Məni erməni yox, Yazıçılar Birliyi vurdu

Məni erməni yox, Yazıçılar Birliyi vurdu
15 sentyabr 2017
# 11:40

Yadımdadır, o vaxt başıbəlalı AYB-yə üzv olanda mənim vur-tut 16 yaşım vardı. Biz Gənc Ədiblər Məktəbində “ustad dərsləri” alıb, sonra birliyin sıralarına qoşulmuşduq. 20-yə yaxın gənc müəllif. Özü də aralarında ən gənci mən idim. Hətta yekə-yekə müsahibə də vermişdim ki, bu yaşda AYB-nin üzvü olmaq mənim üçün fəxrdir. (Ərinirəm, mənim yerimə gülüş işarəsi qoyun)

Hə, gəlin sizə üzvlük vəsiqəmdən danışım. Mənim bəxtim yoxdur axı. Hamının üzvlük vəsiqəsində hörmətli Anar müəllimin imzası var, məndə isə boşluqdur. Dedilər ki, mütləq Anar müəllimin möhtərəm qolu orda öz yerini tapmalıdır. Əbədi olaraq sənin yaradıcılığınla birlikdə yol getməlidir o imza.

Həmin gün Anar müəllimin Dədə Qorqud çadırını xatırladan otağında girib-çıxan adamların sayı-hesabı yox idi. Mən də əlimdə üzvlük vəsiqəsi gözləyirdim ki, hörmətli AYB sədrinin hüzuruna çıxım. Yazıçılar Birliyindəki şəkillərlə bir yerdə darıxa-darıxa gözlədik. Amma üzvlük vəsiqəm Anar müəllimin səxavətli masasına gedib çıxmadı. Hərdən bir qapı aralığından Anar müəllimin möhtəşəm qəlyanını görür, tez içəri keçmək istəyirdim. Anar müəllimi çox istəyənlər məni bu arzumdan məhrum qoyurdular.

Və bu vaxt bataqlıqda batmaqda olan gənc yazıçıya öz mərhəmətli əlini uzadan biri çıxdı. Kim ola bu? “Dronqo”nun müəllifi Çingiz Abdullayev.

- Nu... Ne ferqü muallim Anar, ya men. – dedi və üzvlük vəsiqəmi əlimdən dartıb tez-tələsik uzun bir imza qoydu.

Mən də təbəssümlə ona təşəkkürümü bildirib yollandım evimizə.

Sonra nə oldu? Yazıçılar Birliyindən istefa verdim. Sonra ev məsələsi ortaya çıxdı.

Mən Füzuli rayonunun düzündə vətəni qoruyarkən hörmətli Anar müəllim ondan üzr istəməyimi tələb etdi. Yoxsa atamın payı olan evə görə bizə verilən beş-on min manatdan əlimiz üzüləcəkdi.

Mən də əsgərliyimi buraxıb Anarla dalaşası deyildim ki? Üstəlik bu haqq atamın haqqıydı. İmtina etsəm, qardaş-bacım necə olacaqdı? Axı onların da haqqı var. O haqqı onlardan ala bilməzdim. Özü də məni pis yerdə haqlamışdılar. Əlim-qolum bağlanmışdı.

Çarəsiz, dostum Mövluda zəng edib vəziyyəti izah etdim, o da sağ olsun, üzrxahlıq məktubunu yazdı və əsgərlikdən qayıdandan sonra haqqımız olan pulu götürdük.

Mən bu hadisəni mətbuata bildirəndə AYB mənə şər-böhtan atdı. Dedilər, qudurğanlıq eləyir, pulu alıb “xoruzlanır”. Halbuki mənim Yazıçılar Birliyinin üzvü olub-olmamağımın elə də əhəmiyyəti yox idi. Pul atama verilirdi. Guya o rəhmətə getdiyi üçün mən AYB-yə bərpa olunmalıydım pulu alam. Halbuki, şair Şaiq Vəli də rəhmətə getmişdi, amma onun pulunu öz ailəsinə verdilər.

İnsafən, iki dəfə prezident təqaüdü veriblər. Bunu danmıram. Ancaq o təqaüdü nə qədər başıma qaxıblar, İlahi! Dəhşət! Elə bil, ciblərindən veriblər.

Çingiz Abdullayevin “26” kafesinin icarə müqaviləsində imzasını görəndə üzvlük vəsiqəm yadıma düşdü. Yəni Çingiz müəllim həmişə Anar müəllimi əvəz edəcək potensialdadır. Və deməli, o imza əslində Anar müəllimin imzasıdır. Və guya o imzayla Anar müəllim kasıbın, xəstənin dərdini çəkir. Şaiq Vəlinin ailəsi AYB binasında aclıq aksiyası keçirəndə hara baxırdılar? Onda demişdilər ki, AYB sosial müdafiə fondu deyil. İndi kafe söhbəti ortaya çıxanda deyirlər, kasıb-kusuba xərcləyirik o pulu.

İnanan daşa dönsün!

Vətənin keşiyində duran bir əsgərə təzyiqlə üzrxahlıq yazdıran, üstəlik neçə-neçə imkansız, səfil yazıçıya maddi yardım etməkdən boyun qaçıran AYB sən demə, müqəddəs bir yermiş. Gərək o müqəddəs yerə gedib tövbə eləyim. Təzədən birliyə üzv olum və bu dəfə üzvlük vəsiqəmi Anar müəllimin özü imzalasın...

# 1389 dəfə oxunub

Müəllifin son yazıları

# # #