“O uşaq elə bil restorana gəlmişdi” – Bilik günündən reportaj - Fotolar

“O uşaq elə bil restorana gəlmişdi” – <span style="color:red;">Bilik günündən reportaj  - <span style="color:red;">Fotolar
16 sentyabr 2019
# 11:51

Kulis.az “Bilik günü” münasibəti ilə Ayxan Ayvazın 322 saylı məktəbdən yazdığı reportajı təqdim edir.

Müəllim dostumla rastlaşmasaydım, bəlkə də tamam ayrı məktəbə gedib çıxacaqdım.

- 322 nömrəli məktəb zavodun yanındadı. - dedi telefonda xəritəyə baxaraq.

Məktəbi tapmaq elə də çətin olmadı: uzaqdan gələn mahnı səsinə doğru yol aldım.

"...Ömrümün ən şirin, qayğılı illəri"

Rəngli çantalar geyinmiş uşaqlarla məktəbin həyətinə yetişdik.

Rəsmi hissə bir azdan başlayacaqdı. Mən 1-ci siniflərə baxırdım. Nəsə ağlayan-sıtqayan yox idi.

- Niyə ağlamırlar e? - fotoqrafımız da zarafatla soruşdu. - Kadr olardı çəkmək üçün!

- Ağlamaq hələ qabaqda olacaq.

Əllərində güllər, oyuncaq ayılar tutmuş uşaqlar günün altında çaşqın-çaşqın durub ətrafa baxırdılar.

Məktəbin içərisindən, pəncərədən boylanan uşaqlar da vardı. Bütün pəncərələri uşaqlaşdırmışdılar. Bir də valideynlər gözə dəyirdi. Təlaşlı, sevincli və... adını qoymaqda çətinlik çəkdiyim hislər...

Balaca bir qız uşağı formasız, əlində gül, oyuncaq olmadan dayanıb gülümsünür.

- Sən neçənci sinifsən?

Danışmağa ərinir deyəsən, ya da çox cool uşaqdı. Əli ilə “iki” göstərir.

- Niyə forman yoxdu?

- Eeee... - əlini yelləyir. - Qardaşıma görə gəlmişəm. Bizim dərs günortadır...

Bu ara rəsmi hissə başlayır. Mikrofona alışmayan qızın az-maz səsi çıxır: "Hörmətli..."

Aşağıdan, yəqin ki, sinif rəhbərləri olan bir müəllim ona düzəliş verir:

- Yuxarı qaldır, yuxarı.

Və qız onun dediyi kimi, mikrofonu yuxarı qaldırdıqca səs öz rəngini almağa başlayır: "Bu gün bilik günüdür. Biz bura..."

Uğultuya qarışan səs rəsmi hissənin monotonluğunu aradan götürür. Kimi su içir, kimi gətirdiyi kökədən bir dişləm alır, kimi anasının əlindən çıxmaq üçün özünə əl qatır.

Yanımda dayanmış əhli-kef uşaqları görəndə təəccüblənirəm:

- Siz hardan çıxdınız?

Gülürlər. Ümumi sıranı pozduqları üçün özlərini dağın başına qoyublar.

- Deyəsən, məktəbin pəncərələrini qıran sizsiniz! - zarafata salıram.

İkisi də yox işarəsini pasport kimi göstərib gülümsünür. Qırımlarından nəsə dəcəl uşaqlar olduğunu sezirəm. Tez özlərini müdafiəyə keçirlər:

- Heç elə şey eləyərik? Adamı döyərlər axı. Mən...

O birisi valı dəyişir:

- Dərslərimizə fikir veririk.

Birdən dostu onun sözünü yarıda kəsir:

- Bircə dəfə dərsdən qaçmışıq...

İki oğlan yaxınlaşır:

- Nolub, brat?

Aydındır, bunlar 11-cilərdir. Məktəbin “dembel”ləri.

- Deyirəm, bu il pəncərələri sındırmıyacaqsız?

- Yox. Eləmərik.

- Dərsdən qaçmaq necə?

Gülüşürlər.

Bu yerdə girişdəki şarlardan biri düz başıma düşür. Əlimə alıb oynadıram. Gülümsəyərək mənə baxan qız uşağına uzadıram.

Direktor, müəllimlər məktəbin nailiyyətlərindən danışırlar. Onların sözlərinin arxasında ümidli musiqilər pıçıldamaqda...

- Sən niyə burda oturmusan?

- Elə-belə.

- Kimlə gəlibsən?

- Atamla.

- Hardadı bəs?

- Hardasa gəzir.

- Sinfinizdə neçə uşaq var?

- 32.

- Neçəsi qızdır?

- Nə bilim e... Saymışam?

Rəsmi hissə bitəndən sonra ilk dialoqum. Məktəbin içərisində çantası böyründə bir uşaq. Siniflər də qapıdan bir-bir keçməkdə...

Birincilərin sinif otaqlarını gəzirik. Qaranlıq dəhlizə pəncərənin səxavətli işığı düşür. Bir uşaq dayanıb dəhlizin ortasında. Yanından valideynli uşaqlar keçir...

Sinif otağında hər uşağın masasının qabağına adının baş hərfi yazılıb. Nəhayət, ağlayan uşaq görürəm. Fotoqrafımızla ona baxıb gülümsünürük. Uşaq ürkək-ürkək, bir az da hirsli baxır bizə. Əlinin arxası ilə yaş çıxan gözlərini ovxalayır. Uşaqca ağlamağın şəklini çəkir.

Bizim fotoqraf Vüqarın qızı da bu sinifdədir.

- Görürsən, mənim qızımı? Heç ağlamır.

Nuray bu sözləri eşidib daha da ciddiləşir, mənimlə tanış olur, salamlaşır.

Ağlayan uşağa tərəf çönürəm:

- Qızdı, amma ağlamır. Bax e... Kişi də ağlayar heç?

Əsəbləşir:

- Mən getmək istəyirəm!

Onun yanı boşdur. İstəyirəm keçib oturum.

- Yox! - Etiraz edir. – Oturma!

- Qoy oturum da.

- Olmaz.

Təzədən göz yaşlarını köməyə çağırır.

Müəllimə uşaqlardan soruşur:

- Kim şeir deyə bilər?

Əllərini qaldırıb qışqırışırlar.

- Müəllimə, nolar mən deyim də.

Bu boyda sinifdə tək ağlayan uşaq odur - yanı da boş. Şeir də demək istəmir. Sarı uşaqdı. Ağlamaqdan başqa bir çıxış yolu tapa bilmir. Sən demə, onun kimi biri də varmış, lap arxada anasıyla oturub. Sakitcə durmuşdu yerində. Anası şəkil çəkdirmək üçü qalxmaq istəyəndə çığırtısından qulaq tutuldu.

- Burdayam da... Vallah, getmirəm! – anası deyir.

Bayaq ala qarğa kimi qalan, gözünün müzüyünü tökən uşaq mənə baxdı. Yəni demək istədi ki, bax məndən başqa da ağlayan var. Hələ mən bunun yanında toya getməliyəm.

Ağlayan uşağı birtəhər sakitləşdirdilər və təkrar şeirlər deyildi. Arxada boş bir yer gördüm. Keçib oturdum. Yanımdakı balaca oğlan mənə baxdı. Gözlərində yazılanı oxudum: "Xeyirdi? Nə oturmusan burda?"

- Sən şeir bilmirsən?

Ortamı yumşaltmağa çalışıram.

- Görmürsən, əlimi qaldırmışam?

Əsəbi tərzdə qəfil soruşdu:

- Sən bilmirsən bəs?

- Bilirəm, bilirəm.

- Onda əlini qaldır da.

Deyəsən, qaranlıqdan saqqalımı görmürdü. Elə bildi, sinif yoldaşıyam. Uşaq olmağına uşağam, tamam, amma daha 1-ci sinif yox...

Əlimi qaldırdım, amma müəllimə məni qaldırsa şeir deməyəcəkdim. Mənim içimdəki şeirlər uşaqlığını çoxdan keçmişdi, məktəbi də qurtarmışdı, universiteti də.

Pəncərədən içəri boylanan valideynləri gördüm. Əllərini çənələrinə dayaq eləyib sinfə baxan kim, gözləri ilə uşağına nələrisə demək istəyən kim...

- Müəllimə, pəncərəni açaq bəlkə. İçəri isti oldu. - kimsə dedi.

- Yox e, valideynlərə görə örtmüşəm. Nəsə söz deyirlər, uşağa nəsə verirlər. Diqqətləri yayınır...

Kimsə məni dümsükləyir:

- Eyy... Eey...

- Nolub?

- Dur da mənim yerimdən.

Ardınca nidalı cümlə:

- Tez ol!

Balaca, toppuş bir uşaq qarşımda dayanıb. Elə bil bizim Cəlil Cavanşirin uşaqlığıdır. Çəkib yanağından öpürəm. Durub yerimi ona verirəm.

- Başqa kim şeir deyər? – müəllimə soruşur.

Şeirlər dayanmaq bilmir. Toplasan kitab çıxarmaq olar.

O biri sinifdə sakitçilikdir.

- Sizdə ağlayan yoxdur deyəsən, müəllimə?

Gülümsünür:

- Yox, hamısı ağıllı uşaqlardır.

Təcrübəli müəllimə sözünün təsdiq olunması üçün sinifdən soruşur:

- Düz deyirəm, uşaqlar?

- Bəli. - uşaq xoru işə düşür.

- Uşaqlar kim dərsə gəlmək istəmirdi? - mən soruşuram.

Əvvəl-əvvəl qurbağa gölünə daş atılır. Sonra çöplü şirəni borucuqla içən uşaq əlini qaldırır:

- Mən! - şəstlə deyir.

Və bayaqdan susmuş uşaqlardan bəziləri də ondan cəsarət tapıb qışqırır:

- Mən də... Mən də...

Müəllimə soruşur:

- Bəs kim yatıb qalmışdı? Dura bilmirdi?

- Mən!

- Normaldı. - müəllim deyir. - bizdə də olur.

Uşaqlar əsnəməyi imitasiya edib gülüşürlər.

Növbəti sinifdə deyib-gülən uşaqların fonunda bir uşağın ayı oyuncaqla oynadığını görürük.

- Bu sənindi?

- Yox, müəlliməyə almışam.

Sonra müəlliməni səsləyir:

- Müəllimə, bu elə bil oyuncaqdı e...

Müəllimə ilə bir yerdə gülürük:

- Oyuncaqdı da...

- Yox e, ayıdı...

Hamı gülür...

Bir kök uşaq elə hey gülürdü. Elə oturmuşdu ki, elə bil restorana gəlib, məktəbə yox. Lap dəqiqi belə: elə bil restoranın yiyəsi idi. Elçin Əlibəylinin uşağlığına oxşayırdı.

На изображении может находиться: 1 человек, улыбается, сидит и в помещении

O biri sinifdə müəllimənin oturduğu masanın yanında Qarabağ sözü yazılmış bir kağızın qarşısında üzgün uşaq görürük. Göz yaşları indicə quruyub sanki. Ətrafı deyib-gülür, o isə kədərlidir, əllərini fəryad edərcəsinə başına tutub.

- Müəllimə, bu Qarabağ yazısını kim yazıb?

- Keçən ilin 4-ci sinifləri çəkib...

Sonuncu girdiyimiz sinifdə lövhənin qabağında düzülmüş uşaqları görürük. Müəllim deyir ki, boylarını bilmək və buna uyğun otuzdurmaq üçün onları düzüb. Ən balacalar ön sıralarda oturacaq. Müəllimlə üzbəüz.

Keçib uşaqlarla sıraya düzülürəm. Onlarla bir yerdə uşaq oluram. Ağlamaq səsi dəyir qulağıma. Lap arxadakı qız imiş...

- Niyə ağlayırsan?

- Mamamı istəyirəm?

- Adın nədi?

- ...

Nə qədər soruşsam da demir, eləcə çiynini ata-ata ağlayır.

- Olar yanında oturum?

Şübhəli nəzərlərlə baxır.

- Yaxşı, otur. - nəhayət, icazə verir.

Onu sakitləşdirmək üçün meymunluq eləyirəm, xeyri olmur. Yanındakı gülləri götürüb gizlədirəm, susur, dillənmir, etiraz etmir. Uşaq yanaqları ağlamaqdan sulanır. İçini çəkə-çəkə mənə baxır. Saçını sığallayıram:

- Qorxma, balaca, hər şey çox gözəl olacaq. Bir azdan bitəcək dərs, evə aparacaq anan. Axşam atanı qucaqlayacaqsan.

Qəribə-qəribə mənə baxır. Göz yaşlarına azacıq gülümsəmə qatılır.

Bu dəm uşaqlardan biri məni çağırır:

- Ey!!! Bura gəl!

- Hə... Nə olub?

- Fotoqrafına denən şəklimi çəksin. - şəstlə deyir və yayxanır stula.

O, poza verir, fotoqrafımız gülümsünərək çəkir.

Şəkillərdə yaxşı düşür uşaqlar...

Fotolar: Vüqar Əlioğlu və İlkin Nəbiyev

# 8518 dəfə oxunub

Müəllifin son yazıları

# # #