Sezen Aksunun ayaqları

Sezen Aksunun ayaqları
13 iyul 2016
# 14:02

Bu gün Sezen ablanın doğum günüdür.

Bir dəfə sevgilimdən ayrılmışdım. Dostum şəhadət barmağını yuxarı qaldırıb dedi: “Sezen Aksuya qulaq asmaq qadağandır!”

Ancaq evə gedəndə dayana bilmədim, Sezen Aksunun mahnıları üçün ruhum üsyana qalxmışdı. Və sizə deyim ki, rahatladım. Sonralar da, nə vaxt əhvalım pis olsa, Sezen Aksu mənə əlini uzadıb. Onun mahnılarındakı işıqdan tuta-tuta qaranlıqda yerimişəm.

“Karanlıkdan da ürkerim çoçuklar gibi, işıkları yakarım hep bu yüzden” deyir Sezen abla. Hərdən onun mahnılarının sözləri güllə kimi dəyir mənə: “Ömrüme o kurşuni renkleri süremezsin”, “Soyundum sevinçliyimden, sevinmek sanki suçdu”.

“Gülümse”dən isə danışmayaq. Çünki sözlər acizdi. Sezen ablanın ən möhtəşəm mahnısıdır, şübhəsiz.

Bir əhvalat danışım Sezen ablayla bağlı. Bakıda, keçmiş Respublika sarayındakı konsertdə yubkasının yarığından çıxan ayaqlarını göstərərək demişdi: “Baxın, baxın, doyunca baxın. Onsuz da məzarda cücülər yeyəcək”.

Sezenin bu jestini görəndə barmağımı dişlədim: bu qadın dahidir!

Demək istəmişdi ki, eh, bəziləriniz bu möhtəşəm səsin yerinə nə vaxtsa heç kimin gözünün ucuyla da baxmayacağı ayaqlara baxırsınız.

Tarkan günlərin bir günü saçına jele vurub gedib Sezen ablanın evinə. Xoş-beş-on beşdən sonra dərdi açılıb Tarkanın: “Yeni mahnınız üçün gəlmişdim”. Sezen qəfil belə bir sual verir göyçək oğlana: “Mövlanəni oxumusan?” Tarkan duruxub. Sezen başına döndüyümsə ona qapını göstərib. Ən maraqlısı budur: Tarkan ondan sonra Mövlanəni oxumağa girişib.

Bir dəfə Türkiyənin “TRT-1” kanalında Sezen Aksu ilə Ajda Pekkan duet oxumuşdu. Möhtəşəmlik bir yana, sözüm onda deyil. Ajdanın orda dediyi cümləyə fikir verin: “Biz də sizin kimi insanlarıq, amma daha çox həssas, daha çox duyğusalıq”.

Sezen Aksu ilə Ajda Pekkanın duetini dinləyin bir. Mən buna şərh verməkdə acizəm.

Amansız ifadır.

Sezen dünyada tanıdığım yeganə dahi qadındır.

Onun mahnıları adamın daxilinə qurd tək atılır.

Bu qadının qarşısında acizəm, etiraf edirəm.

Bir dəfə ona məktub yazmışdım, ancaq göndərəcək ünvan tapa bilmədim.

Sadəcə bir dəfə bu dahi qadını yaxından görmək istəyirəm. Və sizə deyim ki, Sezen Aksu hər oxuyanda öz-özümə düşünürəm: xoşbəxtlik həmişə böyük faciələrdən sonra gəlir və onda daha gözəl olur.

Doğum günün qutlu olsun, Sezen abla!

Sənin kimi möhtəşəm bir insanla eyni dövrdə yaşadığıma görə özümü xoşbəxt hesab edirəm!

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #