Stalinin sevmədiyi İran

Aqşin Yenisey, yazıçı, şair

Aqşin Yenisey, yazıçı, şair

15 oktyabr 2021
# 14:10

Kulis.az Aqşin Yeniseyin “Fukonun sevdiyi, Stalinin sevmədiyi İran” yazısını təqdim edir.

Etnoqrafiya elmində belə bir inanc var ki, nə indiki italyanlar, nə indiki çinlilər, nə indiki farslar, nə indiki yunanlar, nə indiki türklər və s. qədim tarixdəki əcdadlarının eynisi və davamçısı deyillər. Şərqşünas Bernard Luisin dediyi kimi, hər bir yeni nəsil Homeri, Avqustini, Vergilini öz çağının dilinə tərcümə etməyə məhkumdur. Çünki yüz il əvvəl ingiliscəyə çevrilmiş Homer bu günün ingiliscəsində artıq çətin başa düşülür. Eləcə də qədim mədəniyyətlər də öz varlıqlarını qorumaq üçün hər yeni nəsildən onları "dirildən” uzmanlar yetişdirməyə məhkumdurlar. Tarixin bir "şeyxnəsrullahlıq” öhdəliyi var.

Qonşumuz İran da bu mədəniyyətlərdən biridir, öz qədimliyini qorumaq üçün dəmbədəm öz "şeyxnəsrullahlarını” yetişdirməyə məhkumdur.

Məhəmməd Əmin Rəsulzadənin Stalin haqqında xatirələrində Stalin İran haqqında belə deyir:

"Orada (İranda) nəinki respublika, konstitusiyalı monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir iş olardı. Sosializm və kommunizmin prinsiplərini oralarda tətbiq etməyə girişmək avantüradan başqa bir şey deyil”.

Bütün dünyanı sosializm və kommunizm prinsipləri ilə yeniləmək üçün "dünya inqilabı”na hazırlaşan və bundan ötrü 59 ingilisi şəxsən öz əliylə öldürdüyünə görə öyünən qətiyyətli bir inqilabçı İrana gəlincə, oralarda heç bir yenilənmənin olmayacağı ümidsizliyinə qapılmışdı.

Hadisələrin təsadüfiliyini bəri başdan inkar etmək üçün təsadüf anlayışına əlüstü bir tərif verək: Təsadüf - bir müharibədə müdafiə zərurəti üzündən torpağa basdırılan və unudulan, illər sonra başqa bir müharibədə hücum zamanı zərurət olmadan partlayan və bəlkə də, bu müharibənin taleyini həll edən zaman əleyhinə minadır. Tarixdə təsadüf yoxdur.

İndi sözümüzün əvvəlinə qayıdaq, nə üçün Rusiya, Çin, İran, Türkiyə kimi böyük və mədəniyyət beşiyi olan ölkələrdə modernizasiya prosesi texniki, mexaniki məsələ olaraq qaldı? İnsan haqları, demokratiya, söz və fikir azadlığı kimi modern dəyərlər qədim ənənələri üstələyə bilmədi? Nə üçün bu ölkələrdə cəmiyyət altdan həmişə avtoritarizmə meyilləndi? Demokratikləşmə iddiaları xarici kəşfiyyat orqanlarının arzusu kimi reallaşdı və qiymətləndirildi?

1978-ci il islam inqilabı zamanı filosof Mişel Fuko jurnalist qiyafəsində İrana gələrək şah ordusu ilə əliyalın döyüşən inqilabçıları görəndə İranı yeniləmək istəyən "müştərək iradə”yə heyran olduğunu yazmışdı. Fuko inqilabçı-fransız babalarının ruhuna uyğun olaraq şahla birlikdə İranda totalitarizmin də yox olacağına o qədər inanmışdı ki, əsl jurnalistə xas olan "İran: Ruhsuz dünyanın ruhu” kimi populist başlıqlarla bəzədilmiş yazılar göndərmişdi Fransa qəzetlərinə.

Halbuki İranda bir köhnəlik (din) başqa bir köhnəliyi (şahlığı), həm də yenilənmək istəyən bir köhnəliyi devirmək üçün ayağa qalxmışdı. Mədəniyyət tarixinin ən dərin qatlarında fit çala-çala arxeoloqluq edən Fuko belə zamanında bu qədim ölkədə nələrin baş verdiyini düzgün qiymətləndirə bilməmişdi. Sonra baş verənləri görüncə, Avropada ünvanına söylənən söyüşləri haqq etdiyini düşünüb peşman oldu.

Siyasətin gələcəyinə, tarixin üfüqlərinə eqosunun binokulu ilə baxanlar nəzəri və praktik bilgilərin içindən ancaq şəxsi iddialara gərəkənləri seçənlər, analiz bacarığından məhrum beyinlər, adətən, bu sualların cavabında cəmiyyətin, xalqın yaxasını qırağa çəkərək, səbəbi yalnız hər kəsin görə və anlaya biləcəyi səthi qatda, birbaşa hakim zümrələrdə axtarırlar.

Ancaq aşağıda verəcəyimiz sosioloji sorğuların nəticələri və hadisələrə neytral ağlın gözü ilə baxanlar tamam fərqli məsələlərdən danışırlar.

Qərbdə dinin Maarifçilik və modernizm kimi hərəkatlarla əvəzlənməsi oralarda yaşayan insanları cəmiyyət halında həmrəy edən dəyərləri də dəyişdi. İnanc, adət-ənənə həmrəyliyinin yerinə söz və fikir azadlığı, rasionallıq, fərd, insan haqları, ictimai müqavilə, dünyəvilik, demokratiya, bərabərlik, elmi düşüncə kimi anlayışlar gəldi. İqtisadi azadlıqlar dövləti vətəndaşdan, büdcəni şəxsi ciblərdən asılı vəziyyətə saldı.

Bütün bunlar yuxarıda adını çəkdiyim qədim mədəniyyətin varisləri olan ölkələrdə yuxarılar cəhd göstərsələr belə, baş vermədi. Bu ölkələrdə insanlar modern haqların deyil, ənənəvi ümumi qorxuların ətrafında kollektivləşərək, təşkilatlanaraq yaşadılar.

Ankaraya köçdüyümüz günlərdə qonşuların bizi ziyarətə gələrkən əllərində bir qab yeməklə gəldiyini görəndə, artıq alicənablıq statusu qazanmış bu hərəkətin nə qədər qədim bir qorxunun qalığı olduğunu düşünürdüm. Bu qorxu "bir qab yemək” şəklində simvolik olsa da, hələ də yaşayırdı və bu qədim qorxu bizi yeni qonşularımızla həmrəy edən ilk dəyər idi.

Bu tip ölkələrdə iqtisadi azadlıqların olmaması, ya da hakim düşüncə ilə dil tapmağa məcbur edilməsi vətəndaşı dövlətdən asılı vəziyyətdə saxladı. Kütlə dövlətə xilaskar gözüylə baxdı. O, xilas edəndə müqəddəsləşdirildi, xilas edə bilməyəndə daş-qalaq olundu.

Qədim və ümumi qorxuların yaratdığı həmrəylik insanları cəmiyyət deyil, icma halında yaşamağa məcbur etdi. İcmada yad, başqası, düşmən olmadığını göstərmək üçün oradakılara oxşamağa, oradakıların eynisi olmağa məhkumsan. İcmada kişilər hər şeyləri ilə bir-birini yamsılayırlar. Qadınlar şəxsi zövqlərinə və bədən ölçülərinə görə deyil, bir-birinə baxaraq geyinirlər. Cavan oğlanlar kütləvi şəkildə ümumi görünüşə, eyni formalı saqqala, saç düzümünə qulluq edirlər. Qızlar rəfiqələrinin xoşbəxtliyinin eynisini istəyirlər.

Sanki ictimai bir zavod var və bu zavod mövsümə uyğun insanlar istehsal edir. Belə bir zavod həqiqətən var, bu zavodun adı xalqın xarakterində üzə çıxan onun milli təfəkkürüdür. Bu zavodun yetirmələri dünya bazarından xarakterlərinin milliliyinə uyğun geyimləri alıb gətirdiyi kimi, xarakterlərinin milliliyinə uyğun hakimiyyət formaları da yaradırlar.

İran, Rusiya, Türkiyə, Çin kimi qədim mədəniyyətin varisləri olan ölkələrdə avtoritarizmə meyl aşağıların gizli istəyidir ki, Fuko bunun adına biohakimiyyət deyirdi. Biohakimiyyətdən tələb olunan vəzifə yuxarıda adını çəkdiyimiz "ictimai zavod”un istehsal prosesini tənzimləməkdir.

Çünki bu ölkələrdə insanlar şifahi, "bir qab yemək” kimi könül xoşluğuna əsaslanan dəyərlər ətrafında həmrəy olduğu üçün hər kəsdə həm də o birinə arxayın olmamaq, etibar etməmək, inanmamaq kimi gizli bir qorxu da var. Hətta bu klassik həmrəylikdən doğan ümumi inamsızlığı müdrik bir xəbərdarlıq halına da salıblar: "Qonşuya ümid olan şamsız yatar”.

Adını çəkdiyimiz ölkələrdə avtoritarizmə meyil də klassik həmrəyliyin özü ilə gətirdiyi bu ümumi inamsızlıqdan güc alır. Necə? Primitiv bir nümunə; təsəvvür edin, sizin bir az artıq pulunuz var və evinizə əlində bir qab yeməklə gəlsə də, qonşunuza etibar etmirsiniz, çünki beyninizdə "qonşuya ümid olmamaq” kimi qədim bir kod yerləşdirilib. Pulu saxlamaq üçün qonşunuzun tanımadığı üçüncü bir adama verirsiniz. Sizdən xəbərsiz qonşunuz da sizə etibar etmədiyi üçün pulunu o üçüncü adamda gizlədir. Siz bir-birinizə inanmadığınız və etibar etmədiyiniz üçün bir-birinizdən xəbərsiz, əslində eyni adamda gizlənmiş və qorunmuş olursunuz. Sosioloqlar da bunu deyir, amma daha elmi, daha qəliz şəkildə. Onlar da – sözsüz ki, hamısı yox – avtoritarizmi yaradan səbəblərin başına ictimai etibarsızlığı, kütləvi inamsızlığı qoyurlar.

Avtoritarizmə meylli olan cəmiyyətlərdə insanların bir-birinə etibar etməməsi, güvənməməsi nəticədə onların tək bir nəfərə etibar etməsinə, güvənməsinə gətirib çıxarır.

Təkallahlılıq da belə yaranıb, hər yəhudi qəbiləsinin başqa bir Allaha inandığı çoxallahlılıq dövründə bir yəhudi o birinə inanmırdı, etibar etmirdi, ona görə Assuriya ordusunda muzdlu döyüşçü olmaqdan başqa işləri-gücləri yox idi. Pul alıb yad xalqlar uğrunda ölürdülər. İbrahim bu milli faciəni gördü və yəhudilər üçün təkallahlı bir ideologiya yaratdı. Nəticədə hamı təklif olunan ümumi Allahın ətrafında birləşməyə məcbur oldu; ümumi inam, ümumi etibar və etiqad naminə. Təkallahçı peyğəmbərlər iddia edildiyi kimi, göydəkinin lütfü yox, aşağıdakıların sosial sifarişi idi. Onlara baxıb Roma xalqları təkallahlılıq ətrafında birləşdi. Ən axırda ərəblər bu ənənəni özününküləşdirdilər.

Beləliklə, bir-birinizə etibar etməyib pulunuzu verdiyiniz şəxs sizi öz kapitalınızdan asılı vəziyyətə sala bilir, əgər ağıl sarıdan o da sizin tayınız deyilsə. Bunun üçün o, sizi bir-birinizə qorxu mənbəyi kimi təqdim edir. Beləliklə, siz başqasının əlində olan kapitalınızın əsarəti altında yaşamağa könüllü razı olursunuz və bu könüllülüyü xoşbəxtliyə çevirən sizin və pulunuzun başqası tərəfindən təmin olunan təhlükəsizliyidir. Buyurun, bu da sizə özünüzün yaratdığınız avtoritarizm.

Ona görə də Rusiya, Çin, İran, Türkiyə kimi qədim ölkələrdə avtoritarizm daim qorxu amilini diri saxlamağa çalışır, daim məlum və naməlum təhlükə mənbələri yaradır, onları mütəmadi yeniləyir. Avtoritarizm özünü cəmiyyətin təhlükəsizliyinin qarantı imicinə soxur. Cürbəcür "düşmənlər” icad edir, bu "düşmənlərin” varlığı sizi təcavüzə uğramaq, işsiz, evsiz qalmaq qorxusu ilə əndişələndirir. Siz şizofren xəstələri kimi hər yerdə o düşməni axtarırsınız, hamıdan, hər kəsdən şübhələnirsiniz, beləliklə, bir-birinizə inamsızlığınız bir-birinizə düşmən gözü ilə baxmaq ehtiyatkarlığına çevrilir.

İngilis filosofu Tomas Hobbs, bəlkə də, adını çəkdiyim ölkələr üçün deyirdi: "İdarəetmə strategiyasını xalqın öz təhlükəsizlik qayğısı üzərində quran avtoritarizm xalqa bu qayğıdan azad olmaq üçün öz iradəsini monarxa təhvil verməkdə göydəndüşmə bir bəhanə olur”. Təhlükəsizlik qayğısından azad olma rahatlığı cəmiyyətdə ictimai etimad məsələsinin də əhəmiyyətini azaldır.

İranın öz qədimliyini qorumaq üçün düşmənə ehtiyacı var. Eko yazır ki, "Soyuq müharibə”dən sonra ABŞ strateqlərini dərd götürdü ki, SSRİ dağıldı, indi Amerika xalqını hansı düşmənə qarşı birləşdirəcəyik. Tezliklə düşmən tapmasaq, Amerikan kimliyi iflasa uğrayacaq.

Və tezbazar Bin Ladeni yaratdılar!/qaynarinfo.az

# 7865 dəfə oxunub

Müəllifin son yazıları

# # #