Kulis.az ifaçı, bəstəkar Nazrynlə müsahibəni təqdim edir.
– Əvvəlcə, bunu soruşmaq istəyirəm: sizin haqqınızda internetdə, demək olar, heç bir məlumat yoxdur. Özünüzü gizli, sirli saxlamaq istəyi hardan yaranıb?
– Mən sadəcə musiqi işimi görürəm və şəxsi həyatımla heç bir əlaqəsi yoxdur. Cəmiyyətdə işini yaxşı görməyi bacaran çox insan var, amma nədənsə sənət işi ilə məşğul olanlar diqqət mərkəzindədirlər. Mən bununla razı deyiləm. Hesab edirəm ki, işlə şəxsi məlumatları qarışdırmaq düzgün deyil
– Üzbəüz müsahibəyə razılıq vermədiniz. Bunun səbəbini başqa bir müsahibənizdən oxudum. Deyirsiniz ki, belə mənə daha komfortludur. İnsanlar sizi dinləyir, ancaq üzdən tanımır. Təxminən bu məşhur bir ifadəyə bənzəyir: müəllif yox, mətn yaşayır. Axı bu müğənnilikdə həm də görünüş də yadda qalmalıdır. Bilirsiniz ki, indi vizual dünyada yaşayırıq.
– Müğənni sözündən heç xoşum gəlmir, çünki cəmiyyətimizdə pozitiv söz kimi qəbul edilmir. Vizual tanınmaq aktyorlara, modellərə və ya siması ilə uğur qazananlar, işləri vizual olaraq ölçülənlər üçündür. Mənim musiqim önəmlidir, simamın tanınması vacib deyil. Əgər sima bir tərz olaraq incəsənətə dad qatırsa, əgər sənətini daha rəngarəng edirsə, o zaman tanınmaq düzgündür. Əks təqdirdə xüsusilə gündəmdə olmaq üçün daim simanı nümayiş etdirməyin gərəyi yoxdur.
– Mən sizinlə telefonda söhbət edəndə düşündüm ki, rus dillisiniz.
– Rus sektorunu bitirmişəm, türk və ingilis dilini də bilirəm, lakin azərbaycanca danışmağı uyğun sayıram. Dilimi öyrəndikcə zənginliyini görürəm, bəzən mahnılarımı anlamırlar, ona görə yox ki, pis tələffüzüm var, ona görə ki, gündəlik sözlərdən yox, ədəbi sözlərdən istifadə etməyə çalışıram, həmçinin kobud sözləri daha incə tələffüz edirəm.
– Coğrafiya müəllimisiniz və bildiyim qədəri ilə, hazırda müəllimlik fəaliyyəti ilə də məşğulsunuz. Müğənnilik, yoxsa müəllimlik? Hansı daha yaxşıdır? Hansında daha çox özünüzü görürsünüz?
– Özümü daha çox musiqidə görürəm, çünki müəllimlikdən öncə də musiqidə idim. Musiqiçi olmaq mənim missiyamdır, alın yazımdır. Heç bir sənətdə daha yaxşı ola bilmərəm musiqidən başqa. Müəllim olmaq isə ikinci seçimimdir. Seçimlərim dəyişə bilər, çünki müxtəlif fəaliyyət növlərini sevirəm. İstənilən fəaliyyətlə məşğul ola bilərəm, lakin öndə gedən hər zaman musiqi olacaq.
– Nazryn olandan sonra həyatınızda nə dəyişdi?
– Nazryn olandan sonra nailiyyətlərim dəyişdi, daha çox inkişaf etməyə başladım, musiqidə məsuliyyətim artdı. Baxmayaraq ki, musiqim get-gedə daha çox dinlənilir, mən hələ istədiyim səviyyəyə çatmamışam. Ümid edirəm həvəsim bitməz və özümü gördüyüm yerə çataram.
– Gizli qalmağınızın səbəbi həyatınızdakı baş vermiş hansısa hadisələrlə əlaqəlidir? Çünki sizin mahnıları dinləyərkən adamda belə təəssürat yaranır ki, siz bu mahnıları öz daxili dünyanızdan keçirərək, onun əzabını yaşayaraq ortaya çıxarmısınız.
– Mahnılarımda əzab yoxdur, qətiyyən, reallıq var. Hər bir insanın həyatında müəyyən hadisələr baş verir, istər mənfi, istər müsbət, onlar bizi şəxsiyyət kimi formalaşdırır. Qorxulardan azad olmaq üçün qorxmalısan, qorxunun gözünə baxmalısan, yalandan qorxmamaq üçün onunla üzləşməlisən və s. Həyatımızda baş verən hər şey bizim yaratdığımız döngələrdir, sarsıla bilərik, amma əsla böyütməmək lazım, çünki bir yerlərdə kimsə daha artığından keçir. Mahnılarımda duyğuların reallığından danışıram, niyə əzab kimi gəlir hər kəsə? Doğruları eşitmək bəzən incitdiyinə görə.
– Köhnə mahnıları yenidən, fərqli tərzdə oxumağınız maraqla qarşılanıb. Məsələn, Ağadadaşın “Könlüm qəmin eylər” mahnısı. Necə oldu ki, toylarda oxunan bu mahnını ciddi müstəviyə qaldırmaq haqqında düşündünüz?
– Eksperimental işlərə müsbət yanaşıram. Dinləyicilərimdən kimsə zarafat üçün mənim o mahnını ifa etməyimi istəyirdi. Mən bu zarafatı ciddiyə qəbul etdim. (gülür)
– Ümumiyyətlə, sizcə, bayağı mahnıların yenidən işlənib təqdim olunması onu bayağılıqdan çıxarda bilərmi? Belə bir düşüncə var ki, böyük əsərlər həmişə bayağı əsərlərin meydanında yaranır.
– "Könlüm qəmi neylər" mahnısı bayağı deyil. Ümumiyyətlə, bayağı mahnı yoxdur, düzgün təqdim edilməmiş mahnı var, üzərində yetərincə işlənilməmiş əsərlər var. Bir az korreksiya və zövqlü baxış ən bayağı hesab etdiyimiz işi də gözəlləşdirə bilər.
– “Sevgili canan” mahnısını da yeni aranjimanda oxuyacağınızı söyləmisiniz. Ümumiyyətlə, bu formatda başqa hansı bizə tanış mahnıları oxumaq fikrindəsiniz?
– "Axtarma məni", "Sevgili canan", "Dəşti təsnifi" və digər musiqilərimizi öz baxışımla dəyişib təqdim edəcəm.
– Sonuncu mahnınız – “İlahi” həm çox sevildi, həm də tənqid olundu. Çoxları mahnıdakı sözləri anlaşılmaz hesab etdi. Sufiyanə, təsəvvüf elementləri ilə dolu olan “İlahi”nin sözlərinin müəllifi kimi, deyə bilərsinizmi, o mahnıda nədən söhbət açmısınız?
– O mahnıda sadə şəkildə sirləri açıqlamışam, çoxu heç anlamadı. Hər kəs fərqli düşüncələri ilə fikirlər irəli sürdü, kiminsə səhv düşüncəsi məni öhdəliyim olmadığı üçün reaksiya verməyi doğru hesab etmirəm. Məni məndən yaxşı kimsə tanıya bilməz və nələri ifadə etdiyimi düzgün anlayanlar mahnıya müsbət fikir bildirdilər. Bəziləri heç sözlərin çoxunu oxumadılar, ya da ötəri keçdilər. Bir insanın saflığından danışıram, günümüz insanı naşükürdür, dünyada 8 milyarda yaxın insan var və hamı nədənsə, yaxud bir-birindən narazıdır. Bir-birimizə hörmətdən danışıram, İlahi varlıqlarıq, Yaradanın yaratdığı varlıqlarıq və biz necə pis ola bilərik ki? Yaradana və özümüzə hörmət naminə bir-birimizin ilahi varlıq olduğunu qəbul edib daha yaxşıya dəyişməliyik.
– “İlahi”nin həm də neqativ enerji verdiyini söyləyənlər vardı. Üstəlik, sizin inancınızla bağlı şübhələr də yarandı. Xüsusən, “Mən – İlahiyəm... Elə zənn et” misraları müzakirə olundu. Nə deyə bilərsiniz bu fikirlərə? Doğrudan, dini inancınız hansı istiqamətdədir?
– Dini inancla heç bir əlaqəsi yoxdur. Yenə də deyirəm, kiminsə səhv düşüncəsi bizim problemimiz deyil, bu onların öz fantaziyalarıdır. Mahnıda dinə aid heç nə yoxdur. Neqativin səbəbi isə mahnının neqativ videolara qoyulmasıdır. İstər-istəməz mənfi assosiasiya yaradır.
– “İlahi” və digər mahnılarınızda qəzəl, əruz havası hiss olunur. Nəsiminin havası “İlahi”də daha çox var. Mənə maraqlıdır, klassik ədəbiyyata nə qədər bələdsiniz? Füzuli, Nəsimini oxuyubsunuzmu?
– Oxumuşam, bəli. Sadəcə bəsitlikdən qaçmaq istəyirəm. Ədəbiliyə üstünlük vermək mənə zövq verir.
– Sosial şəbəkə hesabınızda bu fikrinizlə rastlaşdım: “Zamanla uyğunlaşa bilmirəm. Zaman maşını məni XXI əsrə atıb, geri qayıdanda tək bir adamı aparacam”. Ümumiyyətlə, sizin ovqatınızda pessimistlik hakimdir. Bu zamana uyğun biri olmadığınızı düşünürsünüz? Və bu pessimistliyin səbəbi nədir?
– Zamanla uyğunlaşmamaqla pessimistlik tam ayrı mənalardır. Əksinə, mən pessimizm dolu insanlardan qaçıram. Modernləşmiş dövrdə sərhədlər və etik davranışların çoxu pozulur, hər nə qədər müasirlik gözəl olsa da, bəzən həddini aşır, keçmiş dövrlərdə isə estetik baxış daha artıq idi. İndi estetikaya başqa mənaların qatılması, bəzən isə etikadan kənara çıxması üzücüdür. İncəsənətə önəm verilən dövr sanki uçdu getdi, başqa istiqamətlər yaranır. Artıq insanın individuallığı bir başqa ölçülür, yaxud tənqid edilir. Keçmişimizdə çəkilən filmlərə, dinlədiyimiz əsərlərə baxsaq görəcəksiniz ki, entuziazmla dolu idilər. Klassika isə fundamentdir, heç vaxt dəbdən düşmür.
– Şou-biznesdə gözə dəyməyən birisiniz. Hamının populyarlaşmaq üçün dəridən-qabıqdan çıxdığı bir vaxtda siz yalnız mahnılarla meydana atılırsınız. Ümumiyyətlə, Azərbaycanın indiki sənət-sənətçi müstəvisini necə görürsünüz?
– Ölkəmi incəsənətdə çox tənbəl görürəm, məhz tanınmaq üçün işlər görülür. Əsas odur ki, hamı dinləsin, hamının diqqətini cəlb etsin. Belə olmur. İnsanlar axmaq deyil, onlar sizi idarə etdiklərini çox gözəl bilirlər. Əgər bir sənətçini başqaları idarə edirsə, bu sənət deyil, bu tabeçilikdir. Auditoriyanın istədiyini daim versəniz, öz individuallığınızı itirəcəksiniz. Hər zaman özünə sual verməlisən ki, "bəs mən nə istərdim? Mən bu işimi özüm bəyənirəm? Başqaları bəyənsin deyə edirəm ya özüm?". İlk başda etdiyini özün bəyənməlisən. “Sənlə olmaz ki” mahnımdan sonra bir az büdrədim, sırf başqaları nə istəyər deyə kökləndim və heç bir nəticə əldə etmədim. Azərbaycanın sənətçilərini rəngarəng görürəm. Amma yenə də əlimdə olsaydı onların individuallıqlarının qorunması üçün məsləhətlər verərdim, heç kim məsləhət istəməsə də, bəzən hansısa sənətçiyə baxıb “vauuu necə gözəl bir ideyam var” düşünürəm, sonra anlayıram ki, həmin adam məni eşitmir, heç tanımır da.
– “Sənlə olmaz ki” mahnısı ilə başladınız və diqqətləri çəkdiniz. Qısa müddət ərzində mahnı 2 milyon dinlənildi. O mahnının tarixçəsi necədi? Deyilənə görə, mahnını telefonun səs yazısında ifa etmisiniz.
– Bəli, mahnı başqasına satılmalı idi. Bəyənmədilər, mən isə ifaçı olacağımı heç vaxt düşünmürdüm. Bəstəkarlıq hazırda da mənim üçün daha önəmlidir, artist kimi özümü görmürəm. Həvəsdən düşmüşdüm, musiqidən küsmüşdüm və "Sənlə olmaz ki" mahnısını telefonun səs yazısına yazdım. Daha sonra instaqrama qoydum, elə-belə bir xatirə kimi qalmasını istədim, mahnı yayıldı və çox sevildi. Kainat mənə bir daha sübut etdi ki, sənətdən küsməzlər.
– İlk bəstənizi doqquz yaşında yazmısınız, deyəsən? Bəs o ifa niyə üzə çıxmadı?
– Sadə piano ilə olan ifa idi, bir gün konsertimi o ifa ilə başlayacam, 9 yaşımda bu arzumu tutmuşdum. Musiqi ilə məşğul olan bütün uşaqlar erkən yaşlardan bəstələr edirlər.
– “Həyat devizim - nə əkərsən, onu da biçərsən, nə etsən, özünə edərsən. Həyat tərzim - əşyalara minimalist, təəssüratlara maksimalistəm” – demisiniz. Bu həyat fəlsəfəsini reallaşdıra bilibsinizmi?
– Bəzən fəlsəfəmdən kənara çıxıram və xaosu yaşayıram. Sistemli şəkildə yaşamaqmı yoxsa spontan və riskli həyatmı? Hər ikisi gözəldir. Lakin insanın “stabillik adaları” olmalıdır, istənilən yerdə, istənilən şəraitdə rutinin olmalıdır. Disiplin - azadlıqdır. Mən harada olmağımdan asılı olmayaraq gündəlik rutinimi etməsəm narahat oluram. Bir söz var “nomad”, daim köçəri həyatı olan insanlara aiddir. Stabil bir yerə, bir işə bağlı qalmağı düzgün hesab etmirəm, insan daim inkişaf etməli və mühitini dəyişməlidir ki, onun üçün nəyin pis nəyin yaxşı olduğunu anlasın. “Nomad” həyat tərzində stabil qalmaq üçün rutinini və sənə ən əziz olan insanları qəti dəyişməməlisən. Stabil vəziyyətə isə minimalizm aiddir. Minimum əşya, maksimum təəssürat.
– “Bu bəstələr hekayələrdir, dünyəvi problemlərin izahıdır, hər kəs özünə həsr edildiyini düşünə bilər, lakin onlar mənim dünyamı əks etdirirlər” deyən Nazryn necə düşünür, siz mahnılarla öz dünyanızın modelini yarada bilmisinizmi?
– Mənim dünyamın modeli kompüter oyunu kimidir, növbəti səviyyənin nə olacağını bilmirsən. Həyat səviyyələrini keçdikcə dünənki biliklərin bu gün üçün çox bəsit gəlir. Ona görə empatiyalı insanam, yəni hansı insan hansı səviyyədən keçirsə onun səviyyəsinə hörmətlə yanaşıram. Bəzən insanlar hansısa səviyyədə ilişib qalırlar, bu çox üzücüdür. Həyat – mərhələlərdir. Bir insanla eyni səviyyədə olduqda hüzur tapırsan.
– Sakit, amma entuziazmlı, ideya dolu, amma qədərini bilən. Özünüzü bu cür təqdim etmisiniz. Sizin mahnılarda emosionallıq çox yüksəkdir və o mahnılar bizə öz hekayələrimizin nəğməsini oxuyur. Bəstələyərkən, ifa edərkən nələrdən ilham alırsınız?
– Həyatı o qədər dolğun, o qədər gözəl görürəm ki, kiçik bir daş belə mənə ilham ola bilər. Hətta daşın cansız ömrü haqqında da mahnı yaza bilərəm. Əvvəl sevmirdim emosionallığı, həyatımda bir çətin dövrdən keçdim, duyğularımın mənasız olduğunu hesab edirdim, özümü buz kimi hiss edirdim, heç nə mənə təsir etmirdi, indi isə emosiyalarımı sevirəm. Başqalarının qəzəbini, hətta nifrətini yaxud xırda nəyəsə hədsiz sevincini anlamağa çalışıram. Bəzən uğursuz olur nəticəm, çünki empatiya göstərmək çətindir. Amma əmin olun ki, duyğular bizə verilən möhtəşəm sərvətlərdən biridir.
– Ədəbiyyat, yaxud kino sizin mahnı yazmağınıza kömək edirmi? Kimləri oxuyursunuz? Hansı filmlərə baxırsınız?
– Lev Tolstoyun bütün bioqrafiyasının ovuna çıxmışam deyə bilərəm. (gülür) Adrenalin dolu filmləri sevmirəm, real, sadə və könülə yatan filmləri çox bəyənirəm. Sentimental insanam və kitab oxuyarkən, filmə baxarkən sanki özüm də orada iştirak edirəm. O qədər güclü fantaziyalarım olur ki, kitabın təsirində qala bilərəm. Jojo Moyesin "Me before you" (“Səndən öncə mən”) kitabından sonra filminə baxmışdım, günlərlə özümə gələ bilmirdim. Heç bir qorxulu filmə baxa bilmirəm, mənə görə ən sarsıdıcı 5 sezonlu serial "La casa de papel" idi. Serialı bitirdikdən sonra səhnə arxası görüntüləri ayrıca iki bölüm çəkmişdilər və o bölümlər mənə bütün serialdan daha əziz, daha ürəkaçan gəldi.
– Müasir yazarlardan oxuduqlarınız varmı? Gənc şairlərin şeirləri ilə tanış olmusunuzmu? Əgər hansısa birinin şeiri xoşunuza gəlsə, onu ifa edərsinizmi?
– Əgər bəyənsəm, bəli. Müasirlərdən Lmoe Poetry (Leyla) bəyənirəm, uzun zamandır izləyirəm. Psixoloji mövzülardan yazan yazar Fidan Əliheydəri daim oxuyuram. Digərlərini bəyənmirəm.