İsa peyğəmbər tənbəlliyi təbliğ edirdi

Aqşin Yenisey, yazar

Aqşin Yenisey, yazar

12 noyabr 2021
# 10:10

İnsan ikiayaqlı olandan bəri tarixin bütün dövrlərində həyatının iş və boş saatları uğrunda həmişə mübarizə aparıb; yəni işləmək, qazanmaq haqqı olduğu kimi, dincəlmək, xərcləmək haqqının da olduğunu tələb edib. Hələ İsa peyğəmbər xalq qarşısında etdiyi çıxışlarının birində deyirdi: "Tarlalarda çiçəklənən zanbaqlara baxın. Nə işləyirlər, nə də yun əyirirlər. Ancaq sizə deyim ki, Süleyman öz əzəməti ilə onlardan daha cazibədar geyimlərə sahib deyildi”.

Bu çıxışı ilə İsa peyğəmbər sonradan onun bu çağırışını danacaq xristianlığın lüteranizm, kalvinizm, puritanizm hərəkatlarından fərqli olaraq xalqı işləməyə deyil, tənbəlliyə dəvət edirdi. Onları "zanbaqların gözəlliyinə dalmağa”, yəni təbiətdən ayrı düşməməyə, bir növ, insani dəmyəçiliyə çağırırdı.

Mədəniyyət tarixçisi Vil Durant IV cildlik "Mədəniyyətin təməlləri” kitabının ön sözündə yazır ki, insanoğlu bu günəcən mədəniyyət adına nə yaradıbsa, hamısını iş vaxtına deyil, boş vaxtına borcludur. Bu elm adamına görə, mədəniyyətin şəhərlərdə yaranmasının ən vacib səbəblərindən biri şəhər mühitində bəzi insanların daha çox boş vaxtının olması idi. Şəhərlərin (mədəniyyətin) yaranmasına qədər insan qrupları çöllərdə ancaq qarınlarının əmrlərini yerinə yetirir, "ya ziyafət, ya aclıq” deyə heyvani bir şüurla yaşayırdılar. İbtidai insanın bütün vaxtı qida axtarışına və yuxuya xərclənirdi. Bütün günü ya Robinzon kimi yemək axtarmaqdan, ya da Oblomov kimi yatmaqdan boş vaxtları olmurdu.

"Boş vaxt fəlsəfənin anasıdır” deyən antik yunanlar üçün "boş vaxt” anlayışı, əslində, bədənin deyil, beyinin "iş saatları” kimi başa düşülürdü. "Boş vaxt” dedikdə yunanlar ali dəyərlər haqqında düşünmək üçün ayrılan vaxtı nəzərdə tuturdular. Yunanlara görə, aristokratlarla kölələri bir-birindən ayıran sərvətin çoxluğu, azlığı deyildi, hansının daha çox boş vaxtının olub-olmaması idi. Aristokrat demək, düşünməyə boş vaxt olan adam demək idi. Kölə belə bir imtiyazdan məhrum idi. Yəni qədim Yunanıstanda "boş vaxt” sinfi münasibətləri müəyyən edən bir dəyər idi. Yunanlar fiziki işi azad insan üçün təhqir hesab edirdilər.

Qədim Roma da isə boş vaxtın heç bir sinfi, siyasi, fəlsəfi anlamı yox idi. Romalılar (eynən bizim kimi) "boş vaxt” dedikdə ancaq işdən sonra yeyib-içməyə, eyş-işrətə, əyləncəyə xərclənən zamanı nəzərdə tuturdular. Romalılar mədəniyyətə iş saatının məhsulu kimi baxırdılar. Ona görə də, antik Yunanıstanda mədəniyyət dedikdə ağla dramaturgiya və fəlsəfə, Roma dedikdə isə memarlıq və mühəndislik əsərləri gəlir.

Təsadüfi deyil ki, bu gün "möhtəşəm” dediyimiz mədəni abidələrin əksəriyyəti feodalizm dövrünün məhsuludur. "Yumşaq quldarlıq” da deyə biləcəyimiz feodal sistemdə insanlar daha çox oturaq əməklə, təsərrüfatla məşğul olduqları üçün düşünmək və yaratmağa boş vaxtları da qalırdı. Hətta bu gündə də insanlıq sənət dünyasında feodalizm şüurunun hegemonluğunu aşa bilməyib, nəinki aşa bilməyib postmoderinzm adı altıda yenidən həmin çağa üz tutub. Özünü modernist adlandıran sənət adamlarının əsərlərində belə feodal çağın izləri yaşamaqdadır. Kafka modern dünya bürokratiyasını Orta əsr "Qəsr"i ilə ifadə edirdi, yaxud digər modernst Müzilin "Xaraktersiz adam” əsərinin qəhrəmanı yaşamaq üçün qədim bir malikanəni kirayələmişdi və müasir həyata o qədimliyin pəncərəsindən baxırdı. Kubist Pikassonun, sürrelist Dalinin ana fiqurları təhrif olunmuş Orta əsr realizmi idi. Özünün "Yavaşlama” romanı ilə sürət çağına qarşı çıxan, bu romanı, bir növ, "boş vaxt”a ithaf edən, gəncliyində musiqi təhsili almış Milan Kundera müsahibələrində modern simfonik musiqidən danışarkən ən çox "barokko" kəlməsindən istifadə edir və s.

