Çuğulluq edən oğulu ölümlə cəzalandıran ata

Çuğulluq edən oğulu ölümlə cəzalandıran ata
23 avqust 2013
# 13:38

Kulis.Az Azad Yaşarın tərcüməsində Prosper Merimenin “Matteo Falkone” hekayəsini təqdim edir.

Porto-Vekkyodan şimal-qərb tərəfə, yəni adanın içərilərinə doğru gedəndə ərazinin hədsiz yoxuşlu olduğu diqqəti çəkir. Yanlardan iri qaya parçaları ilə əhatələnən və ara-sıra həndir-hamar yarğanlardan keçən dolanbac cığırlarla üç saat sərasər gedəndən sonra özünü ucsuz-bucaqsız pöhrəlikdə görürsən. Bu pöhrəliklər – korsikalı çobanların və qanunlara meydan oxuyan hər kəsin oylağıdır. Onu da vurğulayım ki, korsikalı əkinçi öz tarlasını sulamağa, gübrələməyə ərindiyi üçün meşənin bir qisminə od vurmağı daha uyğun bilir.

Alovun daha geniş ərazilərə yayılması isə onu zərrəcə narahat eləmir: hər necə olsa, yanmış ağacların külü onun tarlası üçün əsl gübrəyə çevriləcək və o, bol məhsul toplayacaqdır. Sünbüllər yığılır, küləş isə çox zəhmət tələb etdiyindən elə tarladaca tökülüb qalır. Yanan ağacların torpağın altda diri qalan kökləri gələn payız sımsıx pöhrələr verir.

Bir neçə ildən sonra bunların boyu yeddi-səkkiz futa (2 metrdən çox – A.Y.) çatır. Bax, bu cür pöhrələrlə sıx örtülən əraziyə yerlilər «pöhrəlik» deyirlər. Burada cürbəcür ağac və kollar bir-birinə sarmaşaraq böyüyür. Bu cəngəlliyi yarıb keçmək istəyən şəxs mütləq balta ilə silahlanmalıdır. Bəzən isə bu pöhrələr elə sıx və keçilməz olur ki, heç muflonlar (vəhşi qoçlar – A.Y.) da onu yarıb keçməkdə aciz qalırlar.

Əgər qatilsinizsə, onda qaçıb, Porto-Vekkyodakı pöhrəliyə sığının. Tüfənginiz, yetərincə barıtınız və gülləniz olarsa, orada hər cür təhlükədən uzaq bir ömür sürərsiniz. Özünüzlə başlıqlı qəhvəyi bürüncək götürməyi də unutmayın, çünki o, sizə yorğan-döşəyi əvəz edəcək. Yerli çobanlardan süd, pendir və şabalıd payınız gələcək. Sırf barıt ehtiyatınız tükəndiyi üçün şəhərə enməyə gərək duymasanız, bu pöhrəlikdə ədalətdən və ölənin qohum-əqrəbasından qorxub-çəkinməniz yersizdir.

18… - ci ildə Korsikaya getdiyimdə Matteo Falkonenin evi həmin pöhrəlikdən yarım mil aralıda idi. Matteo Falkone isə o yerlərin varlı adamlarından biri sayılırdı. Bu adam halal zəhmətiylə yaşasa da, əslində əlini ağdan-qaraya vurmurdu və sayı-hesabı bilinməyən sürülərini gah arana, gah yaylağa köçən çobanlara icarəyə vermişdi, bu yolla qazandığı pulla dolanırdı. İndi sizə danışacağım əhvalatdan iki il sonra gördüyümdə bu adama əlli yaş ancaq vermək olardı. Bəstəboylu, tarım bədənli, qıvrım və şəvə saçlı, qartalburunlu, incə dodaqlı, iri, qaynar gözləri və aşqarlanmamış dəri rəngdə üzü olan bir adam gətirin təsəvvürünüzə. Sərrast atıcılarıyla ad çıxaran bu mahalda heç kəs ona rəqib sayılmazdı. Məsələn, Matteo heç vaxt muflona qırma ilə atəş açmazdı, heyvanı yüz iyirmi addım məsafədən – həm də istəyə bağlı olaraq – başından və ya kürək sümüyündən vurub, yerə sərərdi.

Tüfənglə usta davranması baxımından gecə ilə gündüzün heç bir fərqi yox idi. Bu adamın çevikliyi ilə bağlı mənə danışılan bir əhvalat var ki, Korsikaya qədəm basmayan birisi onun gerçəkliyinə heç vaxt inanmaz. Nimçə boyda şəffaf kağızın arxasında yandırılan şamdan səksən addım aralıda duran bu adam əvvəlcədən kağızı nişan alıb. Sonra şamı söndürüblər və bir dəqiqəlik aradan sonra gözdeşən zülmətdə Matteonun atdığı dörd güllədən üçü kağızı dəlib, keçib. Bu cür yüksək və görünməmiş ustalığı sayəsində Matteo Falkonenin adı-sanı dillər əzbəri idi. Dostluqda sədaqətiylə tanınan bu adam həm də çox təhlükəli düşmən sayılırdı. Dostları üçün canını, yoxsullar üçün malını əsirgəməyən Matteo Porto-Vekkyo mahalında sakit bir ömür sürməkdəydi.

Deyilənlərə görə, o, Kortedən bir qızla evlənməzdən öncə qızı istəyən rəqibiylə aralarındakı haqq-hesabı hədsiz amansızlıqla çürüdübmüş. Həmin rəqibi də istər savaşda, istərsə də sevgidə yetərincə təhlükəli biri sayılırmış. Şayiə yayılmışdı ki, bu adam pəncərədən asdığı güzgü önündə üzünü qırxarkən qəfil güllə ilə ömrü nöqtələnibmiş və bu sərrast atəşin ancaq Matteonun tüfəngindən açıla biləcəyinə heç kəs şübhə bəsləməmişdi. Bu məsələ qapanandan sonra Matteo öz istəklisiylə evləndi. Arvadı Cüzeppe üç dəfə ard-arda qız övlad bəxş eləməklə hər dəfə ərini dəliyə döndərəndən sonra, ən nəhayət, bir oğul doğdu. Ailənin ümidi və nəslin davamçısı sayılan oğluna o, Fortunato adı verdi. Ərgən qızları tanınmış ailələrə gəlin köçdüyündən bundan belə Matteo dara düşəndə öz kürəkənlərinin tüfəng-xəncərinə arxalana biləcəkdi. Oğlunun isə hələ cəmi on yaşı vardı, ancaq atası ona böyük ümidlər bəsləyirdi.

Bir payız səhəri o başdan Matteo arvadıyla birgə pöhrəlikdəki talada otlayan sürülərə göz qoymağa yollandı. Balaca Fortunato da onlara qoşulmaq istədi, ancaq örüş uzaqdaydı və həyət-bacadan kim isə göz-qulaq olmalıydı. Buna görə də atası oğlanı özüylə götürmədi. Sonradan onun bundan necə peşmançılıq çəkəcəyini az sonra öyrənəcəyik.

Ata-anası gedəndən bəri bir neçə saat ötmüşdü. Fortunato günəşlənmək üçün uzanıb, uzaqlardakı maviyə çalan dağları süzür və düşünürdü ki, gələn bazar günü kapral əmisigilə gedib, naharını orada yeyəcək. Ancaq qulağına dəyən tüfəng səsləri onun bu şirin xəyallarını pərən-pərən saldı. Yerindən sıçrayıb, səslərin əks-səda verdiyi düzənliyə tərəf boylandı. Fərqli aralarla təkrarlanan atəş səsləri bu dəfə yaxında, lap yaxınlıqda eşidildi. Nəhayət, düzənlikdən Matteogilin evinə gələn cığırda bir adam göründü. Üst-başı tökülən, saçı-saqqalı uzanan bu kişinin başında şişuclu dağlı papağı vardı.

Tüfənginə söykənərək irəliləyən bu adam güclə yeriyirdi. Görünür, bir az əvvəl onu budundan yaralamışdılar. Barıt almaq üçün şəhərə enən bu qaçaq Korsika patrulunun qurduğu pusquya düşübmüş yəqin. Qanun keşikçiləriylə gərgin atışmaya girib, onların təqibindən çətinliklə qurtularaq, sıldırım qayaların arxasında gözdən yayınsa da, o, əsgərlərdən çox da aralanmamışdı. Yarası ona imkan verməmişdi ki, qaçıb, pöhrəlikdə gizlənsin.

Fortunatoya yanaşan qaçaq soruşdu:

- Sən Matteo Falkonenin oğlusan?

- Hə.

- Mən Cannetto Sanpyeroyam. O sarıyaxalılar qarabaqara izləyirlər. Yeriməyə taqətim yoxdur, məni bir yerdə gizlət.

- Razılığını almadan səni gizlətsəm, bəs atam mənə nə deyər?

- Deyər ki, yaxşı eləmisən.

- Onu heç bilmək olmaz!

- Əsgərlər bura yaxınlaşır. Tez ol, məni gizlət!

- Atam gələnə qədər gözlə.

- Gözləyim? Lənət şeytana! Onlar on beş dəqiqədən sonra burada olacaqlar. Haydı, tərpən və məni haradasa gizlət, yoxsa səni qanına qəltan edərəm!

Fortunato tam soyuqqanlılıqla ona belə cavab verdi:

- Sənin nə tüfəngində güllə qalıb, nə də patrondaşında.

- Belimdə xəncərim ki var!

- Ardımca qaçıb, məni yaxalaya bilməzsən!

Tək sıçrayış etməklə oğlan ondan aralandı.

- Yox, yox, sən Matteo Falkonenin oğlu deyilsən! Yoxsa öz həyətində məni düşmənə təslim etməyə əsla qıymazdın!

Görünür, bu ittiham oğlana yamanca yer elədi. Qaçağa yaxınlaşıb, soruşdu:

- Bəs səni gizlətsəm, mənə nə verəcəksən?

Kəmərindən asdığı dəri çantanı eşələyən qaçaq oradan hər halda barıt almaq üçün ayırdığı beş franklıq sikkəni çıxartdı. Gümüş pulu görcək, Fortunatonun gözlərinin içi güldü. Onu havada qapıb, Cannettoya dedi:

- Ürəyini buz kimi tut.

Bir göz qırpımında oğlan evin yaxınlığındakı ot yığınını eşələməklə bir qədər yer açdı. Oraya girib, büzüşərək uzanan qaçağın üstünü isə oğlan samanla elə örtdü ki, həm gizlənən görünməsin, həm də qaçağın nəfəsi kəsilməsin. Heç kəsin ağlına gəlməzdi ki, o samanın içində adam gizlənib.

Sonra oğlanın ağlına daha bir hiyləgər fikir gəldi. O, pişiklə balalarını həmin saman yığınının üstünə qoydu ki, samanlıq çoxdan bəri əl-ayaq dəyməyən yer təəssüratı oyatsın. Daha sonra cığırda qan damcıları sezən oğlan onların üstünü torpaqla, həm də ustalıqla örtdü. Heç nə olmamış kimi təzədən gedib, bayaqkı yerində uzandı və günəşlənməyinə davam elədi.

Aradan bir neçə dəqiqə ötməmiş serjant və onu müşayiət edən qəhvəyi formalı, sarı yaxalıqlı və əli silahlı altı əsgər Matteonun evinin önünü kəsdirdi. Bu serjant Matteo Falkonenin uzaq qohumlarından biriydı. Heç kəsə sirr deyil ki, digər mahallara nisbətən Korsika camaatı qohumluq əlaqələrinə daha böyük dəyər verir. Bu adamın adı-soyadı Teodor Qamba idi. İndiyədək çox sayda bandit yaxalayan və onların əsl qənimi sayılan serjant özünə heç vaxt dinclik haqqı tanımazdı.

Fortunatoya yanaşan dəstə başçısı:

- Salam, qardaşoğlu! – dedi. – Əcəb böyümüsən! İndilərdə buradan birisi keçib-eləmədi ki?

Özünü xamlığa qoyan oğlan dilləndi:

- Yox, əmican, mən hələ sənin qədər böyüməmişəm!

- Böyüyəcəksən! Hə, sualıma cavab ver: buralardan heç kəs keçməyib?

- Buralardan kimsə keçibmi?

- Hə də, şişuclu məxmər papaq və qırmızı-sarı rəngli gödəkcə geyinən birisi?

- Şişuclu məxmər papaq və qırmızı-sarı rəngli gödəkcə geyinən birisi?

- Hə, hə. Suallara cəld cavab ver və dediklərimi də təkrarlama.

- Bu səhər keşiş Pyero atının belində buradan keçəndə soruşdu ki, atan necədir, mən də cavab verdim ki…

- Ay dələduz! Mənimlə məzələnirsən? Tez de görüm, o axtarışda olan Cannetto haraya qeyb oldu? Onun bu cığırdan keçdiyinə zərrəcə şübhəm yoxdur.

- Mən bunu haradan bilim?

- Sən bunu haradan biləsən? Mən isə tamamilə əminəm ki, onu görübsən.

- Bəyəm yatan adam yoldan keçənləri görə bilər ki?

- Sən yatmamışdın, gopçu! Atəş səslərinə yəqin çoxdan diksinmişdin.

- Əmican, yoxsa sizə elə gəlir ki, tüfənglərinizin səsindən hamının qulaqları batır? Atamın karabini sizinkilərdən daha betər gurlayır.

- Səni lənətə gələsən, şeytan balası! Əminəm ki, Cannettonu görübsən. Bəlkə də hələ onu özün gizlədibsən də. Yoldaşlar, evə girib, o qaçağı hər künc-bucaqda axtarın. Bir ayağını güclə sürüyən o hərif yetərincə bicdir ki, bu vəziyyətdə gedib özünü pöhrəliyə tıxamasın. Həm də ki qan izləri ta buraya qədər gəlib.

Fortunato məzəylə soruşdu:

- Bəs atam buna nə deyər? Ondan izn almadan, evinə bu cür soxulmana görəsən o, nə deyər, hə?

Qamba oğlanın qulağını çəkdi:

- Vay səni fırıldaqçı! Əgər istəsəm, sənə gərəkli hər şeyi dedirdərəm! Görünür, dilinin tam açılması üçün sən qılıncın yan üzüylə iyirmi zərbə yeməlisən!

Fortunato isə gülməyindən qalmırdı. Qürurla:

- Mənim atam – Matteo Falkonedir! – dedi.

- Ey, fırıldaq, heç bilirsən ki, əgər Cannetto Sanpyeronun yerini söyləməsən, səni Korteyə (Korsika adasının mərkəzində şəhərdir – A.Y.) və ya Bastiyaya (Korsikanın şimal-şərq sahillərində liman şəhəridir – A.Y.) aparıb, türmədəki samanlığa ata, ayaqlarını qandallaya, hətta başını üzə də bilərəm?

Bu təhqirləri gülünc sayan oğlan qəhqəhə çəkdi və təkrarladı:

- Mənim atam – Matteo Falkonedir!

Əsgərlərdən biri pıçıldadı:

- Serjant! Bu Matteo ilə aranızı korlamağı sizə heç məsləhət görməzdim!

Qamba çıxılmaz vəziyyətə düşmüşdü. Evdə axtarışları bitirən əsgərləriylə pəsdən nə isə məsləhətləşirdi. Korsikalının evi kvadrat biçimli tək otaqdan ibarət olduğundan axtarış çox sürmədi. Evdəki bütün əşyalar - masa, oturacaqlar, sandıq, ev əşyaları və ov ləvazimatları idi, vəssəlam. Balaca Fortunato isə o ara pişiyini sığallayır, qohumunun və onun əsgərlərinin çaşqınlığından həzz alırdı.

Əsgərlərdən biri saman yığınına yanaşdı. Pişiyi görüncə, o, süngüsünü samanlığa batırdı və çiynini çəkərək, hər halda düşündü ki, hər şeyə bu dərəcədə şübhə bəsləmək gülüncdür. Samanlıqda heç bir canlanma sezilmədi, oğlanın üzündən isə zərrəcə təlaş oxunmadı.

Serjantın və əsgərlərinin səbri daralmaq üzrəydi. Onlar gəldikləri düzənliyə tərəf boylanır, hətta təkrar oraya qayıtmaq barədə düşünürdülər. Çünki hədələr Falkonenin oğluna heç cür əsər eləmirdi. Buna görə də serjant son cəhd kimi oğlanı xoş dillə dindirməyi, ələ almağı sınadı:

- Qohum! – dedi. – Bax, sən yaxşı oğlana oxşayırsan. Böyük adam olacaqsan. Ancaq indi, lənət şeytana, mənimlə axmaq bir oyun oynamaqdasan. Əgər qardaşım Matteonun qanını qaraltmaqdan qorxmasaydım, səni qabağıma salıb, buralardan aparardım.

- Qoy oturmuşuq, əşşi!

- Odur ki, Matteo evə dönəndə mən bütün olan-bitəni ona danışacağam və mənə gerçəyi demədiyin üçün o, sənin aşının duzunu yaxşıca verəcək.

- Ona hələ baxarıq!

- Görəcəksən… Əgər sən mənə qulaq asıb, ağıllı davransan, mən də sənə bir bəxşiş verərəm.

- Əmican, onda mən də sizə bir məsləhət verim: əgər siz burada bir az da ləngisəniz, o Cannetto özünü vuracaq pöhrəliyə və onu ələ keçirmək üçün sizə daha beş-altı əsgər də lazım olacaq.

Serjant dəyəri ən azı on ekyu olan gümüş bir saat çıxartdı cibindən. Onu görən Fortunatonun gözlərinə işıq gəldiyini sezən serjant polad zəncirdən sallanan saata işarət edərək, oğlana dedi:

- Bura bax, fırıldaq! Çox yəqin sən belə bir saatı boynundan asıb, Porto-Vekkyonun küçələrində xoruz kimi, qürrələnərək dolaşmaq istəyərdin. Yanından keçənlərin: «Saat neçədir?» suallarına da «Saatıma baxın, bilərsiniz» cavabını verərdin.

- Böyüyəndə kapral (xarici ordularda onbaşı rütbəsi – A.Y.) əmim mənə onsuz da saat bağışlayacaq.

- Elədir, ancaq əmioğlunun artıq belə bir saatı var… Düzdür, o saat bunun qədər gözəgəlimli deyil… həm də, axı, əmioğlun səndən daha balacadır.

Oğlan köks ötürdü.

- Hə, nə deyirsən, qardaşoğlu, istəyirsən bu saat səninki olsun?

Gözünün ucuyla saatı süzən Fortunato burnunun önünə bütöv qızardılmış cücə uzadılan pişiyi xatırladırdı indi. Özünün cırnadıldığını anlayan, tamahına güc gəlmək üçün hərdənbir baxışlarını kənara çəkərək, ağzını yalayan pişik də bütün görkəmiylə sahibinə deməyə çalışır ki: «Belə də insafsız zarafat edərlər?!»

Ancaq deyəsən, serjant Qamba saatı həqiqətən oğlana bağışlamağa niyyətliydi. Saatı alıb, baxmasa da, Fortunato kinayəli təbəssümlə soruşdu:

- Niyə məni dolayırsan?

- Vallah, dolamıram. Cannettonun yerini bircə kəlməylə söylə, bu saat sənindir.

Fortunatonun üzünü bic bir təbəssüm bürüdü. Qara gözlərini serjantın gözlərinə zilləyən oğlan onun vədinin nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışırdı.

Serjant səsini qaldırdı:

- Əgər bu saatı sənə verməsəm, qoy, bax, bu paqonlarımdan olum! Verdiyim sözü tutacağıma isə əsgərlərim də şahiddir.

Bu sözləri dilə gətirdiyi anlarda serjant saatı Fortunatonun üzünə o dərəcədə yaxınlaşdırmışdı ki, saat az qalırdı oğlanın avazıyan yanağına toxuna. O ara oğlanın qəlbində bu saata yiyələnmək tamahıyla qonağı himayə hissi arasında amansız savaş gedirdi və qapıldığı dərin tərəddüd onun üz-gözündən aşkar oxunurdu. Uşağın çılpaq sinəsi elə ağır-ağır qalxıb-enirdi ki, deyərdin, indicə nəfəsi kəsiləcək. Zəncirli saat onun gözləri qarşısında yellənib burulurdu, az qalırdı burnunun ucuna dəyə. Ən nəhayət, Fortunato çəkingən tərzdə saata tərəf uzandı, sağ əlinin barmaqlarıyla ona toxundu. Saat ovcuna düşsə də, hələlik onun zənciri serjantın əlində idi… Siferblatı mavi rəngdəydi… Qapağı tərtəmizdi, bərq vururdu… Günəş şüaları altda adamın gözlərini qamaşdırırdı… Ona şirniklənməmək böyuk dəyanət istəyirdi adamdan.

Fortunato sol əlini qaldırıb, baş barmağıyla çiyninin üzərindən özünün söykəndiyi saman yığınını nişan verdi. Serjant onun nə dediyini həmən anladı və saatın zəncirini buraxdı. O an Fortunato özünü saatın yeni sahibi kimi hiss elədi. Ürkək bir maral kimi tez yerdən qalxıb, samanlıqdan on addım aralandı, çünki əsgərlər o dəqiqə saman yığınını dağıtmağa girişmişdilər. Samanlar dağılınca, qana bulaşan və əlində xəncər tutan qaçaq hamının gözü önündə peyda oldu. Ayaq üstə durmağa çalışsa da, qanı artıq laxtalanmağa başlayan yarası buna imkan vermirdi. O, yerə sərildi. Üstünə şığıyan serjant irəli cumub, xəncəri onun əlindən aldı. Bir göz qırpımında qaçağı yerə yıxıb, dirənişinə məhəl qoymadan əl-qolunu sarıdılar.

Yerdə bir qucaq çırpı kimi, iplə sarınmış halda uzanan Cannetto başını döndərib, ona yanaşan Fortunatoya baxdı və qəzəbdən daha çox nifrətdən yoğrulan bir səslə:

- … balası! – dedi.

Bayaq peşkəş verdiyi gümüş sikkəni oğlan qaçağın üstünə tulladı, çünki onu haqq etmədiyini yaxşı anlayırdı. Amma qanun qaçağı buna heç məhəl də qoymadı və tam soyuqqanlılıqla serjanta dedi:

- Əzizim Qamba! Yeriməyə taqətim yoxdur. Odur ki, məni şəhərə qədər aparmaq əziyyətinə qatlaşmağa məcbursunuz.

Serjant qalib ədasıyla dilləndi:

- Bir az əvvəl o cığırda keçidən iti səkirdin amma. Arxayın ol, səni, ən nəhayət yaxalamamdan elə məmnunam ki, hər hansı yorğunluq hiss eləmədən səni öz belimdə düz bir mil (7,42 kilometr – A.Y.) daşımağa da hazıram. Həm də ki, dostum, öz bürüncəyindən və budaqlardan biz sənin üçün bir xərək düzəldəcəyik, Krespolinin fermasına çatandan sonra isə yəqin at da taparıq.

Əsir razılaşdı:

- Olsun, ancaq xərəyə bir az saman döşəyin ki, yaram sızlamasın.

Əsgərlərin bir qismi şabalıd ağacının budaqlarından xərək düzəltməyə, qalanları isə Cannettonun yarasını sarımağa başladı.

O heyndə pöhrəliyə aparan cığırın döngə qismində qəflətən Matteo Falkone arvadıyla bərabər zühur elədi. Belində şabalıdla dolu kisə daşıyan qadının qəddi əyilmişdi və zorla yeriyirdi. Bir tüfəngini çiynindən asan, digərini isə əlində tutan əri isə onun böyrüylə, xeyli rahat yeriyirdi: o, tam əmin idi ki, kişi xeylağı həyatda tüfəngdən başqa bir yük daşımamalıdır.

Gözü əsgərlərə sataşanda Matteo elə zənn elədi ki, onu həbs etmək üçün gəliblər. Niyə belə düşünməliydi ki? Bəyəm Matteo ilə hökumət arasında hansısa anlaşmazlıq vardı? Əsla. Onun adına, nüfuzuna heç nə ləkə sala bilməzdi. O, Korsika dağlısı idi və necə deyərlər, xoşməramlı təbəələrdən sayılırdı. Ancaq hansı Korsika dağlısının keçmişində, əlbəttə, əgər yaxşıca axtarsan, tüfəngindən açılan bir atəşlə, vurduğu bir xəncər zərbəsiylə bağlı və ya bunlara bənzər günah tapılmaz ki?! Matteonun vicdanı çoxlarınınkından daha təmiz idi, çünki son on ildə tüfənginin lüləsini bir adama tuşladığı heç yadına gəlmirdi. Ancaq yenə də ehtiyatı əldən vermədiyi üçün, lazım gələrsə, özünü inamla qorumağa daxilən həmişə hazır idi.

O, Cüzeppeyə göstəriş verdi:

- Arvad! Kisəni yerə qoy və döyüşə hazır ol!

Qadın o dəqiqə deyilənə əməl elədi. Əri, özünə mane olmasın deyə, çiynindən asdığı tüfəngi arvadına uzatdı. Əlindəki tüfəngi isə hazır vəziyyətdə tutaraq, ağır addımlarla evinə tərəf addımladı. Bu vaxt o, yol kənarında bitən ağacların dibiylə irəliləyirdi ki, aralarında atışma başlayarsa, iri gövdəli ağaclardan birinin arxasına sığına bilsin. Cüzeppe isə onun ardınca gəlirdi, ikinci tüfəngi və patrondaşı əllərində daşıyırdı. Atışma zamanı ərinin tüfəngini əlüstü patronla doldurmaq – yaxşı arvadın boynunun borcu sayılırdı buralarda.

Barmağını əlindəki tüfəngin tətiyindən çəkməyən Matteonun ağır addımlarla onlara yaxınlaşdığını görən serjant da karıxmışdı bir az. Öz-özlüyündə düşünürdü: «Birdən Matteo bu Cannettonun qohumu və ya dostu çıxar və onu qorumağa qalxarsa, nə olacaq? Onda bizdən ən azı iki nəfər onun sərrast atəşlərinə qurban gedəcək. Bəs birdən o… qohumluğumuza rəğmən, məni nişan alarsa?..»

Nəhayət, o, cürətli bir qərar qəbul elədi və Matteoya sarı yönəldi. Köhnə tanışıymış kimi, burada olub-bitənlərdən özü ona bəhs edəcəkdi. Bununla belə, Matteo ilə aralarındakı qısa məsafə ona hədsiz uzun göründü. Qarşıdan gələnə səsləndi:

- Ey, dostum! Necəsən? Mən – Qambayam, sənin qohumun!

Heç nə söyləməyən Matteo ayaq saxladı: serjant bu sözləri gəvələdiyi müddətdə o, tüfənginin lüləsini yavaş-yavaş yuxarı qaldırmağında idi və serjant onun bərabərinə yetişəndə tüfəng artıq göyə tuşlanmışdı.

Ona əl uzadan serjant:

- Salam, qardaş! – dedi. – Gör, nə vaxtdır görüşmürük.

- Salam, qardaş!

- Buralardan keçirdim, döndüm ki, səndən və Peppa bacıdan bir hal-əhval tutum. Bu günümüz yaman qaç-qovda keçsə də, ələ keçirdiyimiz şikarın böyüklüyü adama bütün yorğunluğunu unutdurur. Az əvvəl biz Cannetto Sanpyeronu yaxaladıq.

Cüzeppe sevindi:

- Allaha şükür! Keçən həftə o, bizim sağmal keçimizi qaçırtmışdı.

Bu şükran sözləri Qambanın canına yağ kimi yayıldı.

Matteonun məsələyə yanaşması isə fərqli oldu:

- Zavallı! Acından ölürmüş yəqin!

Üzündə təəssüf hissi sezilən serjant sözünün ardını gətirdi:

- O yaramaz bizə aslan kimi müqavimət göstərirdi. Atıcılarımdan birini o dünyaya yolladı, kapral Şardonun isə ovcunu parçaladı. Düzdür, bu zədə elə də önəmli sayılmaz, çünki Şardon – fransızdır… Həm də bu qaçaq bizdən elə ustalıqla gizlənirdi ki, yerini heç şeytan da tapmazdı. Qardaşoğlu Fortunatonun dəstəyi olmasaydı, mən heç vaxt onu tapammazdım.

Matteo soruşdu:

- Fortunato?

Cüzeppe də təkrarladı:

- Fortunato?

- Hə, Cannetto orada, o saman yığınının içində gizlənibmiş, ancaq qardaşoğlu onun hiyləsinin üstünü tez açdı. Mən bu barədə kapral əmimə də danışacağam və o da oğlunuza yaxşı bir hədiyyə göndərəcək. Prokurorluğa yazacağım raportda isə sənin və oğlunun adını çəkəcəyəm.

Matteo güclə eşidiləcək səslə:

- Lənət şeytana! – dedi.

Birlikdə əsgərlərə yanaşdılar. Cannettonu xərəyə uzatmışdılar və hamı yola çıxmağa hazır görünürdü. Matteo ilə Qambanı yanaşı görən əsir sirrli şəkildə gülümsədi, sonra üzünü evə tərəf tutub, kandara tüpürərək, dedi:

- Xainin eviymiş bu!

Ancaq əcəlini gözə alan birisi Falkoneni xain adlandırmağa cürət edərdi. Belə təhqirə o, heç ləngimədən, həm xəncər zərbəsiylə cavab verərdi, həm də ikinci zərbəyə gərək duyulmazdı.

Ancaq Matteo dərdli birisi kimi əlini alnında gəzdirməklə kifayətləndi.

Atasını süzən Fortunato əlüstü özünü evə saldı. Az sonra əlində gətirdiyi südlə dolu kasanı Cannettoya uzatdığı zaman oğlan gözlərini yerdən ayırmırdı.

Əsir zəhmli səslə ona bağırdı:

- Uzaq dur məndən!

Sonra üzünü əsgərlərdən birinə tutub, dedi:

- Qardaş! Sən mənə su versənə.

Əsgər öz qumqumasını ona uzatdı və qaçaq bir qədər əvvəl atışdığı insanın uzatdığı qabdan su içdi. Sonra xahiş elədi ki, əllərini geri qanırmadan, sinəsində xaçvarı şəkildə saxlamaqla iplə sarısınlar və əlavə etdi:

- Mən rahat uzanmağı xoşlayıram.

Tez onun xahişinə əməl elədilər. Sonra hərəkət əmri verən serjant Matteo ilə vidalaşsa da, qohumundan heç bir cavab almadığı üçün iti addımlarla düzənliyə tərəf üz tutdu.

Aradan on dəqiqə ötdü. Matteo hələ də susmağındaydı. Təlaşa qapılan oğlan gah anasını, gah da atasını süzürdü. Tüfənginə söykənən Matteo oğlunu süzdükcə qəzəbini güclə cilovlayırdı. Ən nəhayət, o, özünə yaxşı bələd olanların zəhmli, tanımayanların isə həlim sayacağı bir səslə sözə başladı:

- Yaxşı başlayırsan!

Oğlan səsini qaldırdı:

- Ata!

Uşağın gözləri yaşarmışdı. Atasının qarşısında diz çökməyə hazırlaşırmış kimi, önə doğru bir addım atdı. Ancaq Matteo ona bağırdı:

- Məndən uzaq dur!

