27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli

27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
18 sentyabr 2020
# 10:04

Yenə amansız bir xəbərlə qarşılaşdıq: 27 yaşlı müəllimə intihar edib. Yaşadığı binadan atıb özünü. Səbəbi dəqiq bilinmir. Deyirlər, qəzada ölən bacısının kədərinə dözə bilməyib intihara əl atıb. Başqa bir səbəb isə daha dəhşətlidir: sevgilisi onunla səmimi görüntülərini internetdə yayacağı ilə qorxudub. Böyük ehtimalla müəllimə ayrılmaq istəyibmiş, sevgilisi də ondan qisas almaq və istəyindən vaz keçirtmək üçün bu yola əl atıb. Axı bizim cəmiyyətdə bir xanım üçün bu, çox dözülməzdir. Arxasını, vəziyyətin necə dolaşıq bir hal alacağını düşünmək belə istəmirsən.

Düzü, bu məlumatın nə qədər səhih olduğunu bilmirəm. Mən də hamı kimi, internetdən oxudum bunları. Bəlkə də tamam ayrı bir səbəbdən özünə qıyıb gənc müəllimə.

İntiharların doğru səbəbi heç zaman bilinmir. Bəzən düşünürəm ki, insan özünü ifadə etməkdə çətinlik çəkəndə intiharı çıxış yolu kimi görür. O da bu həyata sözünü intiharla demək istəyir.

Bu hisləri yaşadığım üçün deyirəm bunları.

Yazının bundan sonrakı hissəsini 27 yaşlı müəlliməyə gecikmiş təsəlli kimi yazıram. O, oxuya bilmədi, heç olmasa, intihar fikrini ağlından çıxara bilməyənlər oxusun. Növbəti abzasa diqqət.

Anam intihar etdiyi gün Bakıya qar yağmışdı. Pəncərədən yerə ələnən qara tamaşa edirdim. Atamın dostu bunu görüb dedi ki, mənim də anam öləndə qar yağmışdı. Qardaşım o tərəfdən dilləndi:

“Mən qarı çox sevirəm”.

Həmin günü xatırlamaq istəmirəm. Elə bil, çovğunda, qarlı-tarlı bir havada küçədə qalmısan, evə getməlisən, ancaq heç cür bacara bilmirsən. Mən ağlaya bilməmişdim anamın ölümünü görəndə. Hər tərəfdən çığırtı, ağlaşma səsi ilə qamarlamışdılar məni. Sanki hər kəs mənim də ağlamağımı gözləyirdi.

Ondan əvvəlki axşam atamın yeddisi idi, tələbə yoldaşlarım gəlmişdi. Anam onlarla xeyli danışdı, zarafatlaşdı, üzü gülürdü. Hamı gedəndən sonra məni qırağa çəkib dedi: “Bilirəm, dədəni çox istəyirdin, amma o öldü. Sən güclü olmalısan, yaşamalısan”. Sonra gözlərimdən öpdü, həmişə belə eləyirdi. Qohum-əqrəba da bizdə qalırdı, hamı yorğun idi, yıxılıb yatdıq.

Deyim, biləsiniz ki, heç vaxt ağlayan, zırıldayan, iki dəqiqədən bir əhvalı korlayan adamları xoşlamıram. İstəmirəm sizi də bu hala salım. Sadəcə, hər şeyi gördüyüm kimi sizin ixtiyarınıza buraxıram.

Bəlkə də mənim ağlamamağıma səbəb bu idi: anam dünən gecə mənə dəstək olmuşdu, məsləhətlər vermişdi. İndi həmin adamın balaca mismara taxdığı şaldan asıldığını görmək...

Bu hadisəni üstündən çox keçib. Bu illərdə beynimizdə, düşüncəmizdə həmişə intihar dolaşır, gəzişir, bizə mane olur. Kimsə bu sözü deyəndə o dəqiqə həmin xatirəyə qayıdırıq. Anamın intiharına görə bizə belə deyirdilər: “Sizi niyə başsız qoydu? İndi neyləyəcəksiniz”. İkinci tərəf isə onu haqlı sayırdı: “Gör atanı necə sevibsə, onsuz yaşaya bilməyib. Halaldı. Qəhrəman qadınmış”.

Düşünürəm ki, anamın intiharından sonra bizim həyatımızda heç bir müsbət dəyişiklik olmadı. Niyə intihar etdi ki? Bizə baxa bilməyəcəyindən qorxdu? Bu səbəb deyil axı. Mənim anam çox zirək qadın idi, nə çətinliklərin öhdəsindən gəlmişdi. Onun intiharı mənim həyatımda cavabını heç vaxt tapa bilməyəcəyim böyük bir sualdır.

Bu sözlərlə nə demək istəyirəm? Hər gün intihar xəbəri ilə qarşılaşırıq. Çoxu borca, bəzisi isə sevgiyə, bəzəisi 27 yaşlı müəllimə kimi şantaja görə özünə qəsd edir. Ancaq bir düşünün: siz intihar edirsiniz, arxanızda isə sizi sevənlər qalır. Hansısa ailənin məsuliyyətini siz daşıyırsınız, qəfil intihar edirsiniz və bütün bu ağırlıq qalanların çiyninə qonur.

Anam intihar edəndə bizim yaşımız elə də balaca deyildi. Ancaq indi də onun yoxluğunu hiss edirəm. Bəzən çıxılmaz vəziyyətdə qalıram, hansısa sorunumuzu çözə biləcək adamın o olacağını düşünürəm. O isə yoxdur. Düzdü, biz artıq bu hadisənin şokundan uzaqdayıq, ancaq dediyim kimi, sarsıntı daim içimizdə dolaşır, bizə əziyyət verir.

Mən anamı nə qınayıram, nə təqdir edirəm.

İntihar heç də qəhrəmanlıq deyil.

Bütün hallarda geridə qalan sevdiklərin çox pis vəziyyətə düşür. Neçə adamın psixologiyası darmadağın olur. Bəzən sən intiharı çıxış yolu kimi seçirsən, ancaq o seçim başqalarının həyatını puç edir.

Küçədən eşidilən mahnı səsi, ağacların yaşıllığı...

Bir uşağın çərpələng uçurmasına tamaşa etmək...

Kiməsə gül bağışlamaq...

Ən adi şeylərdən xoşbəxt olmaq...

Bir şeirlə, bir sözlə üzündə təbəssüm yaratmaq çətin deyil. İnsan istəyərsə, beynindəki pis fikirləri kənara qoyarsa, içindəki sönən işığı yandırarsa, o zaman ən böyük çətinlik də həll olunar.

Heç bir kitab intiharı təbliğ etmir. Bütün gözəl şeirlər insanı yaşamağa səsləyir.

Bir dəfə bacım demişdi: “Mama ayaqları ilə yerdəki şüşələri qırmışdı. Özünü asandan sonra peşman olubmuş, sən demə. İstəyirmiş, xilas olsun”.

İntihar edənlərin hamısında bu hiss olub.

Yaşamaq çox gözəldir.

Onsuz da ölüm hamımıza gələcək.

Zen-buddizmdə deyilir ki, bir anı doya-doya yaşamaq lazımdır. İnsan bir anın ömrünü uzada bilər, onu o gözəlliklərlə süsləyə bilər. Ona görə də hamıya səslənirəm: intihar etməyin, sevdiklərinizi incitməyin.

Bir anlıq düşünün ki, sevdiyiniz adamlar sizi həmişə ipdən asılı, ya da qolları kəsik-kəsik xatırlayacaq. Onlara bu əzabı vermək sizə asandır? Axı sizin özünüzü öldürməyiniz neçə adamın həyatını zədələyir. Bu zədə ilə yaşamaq çox çətindir.

Beyninizdə intihar fikri dolaşanda Nazim Hikmətin şeirlərini oxuyun, ya da çıxın hava alın, komik bir filmə baxın, ağlınıza özünüzdən daha faciəvi durumda olan adamları gətirin, Afrikada aclıqla mübarizə aparan çocuqları düşünün.

Sevin, sevilin, yaşamağı həyatınızın ən vacib işi hesab edin. İçinizi xoş şeylərlə, sevgi ilə, barışla, umudla doldurun.

Bu faciəni yaşamış adam kimi istəyirəm intihar fikri ilə yaşayanları ipdən alım, çıxdırı hündür binanın üstündən düşürüm.

Edənlər etdi, siz bunu etməyin...

# 7801 dəfə oxunub

Müəllifin son yazıları

# # #