıqların çox qadına bəlkə də xoş gələrdi. Ancaq sən ayrı cürsən. Ürəyincə bir şey varsa dostluq elə bu adamlarla, yox, ürəyincə deyilsə canını qurtar, iş işdən keçməmiş aralaş onlardan.

- Can qurtara bilmirəm. Məni xəstəliyimlə şantaj eləyir, iş yerimdə yaymaqla hədələyir.

- Sən də arvadına, bacılarına de.

- Bir neçə dəfə qorxutmaq istəmişəm, mənə gülüb. Deyir get kimə istəyirsən çatdır.

- Telefonunu yığ ver mən danışım.

- Lazım deyil, qoy rədd olsun.

- İndi sənin gəlib burda gizlənməyinlə nolasıdı?

- Heç nə, elə başımı götürüb yanınıza qaçdım. İstədim beynim bir az aynısın, özümə qıraqdan baxım...

***

Neçə gün də kənddə, evimizdə qaldım. Yaxınlarımı, doğmalarımı ürəkli qucaqlaya bilmirdim, danışanda heç kimin gözünün içinə baxmırdım. Özümü it ağzından çıxmış sanırdım.

Atamın atmacalarını əvvəlkitək göydə tutmurdum, bostanıma atdığı daşlar hədəfə dəymirdi. Tısbağa kimi qınıma çəkilib günləri yanımdan ötürürdüm, axan dəqiqələrin, saatların arxasınca baxırdım – mənim o günlərə, anlara izim, imzam düşmürdü.

Axşamlar hamı süfrə başına cəm olurdu. Rüfətin balaları məndən aralanmırdılar. Üzümün gülmədiyini, aynamın açılmadığını görən anam arada məni bizləyirdi:

- Sənə biz dedik uşağını evindən genit? Göndərməyəydin, indi niyə qaş-qabağını tökmüsən?

Kamil anamın zoxmalı sözünü yumşaltmağa çalışırdı:

- Heç nəyin fikrini çəkmə, sağ-salamat qayıdacaq, evlənəcək, bir uşağın da gəlinin olacaq. Bu günlərin həsrətini çəkəcəksən. Cavid bura yetik insan kimi dönəcək. Çanaqda balın varsa arısı Rumdan gələcək. Özün üçün yaşa, axşamlar teatra get, muzeyləri gəz, Lalənin balalarını al yanına çıx dəniz qırağına. Qazanı-çömçəni tulla bir qırağa.

Rüfət bir gözü anamda Kamilin göstərişlərini özü bildiyi kimi tamamlayırdı:

- Pulunu qoftaya, ətirə, şokolada verib kəndə daşıma. Sən də özünə bir qulluqçu tut, qoy yeməyini bişirsin, evini təmizləsin.

Anam onun atdığı sözləri havada tutub bir-bir mənim başıma çalırdı:

- Bilməmişdik, çömçəxatın xanım olub ey! Olanı yeyib əlini yanına çəkib gəzsin, bəs oğlunun toyunu kim eləyəcək, gəlinə qır-qızılı kim alacaq?

- Qardaşları toyunu da çaldıracaqlar, qızılını da alacaqlar.

- Qardaşın biri sən, al görüm nəylə alacaqsan. Üzümü yana döndərən kimi pul qabımdan nəsə cilbidirsən.

- Sənin pulun canıma sarı yağ kimi yayılır.

Atam fürsəti qaçırmayıb anamı körükləyirdi:

- Sənə haqq olur, arvad pulunu ərinə verər, arvadın malını əri saxlayar. Qoy elə lotu-potu dağarına işıq salsın.

Hamı dağılışandan sonra özümü verirdim xatirələrlə dolu “Boğaz”a, “Qırx şamlar”ın arasında var-gəl eləyirdim. Cırcıramaların səsi gecənin sakitliyinə dərman kimi çilənirdi. Səssiz axan sudan ovuclayıb üzümə vururdumsa da üzüm-gözüm, içim-çölüm aydınlığa çıxmırdı, arınıb-durulmurdu. Düşünürdüm kaş mən elə burda qalaydım, kökümdən, bünövrəmdən, şəcərəmdən aralanmayaydım, tanıdığım göy üzündə yerini gözüyumulu bildiyim bələdçi ulduzlarımı baş-ayaq salmayaydım. Onda nə yolum yumrulardı, nə təkərə düşərdim, nə qəzadan qaçardım...

***

Telli mamanın gəlişi yaxamı bir müddət əlimdən aldı. Atam anamın başını qatdı, Rüfət güdükçü durdu, bibimi mətbəxə salıb aldığım qoftanı əyninə geyindirdim, uzunluğunu-gödəkliyini, genliyini-darlığını yaxşı-yaxşı yoxladım. Qoftanın ona yaraşdığını görəndə vəcdə gəlib bibimi bir də qucaqladım, təzə ətirindən sinəsinə çilədim, qalan aldıqlarımı – yaylığı, corabı, parçanı büküb Rüfətə verdim ki, atsın maşına, Telli mamanı evinə aparanda versin özünə.

