Günel Aslanova: "Bizim yazıçıların psixoloqa ehtiyacı var" - Müsahibə

Günel Aslanova, psixoloq

Günel Aslanova, psixoloq

31 avqust 2022
# 09:00

Kulis.az psixoloq Günel Aslanova ilə müsahibəni təqdim edir.

– Günel xanım, psixologiya ədəbiyyatla bir yerdə kəsişir. Maraqlıdır, pasiyentlərinizlə işləyərkən ədəbiyyat sizə nə qədər kömək edir? Ya da ədəbiyyatın köməyə çatdığı məqamlar olurmu?

– Haqlısınız, ədəbiyyatla psixologiyanın yaxınlığı çoxdur. Bəzən pasiyentlərin sayı həddən artıq çox olur. O zaman mənə soruşurlar ki, heç yorulmursan, heç neqativ təsir almırsan, axı insanlar gəlib sənə dərdini söyləyirlər və bir növ səni yükləyirlər. Məni o mənada xilas edən uşaqlıqdan mütaliəni sevməyim olub. O zaman hər insana bir hekayə kimi baxa bilirəm. Bir mənada ədəbiyyat mənə bu cür kömək edir. Bir də var ümumi mənada bu mövzudan danışmaq. Ümumiyyətlə, psixologiya ilə ədəbiyyat arasında hansı yaxınlıq var? Bilirsiniz ki, iki obyekt, yaxud iki subyekt arasında həm oxşarlığı, həm fərqliliyi anlamaq bizim üçün çox faydalıdır. O prizmadan yanaşıb ədəbiyyatla psixologiyanı müqayisə etsək, nələr görürük? Oxşarlıq odur ki, ədəbiyyat da psixologiya da insanı öyrənir. Hər ikisinin istiqaməti insana aiddir, insanın dünyanı qavramağı, insani münasibətlər və s. Ancaq ədəbiyyatla psixologiyanın arasında ciddi fərqlər də var. Bilirik ki, ədəbiyyat yaradıcılıqdır. Yazarın düşüncə məhsuludur. Ədəbiyyat seyrçi, təsvirçi xarakteri daşıyır. Yəni ədəbiyyat təsvirə xas bir sənət sahəsidir. Lakin psixologiya insanı seyr edərək, təsvir edərək öyrənmir. Psixologiya insan psixologiyasını tədqiq, təhlil edir, tədqiqatlara əsasən öyrənir. Psixologiyada tədqiq olunan və təsdiqlənən hər hansı bir şey mütləq şəkildə hər kəsə şamil oluna bilir. Ədəbiyyatın isə bu funksiyası yoxdur, daha çox şəxsi təcrübədən çıxış edilir burda. Ancaq burda bir maraqlı məqam da var. Psixologiya da, ədəbiyyat da bir-birisi üçün bazadırlar. Ədəbiyyat psixologiyaya, psixologiya da ədəbiyyata istinad edər, bir-birini təkmilləşdirərlər.

– Belə bir ifadə var, deyirlər, yazıçı psixoloqdur. Doğrudur, yazıçının da predmeti insandır. Ancaq yazıçı, doğrudanmı, psixoloqdur?

– Maraqlı sualdır. Yazıçı necə psixoloqdur? Biz bilirik ki, hər bir insan ortaya əsər qoya bilər. Ancaq zamanın seçdiyi, populyar olan əsərlər, sınaqdan çıxanlar azdır. Əsər həm də yazıçının intellektuallığını, onun dünyaya baxışını ortaya çıxarır. Tutaq ki, Tolstoyun əsərlərində biz nəyi görürük? “Anna Karenina”dan tutmuş “Sergi ata”ya qədər, bunların hər birində sanki öz daxili dünyasında savaşan, təlatümdə olan bir insan var. Dostoyevskidə biz nə görürük? Tərəddüd, ikililik, incə düşünmək, detallı təsvir və təhlil. Stefan Sveyq də nə görürük? Hər zaman humanizmlə nəticələnən bir əsər.

– Hətta faşizmə qarşı çıxdı və o səbəbdən də intihar etdi

– Bəli. Sanki bütün əsərlərində yaxşılığın qalibiyyətinə inanırdı. Bəlkə də, intiharına səbəb də elə bu olmuşdu: yaxşılığın qalib gələ bilmədiyinə dözə bilmədi. İndi sizin sualınıza qayıdıram. Bu təlatümü öz əsərində çatdıra bilən adam hardasa psixoloq ola bilər. Psixoloqluq bir peşədir və bu ixtisasa yiyələnmək üçün bu istiqamətdə təhsil almaq lazımdır. Bu mənada yazıçı gözəl bir müşahidəçi qismindədir və bu istiqamətdə təhsil alsa, o zaman psixoloq da ola bilərdi. Psixoloqda həm müşahidə, həm çatdırma qabiliyyəti güclü olmalıdır. Yazıçıda müşahidə, çatdırma yaxşıdırsa, o zaman ortaya güclü əsər qoya bilir.

– Yadımdadır ki, bizim həbsxanaların birində məhbuslardan biri intihar etmək istəyirmiş. Kimsə ona Nazım Hikmətin şeirlər kitabını verib, həmin məhbus o şeirləri oxuyandan sonra intihardan vaz keçmişdi.

– Ədəbiyyatın gözəl tərəfi, bilirsiniz nədir? Ədəbiyyat insana toxunmadan, yəni ona təzyiq etmədən onu xilas edir. Oxuyursan və özünü bir aynada görürsən. Özünü müqavimətsiz görürsən və dəyişə bilirsən. Yəqin, siz də müşahidə edərsiniz. Sosial şəbəkələrdə daha çox elmi ədəbiyyatın oxumağının vacibliyindən danışılır. Bədii ədəbiyyat oxumaq sanki o qədər də üstünlük kimi görünmür. Amma belə deyil. Mən pasiyentlərimlə işləyəndə də bunu müşahidə edirəm. Məsələn, olub ki, pasiyent gəlib, psixoloji kitablar oxuyub və onda fəsadlar daha da artıb. Çünki o kitabların bəziləri peşəkarlar üçün yazılan kitablardı, bəziləri də populyarlıq qazanmaq üçün yazılıb. Öz narahatlığını da oxumaq onlarda yaxşı, xoş duyğular oyatmır. Ancaq görürsən, ədəbiyyat oxuyandır, o insanla terapiya o qədər effektiv, o qədər gözəl keçir ki... Ədəbiyyat həm də nəyə görə o adamları xilas edir? Çünki bu cür kitablar oxuyaraq fərqli-fərqli həyatlarla tanış olursan.

– Yəqin, razılaşarsınız, ədəbiyyat həm də insanı bədbəxt edir axı. İnsanın hislərini daha da itiləşdirir, onu daha da həssas edir və buna görə də o insan həyat qarşısında aciz qaldığını anlayır.

– Bir az mübahisəli məsələdir. İnsan ədəbiyyat oxuyaraq həssaslaşır, yoxsa həssas olduğu üçün ədəbiyyata meyl edir? Düşündürücüdür. Ancaq haqlısınız ki, cəmiyyətdən, yaxınlarından daha çox bilgili, məlumatlı olmaq aradakı fərqi çoxaldır. İnsan mühiti ilə bu fərqliliyə malik olanda o zaman “bədbəxt” olur, xoşbəxtlik implusları azalır. Bir maraqlı məqam var, deyir, kriteriyalarınız nə qədər çoxdursa, xoşbəxt olmaq imkanınız o qədər azdır, əksi isə sizin xoşbəxt olmağınız deməkdir. Çox bilən də bu mənada xoşbəxt ola bilmir. Bir də bir məsələ var, çoxlu oxumaq insanı reallıqdan uzaqlaşdırır.

– Kitaba bağlanmaq və depressiyaya düşmək, kitabdan başqa dostum yoxdur demək. Bunu demək istəyirsiniz, yəqin?

– Bəli. Bəlkə də, həmin adamın real problemləri var və ədəbiyyat o adama həmin problemlərdən qaçmağa kömək edir. O qədər kömək edir ki özü də, kitablar onun dostuna çevrilir. Buna görə də pasiyentlərimə deyirəm ki, oxumağın bir limiti olsun. Məsələn, mən özümə söz vermişəm ki, gün ərzində 30 səhifəni keçməyim. Tutaq ki, yeniyetməlikdə iki günə bir kitab bitirirdim. Ancaq indi iki günə bitirilən kitab mənə doyum vermir. Uşaq vaxtı, yeniyetmə çağı insanın kriteriyaları məhdud olur. Ona görə də ona oxuduğu süjet bəs eləyir. Ancaq indi təhlil edərək, içindən keçirərək oxumaq istəyirsən. Məsələn, Oskar Uayldın bir cümləsi vardı: “Vicdan şirkətin adı, işin adı qorxu”. Bu cümləni oxuyanda mən bunun üzərinə o qədər çox düşünmüşdüm ki... Vicdan dediyimiz supereqo cəmiyyətdəki ziddiyyətlərə qarşıdır. Və bu qarşı çıxmaq da qorxu yaradır. Adam bir cümlə ilə psixologiyanı izah edib. Hazırda Viktor Hüqonun “Gülən adam”ını oxuyuram.

– Gözəl əsərdir...

– Çox gözəl özü də. Nə görürük burda? Bir az kinayə, bir az sarkazm. Tərzinə baxırsan, bir hadisədən o birisinə o qədər ustalıqla keçir ki, heyran qalırsan. Və sən bu əsəri həzm edə-edə oxumaq istəyirsən.

– Günel xanım, yazıçıların özünün də psixoloqa ehtiyacı varmı? Çünki onlar da problemli, kompleksli insanlar olur və çox vaxt ətrafı ilə yola getmirlər. Bildiyiniz kimi, normal adamlar deyillər.

– (gülüşmə). Bəlkə də, şablon olacaq dediyim, ancaq hər kəsin psixoloqa, psixoterapiyaya ehtiyacı var. Çünki günümüz stresslidir. Yazıçının yaradıcı əzabı, depressiyası tez-tez baş verir. Psixoterapiya da nədir? Bizdəki emosianal yükü qarşı tərəflə tənzimləmək. Bir psixi vəziyyəti bir tərəf deyil, iki tərəf anlayaraq həll edirlər. Bəlkə də, yazarın bu mənada ikiqat psixoloqa ehtiyacı var.

– Sizcə, Dostoyevskinin psixoloji vəziyyəti nə yerdədir?

– Freyd onun haqqında çox gözəl deyib: “Dostoyevskinin müşahidə etdiyimiz tərəddüdlərindən savayı, onun atasından olan qorxularından doğan təslimiyyəti, isterik xüsusiyyətləri, mazoxizmi və eyni zamanda onda bəyənmədiyi xüsusiyyətlərə qarşı üsyan etmə xüsusiyyəti də var”. Bayaq dedik, ədəbiyyat da, psixologiya da bir-birindən faydalanır. Yazarlar da psixoloji biliklərdən qidalanırlar. Məsələn, Stefan Zvayqın Freydə heyranlığı çoxlarına məlumdur. Eyni zamanda yazardan faydalanan psixoloqlar da olur. Mən universitet dönəmində cinayətkarlıq psixologiyasını araşdırırdım...

– Sizin, deyəsən, diplom işiniz də qadın cinayətləri idi...

– Bəli. Çox maraqlıdır, cinayətkar psixologiyanı araşdırdığım zamanlarda Romanovun “Hüquq psixologiyası”nı oxuyurdum. Cinayətkar psixologiyası, cinayətkarın tərəddüdləri və s. Gördüm ki, bu mənə tanış gəlir. “Cinayət və cəza”nı da ondan əvvəl oxumuşdum. O zaman mən düşünmüşdüm ki, bəlkə də, Romanov “Cinayət və cəza”dan ilhlamlanıb yazıb. Bəlkə də, Raskolnikov ona bir ideya verib. Onun timsalında tədqiqatlar aparıb.