Hönkürən oğlan atasının bir neçə addımlığında quruyub qaldı.

Cüzeppe oğluna yanaşdı. Fortunatonun köynəyinin altından çıxan saat zəncirinin ucu qadının diqqətini çəkmişdi. Sərt tərzdə xəbər aldı:

- Bu səndə haradandır?

- Serjant əmi verdi.

Dartıb, saatı alan Falkone var gücüylə daşa çırpmaqla, onu çilik-çilik elədi.

- Arvad! – deyə səsləndi. – Bu uşaq kimə çəkib belə?

Xəcalətdən Cüzeppenin yanaqları çuğundur kimi pörtdü:

- Özünə gəl, Matteo! Sənə xəyanətdə məni əsla suçlaya bilməzsən!

- Onda belə çıxır ki, bu uşaq bizim nəsildə peyda olan ilk xaindir.

Fortunatonun hönkürtüləri və hıçqırıqları getdikcə güclənirdi, Falkone isə vaşaqınkını xatırladan gözlərini oğlandan çəkmirdi. Nəhayət, o, tüfəngin qundağını yerə vurdu və silahın kəmərini çiyninə keçirməklə, pöhrəliyə aparan yola çıxdı. Fortunatoya da əmr elədi ki, ardınca oraya gəlsin. Oğlan deyilənə əməl elədi.

Matteoya tərəf cuman Cüzeppe onun əlindən yapışdı. Zil qara gözlərini ərinin gözlərinə zilləyən qadın sanki bu yolla onun içində hansı təlatümlərin baş verdiyini sezməyə çalışırdı. Qadın titrək səslə dedi:

- Axı, bu, sənin oğlundur!

Matteo ona təpindi:

- Əl çək məndən! Bəli, mən onun atasıyam!

Oğlunu öpən Cüzeppe göz yaşı tökə-tökə evə girdi. Müqəddəs Məryəm ikonasının önündə diz çökən qadın durmadan dualar oxudu.

Cığırla iki yüz metr gedəndən sonra Falkone dar bir yarğana endi. Qundaq zərbəsiylə yerin sərtliyini yoxlayıb, gördü ki, torpaq gillidir və onu qazmaq çətin olmayacaq. Ağlına gələn fikri gerçəkləşdirmək üçün bura əlverişli idi.

- Fortunato! Keç o iri daşın yanında dur!

Əmrə itaət edən Fortunato dizi üstə çökdü.

- Dua oxu!

- Ata! Ata! Öldürmə məni!

Matteo zəhmli səslə təkrarladı:

- Dua oxu!

Dili topuq vura-vura və ağlayaraq oğlan «Atamız bizim» və «İman gətirirəm» dualarını oxudu. Hər iki duanın sonunda atası ucadan «Amin» dedi.

- Başqa dualar da bilirsən?

- Ata! Mən «Tanrı anası» duasını və xalamın öyrətdiyi «Litaniya»nı da bilirəm.

- O, çox uzundur… Eybi yox, onu da oxu.

«Litaniya»nı oğlan tamamilə səssiz şəkildə oxudu.

- Bitirdin?

- Ata, mənə rəhmin gəlsin! Bağışla məni! Bir də belə eləmərəm! Kapral əmimdən də xahiş edərəm ki, Cannettonun əfvinə çalışsın!

Oğlan daha nələrsə üyüdüb tökdü. Matteo çiynindən endirdiyi tüfənglə övladını nişan alıb, dedi:

- Allah özü səni əfv eləsin!

Çarəsiz qalan Fortunato ayağa qalxdı ki, atasının ayaqlarına qapansın. Matteo tətiyə basınca, oğlanın cansız bədəni yerə sərildi.

Meyidə heç nəzər də salmayan Matteo cığırla evə sarı üz tutdu ki, bel gətirib, oğlunu torpağa gömsün. Bir neçə addım atmışdı ki, Cüzeppeni gördü. Güllə səsindən təşvişə düşən qadın ona sarı qaçırdı. Həyəcanla soruşdu:

- Sən neylədin?

- Ədaləti bərqərar elədim.

- Bəs uşaq haradadır?

- Yarğanda. İndi özüm gəlib, onu dəfn edəcəyəm. O, əsl xaçpərəst kimi öldü. Onun üçün ehsan da verəcəyəm. Kürəkənimiz Teodor Byankiyə xəbər çatdırmaq lazımdır ki, gəlib bizimlə bir evdə yaşasın.

https://www.facebook.com/azadyasharofficial

# 2197 dəfə oxunub

Müəllifin son yazıları

# # #