Süfrə başına keçəndə anam dilləndi:

- Tellidən nə qəşəng iy gəlir.

Bibim suçuxdu. Atam aranı qatdı:

- Bircə bilər, bayaqdan mətbəxdə xosunlaşırlar.

Atama göz ağardıb dedim:

- Öz ətirimdən mamamın paltarına çiləmişəm.

O gün yemək əsnasında Telli mama keçmişdən bir para xatirələr çağırdı, onlardan birini mən də danışmaq istəyirəm.

Demək, keçmiş günlərin birində atamla bibimin arası dəyir, küsüşürlər. Atam bir müddət ayağını bacısıgildən kəsir. Bibim yorğan-döşəyə düşür, atam yenə gedib ona baş çəkmir.

O vaxtlar hər bazar günü radioda “Arzular” adlı veriliş efirə gedərdi. Telli mama o verilişə məktub yazıb atamın çox sevdiyi Rübabə Muradovanın ifasında çox sevdiyi “Qaragilə” mahnısının oxunmasını istəyir. Özü də həmin mahnını küsülü qardaşına pay göndərir. Bibim bilirmiş ki, atam hər bazar o verilişi dinləyir.

Rübabə xanım “Qaragilə”ni bitirən kimi atam atını minib bacısıgilə sürür, bibimi qucaqlayıb bağrına basır. Beləcə, gözəl ifada səslənən gözəl mahnı bacı-qardaşı barışdırır...

***

Öz telefonumu söndürmüşdüm, bacımla atamın telefonuyla danışırdım. Mənim telefonumun bağlı olduğunu görən Həmid neçə gün evimizi güdər, neçə dəfə iş yerimə zəng vurar, nəhayət, məndən bir soraq ala bilməyəndə əlacı kəsilib Laləni yığar. Bacım da Doneşə elə toy tutar ki, adam zəng vurduğuna it peşmanı olar.

Buna baxmayaraq mən onun olmayan abrının-həyasının kəramətinə yaxşı bələdiydim, yenidən o şeytan buyruqçusunun, cəhənnəm qarovulçusunun haləsinə düşmək istəmirdim. Di gəl, mənim istəyim artıq heç nəyi dəyişə bilməzdi, mən çoxdandı istəyimlə yox, canımı qumara qoymuş fələyin amansız iradəsiylə oturub-dururdum...

Məzuniyyətimin iyirmi günü başa çatanda şəhərə qayıtmalı oldum. Yola düşmək ərəfəsində atam qulağıma pıçıldadı:

- Ananı bərk-bərk qucaqla öp, çoxlu pulu var, bəlkə bir şey qopara bildik.

Anamın arıq canını qollarımın arasına alıb köksümə sıxdım, sümükləri çıxmış üzündən marçıltıyla öpməyə başladım. Arvad qucağımda tıncıxdı, məni özündən aralamaq istəyəndə dedim:

- Bax bu – Səməndəri doğduğuna görə, bu – Kamili bizə verdiyinə görə, bu – Aqili dünyaya gətirdiyinə görə, bu – Hakimi başımıza çıxartdığına görə...

Belə deyə-deyə hər qardaşımın, hər bacımın varlığı müqabilində şükranlıq payım kimi anamı yeddi cüt dəfə öpdüm. Arvad qollarımın arasından çıxcaq atam onu qamarladı:

- Bax bu – Bircəni, bu – Sevili, bu – Laləni, bu da Rüfəti atan evindən gətirib burda doğub-bələdiyinə görə, - deyə o da anamı marçamarç öpməyə başladı.

Bizi kimsə tərifləyəndə anam özünü elə aparırdı guya atamızın bizdən xəbəri yoxdu – indi kişi ona eyham vururdu.

- Qanacağın olsun, di bizim əziyyətimizi qiymətləndir, torbanın ağzını aç nəmərimizi ver.

Anam onu sinəsindən yüngülcə itələyib dedi:

- İtilin başımdan, mən də deyirəm bunlar məni niyə yalayırlar. Məndə pul nə gəzir?

Atam özünü peşman olmuş kimi göstərib mənə yanaşdı:

- Səni öpüncə öz balamı öpərəm, hayıf mənim əziyyətimə, - deyib kişi mənə sarıldı.

Maşına minəndən sonra yerdə qalanlara sarı xəcalətlə, peşmanlıqla boylandım. Anamın yerişindən, duruşundan, hətta yaylığını başına atmağından bilirdim məndən razıdı, ya yox. Atamın su dolu qalğanı əlində tutmağından, gəlinin dalımca mələşən balalarına qoşulub göz yaşı axıtmağından, Kamilin həyətindən yığdığı bir qucaq sarı qızılgülü mənə uzadan anda xəstə qızının əlindən alıb yoluqlamağından bilirdim getməyimə hamı kədərlənir. Kamil ləçəklənib yerə tökülən güllərə baxa-baxa başını bulayırdı, gözlərini üzümə zilləyib yanağından axan yaşı silirdi. Qardaşımın boynunu qucaqlayıb:

- Sən Allah pis olma, - dedim, - hava isti, yol uzaq, evə çatanacan soluxacaqdı onsuz da.

