Gözləri qırmızı görmüş buğa gözünə döndü - Bircənin romanı

Gözləri qırmızı görmüş buğa gözünə döndü - Bircənin romanı
17 iyul 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Axır çərşənbə axşamı Həmidgil yenə ailəlikcə kəsdirdilər qapımızı. Evimiz-eşiyimiz bayram havası fışqırırdı, süfrəmizdə quş iliyi, sərçə südü desən o da vardı. Boyaqlı yumurtalar üzə gülürdü, qovurğanın, qovudun şirin qoxusu beyni bəd fikirlərdən, qəlbi acı duyğulardan qoruyurdu, bayram aşımız dəmdə lovğa-lovğa buğlanırdı. Səməndərin göndərdiyi Novruz sovqatının içindən hətta bənövşə də çıxmışdı.

Bacım qızları sinədəftər nənələrindən öyrəndiklərinin hamısını bu gecəyə saxlamışdılar. Balkonda samovara köz salmışdıq. Aydan bir ləyənə topa üzərlik qoyub axşamı gözləyirdi – tonqal əvəzi odlayacaqdı.

Dolu-dösgan evimizə, al-əlvan donlarımıza, ətəklərimizə baxanda Həmidin gözləri qırmızı görmüş buğa gözünə döndü. Şəfa çöpəgülən olsa da insafən əri kimi xəbis, dargöz deyildi; xoşbəxtlikdən onun təkcə yaxşılığa yox, pisliyə də iradəsi çatmırdı, paxıllıq eləməyə, kin-küdurət saxlamağa halı yoxuydu.

Onlar süfrə başına keçəndə Aydan eyvanda üzərliyə od verdi. Həmid yerindən sıçrayıb özünü atdı balkona:

- Ay bala, kəndçiliyinizə salmayın, bina alışıb yanar, polis tökülər qapınıza.

Dızıldayan samovarı elə biləsən adamın belinə şəllədilər:

- Oy mama, hələ buna bax! Yoox, sizi heç cür dəyişmək olmaz, qəbrə kimi kəndçiliyinizdə qalacaqsız.

Firəngiz qırmızı-qırmızı dilləndi:

- Gərək elə bu axşam gələydiniz? Qoysanız bayramı ədəb-ərkanla qarşılayaq.

Çöpəgülən də biz tərəf oldu:

- Mənə də maraqlıdı, sakit dur görək bunların adəti necədi.

Əlləri xınalı qızlarım çay süfrəsini yığışdıran kimi Taylana zəng vurdular. Həmid dilxor olub üz-gözünü turşutdu:

- Sən mənim canım onu çağırmayın, ayağından iy gəlir.

Hamı bir-birinə baxdı; Tapdığım haqda bircə bunu eşitməmişdik.

- Taylan gündə üç kərə dəstəmaz alır, ayaqlarını yuyur, - dedim, - onun ayağı iylənməz.

Doneşin göz bəbəkləri bir az da kiçildi – nənəm deyərdi gözünün ağı böyük olan kəs paxıl, qarnıqurdlu olar.

- Hə də, yaxşısını sən bilərsən, yəqin çiməndə belini də sürtürsən.

- Deyirəm başına oyunlar gəldi, yenə ağıllanmadın.

Bunu eşidəndə Həmid islaq cücə kimi büzüşdü.

Firəngiz burnunda üzərlik tüstüsü üstümə şığıdı:

- Xala, bayram aşını Taylana satmaq istəyirəm.

- Ay bala, Taylan qərib tələbədi, onun pulu nə gəzir?

- Yaxşı, onda sizdən biriniz alın.

- Mən alaram.

Həmidin şara bənzər gözləri yenə üfürüldü:

- Şəfa, bu da təzə çıxdı, aş satmaq nədi? Qalxın gedək.

Şəfa zəngli saat kimi cingildədi:

- Kim gedir getsin, mən bu gecə burdayam.

Taylan qapıdan girəndə Aydan gündüzdən bəzədiyi Çömçəxatını əlində oynada-oynada öz otaqlarından çıxdı, bəzəkli kuklasını üzünə tutub dedi:

- Camaat, acmısınız?

Hamı xorla “bəli” dedi.

- Onda irəli durun aşımıza bir xələt verin, qarnınızı doyursun.

Siftə mən dilləndim:

- On manat verirəm.

- Sən harda on manatlıq aş görmüsən?

- Onda iyirmi verirəm.