– Günel xanım, incəsənətin digər sahələrindən fərqli olaraq yazıçıların daha çox intihar etdiyi, intihara meylli olduğunu görürük. Hətta yazıçıların psixoloji problemli olduğunu deyirlər, yəni yaranan əsərlərin hansısa travmalardan doğduğuna inananlar var. Necə düşünürsünüz bu haqda?

– Freyd buna sublimasiya deyir. Yəni insanın narahatlıqlarının yaradıcılıq şəklində təzahürü. Bəzi psixoloqlar deyir ki, insanın şəxsiyyətinin inkişafda olmağı, özünü axtarışı onu yaradıcılığa doğru aparır. Bəzi psixoloqlar isə bu kimi patoloji halların təsadüfi şəkildə üzə çıxdığını söyləyirlər. Bu iki zidd fikir bir-birini inkar etmir, əksinə bu hallar mövcud olduğunu deyir bizə.

– Bilirəm ki, siz müasir Azərbaycan ədəbiyyatını izləyirsiniz. Kimləri oxuyursunuz? Kimlər daha çox diqqətinizi çəkir?

– Mən Əli Əkbəri oxuyuram. Çox sevirəm Əli Əkbəri. Nədir məni cəlb eləyən? İntellektuallığı, təhlil qabiliyyəti çox yüksəkdir. Və birtərəfli deyil. Mən bir aralar Ağalar Məmmədovu oxuyurdum, çox bəyənirdim onun yazılarını. Orda da zəkanın gücünü görürük. Ancaq bəzən sanki tərəf tutmaq kimi bir şey gördüyüm üçün bir az ondan uzaqlaşdım. Əli Əkbəri isə daha universal görürəm, daha tərəfsiz, tərəf tutmaqdan uzaq.

– Başqa diqqətinizi çəkən yoxdur?

– Açığı, çoxunu oxuyuram. Sonuncu dəfə Günel Mövludun “Düşərgə” romanını oxudum. Ancaq son vaxtlar niyəsə oxuduqlarıma skeptik yanaşıram. Bəlkə də, bu bizim yazarlara qarşı mənim qüsurlu tərəfimdir.

– Yəqin, düşünürsünüz ki, yaxşı əsər olmaz?

– Seçim imkanı çox olanda üstünlüyü daha çox xarici ədəbiyyata verirəm. Həm də vaxt məhdudiyyətinə görə.

– Bizim yazıçılardan kimin daha çox psixoloqa ehtiyacı var?

– Bəlkə də, psixoloqa ehtiyacı olmağını söyləmək bəziləri üçün pis səslənəcək. Ancaq yaradıcı böhran keçirən yazarların mütləq ki, psixoloqa ehtiyacı var. Hətta onun effektivliyinə də təsir göstərə bilər.

– Sizin müşahidə edib “xəstə” kimi gördüyünüz yazarlar olmur?

– (gülüşmə). Xəstə deməyək, ancaq, məsələn, bəzən görürsən ki, biri isterik çıxışlar edir, başqa birisi populyarlıq qazanmağa çalışır. Məsələn, Seymur Baycan illər əvvəl daha maraqlı idi. Həqiqətən, bir çoxunun səsləndirməyə çətinlik çəkdiyi, yaxud görə bilmədiyi məsələləri üzə çıxardıb bizə çatdıra bilirdi. Ancaq sanki sonradan küskünlükmü oldu, yaxud artıq çatdırmaq istədiklərinə çatmışdı, bilmirəm. İndi onda uzaqlaşma, kənar durma hissləri qabarıq görünür. Tutaq ki, Kəramət Böyükçöl maraqlı bir yazardır, cəlb edir insanı. Məndə belə təəssürat oyanır ki, Kəramətin anladığı, gördüyü, hiss etdiyi daha çoxdur, ancaq sanki bu anladıqlarını çatdıra bilməyəcəyini dərk edib. O, kütlədən çox şey bilir və onu da bilir ki, başa düşdüklərini qarşısındakına çatdırmaq mümkün olmayacaq.

Foto: İlkin Nəbiyev

# 3299 dəfə oxunub

Müəllifin son yazıları

# # #