- Bilir sən o gülləri çox istəyirsən, acığa yoluqladı onları bu qansız.

- Eybi yoxdu, bunu da özünə dərd eləmə. Bəlkə o da bizim ayrılmağımıza belə etiraz eləyir?

Bu dəfə əzizlərimin mənim gedişimə qüssələnməyi əsla ürəyimdən deyildi; özümü nəinki onların göz yaşına layiq bilmirdim, əksinə, uşağından böyüyünəcən bütün doğmalarımın yanında özümü üzüqara, diligödək sanırdım, onların əliylə özümü döymək, onların diliylə özümü zəhərləmək, onların ağzıyla özümə tüpürmək istəyirdim. İstəyirdim bağıra-bağıra deyəm ki, mən sizin sayğınıza, sevginizə layiq deyiləm. Deyiləm!

Məni şüurdibi deyinmələrimdən Yetərin hay-küylü gəlişi ayırdı. Qonşum önlüyünün ətəyinə yığdığı yumurtalarla yerdəki dolu qutuların başına dolana-dolana dedi:

- Ay Rəhim dayı, mənim də payıma yer eləyin. Bircə, bu yumurtaları ver Anara, deynən mənim tumanlarımı alıb gətirsin. Bir az da gec gəlsə oğlumun papağını yel aparacaq, qoca tısbağayla yatmaqdan bezdim daha.

Burda olmayan bacoğlunun yerinə Yetərə Rüfət dayısı cavab verdi:

- Kişidən sonra bu gimgəyə tısbağadan başqa kimi gətirəsiydin, - dedi, - get Anarın başına dolan ki, səni erkəksiz qoymadı.

Anam imkan vermədi Yetər ətəyini boşalda:

- Bircəyə iki yeşik yumurta qoymuşuq, apar bunları sat bir dərdinə ver.

Yetər anamın əlindən çıxıb gətirdiyi yumurtaları yerbəyer elədi:

- Bu, Anarın payıdı, - dedi. - Çobanın yağı çox olanda çarığına da sürtər. Satıram da, balalarım da yeyir, ürəyim istəyənə pay da verirəm.

Rüfət yerə düzülü qutuları maşına yükləyib sükan arxasına keçdi.

Bir vaxtlar nicat qapısı kimi baxdığım şəhərə indi yarımcan qayıdırdım. İçim damırdı, pərtliyimi, naçarlığımı büruzə verməmək üçün gülümsəyirdim...

***

İşə çıxmağıma hələ neçə gün vardı, bir az tez qayıtmışdım ki, o günləri bada verməyib qış hazırlığı görüm.

Mən evə çatandan sonra Lalə balalarını götürüb bizə gəldi. Gətirdiyim sovqatlar ikimizin arasında bərabər bölünməliydi – mən şəhərə köçəndən bu, bizim qanunumuza çevrilmişdi, ona gələni də bacım mənlə tən bölürdü.

Laləni evinə buraxmadım ki, nə işimiz var mənim açıq eyvanımdakı ocağın üstündə başa gətirək; yayın istisində onun gedib dar mətbəxdə təkbaşına qış tədarükü görməyinə qıymadım. İki bacı əl-ələ, dil-dilə verib meyvələrin mürəbbəliyindən mürəbbə bişirdik, kompotluğundan kompot bağladıq, tərəvəzlərdən şoraba tutduq. Tər tökə-tökə işlədikcə nənəmizin bir sözünü tez-tez yada salıb həvəslənirdik: “Ağıllı adam qışının azuqəsini yayda qabğarar”.

İki gün bir yerdə olsaq da övladım kimi sevdiyim, hər sirrimi-sözümü bölüşdüyüm bacımın da üzünə ürəkli baxammırdım. Halbuki mən bu şəhərdə ona ana əvəzi olmağa, özümün anadan umduqlarımı ana donuna girib bacıma verməyə çalışmışdım.

Anar doğulandan az sonra Lalə ağır əməliyyata götürülmüşdü, körpəni mənim üstümə atmışdılar. Heç yadımdan çıxmaz, Səməndər üzünü ovuclarına alıb deyirdi:

- Allah, Allah, Emin ölməmiş olsaydı bu qızın, bu körpənin axırı necə olacaqdı!

Kamil qırxlı qundağı yüyrükdə yırğalaya-yırğalaya çaldığı laylaya ara verib anama baxırdı:

- Bacımız da öləcəkdi, doğduğu uşaq da.

Məni qoçaq, hünərli sayan qardaşlarımın sözündən qanadlanıb gücümə güc qatırdım, o məqamda Arximed boyda kişinin yerindən dəbərdə bilmədiyi dünyanı kürəyimə şəlləsəydilər uf deməzdim.

Amma indi məni ana bilən o bacımın yanında qucağı bic qundaqlı zinakartək dolanırdım...

# 11066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #