Elçin Hüseynbəyli: "Üç dəfə evdən imtina edib, yataqxanada yaşadım" - Müsahibə

Elçin Hüseynbəyli, yazıçı

Elçin Hüseynbəyli, yazıçı

31 yanvar 2022
# 09:00

Kulis.az yazıçı Elçin Hüseynbəyli ilə müsahibəni təqdim edir.

- Elçin müəllim, mən yeniyetmə olanda siz daha aktiv idiniz ədəbi mühitdə. İndi sanki sakitləşmisiniz...

- Dəniz də bir də görürsən əsir-coşur, sonra sakitləşir. Gəncliyə çılğınlıq, qiyamçılıq məxsusdur. İnsan böyüdükcə müəyyən dəyərlər yaradır və başlayır həmin dəyərləri qorumağa. Həmin adamlara da müdrik adamlar deyirlər. Düzdü, bəzən müdriklikdən adamların zəhləsi gedir. Əslində isə müəyyən yaşa çatanda anlayırsan ki, müdriklik elə də pis deyil. Mən demirəm ki, müdrikəm. Amma deyirəm, müdriklik yaşına çatanda bilirsən ki, nəyi demək olar, nəyi yox. Kimisə incidə, kiminsə xətrinə dəyə bilərsən. Sən artıq özünü onun yerinə qoymağa başlayırsan. İnsan müəyyən yaşa çatanda başqaları haqqında daha ədalətli mühakimələr yürüdür.

- Ola bilər ki, indi hansısa bir sözü demək sizin üçün çətindir? Ya da hesab edirsiniz ki, desəm, ayıb olar. Sakit bir limana çəkilməyinizin səbəbi bu ola bilərmi?

- Qərb təfəkküründə 60-70 yaşlı yazıçının pornoqrafiyadan, erotikadan yazmağı ayıb sayılmır. Ancaq şərq yazıçıları müəyyən yaşa çatandan sonra başqa mətləblərdən yazmağa başlayırlar. Düşünmürlər ki, həyatın mənası təkcə cinsəl münasibətlərdən ibarətdir. Artıq onlara görə, cismani istəklər yoxdur, tamam başqa dünya, həyat var, insanın duymadığı, hiss etmədiyi başqa-başqa məkanlar, zamanlar var. Bu baxımdan, insan özü də bilmədən dəyişir. Burda da heç bir biclik, diplomatiya yoxdur. Mənim vaxtından qabaq müdrik görünməyə çalışanlardan da, yaşlanandan sonra cavan kimi görünmək istəyənlərdən də xoşum gəlmir. Hər yaşın öz gözəlliyi var. Baba olmağın, cavan olmağın, güclü və hətta zəif olmağın da...

- O vaxt, mən tanıdığım Elçin Hüseynbəyli onu tənqid edənlərə qarşı çox sərt idi, kəskin reaksiyalar verirdi. İndi necəsiz bu barədə?

- Mənim haqqımda obyektiv tənqid yazanlara həmişə minnətdar olmuşam. Çünki bilirəm ki, hər kəsin özünü ifadə etmək, fikrini bildirmək haqqı var. Heç vaxt obyektiv tənqidə aqressiv yanaşmamışam. Tutaq ki, Vaqif Yusifli haqqımda yazıb, özü də çox yazıb. Sağ olsun! Hətta tənqidi qeydləri də olub. Soruşanda ki, buna görə incimirəm, demişəm ki, bu, sizin düşüncənizdir, xoş qarşılamışam. Heç bir əsər mükəmməl ola bilməz.

- Bəs AYO-çular sizi tənqid edəndə reaksiyanız necə olub?

- Mənə qərəzli münasibət göstərənə kəskin reaksiya vermişəm. Düşünürəm ki, axmaq adama, oğruya, fahişəyə mütləq kəskin reaksiya vermək lazımdır. Bu mənada mən peyğəmbər kimi ola bilmirəm. O ki qaldı, AYO-çuların mənim haqqımda kəskin tənqidlərinə, onları xatırlamıram. Artıq onların belə desək, dişlərinin zəhəri gedib. Çünki müəyyən yaşa çatıblar. Onların arxasınca gedən gənclər də gördülər ki, bunun bir mənası yoxdur. Yazıçı ortaya əsər qoymalıdır. Biz isə öz qatarımızla, öz düşüncəmizin arxasınca getdik. Ancaq AYO ona görə dağıldı ki, AYO-nun ortaya qoyduğu konsepsiya doğru deyildi. Onlar yeni ədəbiyyat yaratmaq əvəzinə, yeni dava açırdılar. Onlara elə gəlirdi ki, yeni ədəbiyyatı yaratmaq kimlərisə söyməkdən keçir. Halbuki elə deyil. Sən kimisə söyərək onun yıxılacağını və ondan daha güclü olacağını düşünürsənsə, bu çox mənasız bir işdir.

- İndi AYO-çulara qəzəblisiniz, yoxsa?

- Yox, mən indi onlara qarşı daha mərhəmətliyəm. Çünki qabaqcadan da bilirdim ki, onların tutduqları yol düz deyil. Mən onlara həmişə islahatın tərəfdarı olduğumu demişdim. Müəyyən şeyləri düzəltmək üçün mütləq qarşılıqlı şəkildə bir-birimizi başa düşməliyik.

- Məncə, sizin özünüz də estetik mənada AYO-çulara yaxın idiniz.

- Mən modernist yazıçıyam, onlar isə modernist görünməyə çalışırdılar. Fərqimiz bundadır. Heç kim deyə bilməz ki, Elçin Hüseynbəylinin ortaya qoyduğu romanlar, hekayələr mühafizəkar düşüncənin məhsuludur. Hamı bilir ki, bu yetərincə mütaliəli, dünyaya panoram baxan, dünyanı bütün rəngləri ilə qavraya bilən və həmin rəngləri də öz laboratoriyasından keçirib təqdim edən yazıçıdır. Amma bir də var cığallıq eləyəsən. Cığallıq çayxanada ola bilər. Ədəbiyyatda isə cığallıq əsərlə ölçülür. Bilmirəm, yadındadırsa, o vaxt biz “Eqo” yaradıcılıq ordeni təşkil eləmişdik. İdeya müəllifi də mən idim. İstedadlı bildiyim adamları da öz ətrafıma yığmışdım. O vaxtı “Yeni Müsavat” qəzetində qoşa səhifədə çap olunurduq. Həm gündəmə münasibət bildirirdik, həm də maraqlı əsərlər ortaya qoyurduq. Və yaxşı da qonorar alırdıq. Məhz elə bundan sonra ədəbiyyatda canlanma yarandı. “Eqo” bir mərhələ idi.

- Elçin müəllim, o dönəmlər sizin romanlarınız daha çox görünürdü. Hətta daha çox romanla görünən siz idiniz...

- Bəli, bizim ədəbi nəslin ilk romanını da mən yazdım. Məndən sonra cəsarətlənib roman yazanlar oldu. Özü də mən onda jurnalist kimi işləyirdim. Bu mənada çətin idi roman yazmaq.

- Həmin vaxt bəziləri deyirdi ki, Elçin Hüseynbəylinin romanları xarici romanların təsirindən yaranır...

- Bir neçə dəfə bu cür qərəzli yanaşmalar olmuşdu. Amma mən o vaxtlar onlara kifayət qədər yaxşı cavab verdim. Bilirsən, hamı təsirlənə bilər. İstedadlı adam isə istedadlı əsərdən təsirlənib ortaya yaxşı bir əsər qoyur. Təsirlənməyə pis baxmaq olmaz. Yazıçı öz üslubunu tutandan sonra başqalarını təsirləndirməyə başlayır. Məsələn, yadımdadır ki, sənin ilkin hekayələrin məndən təsirlənmə idi. Bizim bir neçə cavan yazıçı da məndən təsirlənmək istədi. Ancaq onlarda o nəfəs çatmadı. Təsirlənmək olar, lazımdı hətta. Məsələn, mən Prustdan, Bunueldən, Selincerdən, Platonovdan, Bekketdən təsirlənmişəm. Zamanla isə bu təsirlənmələr getdi, yazdıqlarım onları üstələdi və tamam başqa əsərlər ortaya çıxdı.

- O dövr tərcümələr az idi. Belə bir iddia da irəli sürürdülər ki, Elçin Hüseynbəyli rusca xarici romanları, yapon ədəbiyyatını oxuyur və ordan nələrsə götürür...

- İndi şükür Allaha dünya açıq dünyadır və o xarici əsərlər də, yapon ədəbiyyatı da Azərbaycan dilinə tərcümə olunub. Bir fakt ortaya qoysunlar, mən də razılaşım. Bunlar hamısı qərəz və paxıllıqdır. İnsan yaza, uğura çata bilməyəndə onda paxıllıq yaradır. Vaqif Yusifli 96-cı ildə haqqımda yazdığı yazıda qeyd etmişdi: yaşıdlarından bir boy hündür görünən yazıçı. İndi o qərəzlə danışanlar var ha... Hanı onlar? Yoxdular. Doğrudan onlar hesab edirdi ki, haqqımda üç böyük yazının müəllifi Tofiq Hacıyev rus dilində bilmirdi? Yaxud Anar müəllim bilmirdi rus dilində? O da haqqımda iki məqalə yazıb. Ən gənc yazıçıdan, ədəbiyyatşünasdan tutmuş yaşlısına qədər haqqımda 250-dən çox yazı yazılıb. Yadımdadır, sənin AYO-çu dediklərindən biri, adını çəkmək istəmirəm, bir dəfə mənə dedi ki, sizin yol düzgün yol deyil, biz populyar olmaq üçün gərək bir-birimizi tənqid, hətta təhqir edək. Onlar ədəbiyyatda şou-biznes yaratmaq istəyirdilər. Bu mənim yolum deyil. İndi onlar yoxdur. Onların hücumları da yoxdur. Hətta onlar hücum etsələr belə, mən bunu Don Kixotun yel dəyirmanı ilə vuruşmağına bənzədərdim...

- Sizcə, AYO nəyə nail olmadı?

- Ola bilsin, onlar bizim adımızı çəkməklə xeyrimizə işlədilər. Ancaq onlar nəyə nail oldular, onu bilmirəm. AYO-nun qurucularından biri müsahibəsində belə demişdi: “Təəssüf ki, biz qovğaların, davaların ucbatından ədəbiyyat magistralından kənarda qaldıq”. Tamamilə doğru düşüncədir. İndi bunlar baxır ki, Elçin Hüseynbəyli məktəbdə, universitetlərdə tədris olunur, şagirdlər, tələbələr mənim əsərlərimdən imtahan verirlər. Bunlar hardadır bəs? Niyə məni tədris edirlər? Bəlkə, mənim vəzifəm var? Bəlkə, böyük bir nəslin pullu övladıyam? Sadəcə olaraq insan dəyər qoymalıdır ortaya.

- Onların arasından yaxşı bir imza çıxmadı?

- Yox, mən demirəm ki, onlar istedadsız idi. Yaxşı imzalar yetişdi orda.

- Rasim Qaraca, Həmid Herisçi, Murad Köhnəqala...

- Murad yaxşı şairdir. Ancaq Həmid Herisçi ilə Rasim Qaracanı heç vaxt ciddiyə almamışam.

- Niyə?

- Məsələn, Həmid Herisçi publisistikası ilə gündəmə gələ bilərdi. Əgər onunla məşğul olsaydı. Rasim Qaraca düşüncə etibarı ilə inqilabçı, qiyamçı ola bilər, ancaq poetik düşüncəsi çox dardır. Ona görə də Rasim “birlər” yazırdı. Mən bu cür “birlər”ə, xırda yazılara ciddi yanaşmıram.

- Seymur, Günel, Aqşin bəs?

- Düzü, adamları saf-çürük eləməzdim. Belə bir məşhur deyim var: aqillər ideyaları, ariflər problemləri, adamlar isə adi adamları müzakirə edirlər. Amma bəzi fikirlərimi deyim: Aqşin yaxşı şair idi, açığı, indi oxumuram deyə bir şey deyə bilməyəcəm. Seymurun publisistikası yaxşı idi, nasir kimi mən ona ciddi yanaşmıram. Günel Mövludun maraqlı müsahibələri var idi. O, başqa nə yazırdı, bilmirəm. Yadımda qalmayıb.

- Elçin müəllim, bu yaxınlarda Qarabağın azad olunmasından sonra belə bir söhbət dolaşırdı ki, indiyə qədər Qarabağdan yazılmış əsərlər də aktuallığını itirdi. Nə düşünürsünüz bu haqda?

- Bu da boş, çürük düşüncədir. 41-45 müharibəsi haqda yazılan, yaxud Homerin yazdığı aktuallığını itirdimi? Bəlkə, Troya müharibəsi barədə yazılan əsərlər, filmlər maraqsız oldu? Əlbəttə, yox. Yenə deyirəm, bunlar yaza bilməyənlərin cırnamağıdır. Deyirlər ki, ordu gəldi, Qarabağı aldı və sizin əsərləriniz heç oldu. Yalandı, boşboğazlıqdı, sərsəm fikirlərdir. Yaxşı ədəbiyyatın, yaxşı əsərin zamanı və dövrü yoxdur. Mənim üçün ədəbiyyatın predmeti müharibə deyil, qələbə də deyil. Mənim üçün ədəbiyyatın predmeti insandır.

- Elçin müəllim, siz həm publisistika, həm də bədii əsəri eyni vaxta yaza bilirsiniz. Bunu necə bacarırsınız?

- İndi üç romanı paralel işləyirəm, üstəlik publisist yazılar yazıram. Mənim təfəkkürüm nəyə yatırsa, onu da yazıram. Yazmağa ərincək deyiləm. Yazmaqdan çox, pozmağı sevirəm.

- Çox vaxt gənclər deyir ki, publisistika bizi məhv edir, bədii təfəkkürü öldürür. Ona görə də publisistika, jurnalistika ilə məşğul olanlar roman, hekayə yaza bilmədiklərindən gileylənirlər...

- Yəqin ki, onların enerjisi yetərli deyil. Ya da nəyisə düz hesablamırlar. Bir nəfər dostundan soruşur ki, niyə səndə hər şey uğurlu alınır. Sevdiyin işlə məşğul olursan, sevdiyin qadınla ailə qurursan. Dostu deyir ki, çünki mənim özümə yazığım gəlmir. Bu sözün altında çox böyük mətləblər var. İnsanın özünə yazığı gəlməməlidir. “Mən istedadlıyam, hamı mənə kömək eləməlidir” – bu boş fəlsəfədir. Sən istedadlısansa, işini gör, onsuz da, sənə kömək edəcəklər. Əgər cavan özünü, ədəbiyyat meydanını, panoramı görə bilmirsə, ona yüz dəfə məsləhət ver, xeyri yoxdur.

- Sizi bu mənada xoşbəxt saymaq olar yəqin ki. Yazırsınız, yoldaşınız da redaktə edir. Sanki bir mənada sizə kömək edir...

- Deyirlər, atı, arvadı, silahı tərifləməzlər. Mənim yoldaşım peşəkar redaktordur. Ancaq yazılarımın ona heç bir aidiyyatı yoxdur. Əksinə, mən yoldaşımın redaktəsinə uysam, əsərlərimi daha çox inşa üstündə yazardım. Çünki o istəyir ki, yazıları həddən artıq səliqəyə salsın. Ona deyirəm ki, mən obrazlı yazıram, sənin dediyin isə inşa düşüncəsidir. O baxımdan da yoldaşımın mənə elə təsiri yoxdur. Amma üstümdə zəhməti var. Çünki həmişə məni anlamağa çalışıb. Özü də mənim yazıçı kaprizim yoxdur. Çalışmışam ki, həyat yoldaşım mənə bir arxa kimi, uşaqlarım da ata kimi baxsınlar. Elə belə də olub.

- Müəllim, sizi eqoist kimi tanıyırlar.

- Məndə eqoizm yox, narsistlik var. Eqo pis deyil. Əslində, hər bir kəsin eqosu olmalıdır. İki cür eqo var: mütərəqqi, mürtəce. Mürtəce eqolular öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardır. Mütərəqqi eqo isə öz xoşbəxtliyini özü üzərində qurur. Ümumiyyətlə, insanın konstruksiyasında hər şey toplanıb. Emosiyalar, sevinc, kədər, qəzəb, nifrət və s. Bir dəfə keçmiş iş yoldaşlarımdan biri mənə demişdi ki, sizi təkəbbürlü biri bilirdim, müşahidə eləyəndən sonra gördüm, siz qürurlu adamsınız, heç kimin qabağında əyilən deyilsiniz. Ona görə kənardan həmişə hamıya başqa cür görünmüşəm. İnsan gərək qürurlu olsun. Hər kəsin tamahı, nəyəsə umacağı var. Ancaq insanın nəfsi də var. Məsələn, mən dilənçiyə ona görə pul verirəm ki, eqomu təmin eləyim. Bəlkə, o “moşşennik”dir. Amma bu məni maraqlandırmır. “Moşşennik”dir, hər nədir, dəxli yoxdur, o artıq qabağımda əyilib məndən nəsə istəyir. Mən ona pulu verməsəm, özümü pis hiss eləyərəm. Ona görə deyil ki, o bunu istəyir. Ona görə ki, bunu mən istəyirəm. Onlara yazığım gəlir. Çünki aralarında, həqiqətən də, maddiyyata ehtiyacı olanlar da var.

- Siz əvvəl əks cəbhədə idiniz, AYB-ni də ara-sıra tənqid edirdiniz, sonra AYB-də işə düzəldiniz. Xarakterinizdə, düşüncənizdə nələrsə dəyişdimi?

- Mən əvvəl də bütün ədalətsizliklərə qarşı idim, indi də eləyəm. Yazıçı həmişə müxalif düşüncədə olur. Bu isə nə hansısa birliyə, nə də dövlətçiliyə maneə yaradır. Əksinə dövlət məhz bu cür düşünən insanların sayəsində qurulur. Bizim çatışmayan tərəflərimizi hamımız bir yerdə düzəltməliyik. Bunu təkcə dövlətin üstünə yıxmaq olmaz: öz fikrimizlə, ictimai rəylə. Xarakter heç vaxt dəyişmir. Ancaq yaş keçdikcə hadisələrə daha müdrik, daha ağıllı, daha təmkinli yanaşırıq. İnsan yaltaq, yalançı, qorxaq olmalı deyil. Ədalətli və humanist olmalıdır. Ancaq insan həm də haqqı olanı geri çevirməməlidir. Qamarlamaq yox, ona çatanı istəməlidir. Məsələn, mən çox şeydən imtina eləmişəm. Maddiyyata bağlı adam deyiləm.

- Hansı maddi şeylərdən imtina eləmisiniz?

- Bunu deməyə elə də ehtiyac duymuram. Üç dəfə evdən imtina eləmişəm. Bakı şəhər İcra Hakimiyyətində işlədiyim vaxt ev verirdilər, razı olmadım, yataqxanada yaşadım. Dedim, Ermənistandan əli-ayağı yalın adamlar gəlir, o evi götürmək olmaz. Yazıçılar Birliyindəki ev növbəsindən də imtina eləmişəm. Daha bir evi isə gənc mütəxəssis kimi vermək istəyirdilər, mən qaçqınların xətrinə o evdən də imtina elədim. Ancaq imtina elədiklərim sonradan mənə qayıdıb.

- Cəmiyyətin imtina edən, etiraz ruhlu yazıçıya simpatiyası daha çoxdur, nəinki titullu, vəzifəli yazıçıya. Çoxları düşünür ki, yazıçı həmişə etiraz eləməli, üsyankar olmalıdır...

- O cür düşünən adamların bu fikri sosial bərabərsizlikdən qaynaqlanır. Ədalət axtarışında olan adamlar kimisə qabağa vermək istəyirlər. Amma səndən etiraz eləməyi tələb edənlərin çoxu mağaza işlədir, pulludur, di gəl, sənin kitabını almır. Ona görə də, qurbanlıq quzu heç kimə gərəkli deyil. Hər insan öz düşüncəsinin, mövqeyinin bəhrəsini yeyir. Sənin bu sualın başqa bir cəmiyyətdə başqa cür müzakirə olunardı, yəqin. Çünki orda başqa dəyərlər var. Ancaq bizim yaşadığımız cəmiyyətdəki qaydalar başqadır. Məsələn, bir dəfə bir nəfər mənə demişdi ki, cütlüklərin vətəndaş nikahında yaşamağına necə baxırsan. Mən də demişdim ki, buna hazır deyiləm. Zaman dəyişir, dövr və düşüncə də dəyişir. Ola bilsin, mənim nəvələrim buna hazır olacaq.

- Sizin “Don Juan”, “Yol ayırıcında qaçış” kimi romanlarınız daha çox Qərb təfəkküründə yazılıb. Halbuki, siz özünüzü şərqli hesab edirsiniz.

- Mən əqlən qərbli, qəlbən şərqliyəm. Ona görə də romanlarımda sintetika, sintez güclüdür. Bu, həm romanın strukturuna, həm də düşüncəsinə, mahiyyətinə aiddir. Məndən asılı olan şey deyil. Sadəcə olaraq yazıçı düşüncəm belədir. Mən qəsdən modernist olmuram, o cür düşünürəm. Heç vaxt tapdanmış cığırla getməmişəm, öz yolumla getmişəm. Azərbaycan ədəbiyyatında nə dərəcədə uğurlu olmuşam, deyə bilmərəm. Maraqlı yazıçı olduğumu isə deyə bilərəm...

- Romanlarınızın istiqaməti fərqli olur həmişə. Ya tarixə ekskursiya edirsiniz, tutaq ki, “Yenə iki od arasında” romanınızda, yaxud da belletrist yazırsınız, məsələn, “Yol ayrıcında qaçış...”

- Sadəcə yazıçı düşüncəm bu cürdür. Bu yaxınlarda Anar müəllim təklif elədi ki, Əhməd bəy Ağaoğludan roman yazım. Dedi ki, bu ədəbiyyat tariximizin üçün də gözəl bir iş olar. Amma Əhməd bəy Ağaoğlu ağ vərəqdir. Özü haqqında hər şeyi deyib də, yazıb da. Oturdum fikirləşdim. Sonra tapdım nə yazacağımı. Hələ ki hazırlıq mərhələsindəyəm. Amma sən artıq tapdınsa, o biri əhvalatları tapdığının üstünə yığacaqsan. O süjet, o intriqa başqasının ağlına gəlməyə bilər, ancaq mənim ağlıma gəlir. İnsan düşüncəsi bir yerdə qala bilməz...

- Mənim üçün sizin yazı ritualınızda qəribə gələn bir məqam olmuşdu. Demişdiniz ki, evdə heç vaxt bədii əsər yazmamışam...

- Açığı, mən pişik, yaxud pələng kimi öz ərazisini “metkalayan”, öz ərazisini sevən, ora heç kimi buraxmayan adamam. Ona görə də bir yerə uyğunlaşmasam, ora öyrəşməsəm, yaza bilmirəm. Bax, bu (sağdakı masanı göstərir – A.A) mənim yaradıcı stolumdu, bu isə (soldakı masaya işarə edir – A.A) məmur stolum (gülüşmə). Mənim üçün bir küncə, bir yerə öyrəşmək psixoloji məqamdır. Tutaq ki, mən Turan Agentliyində işləyəndə ətrafımda nə qədər adam qışqırsa, səs-küy yaratsa da, onları eşitmirdim, öz yazıma köklənirdim. Sonra da informasiyanı redaktə edirdim, yəni işimə qayıdırdım. Bir işdən başqa bir işə keçid məndə rahat alınır. Mənə görə, ədəbiyyat düşüncə prosesidir, yazı prosesi deyil. Yazını düşünürsən və yalnız sonra kağıza köçürürsən, indiki zəmanədə isə kompüterin yaddaşına.

- Elçin müəllim, 60 yaşınız tamam oldu. Arzularınız nədir? Fəxri ad gözləmirsiniz? Xalq yazıçısı olmaq...

- Mən ad xəstəsi deyiləm. Sadəcə düşünürəm ki, ad varsa, onu zamanında almaq lazımdır. Azərbaycanda da elə adamlar var ki, onlara ad verilməli, onlar təltif olunmalıdır. Yaradıcılığıma verilən qiymətdən də narazı deyiləm. Demək olar, bütün ödülləri almışam, dövlətimiz tərəfindən dəfələrlə təltif olunmuşam. Bu, həm də mənim düşüncəmə, həyat tərzimə verilən qiymətdir...

Foto: İlkin Nəbiyev

# 4720 dəfə oxunub

Müəllifin son yazıları

# # #