Keçmişə qayıdışın freydist səbəbləri də var; insanlıq inkişaf etdikcə totemizmə qayıtdığı, yaxud insan yaşlandıqca ənənəyə (keçmişə) üz tutduğu kimi, çağdaş şüur da elitarlaşdıqca yaxın keçmişi, feodalizmi xatırlayır, ilk dəfə barbarlıqdan çıxıb mədəniyyətə daxil olduğu dövrü. Boş vaxt, bir növ, tarixi cəhalətdən arındırır, onu duruldur, mədəniyyətə çevirir, Aristotelin paltarındakı quldarlıq pıtraqlarını təmizləyir.

Şüurumuz feodalizmi həm də ən çox "boş vaxtı” olduğu və bu vaxtı özünə xərclədiyi bir dövr kimi xatırlayır yaşadığımız bu sürət çağında. Bu gün dünyanın ən bahalı (təxminən, 450 milyon dollar) tablosu olan "Salvator Mundi”ni Da Vinçi 11 ilə çəkmişdi. Çünki Medici ailəsinin himayəsində yaşayan Renesans yaradanların bütün həyatları "boş vaxt”dan ibarət idi.

Əslində, boş vaxtın lənətlənməsi sənaye inqilabının astanasına təsadüf edir. Veber deyirdi ki, kapitalizm protestanlığın əsəridir. İlk protestant deyə biləcəyimiz Lüterə görə, bir insanın öz peşəsi ilə, yəni işlə məşğul olduğu müddət tanrıya ibadət etdiyi müddət demək idi. Peşə ideyasını, yəni işləməyi ən qəti şəkildə ilahiləşdirən, tənbəlliyi - "boş vaxtı" ən sərt şəkilədə lənətləyən isə kalvinizm oldu. İş həyatını dini əsaslara etibar etməyib, elmi, nəzəri əsaslarını yaradan, teylorizmin banisi, amerikalı mühəndis Ferederik Teylorun işçilərin seçilməsində irəli sürdüyü prinsiplərdən biri bu idi ki, işə götürərkən hər iki əlini avtomatik olaraq eyni anda işlədə bilən işçilərə üstünlük verilməlidir.

Nəticədə kapitalist dünyası dalbadal iqtisadi böhranlarla üzləşdi. Və məlum oldu ki, insanların yalnız istehsala yönləndirilməsi fəlakətdir, onlara həm də istehlak üçün boş vaxt vermək lazımdır. "Yumşaq kapitalizm” "boş vaxtı” insanlara düşünmək, mədəniyyət yaratmaq üçün deyil, öz maaşları ilə öz istehsal etdikləri şeyləri almaq, iqtisadi dövriyyənin sabitliyini qorumaq üçün verdi. Odur ki, günümüzün insanları boş vaxt tapan kimi birinci alış-veriş mərkəzlərinə, "Mall”lara qaçırlar.

Ancaq ağıllı adamlar həmişə olub. 1932-ci ildə yazdığı "Tənbəlliyə mədhiyyə” məqaləsində Bertran Rassel Avropa kapitalizmini yıxıb-sürüyürdü ki, insanları səkkiz saat işlətmək olmaz, onların mədəniləşmək, mədəniyyət yaratmaq üçün boş vaxta ehtiyacları var. Gündə səkkiz saat işləyən Avropa və avropalı getdikcə yenidən vəhşiləşəcək.

Oxşar xəbərdarlığı daha əvvəl Fridrix Engels 1887-ci ildə etmişdi. Özü də fabrikant ailədən gələn Engels Birinci Dünya müharibəsindən 27 il əvvəl Avropada sənayeləşmənin sürətini və bunun silah sənayesinə də təsirini görərək yazırdı: "Səkkiz, ya da on milyon əsgər bir-birini qıracaq və bu müddətdə bütün Avropanı bir çəyirtkə sürüsü kimi gəmirib lüt-üryan hala salacaqlar. "Otuz il müharibələri”nin dağıntılarının üç-dörd ilə sıxışdırılmış və bütün qitəni əhatə edən forması reallaşacaq. Qıtlıq, xəstəliklər, yoxsulluq ordunu və xalqı vəhşiləşdirəcək…”

"Boş vaxt”ın lənətlənməsi, əməyin ilahiləşdiriləmsi sayəsində inkişaf edən Avropa düz 27 ildən sonra eynən Engelsin təsvir etdiyi kimi idi. Birinci Dünya müharibəsinin ilk ilində Almaniya 800 000, Avstriya-Macarstan bir milyon, Rusiya bir milyon, Fransa 300 000 əsgər itirmişdi.

Mən bu yazı ilə tənbəlliyi tərifləmək fikrində deyiləm. Zatən şərqlilər anadangəlmə kifayət qədər tənbəl olurlar. Sadəcə, iki nəhəng dahinin, Durantın və Rasselin fikirlərini, oxuyan gözlər, eşidən qulaqlar və düşünən başlar üçün tirajlamaq istəyirəm ki, mədəniyyət yaratmaq və ondan zövq almaq üçün insanların "boş vaxt”a ehtiyacı var.

Yazımı əməyi insanın tanırısı hesab edən Marksın yeznəsi, "Tənbəllik haqqı” adlı kitabın müəllifi Pol Lafarqın bu sözləri ilə bitirmək istəyirəm: "Bütün fərdi və kütləvi yoxsulluqların səbəbi insanların çox işləmək ehtirasıdır!”.

# 3634 dəfə oxunub

Müəllifin son yazıları

# # #