Mən ağac oldum – Azad Qaradərəlinin Yeni Hekayəsi

Mən ağac oldum – <span style="color:red;">Azad Qaradərəlinin Yeni Hekayəsi
5 mart 2019
# 12:56

Tanınmış yazıçı Azad Qaradərəlinin 65 yaşı tamam olur. Kulis.az bu münasibətlə yazıçını təbrik edir və onun “Mən ağacam” adlı hekayəsini oxucuların diqqətinə çatdırır.

Bu il də yarpaqlarım torpaq ola bilmədi. Elə bil qarğayıblar məni. Hər il payız gələnə yaxın yarpaqlarım bir-bir saralıb düşür dibimə. Sonra rəngləri bozarır, qızarır və ayaqlar altda tanınmaz hala düşürlər. Hər dəfə adamlar, heyvanlar qurumuş yarpaqlarımı ayaqlayanda vəhşi pişik balaları kimi səslər çıxardır, ağlayır, imdad diləyirlər. Neyləyim? Gücüm çatmaz ki, onları qorumağa. Ağac olmaq da bir şey deyil. Nə yeriyə bilirsən, nə özünü qoruya bilirsən, nə dibində tapdalanan övladlarına əl uzada bilirsən...

Eh... Dərdim böyükdür. Bircə arzum var ki, balalarım dibimdə çürüsün, torpağa qarışsın, təzədən köklərimlə udum onları. Amma hardan? Dəli küləklər belədən-belə vıyıldayır, əzilib-büzülmüş yarpaqlarımı qabağına qatıb it pişiyi qovalayan kimi qovur, çığırtıları aləmi başına götürür. Hələ də səsləri qulaqlarımdadır...

Mən burda nə vaxt bitmişəm? Heç bunu da düz-əməlli bilmirəm. Niyə? Ondan ki, mən burda bitəli çox körpəydim. Barmaq boyda bir fidandım. Dəndikdənmi düşmüşdüm, ya sahibimmi bitirmişdi, bunu xatırlaya bilmirəm. Amma o yadımdadır ki, sahibim olan o bığlı kişi bir gün döş cibindən bir cüt mənim rəngimdə çəlik çıxartdı, yalnız ikimizin eşidəcəyi səslə pışıldadı: ”Həəəə, sənin ağac olmaq zamanın gəldi. İndi səni peyvənd edəcəyəm. Sənə vuracağım bu calaqlar elə-belə ağacdan deyil haaaa... Sənə armud deyirəm e! Şipşirin, sulu... Hələ yaraşığın?! Görənlər deyəcəklər, bir də görüm... Yeyənlərin isə dadın damağında qalacaq...”

Bunları deyə-deyə mənim baş hissəmi kəsib atdı bıçaqla. Sonra gətirdiyi iki barmaq boyda çubuğu mənə caladı, enli iplə sarıyıb getdi. O ili yazağzı gövdəmdə dəyişiklik hiss elədim. Bu iki yad çubuq uzandı, şişib yoğunadı, məndən daha çox su, daha çox şirə sormağı istədilər. Mən də var gücümlə gördüm bu işi. Heç iki il keçməmiş o bığlı kişi yenə gəldi və bu dəfə kiçik dudaqlarımın arasından görünən ağ çiçəklərimi oxşayıb getdi. O çiçəklər açalı canımdan üşütmə keçdi. Çiçəklər külək istəyirdilər, mənim isə külək əsdirmək qüdrətim yox ki. Mən ağacam. Bitirəm bitdiyim yerdə və bircə addım da yerimi dəyişə bilmirəm... xüləsey ki, bir gün o külək əsdi və... Allah! Allah! Yarpaqlarımdan qabaq boy verən o çiçəklər nə əməldən çıxmağa başladılar. Qardaş, bir-birinin ağzını öpdülər, bir-birinə sarılıb bir anlıq da olsa can bir qəlb oldular. Sevişdilər, sevişdilər, sevişdilər. Özü də bir səslər çıxardırdılar ki, mən ağaclığımınan onlara həsəd aparırdım. Nəysə... Bunu da gördük...

Bilmirəm, bir həftəmi keçdi. On günmü ötdü, o bir-birini höhkələyən, öpüşən, mən baxa-baxa min oyundan çıxan o çiçəklərin bəziləri yerə tökülsə də, bəziləri gömgöy meyvəyə çevrilməyə başladılar. O bığlı kişi yenə gəldi. Çağala meyvələri görüb gülümsündü: ”Nazlanmanız, tozlanmanız baş tutdumu? Meyvəmi gətirmisiniz? Nə tez, a bicəngələr? Axı hələ nə yaşınız var?”

O ili mənim başıma çoxları fırlandılar. O bığlı kişinin cavan arvadı gəlib mənə baxdı, baxdı və əlini süsüb irəli çıxmış qarnının üstünə qoyub gülə-gülə dedi:

- İrasul, ay İrasul, bax, armudun çağala gətirib!

“İrasul” deduyi o bığlı kişi gəlib mənə bir baxdı, sonra mən baxa-baxa qadını qucaqladı, boynundan öpdü, əlini gəlinin yumrupəsək qarnına çəkib irişdi:

- Elə sənin də armudun yekəlib! Oğlandı, yumrupəsəg olmağınnan bilirəm!

Sonra onlar mən baxa-baxa dodaq-dadağa öpüşdülər. Dodaqların marçıltısından içim geçdi.

***

İllər ötdü. Mən ağac oldum. İndi hər meyvə mövsümü üstümdə elektrik lampasına bənzəyən meyvələr işıq saçır. Hər yanımdan ötən dayanıb meyvələrimə baxır, köks ötürüb gedir. İndi mən axı bığlı kişinin həyətindən yuxarı – küçəyə sarı əyilmişəm. Ona görə tez gözə çarpıram. Hərdən uşaq-muşaq məni daşa da basır...

Amma bir dəfə elə bir şey oldu ki...

Hardansa bir gəlin hər gün gəlib düz yanımdan keçir, ürkək nəzərlərlə mənə baxır, sonra ötüb gedirdi. Bir belə, beş belə, axırı meyvələrim “gəl-gəl” deyən vaxtlarda qadın bir gecə vaxtı dibimdə dayanıb altdan yuxarı lampa kimi işıq saçan meyvələrimə baxdı, baxdı, sonra nəfsi dil olub dilləndi, gəlini içindən səslədi ki, bir meyvə dər, qorxma. O da ürkək halda əlini uzadıb iki meyvəmi dərdi, iti addımlarla çıxıb getdi.

Səhər eyni vaxtda qadın yenə gəldi. İçində it kimi hürən nəfsinə güc gələ bilmədi, əl atıb meyvəmi dərmək istəyirdi ki... O bığlı kişi qaranlığın içindən çıxıb gəlinin biləyindən tutdu, qanırdı, özünə sarı çəkdi. Gəlin bircə dəfə “uff” eləyib susdu. Bığlı gəlini sinəsinə çəkdi. Gəlin bir az naz elədi. Amma sonra elə bil özü girdi bığlının qucağına. Day sonra nələr oldu, nələr olmadı! Ağaclığımınan mən də özümü islatdım. Elə o hasarın dibində, o lampa kimi alışıb yanan meyvələrimin işığında, bu suya dönən gövdəmin altında onlar bir qarpışdılar, bir didişdiər, bir öpüşdülər, nə deyim, ay qardaş! Ağac olmaq da bi köpəyoğluluq deyilmiş.

Əvvəl gəlinin koftasının düymələri açıldı (mənə gülməyin, o düymələr açılıb ağ məmələr düzdə qalanda gövdəmdə çatlar əmələ gəldi, sonradan qovuşsa da, yarığı indi də durur o qanlı gecənin yadigarı kimi), sonra kişi başını o düymələrdən içəri soxdu. Gəlindən çıxan ah-uf səsləri canıma vəlvələ saldı. Hələ bu harasıymış! Sonra onlar ayrı oyundan çıxanda ağac canımdan bir gizilti keçdi, bir tərpəniş qopdu, dedim bəs zəlzələ oldu. Amma oldu zəlzələ! Ondan ki, meyvələrim belə dözməyib kişiylə qadının üstünə şappa-şap tökülməzmi?..

Bir neçə gecə bu hal təkrarlandı. Sonra bunlar o qədər şirinnəşdilər ki, mənim meyvələrim bunların yanında yalan oldu. Qardaş, dünyada nə şirin şeylər varmış...

Sonra kişinin öz qadını bir gecə qışqırmağa başladı. Sonra onu harasa apardılar. Sonra o qucağında uşaq qayıtdı. Sonra yenə payız gəldi. Sonra yenə yarpaqlarım töküldü. Sonra yenə yarpaqlarım torpaq ola bilmədi...

Bununla məsələ bitsəyin, nə vardı ki...

Mənim çılın-çılpaq olduğum bir qış gecəsi o gəlin yenə gəldi. Hasara söykənib bir xeyli gözlədi. Az qaldlm dillənəm ki, nəyə gəlmisən, meyvə nədi, heç yarpağım da yoxdu. Diqqətlə fikir verib gördüm ki, qadının qarnı eyzən sahibimin arvadının qarnı kimidir: yumrupəsək.

Sonra bizim bığlı gəldi. Qadını özünə tərəf çəkib arxadan qucaqladı. Saçlarını tumarladı. Sonra qadının şişmiş dodaqlarını bığlı dodaqları ilə sordu. Sonra koftasının düymələrini açmaq istəyəndə qadın qoymadı:”Ağrıyır... Süd yenib deyəsən... Eləmə...”

Sonra onlar bir xeyli pıçıldaçdılar. Sonra yenə öpüşdülər. Sonra yenə...

Nə həyat varmış, qardaş! Yasaq sevgi deyilən buymuş! Eyzən mənim çiçəklərim kimi gecə-gecə, küləkdə, soyuqda bir-birinə sarmaş-dolaş olmaq, öpüşmək, sonra koftanın düymələrini açmaq... Yox, bəzən bu olmazmış... Ağrıyırmış... Burasını yaxşı anlamadım... Neynim. Ağacam axı...

Bir gün kişi budağımdan iki çəlik kəsib döş cibinə qoydu. Sonra çönüb evinə, həyətinə, bir də mənə baxdı. Və bığlarıqarışıq yoxa çıxdı. Ha gözlədim, gəlmədi. Çiçəklərim açıldı, sonra çiçəklərim bir küləkli havada yüz oyundan çıxdı, sonra çağalalarım göründü, sonra lampa kimi meyvələrim oldu... Kişi yenə gəlmədi. Hara getdi bu? Nə bilim? Mən ağacam axı? Bax o inəklər, qoyunlar, heç olmasa itlər, pişikər kimi, bu ağıllı insanlar kimi belədən-belə səkə, gəzə, toza bilmirəm. Bitmişəm, bitdiyim yerdə. Ancaq yuxarı və yana arta bilirəm, vəssalam. Bir də bığlı demişkən “tozlanan” (heç gör dəxli var, gül kimi işə də “tozlanan” demək olar?) çiçəklərim, lampa kimi meyvələrim və hər il mənə dərd olan yerə - ayaqlar altına tökülən, torpaq ola bilməyən yarpaqlarım...

***

Deyəsən, illər keçdi. Mən də hündür, iri gövdəli ağac olmuşam, ondan bilirəm. Qarnıaçıq bir uşaq dırmaşdı mənə. Alagöy meyvələrimi yığıb yerı tökdü. Sonra elə üstümdəcə dərdiyi armudu dişinə çəkdi. Sonra duduşundan tutub üstdən aşağı işədi.

O ili nənim meyvələrim kimi saralıb-solmuş ev sahibəsi dibimə gəldi. Əlində tutduğu ovxarlı baltanı qaldırıb gövdəmə çaldı. Bir, iki... on, iyirmi baltadan sonra gövdəm yerə gəldi. Elə yıxıla-yıxıla bir röya gördüm. Ağac röyası eşitmisiniz?

Gördüm, ikimərtəbəli evdir. Həyətində bir armud ağacı var. (Demiyəsən, mənim fəhmlə “qardaş” deyə müraciət etdiyim buymuş.) Eyzən mənim kimi lampaya oxşar, şipşirin meyvələri adama gəl-gəl deyir. O tanıdığımız qadın həyəti süpürür. Bir qarnıaçıq uşaq da ağaca dırmaşır. Bu vaxt bığlı kişi fikirli halda həyətdə var-gəl edir. İçindən səslər nəfəs ağızdan çıxan kimi çıxır, amma özündən, bir də o həyətdəki armud ağacından başqa eşidən olmur:”Kəsdi... Kəsdi... Baltaladı...”

Qadın kişinin bu halını görüb ona yanaşır. Tutub özünə tərəf çəkir. Sonra armud ağacının dibinə yönəlirlər. Sonra qadın koftasının düymələrini açır... sonra”

Şarakkkk!...

Mənəm. Həyətdən çölə - bir zamanlar torpaq ola bilməyən yarpaqlarım tökülən yerə yıxılıram. Başı çalmalı, dizi aynalı bir yaraşıqlı varlıq başımın üstünü alır.

“Hazırsan? Vaxtın tamamdır.”

Səsim çıxmır. Axı ağacam. Bizim səsimiz bir tozlananda çıxar, bir də yarpaqlarımız ayaqlar altında inləyəndə... İştahımız çox olsa da, olan budur. Bu işıqlı dünyanı havayla biz təmin etsək də, özümüzə heç nə edə bilmirik. Axı ağacıq...

28.02.2019

# 2862 dəfə oxunub

Müəllifin son yazıları

# # #