Çömçəxatın sitallığına saldı:

- İldə bir dəfə gələn bu gözələ, bu xanıma yaraşmadı o qiymət. Həmid dayı, qız istəyir siz əlinizi cibinizə salasız.

Doneş daş dəymiş ayı kimi donquldandı:

- Gic-gic şeylərə veriləsi pulum yoxdu.

Aydan salma-saçaq kuklanı Həmidin bığına toxundurub dedi:

- Onda bu axşam sizə aş əvəzinə dabanəzməsi verəcəm.

Həmid deyəsən ağzında kiminsə dabanının dadını hiss eləyib çimçəşdi. Qızlar aşı mənə iyirmi beş manata satandan sonra qazanı ortalığa qoydular. Həmidgil plov qazanını eşməyə girişəndə onlar yumurta döyüşdürməyə başladılar, sonra niyyət tutub suya üzük salladılar. Arada qalxıb qapı qonşumuza, yuxarıda Xədicəgilə papaq atdılar. Xədicəni də yeltələyib hay-küylə içəri girəndə Həmid özündən çıxdı:

- Hə, bax indi ansambl düzəldi.

Firəngiz ona göz ağartdı:

- Pis söz danışmayın ha, birdən kimsə qapımızı pusar.

- Əgər bu binada sizin kimi başqaları da yaşayırsa pusacaqlar, mədəni adamlar belə abırsızlıq eləməzlər.

Qızlarımın dünya vecinə deyildi, rola necə girmişdilərsə Doneşin kinayəsi də onları təbdən çıxarammırdı.

***

Çay süfrəsi açılanda Firəngiz axır çərşənbə axşamları nənəsindən eşitdiklərini söyləməyə başladı:

- Bayramda küsülülər barışar, borclu borcunu qaytarar, zalım zülmünü yerə qoyar, heç kim şər-böhtan danışmaz...

Bacımın sinədəftər qızı bu sözlərin hamısını Həmidin gözlərinin içinə baxa-baxa deyirdi.

- Qazanı dolu qazanı boşa pay verər, varlı qovurğa sacını kasıb qonşusunun həyətində asar...

Həmid Firəngizin sözünü ağzında qoydu:

- Mən qovurğanı, qatlamanı, bişini siz kəndçilərdə gördüm. Şəhərlilərinki şəkərbura, paxlavadı.

- Həmid dayı, şəhərli nə bilər qatlama nədi. Bir vedrə yağda bişir ey...

Aydan estafeti bacısından aldı:

- Bayramda yağış yağmasa tısbağanı ayağından asarlar. Bayram axşamı kitabı açıq qoymazlar. Bayram günü doğulan uşağın yanına soyulmuş soğan, açıq qayçı qoyarlar, zahı qadının başaltına da bıçaq qoyarlar ki, hal anası ona toxunmasın. Taxıl çuvalının üstündə otursan çörəyə həsrət qalarsan. Taxıl döyüləndə buğanaq olmasın deyə qızlar “Buğanaq, gəlmə, sənə gedəcəm” deyərmişlər. Toxumluq buğdanı qovurmazlar. Bayram axşamı acları, kasıbları doyurmamış süfrə başına keçməzlər.

Bu yerdə Aydan Xədicəni qucaqlayıb öpdü:

- De görüm qarnın doyubmu?

Xədicə Həmiddən qorxurdu deyə divanın bir küncündə qırışmışdı. Güclə gülümsəyib başını buladı:

- Hə, doydum, doydum.

Şəfa gah qızlara qoşulub “sevir-sevmir” oynayırdı, gah da olan-olmazdan yeyib qızların çıxardığı şəbihlərə baxırdı, Çömçəxatına xalis uşaq heyranlığıyla tamaşa eləyirdi.

Həmid bütün gözəlliklərin yanından ötüb yapışdı hal anasının yaxasından:

- Bunu mən də nənəmdən eşitmişdim. Mövhumatla, xürafatla başınızı niyə doldurursuz? Özünüz də bütün günü təhsildən, elmdən dəm vurursuz. Bax biri sən, bugün-sabah həkim olacaqsan, hələ də hal anasından danışırsan.

Firəngiz bacısına sarı dönüb güldü:

- Aydan, bu kişinin başına bir qurd donu (canavar dərisi demək istəyirdi) düşsəydi dediklərimizə inanardı.

- Qurd donu dədənin başına düşsün, - Doneş sözün mənasını anlamasa da göyərdi.

- Dədəm o donu çoxdan geyib dağıdıb. Həmid dayı, mən tibb universitetində əla qiymətlərlə oxuyuram, halı da, halın anasını da, qohum-əqrəbasını da çox yaxşı tanıyıram, istəyəndə onlara qurd donu biçirəm. Bunlar hamısı bizim ürf-adətlərimizdi. Siz üzərlikdən iyrənirsiz, amma qonşuya şişka göstərirsiz. Bayaq biz torba atmağa gedəndə qızınızı qucaqlayıb nə dediyinizi eşitdim. Dediz atası ölməyib ki, mənim qızım dilənsin. Heç sizin xəbəriniz də olmadı ki, Solmaz bizə qoşuldu. Torba atmaq dilənmək deyil. Baxın süfrəmizə, görün anam, dayılarım bizə necə naz-nemətlər göndəriblər, xalam nələr bişirib çıxarıb ortalığa. Nənəmin bişirdiyi qatlamanın biri bir qarpız boydadı, bir külfət yesə doyar. Biz sadəcə Novruz adətlərimizi yaşadırıq. Bayaqdan biz danışdıqca üz-gözünüzü turşudursuz, Kosaya, Keçələ, Çömçəxatına lağ eləyirsiz. Bəs sizin sevdiyiniz nəsə varmı dünyada, qızınız öz uşağına nə öyrədəcək?

Kişinin cəmdəyinə döşəyəndən sonra Firəngiz mənim otağımda başına kəlağayı bağlayıb ayağına çarıq geymiş Şəfanı dartıb ərinin yanına gətirdi:

- Şəfa xala, bu gün nə bişirib yemisiz?

Şəfa ayağındakı çarıqlara baxa-baxa dedi:

- Heç nə, səhər şirinçayla sosiska, günorta kartofla kolbasa.

- Bəs aşı nə vaxt bişirəcəksiz?

- Eee, həvəsim yoxdu, yedik də sizdə, - deyib qaçdı güzgünün qabağına.

Həmid pişik kimi arxasını yerə vermədi.

- Biz qəsdən bişirmirik ki, kökəlməyək.

- Bu gün bayramdı axı, ay Həmid dayı.

Aydan gördü kişini qandırmaq olmayacaq, bacısına çımxırdı:

- Ta gəl bəri, onu doğmamış hal aparıb. Xədicəylə gedirik qapı pusmağa.

Həmid yenə üz-gözünü ikrahla qırışdırdı:

- Qapı güdmək Xədicəylə sənə yaraşır elə, - deyib qızına səsləndi, - durun yığışın gedək evimizə.

Bacım qızlarının bayram proqramından xəbərdar olan Solmaz başladı zarımağa:

- Qızlar gecəni oyaq qalacaqlar, mən getmirəm.

- Cavid evdə olsaydı icazə verərdim, - deyib çənəsini Taylana tuşutdu,

- Burda yad oğlan var, qızım, hazırlaş gedirik.

Nə illah elədisə qız üzünə dirəndi, hələ üstəlik Şəfa da qalmaq istədiyini deyəndə Həmid cin atına mindi:

- Olmaz! Onda bu gecə oğlan (Taylanın adını çəkməyi özünə yaraşdırmırdı) burda qalmayacaq.

Yaxşı ki, Taylanın başı qızlara qarışmışdı, deyilənləri eşitmədi.

- Gecənin bu vaxtı uşaq hara gedəsidi, - özümdən çıxdım, - yoxsa elə bilirsən sizə görə onu çölə atacam?

- Şəfa, görürsən, türkü bizdən üstün tutur.

- Bircə düz deyir də, gecə vaxtı uşaq hara getsin?

- Getsin Laləgildə qalsın.

- Bacım deməz ki, sənin gen evlərində bir uşağa niyə yer tapılmadı? Etibar eləmirsən qızını da götür get.

- Xəstələnəndən sonra xətrinə dəyə bilmirəm, - deyib arvadını süzdü.

- Özünüz bilərsiz. Gecənin bu vaxtı onu küçəyə atsam, başqası bir yana, heç doğmaca qardaşlarım mənim qapımı açmazlar.

Həmid qızını bizdən qopara bilməyəndə qarşımda durub ultimatum verdi:

- Sənə son dəfə deyirəm – ya biz, ya Taylan. Hansını seçirsən de, işimizi bilək.

Mən dərhal dilləndim:

- Taylan!

- Eşitdin, Şəfa, yığışın gedirik. Bir də bu qapını açmayacağıq, səninlə də qurtardıq.

- Olsun, sizə yaxşı yol.

Sımıdıb bizi güdən Firəngiz söz ağzımdan çıxar-çıxmaz qışqırdı:

- Taylan, bu gecə kef qəhvəsi bişirəcəksən bizə, içəcəyik, sonra da falımıza baxacaqsan.

Həmid özününkülərə göz ağardıb bağırdı:

- Gördüz, tez yığışın!

Şəfa məni yan otağa çəkib dedi:

- Bircə, qurban olum, gəl Taylanı öyrədib yalandan yola salaq getsin, Həmid çıxandan sonra qayıtsın yanımıza. Mən də getmək istəmirəm, Solmaz da. Sabah da evdəyik.

- Yox, Şəfa, bunu eləməyəcəm, mən desəm uşaq birdəfəlik gedəcək. Bir də Taylanın sənin qızınla nə işi var axı. Evdəki üç qızın hansına pis gözlə baxıb yazıq? Uşağıma idim qoyub evimdən perik salmayın, Cavid eşidib üzümə baxmaz. Uzaq yerdə bir zənci qadın da mənim uşağıma baxır. Bəlkə elə Taylanın Allahı qərib eldə onu mənim övladıma ürcah eləyib?

Həmid bir gözü dolu süfrədə arvadını, qızını qabağına qatıb qapıdan çıxdı.

***

Çiynimizdən yük götürüldü. Firəngiz üstümə atıldı:

- Sənlə qürur duydum, ay xala, nə yaxşı onun dediyini eləmədin!

Üzünü Aydana, Taylana, Minəyə tutub dedi:

- Uşaqlar, bu gecə yatdı yoxdu, niyyət tutub fala baxacağıq, çillə çıxaracağıq, sonra da bişirdiyim duzlu kömbəni yeyib yatacağıq ki, bizi sevənlər yuxumuza girsin.

Başladım süfrədəki bulaşıqları yığmağa. Saata baxdım, Səməndərin zənginə az qalırdı, günlük limitimizi doldurmalıydıq. Üstəlik ürəyim istəyən adamları təbrik eləməliydim. Yadıma ilk Sabir düşdü – bilirdim ki, o da bu bayram axşamında hardasa tək-tənhadı. Zəng vurdum, səsindən sevinc yağırdı.

- Nə yaxşı səsin belə şux gəlir?

- Qızım gəlib, Aynur yanımdadı - dedi.

- Allah sizi həmişə bir yerdə eləsin.

Sabir arvadından ayrılmışdısa da qızını yiyəsiz buraxmamışdı, həmişə bir əli övladının üstündəydi. Çox soruşsam da boşanma səbəbini heç vaxt deməmişdi, eləcə bir kəlmə “Bizimki gətirmədi” söyləyib nöqtəni qoymuşdu.

Sabirlə sağollaşan kimi qapımız döyüldü. Papaq atan uşaqlardan olduğunu düşünüb cəftəni çəkdim: Şəfayla Solmaz üzümə gülürdülər. Ağzımı açmamış içəri təpildilər. Çöpəgülən paltosunu soyuna-soyuna:

- Bircə, qadan alım, gəl yeməklərindən bir az ver, - dedi, - Həmid aşağıda gözləyir, aparsın evdə zəhərlənsin, biz qalacağıq.

- Bəs siz getmədiniz?

- Yolda yalvar-yaxar eləyib razı saldıq.

Nənəm deyərdi: “Şeytan özü bir iş görə bilmədiyi yerə arvad göndərər”.

Aşdan, dolmadan qazançalara yığanda Firəngiz oxunu atıb getdi:

- Həmid dayı lağ elədiyi qazanımızdan aparmasaydı adımı dəyişib Firanuş qoyardım...

Qızlar, Taylan o gecə danı diri tutdular. Telefonumu gizlədim. Şəfa Taylanın telefonuyla səhərəcən oğlanıyla danışdı. Evindəki hadisələr, qızının ölümdən dönməyi qadının vecinə olmamışdı. Hələ arada ərinin yazdığı mesajı mənə göstərib qaqqıldayırdı da.

Dediyinə görə, Həmid ona hər gün dönə-dönə tapşırırmış:

- Birdən çənən qızışar, olanları Bircəyə danışarsan ha!

Əri bizdən aralananda çöpəgülən onun ardınca kinayəli baxış atıb gözləri qıyıla-qıyıla mənə deyirdi:

- Qoyunun xəbəri yoxdu ki, sən hər şeyi bilirsən...

# 10078 dəfə oxunub

Müəllifin son yazıları

# # #